5 мар. 2014 г.



Avroatlantik imperializm özünü elə aparır ki, guya Ukraynanın daxili işlərinə qarışmayıblar, qarışmırlar, suverenliyinə hörmət edirlər. 
Sözsüz ki, imperialist Rusiyanın korrupsioner hökuməti vəziyyətin bu səviyyəyə çatmasının qarşısını almalıydı. Lakin məmur-oliqarxlar büdcənin pullarını öz ciblərinə doldurmağı qonşu Ukraynada əks-tədbirlərin görülməsinə xərcləməkdən üstün tutdu. İndi də hərbi müdaxilə qaçılmaz oldu.
Kim nə deyirsə desin, maddi resursların əhəmiyyəti böyükdür. İllərdir ki, Avroatlantika Ukraynada, Azərbaycanda sağ və liberal müxalifətə on milyonlarla pul xərcləyir, onların təşkilatlanmağına, KİV təsis edib geniş təbliğat aparmalarına yardım edir.
Ukrayna solçuları indi Rusyanın hərbi müdaxiləsinə qarşı çıxırlar, deyirlər ki, guya onlar özləri banderçi hökumətin öhdəsindən gələcəkdilər. Ola bilər. Yəqin öz güclərinə inanırlar. Tarixə baxsaq, nasist Almaniyasında solçular Hitler hökumətinə xarici kömək olmasaydı, necə qalib gələcəkdilər? Çox çətin.
Realliq siyasət küçə romantikasından çox fərqlidir.
Sözsüz ki, imperialist Rusiya kommunist SSRİ-dən çox fərqli ölkədir. Amma ən azından Ukraynada solçuların fiziki məhvinin qarşısı alınacaq. Başa düşmək lazımdır ki, solçu, solçu nəsil havadan-sudan yaranmır, zəhmətlə yaranır, həm özlərinin, həm onlara yol göstərənlərin zəhməti ilə. (Elə biz də burda boşuna əmək sərf etmirik. Hər halda burda itirdiyimiz vaxtı pul qazanmağa, doğmalarımızla vaxt keçirməyə, dostlarımızla yeyib-içməyə sərf edə bilərik.) Ukraynada solçuların banderçilər tərəfindən məhv edilməsi prosesinin başlanğıcını hamımız gördük. Banderçilər hələ iqtidarda tam möhkəmlənməmişdi, dövlətin bütün gücünü əllərinə keçirməyə fürsət tapmamışdılar. Ona görə biz hesab edirik ki, Rusyanın müdaxiləsi Ukrayna solunun qətiyyən ziyanına olmadı. Tam əksinə, Ukrayna solunun məhvinin qarşısını alacaq. Rusya solçularının bir hissəsi də hərbi müdaxiləyə qarşıdır, Azərbaycan solçularının da bir qismi. Biz onların mövqelərinə hörmətlə yanaşırıq.
İndi Rusiya solçuları narahatdırlar ki, Ukraynanın rusiyapərəst bölgələrində icra orqanlarına rəhbər yerli oliqarxlar təyin edilir. Olsun. Siz axı nə gözləyirdiz? Bunda qeyri-adi nə var ki!? Bizim üçün hələ ki vacib olan odur ki, Ukraynanın cənub və şərq bölgələrində əhali SSRİ bayraqları ilə meydanlara çıxır və o bayraq həmin oliqarxları narahat etmir. Banderçilər hökuməti də vilayət idarə etməsini Ukrayna milyarderlərinə həvalə edir, konkret təkliflər də edib. Amma banderçilərin nəzarətində olan oliqarxlar heç kimə qırmızı bayraqla küçəyə çıxmağa icazə verməyəcəkdilər.
Biz, təbii ki, heç bir müharibə tərəfdarı deyilik, bütün planetdə sülhün bərqərar olmasını istəyirik - bu ayrı. Bizim istəklərimizlə, arzularımızla olsaydı, elə hər şey fərqli olardı. Ona görə ergən romantikasını real siyasətlə qarışdırmayaq. Osmanlı ordusunun Azərbaycana müdaxiləsini "azadlıq" kimi görənlər indi oturub-qalxıb Putini Hitlerə bənzədirlər. Savadsız, qərəzli və qaraguruhçu insanlardı.
RusIya öz imper maraqlarına görə hərəkət edir, Ukrayna solçuları da bu vəziyyətdən istifadə edib rahat nəfəs almalı, möhkəmlənməlidirlər. Ortalıq sakitləşəndən sonra sinfi mübarizəyə, həm rusyapərəst, həm də qərbpərəst kapitalistlərə qarşı mübarizəyə start veriləcək. 

Комментариев нет:

Отправить комментарий