21 дек. 2013 г.

ÜKP (b) MK-nin katibi yoldaş Malenkovun AzKP(b) MK-nin katibi Bağırova məktubu və Bağırovun bu məktuba cavabı

 Moskvadan  
28.11.1945 

Azərbaycan Kommunist Partiyasının MK-nin katibi yoldaş Bağırova

Ermənistan Kommunist Partiyasının MK-nin katibi yoldaş Arutinov Dağlıq-Qarabağ ərazisinin Ermənistan SSR-nin  tərkibinə birləşdirilməsi haqda təklifi Ümumittifaq Kommunist Partiyasının MK-nin müzakirəsinə çıxarmışdır.
Yoldaş Arutinov məktubda bununla bağlı aşağıdakıları yazır:

“Ermənistan ərazisinə bitişik olan Dağlıq-Qarabağ Muxtar vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir.Bu vilayətin əhalisi əsasən ermənilərdən ibarətdir. 153 min əhalidən 137 min nəfəri ermənilərdir.Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsinə uyğundur.Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması onun daha çox inkişafına səbəb olardı və təsərrüfatın idarəedilməsini yaxşılaşdırardı. Əhaliyə doğma dildə kütləvi-mədəni və siyasi xidmət göstərilməsi Ermənistan respublika orqanları tərəfindən idarəetmə sayəsində güclənərdi.
Dağlıq Qarabağ ərazisinin Ermənistana daxil edilməsi yerli kadrlara ali təhsillərini Ermənistanın ali təhsil müəssisələrində doğma dildə davam etdirmək imkanı verərdi. Digər tərəfdən Ermənistan SSR Dağlıq Qarabağ ərazsindən əlavə kadrlar qəbul edə bilərdi.
Bu səbəbdən və Dağlıq Qarabağ əhalisinin istəyinə görə Sov.Ermənistanın Mərkəzi Komitəsi və Xalq Komissariatı Azərbaycan SSR-nin Dağlıq Qarabağ ərazisinin Ermənistan SSR-nin tərkibinə Qarabağ ərazisi kimi daxil edilməsi barəsində məsələni ÜKP (b) MK-nin və İttifaq Hökumətinin müzakirəsinə daxil etmişdir.
Bu məsələnin müsbət həlli zamanı Sovet Ermənistanının MK və Xalq Komissariatı  sovet hakimiyyətinin qurulmasından qabaq dağıdılmış Qarabağın keçmiş mərkəzi Şuşa şəhərinin bərpa edilməsi təklifi ilə hökumətin yanına gedəcək”.

Ermənistanın KP (b) MK-nin təklifi ilə bağlı fikrinizi bildirin.
ÜKP MK-nin katibi       Malenkov. 


Ümumittifaq Kommunist Partiyasının (b) Mərkəzi Komitəsinin katibi

Yoldaş Malenkova

Ermənistanın Kommunist Partiyası(b) MK-nin katibi yoldaş Arutinovun Dağlıq-Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsilə bağlı təklifi haqda Sizin teleqramınıza cavab olaraq bildirirəm:
Dağlıq-Qarabağ Muxtar Vilayətinin ərazisi qədim dövrlərdən  mərkəzi 1747-ci ildən Qarabağlı Pənah xan tərəfindən qala kimi tikilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibinə daxil olmuşdur.
1826-cı ildə Qarabağ Çar Rusiyasına birləşdirilir. Nəticədə hazırki Dağlıq-Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının  Şuşa, Cavanşir, Karyaqin və Qubadlı qəzalarının tərkibinə daxil olur.
1918-1920-ci illərdə musavatçıların Azərbaycanda və daşnakların Ermənistanda  hakimiyyəti dövründə musavat hökuməti tərəfindən bütün Qarabağ ərazisində mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhərində yerləşən Qarabağ general-qubernatorluğu təşkil olunur.
Musavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərrası qırğın nəticəsində Şuşa Azərbaycanın və Ermənistanın digər şəhərləri kimi dağıdılmış və xarabalığa çevrilmişdi.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar  bütün Qarabağın təsərrüfat-siyasi həyatının idarə edilməsi  vahid Ərazi İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı  dağlıq hissəsinin Ermənistan SSR-yə birləşdirilməsi məsələsi meydana çıxdı. Amma bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədləri olmadığından və ondan əsasən azərbaycanlıların məskunlaşdığı  Qubadlı, Laçın,Kəlbəcər və Dostafur rayonları ilə ayrıldığından partiya orqanlarının göstərişləri əsasında, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin  7 iyul 1923-cü il dekreti ilə  mərkəzi Xankəndi ərazisində, hazırki Stepanakert şəhəri olan Dağlıq-Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq-Qarabağ Muxtar Vilayəti ərazi baxımından heç vaxt Ermənistan SSR-yə birləşməyib və birləşmir.
Azərbaycanda sovet hakimiyyəti ərzində Dağlıq Qarabağda ərazinin təsərrüfat-siyasi və mədəni inkişafında böyük işlər görülmüşdür. Buna parlaq nümunələrdən biri atılmış və dağıdılmış kənddən gözəl,  abad və mədəni şəhərlərdən, təkcə Azərbaycanın deyil,  birinə çevrilmiş  DQMV-nin mərkəzi – Stepanakert şəhəridir.
Azərbaycan SSR-nin bütün ali təhsil müəssisələrinin və texnikumlarının 20,5%-ni ermənilər təşkil edir, hansı ki, onların əksəriyyəti Dağlıq Qarabağ Muxtar vilayətindəndirlər.
Respublikanın rəhbər partiya, şura, təsərrüfat kadrlarının içərisində də Dağlıq Qarabağdan olan yoldaşlar çoxdur; MK-nin və Azərbaycan Kommunist Partiyasının katibinin müavinləri, xalq komissarları, xalq komissarlarının müavinləri və digərləri.
Bununla belə, biz Dağlıq Qarabağ Muxar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə etiraz etmirik, amma Dağlıq-Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan, amma indi də əsasən azərbaycanlıların məskunlaşdığı Şuşa rayonunun Ermənistan SSR-yə verilməsinə razı deyilik.
Şuşa şəhəri esası qoyulandan bəri təkcə Qarabağın administrativ-siyasi və mədəni mərkəzi olmamışdır, həm də Azərbaycan xalqının öz azadlığı uğrunda fars işğalçılarına qarşı mübarizədə xüsusi rol oynamışdır.  Şuşada azərbaycanlılar tərəfindən qaniçən istilaçılardan biri, zaqafqaziya xalqlarının cəlladı fars çarı Ağa Məhəmməd Şah-Qacar öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə  formalaşmışdır, və nəhəng siyasi və mədəni xadimlərin adı- İbrahim-xanın, Vaqifin, Natavanın və digərlərinin - onunla bağlıdır.
Eyni zamanda DQMV-nin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi məsələsinin müzakirəsi zamanı Ermənistan SSR-nin Azərbaycan respublikasına bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedin və Qarabağlar rayonlarının Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmasını ÜKP(b) MK-nin nəzərinə çatdırmağı vacib bilirik.
Bu rayonların olduqca mədəni və iqtisadi geriliyini nəzərə alsaq, onların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitinin və mədəni-siyasi xidmətini yaxşılaşdırılmasına imkan verəcək.


Yuxarıda qeyd edilənlərdən əlavə, ÜKP (b) MK-ni növbəti məsələləri müzakirəyə çıxarmasını istəyirik:
Gürcüstandan olan yoldaşlar Azərbaycan SSR-nin  Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini irəli sürüblər.
Ümumi əhalisinin sayı 79 000 nəfər olan qeyd edilmiş  rayonlarda 9000 gürcü-yengiloy yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına qarşı deyilik,  bundan ötrü  ki, eyni zamanda əhalisi əsasən azərbaycanlılardan ibarət olan və Azərbaycan SSR-yə bitişik olan Gürcüstan SSR-nin Borçalı rayonun Azərbaycan SSR-yə daxil edilməsi məsələsinə də baxılsın.
Və nəhayət , biz əvvəllər Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil olmuş, Dağıstan SSR-nin Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonlarının Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə baxılmasını rica edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, həm də onun heyvandarlıqla məşğul olan əhalisinin yarısı ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün ÜKP(b) MK-nin hər bir maraqlı respublikdan nümayəndələrin daxil edilməsi ilə komissiya yaratmasını məqsədəuyğun hesab edərdik.

Azərbaycan KP (b) MK-nin katibi                                                                   (M.D.Bağırov)
10 dekabr 1945-ci il

Bakı şəh.








Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий