Hörmətli dostlar!
Hər kəs, sözsüz ki, öz əsaslandırılmış şəxsi fikrini yaza bilər, imkan olduqca diqqətdən kənar qoymuruq, cavab veririk. Lakin bəzi yoldaşlar onu da bilməlidirlər ki, bizim də hər kəs kimi öz fikrimizi söyləmək haqqımız var və biz həmişə arqumentlə danışırıq. Ona görə bizə nəyi və necə yazmağımız haqda göstəriş verməyin. Bu, ən azından etik deyil.
Bəzi təmiz və sadəlövh yoldaşlar Cəmil Həsənlidən qəhrəman düzəltmək istəyirlər və dünənki yazıda onun adını çəkməyimiz xoşlarına gəlməyib.
Cəmil Həsənli zehniyyəti 1993-cü ildə Əliyevləri iqtidara gətirib. Cəmil bəy bu iqtidarın milli ideoloqlarından biridir və iqtidara alternativ ola bilməz. Bəli, bunlar – iqtidardakı və müxalifətdəki sağçılar, liberallar, antisosialistlər, antisovetçilər - 23 ildir ki, öz aralarında iqtidar uğrunda mübarizə aparırlar. Aparsınlar. Şəxsən bizim üçün bunların heç bir fərqi yoxdur. İlham Əliyevə olan nifrət real siyasi analizə əngəl olmamalıdır. Cəmil Həsənlinin kumir saydığı Əbülfəz Əliyev də iqtidara demokrat maskasıyla, “demokratik, rüşvətsiz, ədalətli bütöv Azərbaycan” şüarıyla gəlmişdi (konkret belə şüarları olmayıb, məzmununu lakonik ifadə edirik). İqtidara silahlı çevrilişlə gəldikdən sonra “kommunist” dedikləri Ayaz Mütəllibov dövrü ilə müqayisədə nə demokratiya qaldı, nə ədalət, nə haqq.. Rüşvəti isə bəylər dəfələrlə artırdı. İndi onların vaxtında neftdən gələn müftə milyardlar yox idi, onlar oliqarx olmağa macal tapmadılar – bu ayrı məsələ... Yəni “Cəmil bəy demokratiya gətirəcək” deyib onun milli qəhrəmana çevirməyin yeri yoxdur. Bunların demokratiya dediyi şey bir ovuc kapitalistin diktaturasıdır. Bununla belə, səhifəni izləyənlər bilir ki, biz sağ və liberal müxalifətə qarşı heç vaxt təbliğat aparmamışıq, əksinə, fürsət düşdükcə həbsə atılan gəncləri müdafiə etmişik. Biz sadəcə ideoloji mübarizə aparırıq, konkret adlar çəkməkdən çalışırıq uzaq olar. Bəzən bu mümkün olmur, konkret ad çəkmək məcburiyyətində qalırıq. Bunu “yıxılmış, əzilmiş yazıq müxalifətə təpik vurmaq” kimi qiymətləndirmək haqsızlıqdır, doğru deyil.
Bu seçkilər bir farsdır. Heç kimin ümidini qırmaq istəmirik, öz fikrimizi bildiririk. Bildiririk ki, gələcəyə düzgün yola işıq tutaq. Bəli, bu seçkinin mənası yoxdur. Azərbaycan xalqına hörmət edən şəxslər ümumiyyətlə bu seçkidə iştirak etməməlidir, təklif etməlidir ki, “seçkilər olmasın, seçkiyə xərclənən pullar fiziki qüsurlu şəxslərə və kimsəsiz qocalara, uşaqlara paylanılsın”. Ən ədalətli seçki nəticəsində belə İlham Əliyev qalib gələcək. Cəmil Həsənli ona alternativ deyil. Onun dünənki çıxışında səsləndirdiyi “prezident oğluna filan qiymətə Dubayda villa alıb... “ və s. məlumatları hamı bilir.. Bu haqda biz də yazmışıq, demişik... Hamının bildiyi, çeynənmiş və köhnəlmiş məlumatları səsləndirdiyi üçün tarix elminə obyektiv yanaşmayan, öz musavatçı ideologiyasının xeyrinə tarixi saxtalaşdıran şəxsi necə milli qəhrəman elan etmək olar?! Saxtakar – saxtakardır. Bu gün əlində tarix elmi var – onu saxtalaşdırır. Sabah əlində ayrı mövzu olacaq, saxtalaşdırmayacağına kim qarant dura bilər?
Bu seçkidə heç bir intriqa yoxdur. Bir hədsiz maddi və administrativ resursları olan İlham Əliyev var, bir də korrupsiya üzərindən onu vurmağa çalışan Cəmil Həsənli. O cümlədən Cəmil bəyin köməyilə sovet əxlaqını məhv edib yerinə “milli” və islami (bunların deyimi ilə desək, milli-mənəvi dəyərlər) əxlaq yeridəndən sonra bizim xalqımız korrupsiyaya qarşı həssas deyil, çünki mollalar və hüquq müdafiəçiləri (qrant sökənlər) qarışıq hər kəs öz imkanları çərçivəsində oğurlayır. Yəni korrupsiya üzərindən vurmaqla uzağı öz elektoratını aktivləşdirmək olar. Uzağı. Ki, fb-dakı şərhlərdən də görünür, Cəmil bəyin söhbəti yaman ləzət edib tərəfdarlarına. Sanki yeni nə isə kəşf edilib. Qalan prezidentliyə namizədlər isə, İqbal Ağazadə qarışıq, hamısı İlham Əliyev üçün çalışır, hərə öz rolunu oynayır. Məsələn, İqbal bəyin rolu Cəmil bəyin potensial elektoratını parçalamaqdır.
Bu iqtidara bu gün yeganə alternativ ola biləcək şəxs, bizim fikrimizə görə, Lalə Şövkət Hacıyeva idi. Ona səs verəcəkdilər. Onun üçün seçki məntəqələrinə gedəcəkdilər. Fəqət onu incidib-incidib, iyrəndirib siyasətdən uzaqlaşdırdılar. Kim? İsa Qəmbər və onun iqtidar tərəfindən maliyyələşdirilən mətbuatı. Lalə xanıma öz ənənəvi “Rusiyanın agenti” yarlıkını asdılar. İqtidarla birlikdə. Gördüyünüz kimi, iqtidar və sağ müxalifət birlikdə hərəkət edə bilirlər. Lalə xanımı onlar birlikdə neytrallaşdırdılar.
Solun yeganə təşkilatlanmış qüvvəsi olan kommunist dostlarımız bu seçkidə iştirak edəcəkdilər. Təəssüf ki, edə bilmədilər. Yəqin ki, resursları yoxdur. Şansları yox idi – bunu yəqin özləri də başa düşürdülər, amma iştirak sol ideyalarını xalqın yadına salmaq baxımından vacib idi. Hamınız bilirsiz ki, seçki maddi vəsait tələb edir. Qərb demokratiyalarındakı seçkilərdə bütün namizədlər seçkiqabağı pul yığma kampaniyası aparırlar, maraqlı dairələr onlara on milyonlarla vəsait köçürürlər... Bizim sağ və liberal müxalifətin Qərb fondlarından yaxşı maddi dəstəyi var. Yerli burjuaziya da, hətta iqtidarın müxtəlif klanları onlara yardım edirlər. Solun isə heç bir dəstəyi yoxdur. Çox çətindir. Amma yenə də sol təşkilatlanıb seçkilərə qatılmalıdır, nə olursa olsun, başqa yolu yoxdur. Bu iqtidarı ancaq alternativ ideologiya, alternativ əxlaq yıxa bilər - Sol. Sol xalqla təmas qura bilsə, geniş kütlələrə yeni sosializmi anlada bilsə, köhnə sosializmi xatırlada bilsə, növbəti seçkilərdə mövcud iqtidara ciddi rəqib olacaq.
Комментариев нет:
Отправить комментарий