3 июн. 2013 г.

Təkamül nəzəriyyəsi haqda

Bu yaxınlarda FOM (Фонд «Общественное мнение» - İctimi Fikir Fondu) tərəfindən aparılan sorğudan aydın olub ki, rusiyalıların əksəriyyəti Darvinin nəzəriyyəsinə əsasən insanın meymundan əmələ gəlməsindən çox insanın tanrı tərəfindən yaradılmasına daha çox inanırlar. Ən qəribəsi isə budur ki, növlərin bütövlükdə təbii seçmə əsasında yaranması nəzəriyyədə insanın meymunabənzər əcdadlardan əmələ gəlməsi detalından daha çox qəbul edilir. Maraqlıdır, insanda qeyri-adi nə var ki, bütün canlı aləm heç bir təəccüb doğurmadan təkamül palçığında rahatca çapaladığı halda ona  ilahi yaradılışı  yazmaq istəyirlər? Mənim həmvətənlərim bu mənada  təkamül nəzəriyyəsini hamılıqla tamamilə inkar edən və hansı faktların göstərilməsinə baxmayaraq, hər şeyin eynilə Bibliyada yazıldığı kimi baş verdiyini iddia edən  amerikalı konservativ qardaşlardan fərqlənirlər. Baxmayaraq ki, hətta katolik kilsəsi də bu yaxınlarda elan etdi ki, təkamül prosesi, yəqin ki, olub. Bununla belə, katolik kilsəsi hələ ki, faktlar qarşısında baş əyən yeganə kilsə olaraq qalır.

Bir qədər köks ötürərək ( olduqca gözəl bir ölkə hansısa 20 il ərzində nəyə çevrildi!), belə əcaib məntiqi az da olsa aydınlaşdırmaq üçün şərhləri oxumağa başladım. Əgər “bu mümkün deyil, çünki,heç vaxt ola bilməz” kimi mənasız iddiaları çıxsaq, məğzi Darvinin hipotezinin sübut olunmadığı olan fikirlər qalır. Bu “hipotez”mənim daha çox xoşuma gəlir, nəzəriyyə yox, sadəcə hipotez. Qoca adam ağzından axmaq bir fikir qaçırıb, bu hamının başına gələ bilər! Amma əgər hipotez elmi cəhətdən sübut olunmayıbsa, bu heç də tanrı tərəfindən yaradılış ideyasından yaxşıdır demək deyil. Hər ikisi sadəcə nəzər nöqtəsidir, başqa heç nə, və hər ikisi, təsəvvür edin ki, məktəb proqramında bərabər yer almalıdır. Bilmək istərdim, həmin fikirlərdə cahillik daha çoxdur yoxsa hiyləgərlik.

Yazığınız gəlsin, əziz yoldaşlar, Darvin öz “hipotezini” 154 il əvvəl söyləmişdir. Əgər o güclü sübutedici faktlar bazası və nəhəng evristik potensialı ilə təkamül nəzəriyyəsinə çevrilməsəydi, indi onu kim xatırlayardı? Yəni, elm yüz il yarım vaxt ərzində letargiya yuxusunda olub? Alimlər bu qədər vaxt ərzində heç nə aydınlaşdırmayıblar və öyrənməyiblər deyə biz hələ də Darvini mühakimə edirik? Qətiyyən belə deyil. Darvinin zamanında gen haqqında heç bir anlayış və genetika yox idi, hələ antropologiya və ya molekulyar biologiyanı demirəm. İndi bütün bunların hamısı var. Və bu elmlərin məlumatları Darvin nəzəriyyəsinin mövqeyini tamamilə təsdiqlədilər. Ən yeni tədqiqatlar təkamül nəzəriyyəsini biologiyanın indiyə kimi qədul etdiyi nəzəriyyələr arasında ən çox sübut edilmiş nəzəriyyəyə çevirdi. Heç bir şişirtmə olmadan təkamül nəzəriyyəsinin müasir biologiyanın özü olduğunu söyləmək olar. Təkamül nəzəriyyəsini bəyənmədiyinizi deməklə, bütün müasir biologiyaya “yox” demiş olursuz. Tibb sahəsinə də həmçinin. Bioloqlar təkamül prosesinin mexanizmləri haqda mübahisə edirdilər və edəcəklər də, bu normaldır. Amma əvvəlcə Darvin, sonralar isə  Darvindən sonrakı  alim nəsillər tərəfindən işlənmiş təkamül nəzəriyyəsinin əsas müddəaları bugün biologiyanın danışdığı əsas dildir, və nə qədər ki, daha yaxşı bir şey meydana çıxmayacaq, biologiyanın başqa dili olmayacaq. İnsanın əmələ gəlməsi nəzəriyyəsi təkamül nəzəriyyəsinin ayrılmaz hissəsidir. Onu heyvanlar aləminin təkamül prosesi vasitəsilə yarandığını, bizi isə tanrı yaratdığını söyləməklə, üzüm dənələrini bulkadan eşələyib çıxardığımız kimi, çıxarıb atmaq asan deyil.

Bu yaxınlarda insanın və bütün insanabənzər meymun növlərinin genləri araşdırıldı. Ümumiyyətlə, gen olduqca maraqlı bir şeydir – o növün bütün tarixinin qeyd olunduğu arxiv kimidir, sadəcə onu oxumağı bacarmaq lazımdır. Bizim genimizdə psevdogenlərin kütləsi var. Psevdogenlər – əsl gen kimi görünən, amma işləməyən genlərdir. Məsələn, heyvanlarda əks cinsin nümayəndələrini cəlb etmək üçün istifadə olunan çoxlu feromonlar, iy maddələri var. Həmçinin, feromonları tanıyan xüsusi reseptorlar da var. İnsanda feromonlar və onların reseptorları yoxdur və ya təxminən yoxdur (alimlərin fikirləri ayrılır bu məsələdə). Amma uyğun genlər var. Amma həqiqi genlər yox, psevdo genlər. Və siçanlarda olan uyğun genlərə olduqca oxşardılar. Bilmirəm, psevdo genlərin əmələ gəlməsini təkamül prosesinin nəticəsi kimi izah etməkdən əlavə, başqa hansı sağlam düşüncə ilə izah etmək mümkündür. İrsən əcdadlardan keçmiş,funksiyasını itirmiş genlər tədricən gərəksiz bir şeyə çevrilərək, bir müddət gendə qeyri-aktiv vəziyyətdə qalır. Əgər insanı tanrı yaradıbsa, onda nə üçün öz yaratdığına  zədələnmiş siçan genləri yerləşdirib? Yəqin, tanrı böyük oyunbazdır.

Məlum oldu ki, bizim genimiz meymun genindən olduqca az fərqlənir – insanabənzər meymunlardan (şimpanze,qorilla,oranqutan,qibbon) 1,5% fərqlənir. Deməli belə çıxır ki, tanrı insanı özünə oxşadaraq deyil (Bibliyada qeyd edildiyi kimi “по своему образу и подобию” ), meymuna oxşadaraq yaradıb? Sonrası daha gülməlidir. Neandertalın genini araşdırdılar, və məlum oldu ki, bizim genlə neandertalın genində çox güman ki, bizim uzaq əcdadlarımızın neandertallarla cütləşməsi nəticəsində ora düşmüş 3-4% ümumi gen var. Amerikalıların dediyi kimi, “that explains uncle Harry” (İndi aydındır, Harri dayı niye belədir). Məhz insanın ilahi yaradılışının işığı altında neandertallarla nə edəcəyimiz aydın deyil. Onlar insanlara meymunlardan daha çox oxşayırdılar, düz yeriyirdilər, alət düzəldirdilər, hətta ola bilsin ki, danışa da bilirdilər, amma yenə də ümumi genlərə sahibdirlər. Onları da tanrı yaradıb yoxsa təkamül nəticəsində yaranıblar?

İnsanın bioloji olaraq heyvan olması heç kim üçün sirr deyil, və lazım olduqda hər kəs bu faktı asanlıqla qəbul edir. Və burda söhbət heç meymunlardan getmir. Mən çox üzr istəyirəm, amma meymunlar sadəcə bizim yaxın qohumlarımızdır, ümumiyyətlə isə, biz bütün heyvanlar aləmi ilə qohumuq. Həm də təkcə heyvanlar aləmi ilə deyil. Göbələklər də bizə qohumdur, sadəcə çox uzaq qohum. Baxmayaraq ki, yaxın qohumluq nisbi anlayışdır. Son onilliklər təkamülçü bioloqlar elə canlılar tapıblar ki, onlarla müqayisədə biz və kartof çox yaxın qohumuq. Bütün tarix boyu insan öz praktiki fəaliyyətində ona əsaslanırdı ki, o təbiətin bir parçasıdır, və çox doğru da edirdi. Cərrahlar uzun illər ürək üzərində əməliyyatları donuzlar üzərində təcrübədən keçirirdilər, çünki, biz çox şeydə məhz onlara bənzəyirik. Həmçinin də göz cərrahları. Yeri gəlmişkən, donuzun gözü hələ də insanın göz xəstəlikləri üçün ən yaxşı modeldir. Biz dərmanları və insan xəstəliklərinin müalicəsini siçovullar və siçanlar, bəzən isə meymunlar üzərində testdən keçiririk. Və inanın, dərman meymuna necə təsir edirsə, insana da eyni şəkildə təsir edir. Uzun illər, bakteriyalarda insan üçün insulin hazırlamağı öyrənməyənə qədər, diabetiklər öküz və donuz insulinindən istifadə edirdilər,əlbəttə, ağırlaşmalar olurdu, amma ümumlikdə dərman öz işini görürdü. Təkamülçü molekulyar biologiya,təkamülçü genetika və qazıntılar nəticəsində tapılmış növlərin genlərinin tədqiqi ilə məşğul olan yeni elm - paleogenomika bütün dəlillərlə insanın heyvanlar aləminin bir hissəsi olduğunu, hansısa ilahi yaradılış olmadığını göstərirlər. Odur ki, yaxşı olardı ki, əgər oxucuya xərçəngdən, şəkər xəstəliyindən, insuıtdan, Parkinson xəstəliyindən və ya sadəcə miqrendən müalicə olunmaq üçün hər hansı bir dərman, cərrahi və ya həra hansı bir başqa metod lazim olduğunda, yadına salsın ki, bütün bu metodlar alimlərin bizim dostlarımız olan heyvanların üzərində apardıqları tədqiqatlar sayəsində yaranıb, tanrının köməkliyi ilə deyil.

Təkamül nəzəriyyəsinin sübutuna dair bu qədər çox və əsaslandırılmamış iddialarla bərabər, insanın tanrı tərəfindən yaradılması iddiasının hansı sübut bazasına əsaslandığını eşitmək olduqca maraqlı olardı. Yaradılış nəzəriyyəsi tərəfdarları adətən əyani söhbətlərdən qaçırlar, və bu bəlkə də onlar tərəfindən ağıllı davranışdır. Onların mövqeyi pisdir. Məntiqi olaraq olduqca ziddiyyətlidir, və bundan əlavə, xeyli sayda qəbul edilmiş faktları inkar etməlidir, bu isə həmişə çətindir. Məsələn, qazıntılar nəticəsində tapılmış insanabənzər növləri – sümükləri görmək, onlara əl ilə toxumaq olar, yəni onlar kiminsə coşğun təxəyyülünün məhsulu deyil. Meymun və insan arasındakı ortaq xarakteri, ən azından onlardan bəzilərini görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Müxtəlif ölkələrdə tapılmış onlarla skeletlər var. Onları heçə saymalıyıq yoxsa necə? Hələ gen və ya molekulyar məlumatlar haqda danışmıram, onlar o qədər çoxdur ki, saymaqla adam yorular.
Bəd ayaqda həm məntiqdən, həm də faktlardan imtina etmək olar. Meksikalılar dediyi kimi “solo Dios sabe por que hace las cosas” ( nə üçün belə etdiyini yalnız Tanrı özü bilir). Sual var? Sual yoxdur. Sadəcə  elə göstərmək lazımdır deyil ki, sanki təkamül nəzəriyyəsi və yaradılış ideyası eynihüquqlu və eyni dərəcədə qiymətli “nəzər nöqtələridir”. Əlbəttə, istədiyiniz nəzər nöqtəsinə sahib ola bilərsiz, hətta ən mənasızına belə, amma belə nəzər nöqtəsinin arxasında saysız-hesabsız elmi dəlillər və insanlığın praktiki təcrübəsi dayanan elmi nəzəriyyədən heç də pis olmadığını söyləmək – bu,üzr istəyirəm, uşaq bağçasıdır. Yaradılış ideyasının indiyə kimi heç nəyi izah etmədən təklif etdiyi yeganə şey sonsuz iddialardır ki, təkamül nəzəriyyəsi hər şeyi izah etmir.

İnsanın heyvanlarla qohumluğu təkcə maddi bədənlə məhdudlaşmır. O müqəddəslər müqəddəsi – insan psixikasına da aiddir. 2012-ci ilin iyulunda Kembricdə Frensis Krik-in xatirəsinə həsr olunmuş konfransda hazırlanmış “İnsanlarda və heyvanlarda şüur” adlı bəyannaməyə istinad edəcəm. O insanın xatirəsinə hansı ki, Uotsonla birlikdə DNK-nın strukturunu kəşf etmişdi. Tanınmış neyrobioloqların böyük bir qrupu konfransa yekun vuraraq qeyd etdi ki, insan psixikası nə həqiqi, nə də məcazi mənada göydən enməyib, heyvan psixikasının təkamülünün məhsuludur. Sübut budur ki, bütün əsas əsəb prosesləri tamamilə eynidir, ən azından, bütün məməlilərdə. İnsanda olan psixi halların əksəriyyəti, bəsit halda olsa belə, heyvanlarda da var, psixotrop dərmanlar insanlara və heyvanlara eyni dərəcədə təsir edir və s. Alimlər həmçinin təsdiq edirlər ki, bir çox heyvan növləri həmişə insanın üstünlüyü hesab edilən şüura  malikdirlər.Bəzilərinin fikrincə, şüura malik olan belə növlərdən biri osminoqdur.Belə qohumla müqayisədə meymun toya gedəsidir. Hətta alimlər bir az şişirtsələr belə, müasir neyrobiologiyanın çoxsaylı dəlilləri insan beyni və psixikası ilə bizim insanabənzər əcdadlarımızın və bugün yaşayan növlərin beyni və psixikasi arasında təkamül əlaqəsini aydın müşahidə etməyə kifayət edir.

  
Yevqeniya Qureviç (Vanderbilt Universitetinin professoru, ABŞ)



Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий