23 мая 2013 г.

Solların “onillik planı”

Radikal sağçılara yeganə müqavimət göstərmək imkanı millətçiliyi,patriarxatı, etnosentrizmi inkar edən və onların əvəzinə cəmiyyətə kapitalist sinfinə qarşı bütün zəhmətkeş xalqın birliyini təklif edən güclü solçulardır.

 

Redaksiyadan: Codi Din – tanınmış amerika siyasi filosofu,professor, “Occupy Wall-Street” hərəkatının aktivisti və «Theory and Event» jurnalının redaktoru, “Bloglar nəzəriyyəsi: əks əlaqə və arzunun tutulması”, “Demokratiya və digər neoliberal fantaziyalar”, “Jijekin siyasəti”, “İctimailiyin sirrləri”, “Kommunizm üfiqi” kitablarının müəllifi və redaktoru. LİVA.com.ua ilə müsahibədə o antikapitalist təşkilatın yaradılmasının vacibliyindən, onun perspektivlərindən və özünün “ümuminin” konsepsiyası haqqında  nöqteyi-nəzərindən söhbət açır.


-Deyin, siz özünüz kommunizm konsepsiyasının XXİ əsrə tətbiq edilməsini necə qəbul edirsiz?

-Kommunizm bizim üçün indi digər vaxtlarda lazım olduğundan daha vacibdir – həm bu adın özü kimi, həm də dünyanın hər hansı bir ideal azadedici və eqalitar siyasi-iqtisadi qurluşu kimi.
Qlobal kapitalizmin boğucu yapışması, onun dağıdıcı gücü bugün – kapitalizmin qloballaşması dövründə özünü daha aydın biruzə verir. Qlobal maliyyə sektorunun qarşılıqlı əlaqə sisteminin inkişafına görə bugün maliyyə böhranları artıq bir ölkə və ya hər hansı bir regionla məhdudlaşmır. Uyğun şəkildə, konteyner daşıması sisteminin inkişafı və istehsalçı təşkilatların sürəti sayəsində, daha çox insan hardasa uzaqda istehsal olunmuş əmtəə çatdırılmasından asılıdır.

Kapitalizm iqtisadiyyatının qloballaşma dərəcəsi bugün 100 il əvvəl olduğundan daha çoxdur, bu isə daha çox insanların əmək haqqlarının və həyat standartlarının azaldılmasına, sosial bərabərsizliyin daha dəhşətli artımına səbəb olur və faktiki olaraq planeti məhv edir ( necə ki, bunu iqlim dəyişiklikləri nümunəsində görürük). Antikapitalizm haqqında faktiki olaraq hər yerdə danışırlar. Hətta “Forbs” və “Time” kimi kapitalist nəşriyyatlar belə yazır ki, kapitalizmin böhranı yetişib. Kommunizm isə - onun alternativi – pozitiv və eqalitar alternativdir. Bu alternativi necə reallaşdırmaq olar? Kommunizmə necə gəlmək olar? “XXI əsr kommunizmi” proyektinin mahiyyəti də məhz bundadır.

-Bizim oxucularımıza “Occupy” hərəkatında iştirak etmək təcrübənizdən danışa bilərsizmi? Bu hərəkat inkişaf edib daha böyük bir şeyə çevrilə bilərmi? “Occupy” hərəkatının təcrübəsinə əsasən hansı dərsləri ala bilərik?


-“Occupy” hərəkatının mahiyyətini 3 əsas ideya ilə xülasə etmək olar. Birincisi – bu cəmiyyətin 99% və 1 %-ə bölünməsi faktıdır. “Occupy Wall-Street” hərəkatının antikapitalist məğzi bundan ibarətdir – uzun müddət meynstrim-siyasətçilər tərəfindən yatırılan sinfi münaqişə üzə çıxdı. İkincisi, bu özü hərəkat daxilində konsensus əsasında qərar qəbul etmək prosesidir ki, bu da hərəkatın inkişaf edə bilməsi üçün çox vacib idi. Bütün qərarlar konsensus vasitəsilə qəbul edilirdi - əvvəlcə hər kəsin razılığı ilə, sonralar bunun çox çətin olması aydın olduqda isə, iştirakçiların 90%-nin razılığı ilə. Və üçüncüsü - ümumi iştirak- hər kəsin qatılmasına sevinirdik, hər kəs eşidilə bilərdi.
Hərəkatın qarşılaşdığı problem həmin bu üç əsas ideya arasındakı münaqişədən ibarət idi. “Occupy” hərəkatında heç bir üzvlük siyahısı yox idi. Əlbəttə ki, heç kim hərəkata “yazılmırdı” – istəyən hər kəs ona qatıla bilərdi. Problem bunda idi ki, hərəkatın ideyalarının gələcəkdə reallaşdırılmasına qarantiya verəcək bir şey olmadığı kimi, heç bir qeydiyyat strukturu da yox idi. İnsanlar yalnız kiminsə konkret idayalarını təcrid etmək üçün debatlara gəlirdilər, özləri isə bununla heç bir şey təklif etmirdilər. Və ya əksinə - insanlar yalnız hansısa ideyanı hərəkətə gətirmək üçün gəlirdilər. Nəticədə, nizamın olmaması və iştirakçıların dəqiq müəyyən edilməməsi (məlum deyildi kim hərəkatda iştirak edir, kim etmir) həqiqi güclü müxalif gücün formalaşmasını olduqca çətinləşdirdi – xüsusilə polis tərəfindən güclü təzyiqi nəzərə alsaq.
Beləliklə, əsas problem bundan ibarət idi ki, hərəkat ilk başdan çox geniş idi. Bunun sayəsində o sürətlə böyüyə bildi, amma yalnız eninə-səthi böyüyə bildi, bu səbəbdən də dərinləşə bilmədi. Və “Occupy” hərəkatının təcrübəsindən çıxara biləcəyimiz əsas dərs – təşkilati strukturun vacibliyidir.

-Şərqi Avropada və post-sovet ölkələrində ultrasağların təsirinin artması barəsində nə düşünürsüz? Siz fikrinizcə, bu kimi tendensiyalara qarşı müqavimət göstərmək olarmı?

-Ultrasağların təsirinin artması gözləniləndir – sol zəif olduqda həmişə bu baş verir. Yəni, müxalif əhval-ruhiyyə - bərabərsizliyin artmasının qəbul edilməməsi və həyat şəraitinin pisləşməsi hardasa çıxış yolu tapmalıdır. Avropanın və post-sovet məkanının müxalif meynstrim-partiyaları belə əhval-ruhiyyəyə özünü ifadə etmək üçün siyasi meydan vermir.

Bunun əvəzində onlar insanlara faktiki olaraq eynilə hakim partiyanın təklif etdiklərini təklif edir – iqtisadi tədbirlər keçirməyi, ağır rejimdə işləməyi təklif edir və sağa doğru çəkilməyə səbəb olur. Ən yaxşı halda, həmin partiyalar müasir dövlətin faktiki olaraq bankirlərə və investorlara (həmin məşhur Üçlüyə - BVF,Avropa Komissiyası, Avropa Mərkəzi Bankı) aid olması faktının üstündən keçərək, xalqın iştirakı və demokratiya kimi anlayışlarla oynayırlar. Radikal sağçılara yeganə müqavimət göstərmək imkanı – güclü soldur -  millətçiliyi, patriarxatı, etnosentrizmi inkar edən və onların əvəzində cəmiyyətə kapitalist sinfinə qarşı bütün zəhmətkeş xalqın birliyini təklif edən güclü solçular.


-Marksist baxışlara necə gəlmisiz? Bu baxışlar müasir elmi cəmiyyətdə müsbət qarşılanırmı?

-Mən rus dilini universitetdə 1980-ci illərdə öyrənmişəm. 1984 və 1986-cı illərdə Sovet İttifaqında olmuşdum – və onda Kiyev şəhəri mənim çox xoşuma gəlmişdi. Marksizmə elə həmin vaxtlar gəldim – bu bilavasitə rus dilinin öyrənilməsi ilə bağlı idi. Marksizm mənə əsla ziddiyyətli gəlmədi, elə doğru, həqiqi gəldi – amma mən başa düşürdüm ki, kapitalizm əlehinə mübarizə çox uzun və çətin olacaq. Universitetdən sonra mən marksizmin post-strukturalist və post-modernist tənqidləri, “qərb” marksizminin,post-marksizmin və neo-marksizmin müxtəlif variantları ilə rastlaşdım. Bir vaxtlar bütün bu metod və yanaşmalarla məşğul oldum, nəticədə yenidən kommunizm ideyasına qayıdana kimi, hansı ki, mənim üçün daha çox üfiqdir, nəinki hanısısa ortodoksiya.
Elmi birliyə gəldikdə isə, burada hər şey o qədər də asan deyil. Bir tərəfdən, biz hər şeyi həll etmişik. Digər tərəfdən, rəqabət var – həm işdə, həm də nəşriyyat bazarında. Bir çox elmi işlər qəbul edilmir, və bunun siyasi motivlər üzündən olub-olmamasını söyləmək çətindir. Əvvəllər, 30 il ərzində, marksizm elmi cəmiyyətdə hörmətdən düşmüşdü – və bu dövrün kapitalizmin triumf dövrü və Avropada sosializm təcrübəsinin yekunlaşması ilə üst-üstə düşməsi təsadüfi deyil.
Amma kommunizm təfəkkürünü davam etdirən bir sıra gözəl mütəfəkkirlərin (Alen Badyu,Maykl Xardt və Antonio Neqri,Frederik Ceymison, Slavoy Jijek) cəsarəti və mətanəti sayəsində kommunizm ideyalarının intelektual məkanı saxlandı. Həm də, Verso,Haymarket books kimi nəşriyyatlar və ya Historical Materialism kimi jurnallar həmişə marksizmə aid işləri nəşr etməyə imkan yaradırdı.

-Fikrinizcə, hazırda baş verən maliyyə və iqtisadi böhranı nəzərə alsaq, bugün müasir solların qarşısında duran əsas problemlər hansılardır?

-Məncə, burda  2 əsas problem yer alıb: birincisi, daim hər hansı təcili bir şeyə reaksiya verməyə meyllənmək olmaz, yəni, yalnız bugünkü günlə düşünmək olmaz. ABŞ-da, misal üçün, bu mənada, siyasət yalnız hər hansı bir şeyə reaksiya verməkdir. Siyasi xadimlər yalnız fövqəladə vəziyyət terminləri və böhranlara təcili münasibət bildirməyin vacibliyi üzərində fikirləşirlər. Əgər sol diqqəti yalnız böhranlara cəlb etsə, bu halda biz həmin “fövqəladə” fikri təkrarlamalı olacıq.
Bugün qarşımızda dayanan əsas məsələ - sistemli şəkildə və uzunmüddətli perspektivdə fikirləşməkdir. Tutaq ki, Pol Rayan ( o 2012-ci il seçkilərində vitse-prezident vəzifəsinə namizəd idi) kimi qatı respublikaçının federal büdcənin ixtisarı ilə bağlı on il qabağa yazılmış planı var. Onun planı bütün sosial proqramların ləğvini və eyni zamanda da dövlətin güc strukturlarının qüvvətləndirilməsini nəzərdə tutur. Sollar daha geniş sistemli şəkildə düşünməlidirlər. Və məsələ bundadır ki, solların 10 illik planı necə olmalıdır?
Müasir sollar qarşısında dayanan ikinci problem – təşkilatdır. Təşkilat hər şeydir. Əgər biz ayrılıqda hərəkət etməyə davam etsək, yalnız öz adımızdan çıxış etsək,yalnız lokal qruplar səviyyəsində aktivlik göstərsək, elə zəif və bölünmüş olaraq da qalacıq.

-Müasir qlobal həmkarlar ittifaqları və sol hərəkatın potensialı haqqında nə düşünürsüz?

-Hazırda ABŞ-da həmkarlar ittifaqları hərəkatları çox zəifdir. Bugün son 80 il ərzində Həmkarlar ittifaqlarına üzvlük səviyyəsinin ən aşağı göstəricilərinə sahibik. Həmkarlar ittifaqlarına sistematik olaraq hücumlar olurdu, bu yaxınlarda dövlət tərəfindən avtomobil şirkətlərinə ayrılmış maliyyə yardımı paketi isə, həmkarlar ittifaqları hərəkatlarının ürəyinə bıçaq sancması oldu ( amerika avtomobil konsernlərinə dövlət tərəfindən kredit ayrılması şərtlərindən biri işçilərin əmək haqqlarının azaldılması idi).
Keçən il fast-food şəbəkəsi işçilərinin təşkilatını təmsil edən, bizim üçün xüsusilə maraqlı olan  hərəkat  yayılmağa başladı. Təşkilatçilar orada mini “flesh”-tətillər taktikasından istifadə edirlər ki, bu da işçilərə əmək haqqlarının az hissəsini itirməklə tətil etmək imkanı verir.Hələlik bu hərəkatın nə nəticə verəcəyi haqda bir şey demək olmaz: bu “tətil etmədən tətil etmək” imkanıdır yoxsa həqiqətən proqressiv taktikadır? Çin işçiləri də getdikcə daha mübariz əhval-ruhiyyəli olurlar, və ümid edirəm ki, onların mübarizəsi davam edəcək və güclənəcək.

-Sosial medianın inkişafı kapitalizm sisteminə münasibətin dəyişilməsinə necə təsir etdi?

-Sosial media bizi kapitalizmə daha sıx bağlamağa kömək edən vasitə oldu – insanlar özlərinə i-phone istəyirlər. Solların problemi bundadır ki, onlardan çoxu güman edirdi ki, sosial media inqilab üçün alət olacaq – sanki, yalnız radikal sollar İnternetdən istifadə edir. Hesab edirəm ki, bu şəkildə düşünmək sollar üçün çox zərərlidir, çünki, bu halda onlar sanki daha fundamental şeylər, xüsusilə, bu zaman bizim fəaliyyətimizin istənilən halda kommunikativ kapitalizm daxilində qurulması haqda unudurlar. Google gəlir qazanır. Facebook gəlir qazanır – sollar isə 350 nəfər insanın öz “radikallığını” statusları bəyənməklə bildirdiyi hər hansı bir yeni səhifə yaradır.
Bununla belə, yenə də bu setlərdə kapitalizm daxilində kapitalizmə qarşı hərəkət edən ümumini (commons) yaradaraq istifadə olunmalı olan potensial da var.Məsələn, “BKontakte” seti kitablarda olan intelektual ümumi dəyərləri yaymaqda çox gözəl kömək olur.

-Bəs sizin üçün “ümumi” (commons) konsepsiyasının özü nəyi ifadə edir?

-“Ümumi” (commons) hər hansı bir vacib, amma məhdud həcmdə olan resurs bildirir. Başqa sözlə, “ümumi” (commons)- elə bir şeydir ki, hər hansı mənfi təsirlər olmadan hər kəs istədiyi qədər istifadə və sərf edə bilməz. Bizim ona olan münasibətimizi hər hansı şəkildə nizama salmaq lazımdır. “Ümumi”yə (commons) misal olaraq, incəsənəti, torpağı və ya suyu göstərə bilərik. Hər şeyi bazar dəyərinə malik olan və bazarlıqda daha çox qiymət verənə satmaq üçün əmtəəyə çevirən kapitalizmə müqavimət göstərmək üçün diqqəti “ümumi”nin (commons) konsepsiyasına cəkmək lazımdır. Biz diqqətimizi “ümumi”də cəmlədikdə, bununla bazar məntiqindən çıxarmaq istədiyimiz sahələri müəyyənləşdiririk.
Həmin “ümuminin” konsepsiyası ilə sıx bağlı olan digər “ümumi” konsepsiya da var – hansı ki, əksinə, resursların çatışmazlığı ilə deyil, onların artıqlığı ilə xarakterizə olunur.
Misal üçün, rəqəmsal kütlə-mediası məhsulları, dil, kommunikasiya, hiss, zibil – bütün bunları “ümumi” (commons) saymaq olar. Və bütün bunların “ümumi” olması faktı, həm müsbət (mülkiyyət konsepsiyasının məhdudluğunu göstərir), həm də mənfi potensiala (rəqəmsal məhsulların həcmi qeyri-məhdud olsa da, zaman məhduddur; və ya həmin zibil qeyri-məhdud miqyasda toplana bilər, amma bununla belə onu yığmağa yer yoxdur) malikdir. “Ümuminin” bu hər iki konsepsiyası əsasında biz XXI əsr kommunizminin konsepsiyasını bərpa edə bilərik.

-Sinfi mübarizə konsepsiyası haqda nə düşünürsüz? Bizim dövrdə o aktualdirmi?

-Şübhəsiz. O çox vacib məna kəsb edir. Onsuz kapitalist sinfin hökmranlığını göstərə bilmərik. Amma burada siniflərin sadələşdirilmiş, empirik dərk edilməsinə yönəlmək lazım deyil. Mübarizə sinifləri yaradır. Necə ki, misal üçün, 1970-ci illərin sonunda kapitalist sinfin yaşadığı yüksəliş, işçi sinfin çoxalmasına – daha çox insanın proletarlaşmasına səbəb oldu. Bununla belə, onların əmək haqqlarının səviyyəsinin aşağı düşməsi hələ tez-tez onları işdən və əmək haqqından daha asılı vəziyyətə salan kredit borcları ilə tamamlanır. Onların həyat keyfiyyətinin yaxşılaşması imkanı isə buna paralel olaraq azalır.

-Siz post-sovet ölkələrində olmusuz. Bu sizin baxışlarınıza hər hansı bir şəkildə təsir edibmi?

-Məni xüsusilə o heyrətləndirdi ki, nə ABŞ, nə Britaniya, nə də digər qərb ölkələri sosializm sınağının verdiyi təcrübə əsasında öyrənməyə heç cəhd belə etmirlər. Sanki eqalitar cəmiyyətin qurulması üçün bütün cəhdlərin təcrübəsini yaddaşlardan silmək üçün düşünülmüş şəkildə bütün mümkün tədbirlərə əl atılır. Artıq post-sovet ölkələrində böyük miqyaslı kapitalizm və bir tərəfin azğın oğurluğuna,digər tərəfin isə yoxsullaşmasına gətirib çıxaran özəlləşdirmə hakimdir, bununla belə sosializm sistemində olan yaxşı şeylərin saxlanması üçün heç bir cəhd edilməmişdir. Kapitalizm bu ölkələri tamamilə fəth edib (həm maddi, həm də ideoloji şəkildə) – özü də demokratiya adına fəth edib.

Amma ki, bütün sosializm təcrübəsinin tarixini silmək cəhdləri nə üçündür? Düşünürəm ki, bu kapitalizmin xalq qarşısında böyük qorxusu üzündən baş verir. Buna görə tez bir zamanda insanları ucuz konfetlərlə ələ almaq, əslində nə baş verdiyini dərk etməmiş onları bölmək və ya yeni siyasi sınaqlara başlamaq  cəhdlərinə başlanılıb. Məhz buna görə də tarixi faktları, dəlilləri, arxiv məlumatlarını toplamaq və sistemləşdirmək üzərində işləmək və suallara cavab verməyə çalışmaq lazımdır: sosializm sınağı zamanı nələr işlədi və niyə işlədi? Sonra problemlər hardan yarandı? Axı “Soyuq müharibə” tarixin təhrif olunmasına səbəb oldu.

-Neoliberal kapitalizmə müqavimət göstərməyə çalışan tələbələrimizə və sol aktivistlərimizə nə demək istərdiz?

-Təşkilatlanın. Birlikdə- kollektiv halda – siz güclüsüz. Kommunizm irsindən dərs alın. Bugün dəbdə olan, kapitalizm individualizminin sadəcə başqa forması olan anarxizm ritorikasına aldanmayın.

-Bizim dünyanı 10,20 və ya 50 il sonra təsəvvür edə bilərsiz? Siz onu necə təsəvvür edirsiz?

-Bilirsiz, Buşun hakimiyyətinin əvvəlində, xatırlayıram ki, mən təəssüflənirdim ki, bundan sonra hər şey ancaq pis olacaq. Amma mən heç təsəvvür etmirdim ki, nə qədər pis olacaq. Reallıq mənim gözləntilərimdən daha pis oldu: Quantanamo-da məhbuslar üçün düşərgə,əsassız həbslər, cəza təcrübəsi, polis dövləti, sosial bərabərsizliyin birdən böyüməsi, baza sosial infrastrukturların kollapsı. Bütün eyni şeylər Obamaya da aiddir – mən bilirdim ki, o liberal və inkişafın tərəfdarı deyil, amma mən heç ağlıma da gətirməzdim ki, o “nəhəng bankların prezidenti”, “Goldmen-Saks-ın xilaskarı” və bizim ən populyar və uğurlu sosial sığorta proqramını azaldan prezident olacaq.

Mən 1968-ci ildən amerika solunun inkişafının ən heyranedici nümunəasi olan “Occupy Wall-Street” hərəkatının yaranacağını da qabaqcadan görmürdüm. Odur ki, görünür, vəziyyət ümumilikdə pisləşir, amma yeni imkanlar da yaranır.

Güman edirəm, bu tendensiya davam edəcək. Bərabərsizlik artacaq, sollar isə daha güclü və eyni zamanda da dəyişən şərtlərə asanlıqla uyğunlaşa bilən yeni qlobal kommunist partiyasını yaradacaq,əvvəlkilərdən daha güclü və  tez uyuşan. Yeni Kommunist Beynəlmiləli elə bir kontr-gücə çevrilə biləcək ki, BVF,Dünya Bankı, Avropa Mərkəzi Bankı və digər analoji strukturlarla bərabər mübarizə apara biləcək. O bütün dünya işçilərini və işsizlərini birləşdirəcək, və onun kollektiv gücü real olaraq və hər yerdə hiss olunacaq. Mao-nun sözlərini başqa şəkildə desək: hər yerdə xaos hökm sürəcək, deməli vəziyyət əla olacaq.

Dmitriy Kolesnik

Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий