24 янв. 2014 г.

APREL MƏNƏ İMKAN VƏ ŞƏRAİT YARATDI

Mən Azərbaycanda ilk operam olan «Leyli və Məcnun»u 1908-ci ildə yazarkən qüvvətli orkestrovka verə bilmədim. Ona görə də, o primitiv oldu və muğamat üsulunda yazıldı. Bundan sonra yazdığım «Əsli və Kərəm», «O olmasın bu olsun» da belə bir mühüm nöqsana tutuldu. Bu nədən irəli gəlirdi? Çünki mən Avropa musiqi texnikası ilə silahlanmamışdım. Axır necə də silahlanaydım? Axır buna imkan, şərait və vəsait lazım idi. Mən isə bunlara malik deyildim. 

1911 — 1913-cü illərdə öz qüvvəmə əsaslanaraq əvvəlcə Moskvaya və sonra Leninqrada getdim. 
Burada mən «Arşın mal alan» operettasını yazdım. Bu ikinci addımımda savadlı bir musiqiçi əli göründü. Buna baxmayaraq mən maddi çətinlik içərisində sıxılaraq, Leninqradda təhsili buraxmağa məcbur oldum. 
Mən ancaq Azərbaycan sovetləşdikdən sonra illər boyu arzu etdiyim imkan və şəraitə malik oldum. 
1920-ci ildən başlayaraq mədəni və ictimai cəhətlərdə yorulmaz bir əsgər kimi iştirak edirəm. Musiqi texnikumu və dövlət konservatoriyası vasitəsi ilə onlarca gənc, bacarıqlı musiqiçi tərbiyə etmiş və yetişdirmişəm. Mərhum Asəf Zeynallı, B. Əfrasiyab, Əşrəf Həsənov, H. Rəfatov, Niyazi, Səid Rüstəmov və b. bu sıradandır. 
Hazırda əfsanəvi qəhrəman Koroğlu haqqında operanı qurtarmaq üçün çalışıram. 
«Koroğlu» operasının yaradılması üzərində üç ildən artıqdır ki, işləyirəm. Əfsanəvi Koroğlu istər ədəbiyyatımız, istərsə musiqimizin diqqətindən kənarda qala bilməzdi. Mən Koroğlu haqqında bir sıra sənədlərlə, xalq mahnıları ilə müfəssəl tanış olduqdan sonra belə qərara gəlmişəm ki, Koroğlu narazı qalan və qiyam edən kəndlilərin başında duran diqqətəşayan fiqurlardan biridir. Onun şöhrəti yalnız Azərbaycanda deyil, qonşu qardaş Gürcüstan və Ermənistan respublikalarında da yayılmışdır. O, bütün Zaqafqaziyada şöhrət qazanmışdır. Buna görə də mən onun mübarizəsini göstərmək qərarına gəldim. 
Yeni operanı yaradırkən mən musiqi yazmaqda Avropa texnikasından mümkün qədər geniş istifadə etməyi, həm də primitivliyi kənara ataraq yeni havalar yaratmağı, onların içərisində Azərbaycan mahnıları və havalarının ölçüsü və ahəngini daha aydın göstərməyi öz qarşımda bir məqsəd olaraq qoymuşam. Hazırda mən operanın orkestrovkası ilə məşğulam. 
Son vaxtlarda mən Azərbaycan radio mərkəzinin notlu şərq orkestrini yenidən tərtib edərək, 38 nəfərə çatdırmışam. İndi mən Azərbaycan musiqisini öyrənən kabinədə2 işləyirəm, dövlət konservatoriyasında dərs verir və bundan əlavə sovet kompozitorları ittifaqının sədr müavini olmaq etibarilə ittifaqı möhkəmlətmək və gənc kompozitorların yaradıcılığını yüksəltmək uğrunda işləyirəm. 
Bu müddətdə yuxarıda göstərilənlərdən başqa mən Qızıl Ordu mahnıları da yazmışam. Bunların biri süvari, diğəri piyadə hissələr üçündür. Bu mahnılar yaxın gündərdə Qızıl Ordu və Donanma evində nümayiş etdiriləcəkdir. 



 Məqalə «Kommunist» qəzetinin 1935-ci il 24 noyabr tarixli 270-ci nömrəsində çap olunmuşdur. 

Комментариев нет:

Отправить комментарий