31 мар. 2014 г.

Planlaşdırma və ağılsızlıq

Hər bir dövlətin iqtisadiyyatının əsas məqsədi nədədir? Bütün xalqı maksimum əmtəə və xidmətlə təmin etməkdə. Bu qədər! Yerdə qalan şeyləri unudun, iqtisadiyyatın məqsədi haqda  digər təriflər boş söhbətlərlə vaxt keçirmək üçündür.
Biz SSRİ-də belə iqtisadiyyata sahib idik, və hətta həmin illər bürokratiya ilə iflic edilmiş iqtisadiyyat o qədər güclü idi ki, onunla hətta ən inkişaf etmiş ölkələrin iqtisadiyyatları belə rəqabət apara bilmirdilər. Amma öz məqsədlərini icra etmək üçün o planlı iqtisadiyyat idi. Planlı iqtisadiyyat nədir? Planlaşdırma prinsipini həmişə istifadə etdiyim misal üzərində izah edəcəm.
Planlaşdırmanın niyə vacib olduğunu anlamaq üçün fikrimizdə ölkəmizin miqyası kəndli təsərrüfatı miqyasına qədər kiçildilmiş modelini yaradaq. Bu modeldə ölkənin başçısı, onun hökuməti həmin təsərrüfatın sahibi – kəndli olacaq.
Qışın sonunu təsəvvür edək, uzun gecə, o oturub düşünür: “ Hələ ki mənim dörd uşağım var, arvadım və altıncı - mən özüm. Ac qalmamaq üçün ildə 20 pud çörək yemək lazım, cəmi 120 pud. Həm də paltara, inventarlara, başqa şeylərə 60 rubl lazım olacaq. Yəqin ki, çörəyin bir pudunun qiyməti 1,5 rubldan aşağı düşməyəcək, bu isə o deməkdir ki, bundan çıxmaq üçün 60 rub lazımdır, daha 40 pud əlavə, bir də yeməyə 120, cəmi 160 pud. Yağış yağarsa (qışı nəzərə alsaq, ola bilsin ki yağacaq, yəqin ki yağar), məhsul gözləyəcik, yer özü 10, yəni hər desyatindən 60 pud. Toxum üçün 6 pud, onda desyatindən yemək və satlıq taxıl üçün 54 pud qalacaq, mənə isə 160 pud lazımdır. Bu o deməkdir ki, 3 taxıl desyatini lazımdır. Ola bilsin, heç olmasa desyatinin yarısı, yulaf sünbülünü isə səpmək lazımdır. Yulaf olacaq, gələn qış atla yük daşımağa gedecəm, hamısı əlavə puldur... Qış qarlıdır. Çəmənliklər yaxşı qalxacaq, 300 pud quru ot götürəcəm, həm  küləş olacaq, görünür düyəni kəsməyə ehtiyac olmayacaq, qoy gələn ilə kimi qalsın, inək qocadır, dəyişmək lazım... 3.5 desyatini mən özüm də iki həftəyə əkib- səpərəm, böyük oğlumun 12 yaşı var, kömək edəcək. Odur ki, kömək üçün adam tutmaq lazım olmayacaq...”. və sair, ilaxır.
Bu kəndlinin məşğul olduğunu necə adlandıraq? O nə edir? Fikirləşir? Arzulayır? Xəyal qurur? Xeyr. O planlaşdırır! Planlaşdırma olmadan heç bir təsərrüfat mümkün deyil, əgər bu təsərrüfatın başında axmaq dayanmayıbsa. Və SSRİ iqtisadiyyatının gücü özünün xalq təsərrüfatını, özünün iqtisadiyyatını planlaşdırmaqda idi.
Onda yenidənqurucular və liberallar tərəfindən tətbiq edilən həmin “bazar münasibətlərinin” mənası nədə idi? Nədə olur olsun, təkcə bazar olmasında deyildi! Natural təsərrüfatın qısa şalvarından çıxan istənilən iqtisadiyyat öz təyinatına görə bazardır.
Yenidənquruculuğun məqsədi MBD-də ikiüzlü ağılsızlığın – planlaşdırmanının məhvinin təməlini qoymaq idi!
Ölkədə planlaşdırma sisteminin ağılsız, administrativ, zorakı məhvi – xalq təsərrüfatının məntiqiliyinin axmaqcasına, administrativ, zorakı məhvi! Əgər onların məqsədlərini bizim modelə aid etsək, bizi çox sevən və bizi “sivil dünyanın” şər imperiyası hesab edən qurucuların SSRİ-də sahib olmaq istədikləri də bu növ xalq təsərrüfatı idi.
Heç bir təsərrüfat, nə kiçik, nə də böyük, heç bir iqtisadiyyat planlaşdırma olmadan inkişaf edə bilməz. Bəyəm biz 70 il ölkəyə nə qədər traktor, mənzil, yol, tarla, təyyarə və s. lazım olduğunu hesabladığımız halda birdən-birə necə hesablamağı unutduq? Və indi yalnız tələbi dayanacaqlarda insan növbələri şəklində görəndə avtobus istehsal etməliyik? Xalq təsərrüfatını prinsipial olara idarə etməyən, xalqı maksimum əmtəə və xidmətlərlə təmin etmək istəməyən – bunu planlaşdırmayan hökumət bizim nəyimizə lazım?
Məsuliyyətli və az-çox ağıllı insanlar tərəfindən idarə olunan heç bir müəssisə heç vaxt plansız hərəkət etmir. Bu hər yerdə, hər bir ölkədə, hər bir firmada belədir. Amerikalılarda hətta belə bir ifadə də var: “If you fail to plan you plan to fail – Əgər planınız müvəfəqiyyətsiz alınıbsa, deməli siz müvəfəqiyyətsizliyi planlaşdırmsız”. İdarəetmə nöqteyi-nəzərindən, sosializm iqtisadiyyatı kapitalizm iqtisadiyyatından bazarla fərqlənmir, - bazar elə sosializmdə də olduğu kimi qalır və eyni məna kəsb edir, həmçinin də bu və ya digər əmtəə növünün istehsalının nizamlanması kimi, - yüksək idarəetmə, yüksək planlaşdırma səviyyəsi ilə fərqlənir.

Qərbdə aşağıdan yuxarı müəssisə rəhbərləri (konsern kimi iri birlikləri də müəssisə kimi qəbul etsək) səviyyəsinə qədər hər şey planlı və rasional şəkildə qurulur. Qərb menecerləri də, vaxtilə SSRİ-də bizim kimi, əlavə heç nə qurmurlar və əlavə insanlar saxlamırlar. Əgər, misal üçün, müəssisədaxili daşımaları iki avtomobil yerinə yetirirsə, qərb meneceri hər hansı bir hal – öz müəssisəsinin “daxili bazarındakı” tələbin arta biləcəyi hal  üçün 20 sürücü ilə birlikdə əlavə daha 20 avtomobil saxlamayacaq. Orada da hər bir sex, hər bir şöbə bazar münasibətləri ilə idarə olunmur, müəssisənin planı ilə idarə olunur. Heç bir qərb meneceri, hətta ağlını itirmiş bazar adamı imkan verməz ki, onun iki sürücüsü digər müəssisə üçün yük daşımağa getsin. Menecerə – bazar adamına sürücülərin izahatı da təsir etməyəcək. Menecer onları işdən azad edəcək. Planlı təsərrüfatı pozanları Qərbdə də sevmirlər. Orada qərb iqtisadiyyatının müəssisələrini marksizm-leninizm müəllimləri idarə etmirlər. Orada plan qanundur.
Amma Qərb iqtisadiyyatında müəssisə səviyyəsindən yuxarı anarxiya və ya yarı-anarxiya başlayır. Müəssisə daxilində heç kimə yüksək gəlir arxasınca düşməyə imkan verməyən müəssisə sahibləri (aksionerlər) bu yüksək gəliri rəqiblərini boğmaq hesabına əldə etməyi arzulayırlar. Amma digər tərəfdən seçim üçün heç bir variant yoxdur, çünki heç bir kapitalist ölkədə bütün xalq təsərrüfatının planlaşdırılması aparılmır.
“Planlaşdırma” və müəssisənin “mülkiyyət forması” anlayışlarını fərqləndirmək lazımdır.
Dövlətin planlaşdırma sisteminin mülkiyyət forması ilə heç bir əlaqəsi yoxdur. Kapitalist planlı sxemə keçməyə razıdırsa, buna heç nə mane olmur və , yeri gəlmişkən, özəl və müstəqil müəssisələr rəsmi olaraq adətən sənaye konsernlərinin planlı sxemlərinə daxil olurlar və bu konsernlərin planı üzrə işləyirlər.
Əksər hallarda müəssisə səviyyəsindən yuxarı anarxiya inkişaf edir, hansının ki, bəzən hökumətlər tərəfindən bir az qarşısı alınır, amma yalnız bir məqsədlə - öz istehsalının aşağı düşməsinə yol verməmək üçün. Bu istehsalın məhsulu necə olacaq, onu kim alacaq, qərb hökumətlərini bu maraqlandırmır. SSRİ hökumətinin qarşısında hədəf qoyduğu bütün xalqını əmtəə ilə təmin etmək məsələsini heç bir Qərb dövləti qarşısında hədəf qoymayıb. Buna görə də orada dövlət planlaşdırması, bu sözün tam mənasında, mövcud deyil. Orada bu lazım da deyil.
İqtisadiyyatın düzəldilməsi vacib olduğu anda Qərb dövlət fondları vasitəsilə hərəkət edir. Misal üçün, məni yapon qastronomundakı qiymətlər təəccübləndirmişdi. Bütün dünyada şəkərin qiyməti, bir qayda olaraq, taxılın qiymətindən baha ikinci şeydir. Bu işlərlə məşğul olarkən, Leninqrad portunda bir ton çörək taxılının qiyməti 90-110 dollar idi, bir ton şəkərin qiyməti isə 280-310 dollar. Şübhəsiz, lap başqa qiymətlərlə olsa belə oxşar nisbət Yaponiya portunda da olmalıdır. Yaponiya qastronomunda isə taxılın və düyünün kiloqramı təxminən 5 dollar idi, şəkərin kiloqramı isə cəmi 3 dollar. Alınırdı ki, şəkərin pərakəndə qiyməti topdan satış qiymətindən 10 dəfə, taxılınki isə - 50 dəfə yüksəkdir.
Bunun mahiyyəti isə belədir. Yaponiyada şəkər istehsal olunmur, taxıl və düyü becərilir. Kənd təsərrüfatı ilə məşğul olan milyonlarla yapon gəlir qazanır, vergi ödəyir, öz ailələrini təmin edir və traktor, kənd təsərrüfatı alətləri və digər mallar alır, dəniz donanması isə onlara yanacaq və gübrə çatdırmaqla gəlir qazanır. Yaponiyada şumlamaq üçün torpaqlar azdır və fermer kənd təsərrüfatı çox xərc aparır; düyünün qiyməti çox yüksəkdir, bəlkə də vyetnam və ya çin düyüsündən on dəfə bahadır. Əgər Yaponiya bazarlarında xaricdən gətirilmiş ucuz düyü satışına icazə verilsə, alıcılar çox razı qalarlar: hamı düyüdə xeyli pula qənaət etmiş olar. Amma bu zaman yapon fermerləri öz bahalı düyülərini sata bilməyəcəklər və buna görə də onu becərməyəcəklər. İstehsalın həcmi enəcək və Yaponiyanın real əmtəə istehsalı 13-15 milyon ton düyü yoxsullaşacaq.
Düşünəcəksiz ki, nə olsun, zato hər bir yapon ucuz düyü almaqla varlanacaq. Xeyr, o kasıblaşacaq. Axı işsiz qalmış kəndlilərə, traktor istehsalçılarına, dənizçilərə və öz əməyi ilə taxıl istehsalını təmin edən digər işçilərə  müavinətlər ödənilməli olacaq. Müavinətlər üçün vəsaitləri isə yalnız işi olan insanlardan almaq olar. Bundan başqa, kəndlilərin əvvəllər daxil etdikləri daxilolmaları büdcəyə yerləşdirmək lazım gələcək. Məşğuliyyəti olan insanların vergiləri artacaq və xaricdən gətirilmiş ucuz düyüdən qənaət olunan vəsaitlər azalacaq. Bu təbiidir. Ordunu, polisi, müəllimləri, həkimləri, pensionerləri saxlamaq lazım, və işləyən əhalinin sayı azaldıqca, olardan hər birinin üzərinə düşən verginin ağırlığı artır.
Əgər düşünsək, vergini insan özü ödəmir, onun istehsal etdiyi məhsul ödəyir. Və ölkə nə qədər az məhsul istehsal edirsə, istehsalda qalan məhsulların qiymətləri üzərinə bir o qədər çox vergi qoyulur, və onların istehsalçıları bir o qədər çox vergi ödəyirlər.
Buna görə də istənilən dövlətin məsuliyyətli hökumətinin az-çox qayğısı əmtəə istehsalını azaltmaz! Əgər üzərində hər hansı bir şey becərmək mümkün olan torpaq parçası varsa, becərmək lazımdır, hətta məhsulun dəyəri azad bazardakından yüksək olsa belə. Əgər bu torpaq parçasında nəsə becərmək mümkün deyilsə, ondan zövq almaq üçün ora turist cəlb etmək və torpağı bu şəkildə işləməyə məcbur etmək lazımdır. İstənilən açıq və ya gizli işsizlik – bağışlanılmaz zərərdir.
Yaponiyada bunu başa düşürlər. Orada satıcıya öz düyüsünü satmağı heç kim qadağan etmir – sərbəstdir! Amma xaricdən gətirilən ucuz düyüyə elə gömrük rüsumları qoyulub ki, onun qiyməti yerli düyünün qiymətindən yüksək olur, və yapon kəndlisi rahatca işləyə, yaşaya, öz ailəsini yedizdirə və dövlətə vergi ödəyə bilər. Yaponiya bu şəkildə öz istehsalçılarını müdafiə edir. Bu planlı iqtisadiyyat deyil, amma həm də anarxiya deyil.
Bu hökumətin düşünülmüş hərəkətidir, amma, əlbəttə ki, planlaşdırma deyil, çünki əsas meyl – hökumətin hər bir vətəndaşını əmtəə ilə təmin etmək meyli yoxdur. Dövlət bütün vətəndaşlardan vergi alır, hökumət bütün vətəndaşlar tərəfindən seçilir, bu dövlətlərin iqtisadiyyatları isə bütün vətəndaşların təminatını deyil, yalnız bazar alıcılılarının, yəni pulu və almaq istəyi olan insanların təminatlarını ödəməyi qarşısına məqsəd qoyur. Ölkənin bütün iqtisadiyyatını planlaşdırmadan belə ölkənin müəssisələri qarşısında həqiqi, demokratik məqsədlər qoymaq mümkün deyil.
SSRİ hökuməti isə öz qarşısında belə məqsəd qoymuşdu. Təbii ki, bu məsələ pillə-pillə həll olunurdu və məqsədlər ardıcıl idi: hər kəsi çörəklə təmin etmək, hər kəsi ətlə təmin etmək, hər kəsi mənzillə təmin etmək. Bu məqsədlərə nail olmaq üçün elevatorlar, çörək zavodları, ət kombinatları qurulurdu. Uyğun olaraq da sement zavodları, mənzil-tikinti kombinatları, alət istehsalı zavodları qurulurdu. Daha sonrakı dövrlərdə məqsəd hər kəsi radioqəbuledicilərlə, ağ-qara televizorlarla və s. ilə təmin etmək idi. Buna uyğun da əhali, ailələrin sayı, məişət texnikasının istismar müddəti, istehsal zavodlarının gücü, əhalinin gəlirləri, məhsullara olan qiymətlər hesaba alınırdı.
Sovet insanlarının cənubda istirahət edə bilməsi üçün yolların, aerodromların, təyyarələrin, vaqonların, avtobusların hazırlanması planlaşdırılırdı, uyğun olaraq da bu zavodları təkmilləşdirən, materiallarla, enerji ilə təmin edən zavodlar tikilirdi, polad, alüminium istehsalı üzrə zavodlar tikilirdi, kömür və filiz şaxtaları kəşf edilirdi, yəni hər şey ondan ötrü edilirdi ki, hər bir sovet insanı öz ölkəsinin istənilən bucağına heç bir texniki və iqtisadi çətinlik çəkmədən gedə bilsin.
Axı tarixi planda bu şeylər çox da keçmişdə olmayıb. Sənaye malları mağazaları sovet soyuducuları, televizorları ilə, radioqəbuledici aparatlarla, saatlarla, kostyumlarla, köynəklərlə, parçalarla dolu idi və bütün bunlar qiymətə görə demək olar ki, hər kəs üçün əlçatan idi. Və burada əsas olan qiymətlərin aşağı olması deyildi, bu ikinci dərəcəlidir, əsas olan bu idi ki, iqtisadiyyat Qərbdə və bugün MDB-də olduğu kimi yalnız pullu insanların əldə etməsi üçün deyil, bütün SSRİ vətəndaşlarının əldə etməsi üçün nəzərdə tutulan demək olar ki, bütün məhsul növlərini istehsal edirdi.
SSRİ-nin başında həqiqi başçı – Stalin dayananda Sovet İttifaqı bütün dünya üçün nümunə idi, özü də hətta Qərb bu və ya digər yollarla sovet təsərrüfat metodunu təkrarlamağa çalışırdı. Axı kor-koranə təkrarlamaq olmaz, nə etdiyinin mahiyyətini anlamaq lazım. Deyək ki, müharibədən sonra olduqca yoxsullaşmış Britaniya SSRİ kimi xeyli iqtisadiyyat sahələrini milliləşdirməyə başladı, başa düşmədi ki, SSRİ iqtisadiyyatında əsas olan onun dövlət iqtisadiyyatı olması yox planlı olması idi. Planlı iqtisadiyyatın yaradılması üçün isə, təkrar edirəm, hansı müəssisə - dövlət müəssisəsi və ya özəl müəssisə - olması əhəmiyyət kəsb etmir. Əsas budur ki, bütün müəssisələr bir plan üzrə fəaliyyət göstərsinlər, kor-koranə bazar anarxiyası üzrə deyil. Nəticədə ingilislərdə heç nə alınmadı, və daha çox dağıdılmış Sovet İttifaqı 1947-ci ildə kartoçkalardan imtina etdi, Britaniya isə yalnız 50-ci illərin əvvəllərində bunu edə bildi.

Beləliklə, planlı iqtisadiyyat nədir? Bu bazar iqtisadiyyatının alternatividir? Xeyr. Bu sadəcə beyinsiz iqtisadiyyata alternativdir.

Y.I.Muxin
Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий