17 янв. 2014 г.

2.Kapitalizmin uyğunlaşması (R.Luksemburqun əsərindən bir hissə)

Kredit  capitalist təsərrüfatında müxtəlif funksiyaları yerinə  yetirir,  amma bu funksiyalardan ən vacibi,məlum olduğu kimi, istehsalın genişlənmə bacarığının artırılmasından, vasitəçilikdən və mübadilənin  asanlaşdırılmasından  ibarətdir. Harda ki, kapitalizm istehsalının qeyri-məhdud genişlənməyə immanent meyli xüsusi mülkiyyət çərçivəsi ilə toqquşur, kredit bu maneələri capitalist üsulu ilə aşmaq vasitəsi olur; o çoxlu xüsusi kapitalları bir yerə toplayır (səhmdar cəmiyyətlər) və  özgə kapitalı kapitalistin ixtiyarına verir (sənaye krediti). Digər tərəfdən, o ticarət krediti şəklində əmtəə mübadiləsini sürətləndirir, yəni kapitalın istehsala qayıdışını, uyğun olaraq da, bütün istehsal prosesi dövriyyəsini sürətləndirir. Kreditin hər iki əsas funksiyanın böhranların yaranmasına göstərdiyi təsiri görmək çox asandır. Əgər böhranlar, bildiyimiz kimi, bir tərəfdən istehsalın genişlənmək bacarığı və meyli arasındakı ziddiyyətlərdən yaranırsa,  digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, kredit sanki bu ziddiyyəti daha da tez-tez üzə çıxarmaq üçündür. O hər şeydən əvvəl istehsalın genişlənmək bacarığını inanılmaz ölçülərə qədər yüksəldir və  onda daim  daxilən bazar sərhədlərini aşmaq meyli yaradır. Amma o iki cəbhəyə vurur.
Əgər kredit istehsal prosesinin amili kimi təkrar istehsal yaradırsa, böhran zamanı mübadilə vasitəsi kimi  özünün doğurduğu istehsal qüvvələri ilə daha da heyrətləndirir .Durğunluğun ilk əlamətləri meydana çıxdığı zaman kredit azalır, lazım olduğu yerdə mübadiləyə kömək etmir, hərəkət yaratmır və hələ də fəaliyyətdə olduğu yerlərdə məqsədsiz olur və bu şəkildə böhranlar zamanı istehlak bacarığını minimal ölçülərə qədər azaldır. 
Bu iki ən vacib nəticədən başqa, kredit böhranların yaranmasında bir çox digər münasibətlərə də təsir edir.O, yalnız kapitalistə özgə kapitalı ilə istədiyi kimi hərəkət etmək imkanı verən  texniki vasitə deyil, eyni zamanda da özgə mülkiyyətini ürəklə və çəkinmədən istifadə etməyə həvəsləndirir, uyğun olaraq da, riskli istifadəyə gətirib çıxarır. O, əmtəə mübadiləsinin hiyləgər vasitəsi kimi təkcə böhranları  dərinləşdirmir, həm də onun yayılmasını və genişlənməsini asanlaşdırır; o bütün mübadiləni real əsası minimal miqdarda metal pullara əsaslanan  olduqca çətin və süni mexanizmə çevirir, odur ki kiçik bir səbəb onda pozğunluq yaradır.
Beləliklə, kredit heç də böhranları aradan qaldırmaq və ya heç olmasa yüngülləşdirmək üçün vasitə deyil, tamamilə əksinə, böhranların meydana gəlməsinin xüsusi və ən böyük amilidir. Başqa cür ola da bilməz. Kreditin spesifik funksiyasının ən ümumi xassələri məhz  bütün kapitalizm münasibətlərini son dayanıqlıq həddindən məhrum etməkdən  və hər yerdə ən böyük mümkün elastikliyi təmin etməkdən, bütün kapitalizm güclərini ən yüksək dərəcədə dartıla bilən, nisbi və həssas etməkdən ibarətdir. Aydındır ki, bu kapitalizm təsərrüfatının bir-birinə zidd qüvvələrinin periodik olaraq toqquşmasından başqa bir şey olmayan böhranın meydana gəlməsini dərinləşdirə və asanlaşdıra bilər.
Amma bu bizi eyni zamanda başqa bir məsələyə yaxınlaşdırır: ümumiyyətlə, kredit necə kapitalizmin “uyğunlaşma vasitəsi” ola bilər? Biz bu “uyğunlaşmanı” kreditin köməkliyi ilə hansı əlaqədə və hansı formada təsəvvür etməyimizdən asılı olmayaraq, belə uyğunlaşmanın mahiyyəti, aydındır ki, yalnız bir şeydədir: onun sayəsində kapitalizm təsərrüfatındakı hansısa təzadlı əlaqə silinir, aradan qaldırılır və ya onun ziddiyyətlərindən hansısa biri zəiflədilir və bu yolla hansısa bir bənddə donub qalmış güclər sərbəstlik qazanır. Amma əgər müasir kapitalizm cəmiyyətində onun bütün ziddiyyətlərini son həddə çatdıran vasitə varsa, bu vasitə məhz kreditdir. O istehsalı ən böyük gərginlik həddinə çatdırmaqla və kiçik bir səbəbə görə mübadiləni iflic etməklə istehsal və mübadilə üsulları arasındakı ziddiyyətləri gücləndirir. O istehsalı mülkiyyətdən ayırmaqla, istehsala cəlb edilmiş kapitalı ictimai kapitala çevirərək, gəlir hissələrinə isə kapital faizi, yəni təmiz xüsusi mülkiyyət forması verərək istehsal üsulu və mənimsəmə üsulu arasındakı ziddiyyətləri gücləndirir. O, bir çox kiçik kapitalistlərin zorakı ekspropriasiya yolu ilə nəhəng istehsal güclərini azlığın əlində cəmləşdirməklə mülkiyyət münasibətləri və istehsal arasındakı ziddiyyətləri gücləndirir. O, dövlətin istehsala müdaxiləsini zəruri etməklə istehsalın ictimai xarakteri ilə kapitalist xüsusi mülkiyyət arasındakı ziddiyyətləri gücləndirir. 
Bir sözlə, kredit kapitalizm dünyasının bütün əsas ziddiyyətlərini meydana çıxarır və onları son həddə çatdırır, kapitalizm cəmiyyətinin öz məhvinə - süquta doğru tələsdiyi tempi sürətləndirir. Beləliklə, kreditə gəldikdə, kapitalizmin öz uyğunlaşması üçün görməli olduğu ilk şey krediti məhv etmək, onun fəaliyyətinə son qoymaq idi. O hazırki şəkli ilə uyğunlaşma vasitəsi kimi xidmət etmir, olduqca inqilabi təsir göstərən məhv edici vasitə kimi xidmət edir.Axı kreditin məhz bu inqilabi, kapitalizmin özünün sərhədlərini aşan xarakteri hətta azacıq sosialist rənarəngliklə islahatçı planlar doğurdu və , Marksın sözləri ilə desək, Fransadan olan İsaak Pereyra kimi əsas kredit müjdəçilərini yarıpeyğəmbərlərə, yarıdələduzlara çevirdi.


Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий