Tarixi bilmək
xeyli xalqları xilas edə bilər, xeyli ölkələr tarixi bilmədiyi üçün məhv ola
bilər. Bugün əksər insanlar üçün aydındır ki, ABŞ və onun mütəffiqləri Suriyada
hərbi konflikt təşkil etməyə can atırlar. Bütün Yaxın Şərq regionunu müharibəyə
və xaosa qərq etmək istəyirlər. Onların məqsədini və metodunu qısa şəkildə
xülasə etmək olar.
“...Bizim ağalığımızı könüllü surətdə qəbul edin və
onda hər şey qaydasında olacaq, - əks halda müharibə qaçılmazdır”.
Qərb siyasətinin
mahiyyətini kim belə dəqiqliklə ifadə edib?
Yoldaş Stalin bu
sözləri 67 il əvvəl söyləyib.
Çörçilin məşhur
Fulton nitqinə cavab olaraq, hansını ki, ser Uinston Amerikanın Fulton
şəhərində 5 mart 1946-ci ildə söyləmişdi.
Bir həftə sonra
Stalin Çörçilə cavab verdi. Əgər anqlosaksların müasir siyasətini başa düşmək
istəyirsizsə, SSRİ başçısının təxminən 70 il əvvəl verdiyi müsahibəsini oxuyun.
Heç nə dəyişməyib.
Həmin dövlətlər, həmin məqsədlər, həmin metodlar.
Qısa şəkildə
tarixi fonu xatırladıram.
-1944-cü ilin
iyulu – Amerikanın Bretton-Vud şəhərində dolları “dünya hökmdarı”na çevirən
müqavilələr imzalanır. SSRİ razılaşmaya imza atır.
-1945-ci ilin
sentyabrı – İkinci Dünya müharibəsinin sonu;
-1945-ci ilin
dekabrı – Bretton-Vud razılaşmalarının ratifikasiyası, SSRİ ratifikasiyadan
imtina edir, öz suverenliyini ABŞ-ın və
Böyük Britaniyanın əlinə verməkdən imtina edir.
-1946-cı ilin
martı – Çörçilin Fulton nitqi, soyuq müharibənin başlanması, anqlosakslar
tərəfindən “dəmir pərdə” endirilir, Qərbin SSRİ ilə planetin bütün “cəbhələri”
üzrə konfrontasiyası başlanır. Həmin vaxt
Britaniyanın Sovet İttifaqının rəsmi mütəffiqi olması Çörçilin sözlərinə
ultimatum xarakteri verir.
(“Pravda”, 14 mart 1946-cı il)
Bu günlərdə “Pravda”nın müxbirlərindən biri cənab Çörçilin nitqi ilə
bağlı bir sıra məsələləri aydınlaşdırmaq xahişi ilə yoldaş Stalinə müraciət
etmişdir. Yoldaş Stalin aşağıda müxbirin suallarına cavab kimi qeyd edilmiş uyğun
izahları vermişdir.
Sual. Siz cənab Çörçilin Amerika Birləşmiş Ştatlarında
söylənilmiş sonuncu nitqini necə qiymətləndirirsiz?
Cavab. Mən onu mütəffiq ölkələr arasında ixtilaf toxumu səpmək və onların əməkdaşlığını çətinləşdirmək üçün
nəzərdə tutulmuş təhlükəli akt kimi qiymətləndirirəm.
Sual. Hesab etmək olarmı ki, cənab Çörçilin nitqi
sülh və təhlükəsizlik işinə ziyan vurur?
Cavab. Əlbəttə ki, bəli. Əslində cənab Çörçil indi müharibənin qızışdırıcısı
mövqeyində dayanır. Və cənab Çörçil burda tək deyil, - onun təkcə İngiltərədə
deyil, həm də Amerikada dostları var. Qeyd etmək lazımdır ki, cənab Çörçil və
onun dostları bu mənada olduqca Hitleri və onun dostlarını xatırladırlar.
Hitler müharibəni ondan başladı ki, yalnız alman dilində danışan insanların dəyərli
milləti təmsil etdiyini söyləyərək irqi
nəzəriyyəni elan etdi. Cənab Çörçil də yalnız ingilis dilində danışan
millətlərin dəyərli millətlər olduğunu, bütün dünyanın taleyini həll etmək üçün
yaradıldığını iddia etməklə irqi nəzəriyyə ilə müharibəni başlayır. Alman irqi
nəzəriyyə Hitleri və dostlarını o nəticəyə gətirdi ki, almanlar yeganə qiymətli
millət kimi digər millətlər üzərində hökmranlığa malik olmalıdırlar. İngilis
irqi nəzəriyyəsi cənab Çörçili və onun dostlarını bu nəticəyə gətirir ki,
ingilis dilində danışan millətlər yeganə qiymətli millətlər kimi dünyanın digər
millətləri üzərində hökmranlığa malik olmalıdırlar.
Əslində cənab
Çörçil və onun İngiltərədə və ABŞ-da olan dostları ingilis dilində danışmayan
millətlərə ultimatum verirlər: hökmranlığımızı könüllü
surətdə qəbul edin və onda hər şey qaydasında olacaq, - əks halda müharibə
qaçılmazdır. Amma millətlər beş il acınacaqlı müharibə ərzində öz ölkələrinin
azadlığı və müstəqilliyi üçün qan töküblər, hitlerçilərin ağalığını
çörçilçilərin ağalığı ilə əvəz etmək üçün yox. Yəqin ki, buna görə ingilis
dilində danışmayan və bununla yanaşı dünya əhalisinin böyük əksəriyyətini
təşkil edən millətlər yeni köləliklə
razılaşmayacaqlar.
Cənab Çörçilin
faciəsi bundadır ki, o köhnə tori kimi
bu sadə və aydın həqiqəti dərk etmir. Şübhəsiz ki, cənab Çörçilin məqsədi
müharibədir, SSRİ ilə müharibəyə çağırışdır. Həmçinin bu da aydındır ki, cənab
Çörçilin bu məqsədi İngiltərə və SSRİ arasında mövcud olan mütəffiqlik haqqında
razılaşma ilə uyuşmazdır. Düzdür, cənab Çörçil oxucuları qorxutmaq üçün
sözarası bəyan edir ki, qarşılıqlı köməklik və əməkdaşlıq haqqında
sovet-ingilis müqaviləsinin müddətini 50 ilə kimi uzatmaq olardı. Amma cənab
Çörçilin bu bəyanatını onun SSRİ ilə müharibə məqsədi , onun SSRİ –yə qarşı müharibə
nəsihəti ilə necə bir yerə sığışdırmaq olar? Aydındır ki, bu şeyləri heç cürə
bir araya sığışdırmaq olmaz. Və əgər SSRİ ilə müharibəyə səsləyən cənab Çörçil
bununla yanaşı ingilis-sovet müqaviləsinin müddətini 50 ilə kimi uzatmaq
istəyirsə, bu o deməkdir ki, o bu müqaviləyə öz antisovet məqsədini gizlətmək
və maskalamaq üçün boş kağız parçası kimi baxır. Ona görə də cənab Çörçilin
İngiltərədəki dostlarının sovet-ingilis müqaviləsini 50 və daha çox müddətə
uzatmaq haqda saxta bəyanatlarına ciddi yanaşmaq olmaz. Əgər tərəflərdən biri
müqaviləni pozursa və onu mənasız kağıza çevirirsə, müqavilənin müddətinin
uzadılmasının mənası yoxdur.
Sual.Cənab
Çörçilin nitqinin həmin hissəsini necə qiymətləndirirsiz , harda ki, bizə qonşu
olan Avropa dövlətlərinin demokratik quruluşunu pisləyir və bu dövlətlərlə
Sovet İttifaqı arasındakı mehriban qarşılıqlı əlaqələri tənqid edir?
Cavab. Cənab
Çörçilin nitqinin bu hissəsi böhtan elementlərin kobudluq və nəzakətsizlik
elementləri ilə qarışığıdır. Cənab Çörçil iddia edir ki,
“Varşava,Berlin,Praqa,Vena,Budapeşt,Belqrad,Buxarest,Sofiya – bütün bu məşhur
şəhərlər və onların rayonlarındakı əhali sovet sferasında yerləşirlər və bu və
ya digər formada təkcə sovet təsirinə deyil, həm də Moskvanın əhəmiyyətli
dərəcədə artan nəzarətinə tabe olurlar”. Cənab Çörçil bütün bunları Sovet
İttifaqının sərhəd tanımayan “işğalçı tendensiyası” kimi nəzərdən keçirir.
Cənab Çörçilin
burada kobud və utanmaz şəkildə həm Moskvaya, həm də adları çəkilmiş SSRİ ilə
qonşu dövlətlərə böhtan atdığını göstərmək çətin deyil. Birincisi, dörd
dövlətin nümayəndələrindən ibarət
İttifaq Nəzarət Şuralarının olduğu, SSRİ-nin isə səslərdən yalnız ¼-ə
sahib olduğu Vena və Berlində SSRİ-nin xüsusi nəzarətindən danışmaq tamamilə
absurddur. Bəzən insanlar böhtan atmadan
keçinə bilmirlər, amma hər halda onun ölçüsünü bilmək lazımdır. İkincisi,
növbəti vəziyyəti unutmamaq lazımdır. Almanlar SSRİ-yə hücumu
Finlandiyadan,Polşadan,Rumıniyadan,Bolqariyadan,Macarıstanda başladılar.
Almanlar hücumu ona görə bu ölkələrdən törədə bildilər ki, onda bu dövlətlərdə
SSRİ-yə düşmən hökumətlər mövcud idi.Alman hücumu nəticəsində Sovet İttifaqı
almanlarla döyüşlərdə, həmçinin alman işğalı və sovet insanlarının alman
katorqalarına qaçırılması sayəsində, yeddi milyona yaxın insanı əbədi itirdi. Başqa sözlə, Sovet İttifaqı İngiltərə və Amerika Birləşmiş Ştatlarının
birlikdə itirdiyindən bir neçə dəfə çox insan itirdi. Bəlkə də, hardasa sovet
xalqının Avropanı hitler iynəsindən azad olmasını təmin edən bu böyük
qurbanlarını unutmaq istəyirlər. Amma Sovet İttifaqı onları unuda bilməz. Sual
olunur, Sovet İttifaqının gələcəkdə özünün təhlükəsizliyini təmin etməkdən ötrü
bu ölkələrdə Sovet İttifaqına loyal yanaşan hökumətlərin mövcud olmasına nail
olmağa çalışmasında təəccüblü nə var? Sovet İttifaqının bu dinc səylərini
ağlını itirmədən bizim dövlətin işğalçı tendensiyası kimi necə nəzərdən
keçirmək olar?
Cənab Çörçil daha
sonra iddia edir ki, “ Rusların hakimiyyəti altında olan Polşa hökuməti
Almaniyaya qarşı böyük və ədalətsiz qəsdlərə şirnikləndirillirdi”. Burada hər
bir söz kobud və təhqiramiz böhtandır. Müasir demokratik Polşaya görkəmli
insanlar rəhbərlik edir. Onlar işləri ilə göstərdilər ki, vətənlərinin
maraqlarını və ləyaqətini sələflərinin
bacarmadığı kimi müdafiə etməyi bacarırlar. Müasir Polşa rəhbərlərinin öz
ölkələrində hər hansı bir xarici dövlətin “ağalığına” icazə verdiklərini iddia etmək üçün cənab Çörçilin hansı əsasları
var? Burada cənab Çörçil “ruslara” Polşa ilə Sovet İttifaqı arasında ixtilaf
toxumu səpmək məqsədilə böhtan atmırmı?...
Cənab Çörçil
Polşanın siyasətində SSRİ ilə dostluğa və əməkdaşlığa dönüş etməsindən
narazıdır. Vaxt vardı Polşa ilə SSRİ arasındakı qarşılıqlı əlaqələrdə konflikt
və ziddiyyət elementləri üstünlük təşkil edirdi. Bu vəziyyət cənab Çörçil kimi
dövlət xadimlərinə bu ziddiyyətlərdən istifadə etmək, Polşanı ruslardan müdafiə
etmək niyyəti altında ələ keçirmək, Rusiyanı onunla Polşa arasındakı müharibə
kabusu ilə qorxutmaq və özünün arbitr mövqeyini saxlamaq imkanı verirdi. Amma o
vaxtlar keçmişdə qaldı, çünki Polşa və Rusiya arasındakı düşmənçilik öz yerini
onlar arasındakı dostluğa verdi, Polşa isə, müasir demokratik Polşa daha
əcnəbilərin əlində oyun topu olmaq istəmir. Mənə elə gəlir ki, məhz bu cəhət
cənab Çörçili qıcıqlandırır və onu Polşa əlehinə kobud, yersiz hərəkətlərə sövq
edir. “Mənə başqasının hesabına oynamağa icazə vermirlər” söyləmək
zarafatdırmı...
Cənab Çörçilin
Polşanın qərb sərhədlərinin vaxtilə almanlar tərəfindən işğal edilmiş polşa
əraziləri hesabına genişlənməsi ilə əlaqədar Sovet İttifaqına qarşı
məzəmmətlərinə gəldikdə isə, mənə elə
gəlir ki, o burada açıq şəkildə kartları dartışdırır. Məlum olduğu kimi
Polşanın qərb sərhədləri haqda qərar üç derjavanın Berlin konfransında Polşanın tələblərinə əsasən
qəbul edilmişdi. Sovet İttifaqı dəfələrlə bəyan etmişdi ki, o Polşanın
tələblərini düzgün və ədalətli hesab edir.Çox güman ki, cənab Çörçil bu
qərardan narazıdır. Amma bu məsələdə rusların mövqeyinin əksinə getmək istəməyən
cənab Çörçil nəyə görə öz oxucularından
o faktı gizlədir ki, qərar Berlin
konfransında yekdilliklə qəbul edilmişdi, qərara təkcə ruslar səs verməmişdi,
həm də ingilislər və amerikalılar səs vermişdi? Insanları aldatmaq cənab
Çörçilin nəyinə lazımdır?
Daha sonra cənab
Çörçil iddia edir ki, “bütün bu şərqi Avropa dövlətlərində əhəmiyyətsiz olan
kommunist partiyaları onların sayından olduqca böyük gücə nail olublar və
hər yerdə totalitar nəzarət qurmağa can atırlar, demək olar ki, bu ölkələrin hamısında
və hələ də indiyə kimi polis hökumətlər üstünlük təşkil edir, Çexoslavakiyadan
başqa, orada heç bir əsl demokratiya mövcud deyil”. Məlum olduğu kimi, hazırda
İngiltərədə hakimiyyəti bir partiya , leyboristlər partiyası idarə edir , özü
də müxalif partiyalar İngiltərədə hökumətdə iştirak etmək hüququndan
məhrumdurlar. Cənab Çörçil üçün bu əsl demokratizmdir.
Polşada,Rumıniyada,Yuqoslaviyada,Bolqariyada,Macarıstanda bir neçə partiyadan
ibarət blok – dörd partiyadan altı partiyaya kimi – idarə edir, özü də
müxalifətlərin, az və ya çox loyaldırlarsa, hökumətdə iştirakı təmin edilir.
Cənab Çörçil bunu totalitarizm, tiraniya,polisçilik adlandırır. Niyə, hansı
əsasa görə - cənab Çörçildən bu suallara cavab gözləməyin. Cənab Çörçil özünün totalitarizm,tiraniya, polisçilik
haqda qışqırıqlı nitqləri ilə özünü hansı gülünc vəziyyətə saldığını başa
düşmür.
Cənab Çörçil
istəyərdi ki, Polşanı Sosnkovskiy və Anders, Yuqoslaviyanı – Mixayloviç və
Paveliç, Rumıniuanı – knyaz Ştirbey və Radesku, Macarıstanı və Avstriyanı –
Habsburqlar evindən hansısa kral və digərləri idarə etsinlər. Cənab Çörçil bizi
inandırmaq istəyir ki, faşist yaxaaltıları olan bu cənablar “həqiqi
demokratiyanı” təmin edə bilərlər. Cənab Çörçilin “demokratiyası” budur.
Cənab Çörçil
kommunist partiyalarının Şərqi Avropada təsirinin artması haqda danışarkən
həqiqətin ərtafında dolanır. Amma nəzərə almaq lazımdır ki, o tamamilə doğru
deyil. Kommunist partiyalarının təsiri təkcə Şərqi Avropada deyil, Avropanın faşizmin
hakim olduğu (İtaliya,Almaniya,Macarıstan,Bolqariya,Finlandiya) və ya alman, italyan və ya macar işğalı
altında olan(Fransa,Belçika,Hollandiya,Norveç,Danimarka,Polşa,Çexoslavakiya,Yuqoslaviya,Sovet
İttifaqı və s.) demək olar ki, bütün ölkələrində artdı.
Kommunistlərin
təsirinin artmasını təsadüf hesab etmək olmaz. O tamamilə qanunauyğundur.
Kommunistlərin təsiri ona görə artdı ki, faşizmin Avropada hakim olduğu ağır
illərdə kommunistlər xalqların azadlığı uğrunda faşist rejiminə qarşı etibarlı,
mərd, fədakar döyüşçülər oldular. Cənab Çörçil əlini onların çiyinlərinə vuraraq və özünü onların dostu kimi göstərərək bəzən öz nitqlərində “kiçik evlərdə yaşayan sadə insanları”
xatırlayır. Amma bu
insanlar ilk baxışdan görsəndikləri qədər də sadə deyillər. Onların, “sadə
insanların” öz baxışları, özlərinin siyasəti var və onlar özlərini müdafiə edə
bilirlər. Onlar, milyonlarla bu “sadə insanlar” İngiltərədə öz səslərini
leyboristlərə verərək cənab Çörçilin və
onun partiyasının əlehinə səs veriblər. Onlar, milyonlarla bu “sadə insanlar”
Avropada irticaçıları, faşizmlə əməkdaşlığın tərəfdarlarını təcrid etdilər və
sol demokratik partiyalara üstünlük verdilər. Onlar, milyonlarla bu “sadə insanlar” kommunistləri mübarizə alovunda
və faşizmə müqavimətdə sınayaraq qərara gəldilər ki, kommunistlər xalqın
etimadına layiqdirlər. Kommunistlərin Avropada təsiri bu şəkildə artdı. Tarixi
inkişaf qanunu budur.
Əlbəttə,
hadisələrin bu şəkildə inkişafı cənab Çörçilin xoşuna gəlmir və o gücə müraciət
edərək təhlükə siqnalı verir. Amma Birinci dünya müharibəsindən sonra Rusiyada
sovet rejiminin yaranması da onun xoşuna gəlmirdi. O həmin vaxt da tarixin
çarxını geri çevirməyi qarşısına məqsəd qoyaraq həyəcan təbili çalırdı və “14 dövlətin” Rusiyaya qarşı hərbi yürüşünü
təşkil etmişdi. Amma tarix çörçil müdaxiləsindən güclü oldu və cənab Çörçilin
don kixota bənzər hərəkətləri ona gətirdi ki, həmin vaxt o tamamilə məğlub oldu.
Bilmirəm, cənab Çörçil və onun dostları İkinci dünya müharibəsindən sonra “Şərqi
Avropaya” qarşı yeni yürüş təşkil etməyə müvəffəq olacaq ya yox. Amma müvəffəq
olsalar,ki buna da ehtimal azdır, çünki milyonlarla “sadə insan” sülh işinin
müdafiəsində dayanır, əminliklə demək olar ki, onlar keçmişdə, 26 il əvvəl
məğlub olduqları kimi yenə məğlub olacaqlar.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий