14 июн. 2013 г.

Maya sivilizasiyası necə məhv olub

Tərcüməçinin önsözü: Maya sivilizasiyası nəyə görə məhv olub? Bəlkə bunun günahkarı iqlim dəyişiklikləridir? Bəlkə günəşin aktivliyi və ya hər hansı başqa bir astronomik kataklizm? Nə qədər qəribə olsa da, XX əsrdə orta əsr maya irsinə  kütləvi maraq adətən bu yaxınlarda qırğına məruz qalmış müasir hindi-mayalıların mədəniyyətinə və taleyinə heç bir maraq oyatmırdı.

2013-cü ilin mayı. Məhkəmə zalında çox qoca bir kişi əyləşib, və ona ünvanlanmış ittihamları dinləyərək dua pıçıldayır. Onu hindi-mayalıların soyqırımında ittiham edirlər... Hindi kəndlərini yandıran, bütün əhalini başdan-ayağa qıran, “qorxunc fikirlərə yoluxmuş” əsgərlər. Bu şəkil Amerikanın konkistadorlar tərəfindən işğal tarixindən deyil – bu XX  əsrin sonu və “kommunizmlə mübarizədir”.

“Kommunist üsyançılara” qarşı olan müharibə genosid, yəni, xalqın düşünülmüş qırğını – etnik əlamətinə görə insanların məhvi kimi izah edilə bilərmi? Edilə bilər, əgər həmin ölkədə praktiki olaraq bu xalqın bütün nümayəndələrini “kommunist üsyançı” hesab etsəydilər.

Qvatemalada fəaliyyət göstərən marksist “Yoxsulların üsyançı ordusu”nun (Ejército Guerrillero de los Pobres)  döyüşçülərinin 90%-dən çoxu hindi-mayalı idi. Dinc əhaliyə gəldikdə isə, sağların ölüm eskadronunun komandirlərindən biri lap orta əsr səlibçisi kimi demişdi: “Onların hamısı başdan-ayağa kommunizm ideyalarının təsiri altındadırlar, əgər uşaqdırlarsa – onlar böyüyəcəklər və kommunizm xəstəliyini yayacaqlar”. Qvatemala ordusunun demək olar ki, tamamilə ispan müstəmləkəçilərinin ağ nəslindən, onun qurbanlarının isə əsasən çoxsaylı qrupunu mayalılar təşkil edən hindilər olması ilə əlaqədar olaraq, Qvatemalada baş vermiş qırğın barəsində adətən “genosid” sözü işlədilir. “Kommunist mayalıların” məhvində prezident Rios Montt xüsusilə fərqlənirdi – “yoxsullar ordusuna” qarşı xalqın daxilində olan “partizan bazasını” – yəni, dinc əhalini məhv etmək taktikasını məhz onun dönəmində xüsusi aktivliklə tətbiq edirdilər.

Bununla belə, Rios Mintt özünü qatı xristian sayırdı. O, hakimiyyətə gəlməmişdən qabaq televiziyada dini verilişlər aparırdı, “Tanrının hikməti” yevangelist cəmiyyətin keşişi idi və nəticədə hərbiçilərin bütün vəhşiliklərinə Bibliyadan sitatlarla haqq qazandırırdı. Rios Montt özünü tanrının göstərişi ilə hərəkət edən “aydın” hesab edirdi (indi də belə hesab edir). O, XX əsrin 80-ci illərində geniş yayılmış “yandırılmış torpaq taktikasına” məhz belə “göstərişlərlə” haqq qazandırırdı. Bu “göstərişlər” hindi-mayalıları torpaqlarından qovmağa, həmin torpaqların dərhal ağ müstəmləkəçilər tərəfindən tutulmasına imkan verirdi – bu şəkildə tanrı onları xristian səylərinə görə “mükafatlandırırdı” (hər halda Rios Montt belə hesab edirdi). Bu insan Ronald Reyqanın dostu və favoriti idi və regionda “demokratiyanın dayağı” sayılırdı.
Qvatemalanın keçmiş prezidentinin məhkəmə prosesi təxminən artıq 15 ildir ki davam edir. Bu ilin may ayında o genosidin təşkilində təqsirli bilindi və 80 il azadlıqdan məhrum edildi, amma 10 gündən sonra hansısa bir rəsmi prosedurun pozulması səbəbindən (növbəti dəfə) məhkəmə qərarını ləğv etdi və işin lap başdan yenidən baxılmasına göstəriş verdi. Bütün şahidlər yenidən məhkəməyə gəlməli və qohumlarının zorlanması, onlara qarşı işgəncə tətbiq edilməsi və öldürülməsi haqda verdikləri ifadələri yenidən təkrar etməli idilər. Məhkəmə hökmünün ləğv edilməsi Meksikada və Qvatemalada kütləvi etirazlara səbəb oldu. Rios Montt-un artıq 86 yaşı var, və çox güman ki, çoxları onun hökm çıxarılana qədər öləcəyinə ümid edir. Eyni zamanda onun silahdaşlarının (ordu zabitləri və ölüm eskadronlarının komandirləri) çoxu “yoxa çıxır” və ya qəfldən “intihar edirlər”.

Məsələ bundadır ki, genosiddə ittiham olunmaq faktının özü çoxları üçün olduqca təhlükəli misal yarada bilər. Axı “aydın” olan Rios Montt bu cinayətlərdə onların da əli olan, özünün şimali amerika himayədarlarının əlində sadəcə “piyada” olub. Məhsuldar düzənliklərdən çətin keçilən dağlıq ərazilərə sıxışdırılmış qvatemalalı mayalılar isə qeyri-qanuni immiqrant olmaq və bir gün “ Bəyənmirsən? Rədd ol evinə” sözlərini eşitmək üçün Meksikaya, daha sonra isə ABŞ-a üz tutmağa məcburdurlar. Noam Xomskinin mayalıları kimin məhv etməsinə aid məhkəmədən bəhs edən məqaləsini diqqətinizə çatdırırıq.

2013-cü ilin 12 may tarixində “analar günündə” The Boston Globe qucağında yatan körpə olan qadın şəklini nəşr etdi. Hindi-maya qəbiləsinin nümayəndəsi olan bu qadın hamilə olduğu halda amerika sərhədini 7 dəfə keçmişdi. Sərhədi keçərkən onu 6 dəfə tutmuşdular və yenidən geri qaytarmışdılar. O mərdliklə piyada isti günəşin altında piyada onlarla kilometr məsafə qət etmişdi. Soyuq gecələrdə donmuşdu. Onun nə içməyə suyu, nə də sığınmağa yeri vardı. O silahlı bandaların dolaşdığı səhrada gəzirdi. Sonuncu dəfə sərhədi keçmək cəhdini hamiləliyinin 7-ci ayında etmişdi – onu immiqrantlarla həmrəylik qrupunun aktivistləri tapmışdı və xilas etmişdi, sonra isə Bostona gəlib çatmasına kömək etmişdilər.

Onun kimi amerika sərhədlərini keçməyə çalışan immiqrantların çoxu indi Mərkəzi Amerikadan ABŞ-a gedirlər. Onlardan əksəriyyəti, əgər onların öz ölkələrində sağ qalmaq və yaşamaq üçün təmiz yolla nəsə qazanmaq imkanının özünü məhv etməsəydilər, qəlbəttə ki, onlar öz evlərində qalmaq istərdilər. Bu qadın kimi hindi-mayalılar 30 il əvvəl Qvatemala dağlarında başlanmış yerli əhalinin soyqırımının qurbanlarıdırlar. Hindi-mayalıların bu soyqırımına görə keçmiş diktator, uzun vətəndaş müharibəsi illərində iki ən qanlı il ərzində hakimiyyətdə olan general Efrain Rios Montt cavabdehdir. Bu ilin 10 mayında qvatemala məhkəməsi onu soyqırımda və insanlığa qarşı cinayətdə ittiham edərək hökm çıxardı.

Amma tamamilə qəfldən, 10 gün sonra olduqca qəribə və şübhəli şəraitdə məhkəmə hökmü ləğv etdi, və məhkəminin davam edib-etmətəcəyi hələ də aydın deyil. Rios Montt-un güc strukturları təkcə 1982-ci il ərzində on minlərlə qvatemalalılnı – xüsusilə hindi-mayalıları qətlə yetirmişdi. Və həmin 82-ci ilin sonunda prezident Reyqan bəyan etdi ki, hüquq müdafiəsi təşkilatlarının boş yerə iftira atdıqları bu cinayətkar “ böyük şəxsi vicdana və sədaqətə sahib insandır”, guya o sadəcə “ bütün qvatemalalıların vəziyyətini yaxşılaşdırmaq istəyir və sosial ədalətə can atır”.
“Onun proqressiv təşəbbüslərini dəstəkləmək üçün məmin administrasiyam mümkün olan hər şeyi edəcək” – ABŞ prezidenti bəyan etdi.
Vaşınqtonda həmin “proqressiv təşəbbüslərin” nə ifadə etdiyini yaxşı bilirdilər, özü də təkcə hüquq müdafiəsi təşkilatlarından yox, həm də öz kəşfiyyat idarələrinin məruzələrindən. Amma  həqiqi vəziyyəti qəbul etmək istəmirdilər, çünki, bu milli təhlükəsizlik məsəslələri ilə məşğul olan reyqan komandasının 1981-ci ildə qabağına qoyduğu məqsədlərə zidd idi. Reyqanın kitabxanasında aşkar etdiyi sənədləri tədqiq edən jurnalist Robet Perri-nin hesabatında qeyd edildiyi kimi, ABŞ administrasiyasının məqsədi təkcə “marksist partizanları” deyil, həm də “onların dinc əhali arasında dəstək bazasının” özünü məhv etmək üçün Qvatemalanın ultrasağ rejiminə hərbi yardım edilməsindən ibarət idi. Bu isə soyqırım demək idi.
Mayalıların məhvi missiyasıın yerinə yetirilməsinə böyük məsuliyyətlə yanaşmışdılar. Reyqan qvatemalalı qatillərinə öldürmək və dağıtmaq üçün “qeyri-hərbi” ləvazimatlar göndərirdi – eləcə də, yerindəcə onları silahla təmin edən və əsas missiyanın yerinə yetirilməsi üçün göndərən Bell vertolyotlarını. Qoyulmuş məsələnin effektiv həyata keçirilməsi üçün silah daşınmasına bir sıra müştəri dövlətləri – Tayvan və Cənubi Korayanı (burada hələ də ABŞ –ın dəstəklədiyi diktatorlar hakimiyyətdədir), CAR (o vaxt orada  aparteid rejimi hakim idi) və Argentina və Çili diktatorlarını cəlb etmişdilər. Bununla belə, Qvatemalanı silahla təmin edən əsas İsrail idi. İnstuktorları Qvatemalaya yönləndirən və partizan-mayalılara qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak edən məhz bu dövlət idi.
Fikrimcə, konfliktin ilkin tarixini xatırlamaq lazımdır. 1954-cü ildə MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən təşkil edilmiş hərbi çevriliş  diktatorlar növbəsi ilə “demokratik intelyudiyaya” son qoyaraq və Qvatemala “baharı”-nı əzərək ölkənin demokratik hökumətini (  sosial islahatlara başlayan və amerika kompaniyalarının hüququnu məhdudlaşdıran Xakobo Arbens hökumətini) devirdi. Ağır repressiyalar vasitəsilə hakimiyyətə əvvəlki elitanı qaytardılar.
Beynəlxalq təşkilatlar hələ 1990-cı illərdə konfliktin dəqiq araşdırmasını aparmış və bəyan etmişdilər ki, 1954-cü ildən Qvatemalada təqribən 200 000-ə yaxın insan öldürülmüşdür ki, bunun da 80%-ni hindilər təşkil edir. Qırğın törədənlər isə başlıca olaraq qvatemala hərbiçiləri və xüsusi təyinatlılar, həmçinin onlarla əlaqəli olan sağ milliyətçi qruplar olub. Hindi əhalisinə qarşı törədilmiş bütün bu vəhşiliklər standart “soyuq müharibə” bəhanəsi ilə ABŞ-ın aktiv köməkliyi və iştirakı ilə həyata keçirilirdi, guya Qvatemala Sovetin Latın Amerikasında “ sahil əməliyyat meydanı” ola bilərdi.
Amma qırğının əsl səbəbləri də standart idi. ABŞ-da ilk növbədə amerika investorlarının maraqlarına görə narahat idilər və qorxurdular ki, Qvatemala əhalisinin istismar olunan kəndli çoxluğuna hüquq qazandırılması üzrə demokratik eksperimentlər tezliklə regionun digər dövlətlərinə yayıla  və “yoluxdura” biləcək “ virus” ola bilər – Çilidə Salvador Alyendenin zamanında demokratik sosializm barəsində Henri Kissindecer belə demişdi.
Əlbəttə ki, Reyqan administrasiyasının Mərkəzi Amerikada həyata keçirdiyi qətl təcrübəsi təkcə Qvatemala ilə məhdudlaşmırdı. Xüsusi təyinatlılar və hərbiçilər bütün region üzrə dinc əhaliyə qarşı terror törədirdi. Yalnız bir ölkə istisna idi: Nikaraqua. Nikaraquanın öz əhalisini qorumaq gücünə malik ordusu vardı. Uyğun olaraq, Reyqan administrasiyası Nikaraqua ordusu ilə mübarizə aparmaq üçün ultrasağların təşkil edilməsi ilə məşğul oldu. 1986-cı ildə “Nikaraqua ABŞ-a qarşı” işinə baxan Beynəlxalq məhkəmə  “Nikaraquada qanunsuz güc tətbiq etdiyinə görə” ABŞ-ı təqsirkar elan etdi və Nikarquaya reparasiya ödəməsini istədi. Amma ABŞ-ın həmin qərara cavabı sadəcə müharibənin gərginləşdirilməsi oldu.

ABŞ-ın Cənubi və Mərkəzi Amerikadakı hərbi rəhbərliyi müdafiəsiz mülki  obyektləri atəşə  tutmaq və  bilavasitə nikaraqua ordusnun hissələri ilə  qarşılaşmadan qaçmağı əmr etdi. Bunu 1987-ci ildə ABŞ Konqresində  general Con Qevinin şahid ifadələri sübut edir. Hüquq müdafiəsi təşkilatları ABŞ hərbi komandanlığının istifadə etdiyi  “ən zəif hədəfləri nişan almaq” taktikasını sərt tənqid edərək Nikaraquadakı müharibəni də  pislədilər.

Onda amerikalı şərhçi Maykl Kinsli hüquq müdafiəsi təşkilatlarını “ xeyirxahlıq  prinsiplərindən uzaqlaşmaqda” ittiham etmişdi. O xüsusilə izah etmişdi ki, “ağıllı siyasət” “bir tərəfdən  səbəb olan bütün ölüm və yoxsulluğu, digər tərəfdən  demokratiya nəticəsində yarananları yürləşdirmək üçün” “məsrəf və gəlir analizinin nəticələrinə cavab verməlidir”. Biz amerikalıların təbii ki, uyğun analizi  aparmağa tam haqqı var. Axı anadangəlmə xeyirxahlıq məhz bizə məxsusdur və  kontinenti yerli əhali kimi “pislikdən” təmizlədikdən sonra  arxamızca “böyük nailiyyətlər” şleyfi uzanır. Nəticədə necə bir demokratiyanının yarana biləcəyi də aydındır. “Demokratiyanın irəliləməsi” nəzəriyyəsinin müəlliflərindən biri olan , Ronald Reyqanın dövründə ABŞ-ın dövlət departamentində həmin proyektlər üzərində çalışan Tomas Karozers bu haqda birmənalı olaraq danışırdı.
Karozers, xüsusilə, heç bir təəssüf hissi keçirmədən etiraf edirdi ki, amerika təsirlərinin Latın Amerikasında yayılması orada baş verən demokratik proseslərə əks mütənasib idi. Və bu ona görə baş verir ki, Vaşınqton yalnız “ABŞ-ın daha əvvəllər, hələ demokratikləşməmiş cəmiyyətdə əlaqədə olduğu ənənvi hökumət strukturları üçün təhlükəli olmayan ,olduqca məhdud, sərt iyerarxik demokratiya formasına dözə bilir”.
Və o vaxtdan heç nə dəyişməyib. 1999-cu ildə przident Klinton ABŞ-ın Qvatemaladakı cinayətlərinə görə üzr istədi, amma bundan sonra heç nə dəyişmədi. Amma elə dövlətlər var ki, yalnız boş üzrxahlıqla kifayətlənmirlər. Bu məhkəmə prosesi ilə əlaqədar çətinliklərə baxmayaraq, Qvatemala misli görünməmiş addım ataraq keçmiş ölkə başçısını ittiham edilənlər kürsüsünə əyləşdirə bildi. Biz bunu yadda saxlamalıyıq – xüsusilə bizim İraqa soxulmağımızın onilliyində.


Misli görünməmiş daha bir olay,  “Nyu-York Tayms”-da Elizabet Maklinin “Qvatemala məhkəməsi vətəndaş müharibəsi zamanı törədilən qırğın barəsində ABŞ-ın qırğında oynadığı rolu gözdən qaçırır” başlıqlı məqaləsinin çıxması faktı idi. “Biz nadir hallarda öz cinayətlərimizi etiraf etməyi bacarırıq” – Elizabet Maklin yazır. Əgər söhbət etirafdan getmirsə, bizim vurduğumuz ziyana və ağır cinayətlərin nəticələrinə görə kompensasiya məqsədilə konkret hərəkətlərdən gedirsə, o zaman biz umumiyyətlə heç nə etmirik. Məsəslən, biz hələ də Nikaraquaya reparasiya ödəməmişik. Belə hərəkətlərin olmaması bizi həqiqi sivil cəmiyyətdən ayıran uçurumun böyüklüyünü göstərir


Noam Xomski




Комментариев нет:

Отправить комментарий