4 апр. 2014 г.

Möcüzələr ölkəsində kapitalizm

Riçard York, Brett Klark, Con Bellami Foster

Bu yaxınlarda əsas elmi jurnallardan biri olan "Neyçer" jurnalında dərc edilmiş "İqtisadi elmə elmi inqilab lazımdır" adlı oçerkdə, ixtisasca fizik olan, vəkalətə əsasən idarə olunan investisiyalar üzrə şirkətdə analitik işləyən Jan - Filipp Buşo ritorik sual verdi: "Nəyi iqtisadi nəzəriyyənin əsas nailiyyəti hesab etmək olar?"

Riçard York – Organization & Environment jurnalının redaktoru, Oreqona universitetində sosiologiya üzrə adyunkt-professor.

Brett Klark – Şimali Karolina ştatı universitetində sosiologiya üzrə baş müəllim. Riçard York və Con Bellami Foster-lə birlikdə Critique of Intelligent Design: Materialism versus Creationism from Antiquity to the Present (Monthly Review Press, 2008) kitabının müəllifi.

Con Bellami Foster – Monthly Review jurnalının redaktoru, Oreqona universitetində sosiologiya üzrə professordur. "The Ecological Revolution: Making Peace with the Planet" (Monthly Review, 2009) kitabının və bir çox başqa əsərlərin müəllifidir.

Və özü də cavab verdi: "Yalnız onun böhran barəsində daim qabaqcadan xəbər vermək və qarşısını almaq qabiliyyətsizliyini". Buşo diqqətini keçən dünya maliyyə böhranında cəmləsə də, o həmçinin meynstrim iqtisadi nəzəriyyənin ətraf mühitə təsirləri haqda baxışlara toxunur. Onlara görə, məsələn, qədim meşələr pula çevrilməli olan işləməyən aktivdir, təmiz hava və su isə zənginlər üçün əlçatan olan cah-calal predmetləri. Amerika iqtisadi nəzəriyyəsində artıq uzun müddətdir kapitalist status-kvosunu sözsüz qəbul və ,uyğun olaraq, təbiəti xüsusilə onun istismarı hesabına maksimal qısamüddətli gəlir qazanılması nöqteyi-nəzərindən  qiymətləndirən  intellektuallar dominantlıq edirlər. Buradan çıxan meynstrim iqtisadi nəzəriyyənin qlobal iqtisadi böhranının öhdəsindən gəlmək və ya hətta onu dərk etmək qabiliyyətsizliyi öz nəticələriylə çox narahat edir.

Diqqətli Buşo qeyd edir: "Azad bazara aid edilən hər şeyi bilmək qabiliyyəti və mükəmməl effektivlik 1950- 60-cı illərin işlərindən irəli gəlir, hansılar ki, əgər onları kritik qiymətləndirsək, daha çox antikommunist təbliğatı kimi görünürlər, nəinki həqiqi elm kimi". ABŞ-da iqtisadi nəzəriyyənin əsasını təşkil edən kapitalist ideologiya iqtisadçıları dünyanın qarşılaşdığı bir çox böhranları anlamağa qabiliyyətsiz edərək onları  reallıqdan qopardı. Meynstrim iqtisadi nəzəriyyənin əlavə dəyər ölçüsü kimi ÜDM-un sonsuz artımı üzərində dövr edərək ilişib qalması və insan rifahına və ekosistemlərin və bioloji növlərin həqiqi dəyərinə etinasızlıq,həmçinin iqtisadiyyatın fundamental ekoloji əsaslarını aydınlaşdırmaq bacarıqsızlığı ətraf mühitin dağıdılmasını görməmək istəyindən daha böyük problemə gətirib çıxardı. Əslində problem daha dərindir. Ortodoksal iqtisadi nəzəriyyə də xidmət etdiyi, "bizdən sonra lap sel olsun!" – fəlsəfəsinin prinsiplərinə uyğun yaşayan kapitalist sistemi kimi adekvat ekoloji oriyentirdən başqa istənilən şeyi nəzərdə tutur. Naomi Klyaynın da qeyd etdiyi kimi, "katastrofik kapitalizmdə" "təhrif edilmiş" nəsə var.

Möcüzələr ölkəsində iqtisadçılar


Ortodoksal və ya neoklassik iqtisadi nəzəriyyənin ekoloji və sosial xərcləri diqqətə almaqda anadangəlmə qabiliyyətsizliyi, çox güman ki, ən yaxşı ABŞ-da Culian Saymonun işlərində göstərilmişdir. "Sayens", "Souşial Sayens Kuoterli"  jurnallarındakı məqalələrdə və müzakirələrdə və 1980-cı ilin əvvəlində dərc edilmiş "Tükənməz resurs" adlı kitabında o təkid
edirdi ki, heç bir ciddi ekoloji problem mövcud deyil, ətraf mühit iqtisadiyyatın inkişafını və ya əhalinin artımını  məhdudlaşdıra bilməz və uzunmüddətli perspektivdə heç bir resurs defisiti  gözləmək lazım deyil. Onun misin (kimyəvi element kimi) digər metallardan alınmış ola bilməsi və yalnız Kainatın kütləsinin, hətta Yer belə yox, əldə edilən misin miqdarına sərhəd qoyması haqda biabırçı bəyanatı da məlumdur. O sübut edirdi ki, heç nə ilə sıxışdırılmayan azad bazar uzaq gələcəkdə fasiləsiz inkişafı təmin edəcək. Bu və digər şübhəli iddialar Pol Erlixi Saymonu  "möcüzələr ölkəsində iqtisadçı" adlandırmağa vadar etdi.


Kapitalizmin məddahları bu gün də möcüzələr ölkəsində yaşamağa davam edirlər, çünki yalnız möcüzələr ölkəsində ətraf mühit problemi ya mövcud deyil, ya da onların fikrincə həm də insanlığın çoxunun həyat keyfiyyətini yüksəldə biləcək kapitalizm tərəfindən asanlıqla həll edilə bilər. Danimarka statistiki və politoloqu Born Lomborq (hal-hazırda Kopenhagen biznes  məktəbinin adyunkt-professoru) “Skeptik ekoloq” (2001-ci il)  kitabında envayromentalizmə hücum edərək, Saymonun bayrağını əlində tutur. Lomborq iddia edirdi ki, məsələn, iqlim dəyişikliyinin qarşısını almaq cəhdləri daha baha başa gələcək və dəyişikliklərdən daha çox ziyan gətirəcək. Envayronmentalizmə qarşı səlib yürüşçüsünü gözləməkdən yorulmuş kütləvi informasiya vasitələrləri dərhal Lomborqun kitabının tərifini göylərə qaldırdılar. "Skeptik ekoloq"un nəşrindən çox keçməmiş alim-ekoloqlar kitabda Lomborq tərəfindən təqdim edilən arqumentlərdə və faktlarda xeyli səhv ( onlardan hamısı təsadüfi səhvlər deyildi) tapdılar. "Sayentifik Amerikan" jurnalının nömrələrindən birində aparıcı alimlərin Lomborqu başdan-ayağa tənqid edən dörd məqaləsini  yerləşdirmişdilər. Ciddi çatışmazlıqlara görə kitab elmi cəmiyyət tərəfindən rədd edilmişdi. "Şübhəli ekoloq"un alim-təbiətşünaslar tərəfindən tamamilə qəbul edilməməsinə  baxmayaraq, bütün bunlar görünür, korporativ kütlə-mediasının  gözündə Lomborqa daha məşhurluq qazandırdı. "İqtisadçı" jurnalı Lomborqun işini reklam edərək, onu “yaxınlaşan qlobal ekoloji böhran” haqqında təsəvvürləri dağıdan və “özünü məhv edən kapitalizmə inamı” aradan qaldıran "dövlət siyasəti məsələləri üzrə ən qiymətli kitablardan biri" elan etdi. "Taym" jurnalı 2004-cü ildə Lomborqu dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil etdi,  2008-ci ildə isə Britaniyanın "Qardian" jurnalı onu  "planeti xilas edə biləcək 50 insan"dan biri adlandırdı.

2003-cü ildə Lomborq əsas dünya problemlərinin qiymətləndirilməsi üçün "Kopenhagen konsensusu" layihəsinə təşəbbüs etdi. Xüsusi surətdə seçilmiş, əsasən iqtisadiyyat sahəsindən, mütəxəssislərdən ibarət qrup müxtəlif qlobal prioritetlər üzrə məruzələr təşkil etdi. Onların əsasında səkkiz "ekspert", bu dəfə yalnız iqtisadçılar, qlobal problemləri əhəmiyyətinə görə yerləşdirdilər. Bununla belə elan edilmişdi ki, iqtisadçılar "iqtisadi prioritetləri", yəni ictimai resursları hara yönəltmək haqda qərarları, təyin edə biləcək yeganə ekspertlərdir. Təəccüblü deyil ki, bu “ekspertlərin” səkkizi də Lomborqun mövqeyini dəstəkləyərək iqlim dəyişiklikləri problemini dünya "gündəliyində" sonuncu yerdə yerləşdirdi.


Lomborqun "Soyudun! Qlobal istiləşmə. Skeptik rəhbərlik" (2007-ci il) kitabı Kioto protokoluna və istənilən parnik qazlarının tullantılarının əhəmiyyətli ixtisarına cəhdlərinə frontal hücum oldu. Lomborq üçün hücum nöqtəsi o idi ki, "qarşıya qoyulmuş bütün əsas iqtisadi modellər tullantıların yalnız kiçik ixtisarını doğruldurlar". O xüsusilə qlobal istiləşmə üzrə müzakirələrdə iqtisadçıların əsas  nümayəndəsi, Yale universitetinin tədqiqatçısı Uilyam Nordxausun işlərinə istinad edirdi hansı ki, parnik qazları tullantılarının istənilən kəskin ixtisarına qarşı çıxır və bunun əvəzinə, iqtisadi cəhətdən qəbul edilən tədricən azalma uğrunda  mübarizə aparır.




İqtisadçılar təbiətşünaslara qarşı

İqtisadçıların faktiki təyininə görə ətraf mühit problemlərinə skeptik yanaşmalarından danışmaq artıqdır. Amma digər bütün cəmiyyət üzvlərinin tabe olduğu kapitalist cəmiyyətinin hakim sinfinin məddahı olaraq iqlim sahəsində siyasətə məhz onlar böyük təsir göstərirlər. (Sosioloqlar  ya sərvət yığımının cəmiyyətə xas olduğu hədəf kimi tanınmasında iqtisadçılarla həmrəy olurlar, ya da ümumiyyətlə batlardan çıxarılıblar). Planet mühitinin deqradasiyasının daha çox narahat etdiyi, amma siyasətə daha az təsirə malik olan təbiətşünaslar və fiziklər onlardan olduqca  fərqlənirlər.

Meynstrim iqtisadçılar şəxsi gəliri cəmiyyət üçün künc daşı kimi müdafiə etməyə öyrədiliblər,hətta insan rifahının və ətraf mühitin artan problemlərinin hesabına belə. Milton Fridman üçün ətraf mühitin çirklənməsi problem deyildi, çünki, onun həlli sadə və aydın idi: "Ekoloji dəyərlər, istehlakçı tələbatının istənilən başqa növü kimi, bazarda öz şəxsi yerini tapa bilər".

İqtisadçılardan fərqli olaraq təbiətşünaslar öz elmi tədqiqatlarında, bir qayda olaraq, təbiətin materialist konsepsiyasına söykənirlər və fiziki dünyanın vəziyyətinə daha ciddi yanaşdıqları hər hansı konkret səviyyəsini tədqiq edirlər. Ona görə onlar ətraf mühit problemlərinin kiçildilməsində dəfələrlə daha az meyllidirlər.

Qlobal istiləşmə haqda baxışlara görə iqtisadçılar və təbiətşünaslar arasında münaqişə Nordxausun məqaləsinin 1993-cü ildə aparıcı təbiət elmləri jurnalı "Sayens"də nəşr olunmasından sonra daha da qabardı. O iddia edirdi ki, qlobal istiləşmənin 2100-cü ilə qədər davam etməsinə görə dünya ümumi məhsulunun ixtisarı az olacaq (2100-cü ildə təxminən 1% ). Onun gəldiyi nəticələr təbiət elmlərinin məlumatlarına tamamilə ziddir. İqlim dəyişiklikləri üzrə BMT-nin Hökümətlərarası komissiyasının proqnozuna əsasən indiki "heç nəyə baxmayaraq biznes" prinsipi orta dünya temperaturunun 5,8°S artmasına gətirib çıxara bilər ki, bu da, alimlərin fikrincə, sivilizasiyada fəlakətə və planetdə həyatın yox olmasına gətirib çıxaracaq. Nordxaus öz məqaləsində belə nəticəyə gəlir ki, parnik qazları tullantılarını sabitləşdirmək cəhdləri heç nə etməməkdən daha pis olardı. Bu  "Sayens" jurnalına Nordxausun analizinin tamamilə cəfəngiyyat olduğunu göstərən bir çox məşhur təbiətşünasların məktublarının axınına səbəb oldu.

Nəticədə Nordxaus bir sıra nüfuzlu iqtisadçı və təbiətşünaslar arasında sorğu keçirməklə və əldə edilmiş nəticələri 1994-cü ildə "Amerikan Sayentist" jurnalında çap etməklə öz nöqteyi-nəzərini müdafiə etməyə çalışdı. Onun sorğu üçün seçdiyi iqtisadçılar təsdiq etdilər ki, iqlim dəyişikliyi iqtisadiyyata çox az təsir göstərəcək. Təbiətşünaslar isə təkid edirdilər ki, nəticələr potensial  faciəli olacaq. Bir fizik bildirirdi ki, indiki tendensiya ilə sivilizasiyanın tamamilə məhv olması ehtimalı on faiz təşkil edir, – və belə qiymətləndirilmə bu gün daha çox yayılmışdır. Nordxaus vurğuladı ki, kimin iqtisadiyyatdan başı çıxır, o gələcəyə optimizmlə baxır. Stenford universitetinin bioloqu və iqlimşünası Stiven Şnayder ( həm Lomborqun,həm də Nordxausun  aparıcı tənqidçisi) buna etiraz olaraq ətraf mühitdən anlayan insanın öz gələcəyi barəsində narahat olduğunu bildirdi. Şnayder müzakirələrə 1997-ci il "Yer Laboratoriyası" kitabında yekun vurdu: "Ənənəçi iqtisadçıların əksəriyyəti… hesab edir ki, hətta əgər bu böyük iqlim dəyişikliyi (orta dünya  temperaturunun 6°S artımı) baş versə, hansı ki, öz miqyasına görə buz dövründən buz dövrü aralığına keçidlə eyni mənalıdır, həm də min il deyil, yüz il ərzində, o zaman dünya iqtisadiyyatına onun təsiri cəmi bir neçə faiz təşkil edəcək. Əslində, onlar cəmiyyətin təbiətdən demək olar ki, asılı olmadığını bildirən paradiqmaya şərikdirlər.





Həqiqətən, ortodoksal iqtisadçılar, bir qayda olaraq, 2100-cü ildə qlobal istiləşmədən yaranan iqtisadi xərcləri bir neçə faizin səviyyəsində qiymətləndirirlər ki, bu da həm iqtisadiyyat, həm də iqlim dəyişikliyi üçün çətin ki, realdır. Reallıqda isə iqlim dəyişiklikləri planetdə canlıların "ali" növlərinin əksəriyyətini və insan sivilizasiyasının özünü təhlükəyə məruz qoyacaq və yüz milyonlarla,bəlkə də milyardlarla, insan həyatına başa gələcək.

İqlim dəyişikliyinə görə insan itkilərinin və ekoloji itkilərin qiymətləndirilməsində iqtisadi modellərin tutarsızlığı bizi təəccübləndirməməlidir. Burjuaziya iqtisadi nəzəriyyəsi insan faciələrinə (təbii fəlakətlər haqqında heç demirəm) laqeydlik təbliğ edir, hansı ki, demək olar ki, "insanın insana vəhşiliyinin" sinoniminə çevrilmişdir. İqtisadiyyat üzrə İsveç Bankı tərəfindən təsis edilmiş Nobel mükafatı laureatı və "Kopenhagen konsensusu"nun  səkkiz ekspertindən biri  Tomas Şellinq belə bir fikirlə məşhurdur ki, bir halda ki, iqlim dəyişikliklərinin nəticələri əsasən qlobal Cənubun ən kasıb ölkələrinin payına düşəcək, əsas məsələ budur ki, qlobal Şimalın zəngin ölkələri bu nəticələrin (Şellinq "Kopenhagen konsensusu"nda dünya prioritetləri siyahısında iqlim dəyişikliklərini son yerdə yerləşdirirdi) yumşaldılması üçün nə qədər resurs yönəltməlidir. Burada Qudzon institutu ilə bağlı hadisəni xatırlamamaq mümkün deyil, hansı ki, 1970-ci illərin əvvəllərində Amazonkada böyük bəndin tikintisi zamanı institutun mövqeyini tənqidçilərdən biri aşağıdakı qaydada ifadə etmişdi: "Kimi maraqlandırır ki, suyun səviyyəsinin qalxması bir neçə tayfanı, hansıların ki,  yüksək ərazilərdə yerləşdiyi güman edilirdi, və ya  bir neçə ağac növünü məhv edəcək?" Oxşar şəkildə  Obamanın iqtisadiyyat üzrə baş məsləhətçisi Lourens Sammers, Ümumdünya bankının aparıcı iqtisadçısı olan zaman xidməti qeydlərində iddia edirdi: " Zəhərli tullantıların ağırlıq yükünün ən aşağı maaşlı ölkələrə düşməsini müdafiə edən  iqtisadi məntiq qüsursuzdur və biz onunla barışmalıyıq". Sammersə görə bu ona əsaslanır ki, "ətraf mühitin sağlamlığını məhv edən çirklənməyə çəkilən xərclərin miqdarı əmək haqqının ilkin payından asılıdır, və xəstəliklərin və ölüm faizinin artmasıyla bağlıdır. Bu nöqteyi-nəzərdən ətraf mühiti  xərclərin ən aşağı olduğu, yəni əmək haqqı səviyyəsinin ən aşağı olan ölkədə çirkləndirmək lazımdır".


Gələcəyin diskontlaşdırılması

Bu gün qlobal istiləşmə məsələsində ən nüfuzlu meynstrim iqtisadçılardan biri hesab edilən və  Saymon və Lomborq kimi simalardan daha yüksəkdə olan Nordxaus "Balans məsələsi: qlobal istiləşmə üzrə siyasətin bütün variantlarını mülahizə etmək" (2008-ci il) kitabında parnik qazları tullantılarının yavaş-yavaş azaldılması strategiyasını təklif etdi. Nordxaus bununla nümayiş etdirdi ki, rütbə və reqaliyaların heyrətləndirici yığımına baxmayaraq, o da digər meynstrim iqtisadçıları korlayan eyni ideologiyayla məhdudlanmışdır. Əslində bu ideologiya kapitalizmin resursların istifadəsi məsələlərinə daha effektiv və, faktiki olaraq, bütün dünya problemlərinə tam cavab təklif etməsinə inama əsaslanır.

"Balans məsələsi…" iqtisadiyyat üçün, Nordxaus üçün xarakterik olan  modelləşdirmənin mürəkkəb metodlarından istifadəsi analizinə söykənsə də, qlobal iqlim dəyişikliyinə necə reaksiya vermək haqqında kifayət qədər standart  fikirlər verir. Nordxaus qəbul edir ki, qlobal iqlim dəyişikliyi – insan tərəfindən yaradılmış ciddi problemdir, amma iddia edir ki, mühiti karbonla zəhərləyən  enerji mənbələrindən tədricən imtina etmək lazımdır. Bununla belə, onun yanaşmasının əsas səhvi ondan ibarətdir ki, təbii mühitin və insan sağlamlığının dəyəri standart iqtisadi ölçülərlə təyin edilir, hansılar ki, bunun üçün tamamilə əlverişsizdir, həmçinin səhv bir də ondadır ki, iqtisadiyyatı və əlbəttə ki, bizə məlum dünya nizamını tamamilə dağıdacaq ekoloji fəlakət imkanı gözdən qaçırılır. Meynstrim iqtisadi nəzəriyyə üçün tipik olan bu çatışmazlıqlar onun karbontərkibli tullantıların ixtisarı üzrə  lazımi səylərin qiymətləndirilməsini diskont edən yanaşmasından aydın olur. Kobud şəkildə desək, Nordxaus hesab edir ki, yaxın gələcəkdə karbon tullantılarının ixtisarı üçün bir az səy göstərilməsi  kifayətdir, sadəcə zamanla bu səyləri  tədricən artırmaq lazımdır. Bu şəkildə, o yüksək diskontlaşdırma dərəcəsi üçün mübarizə aparır.


Diskontaşdırma problemi insanların əksəriyyəti (iqtisadçılardan başqa) üçün anlaşılmaz ola bilər, buna görə ona bir qədər diqqət yetirmək lazımdır. Faktiki olaraq, diskontlaşdırma - bizim indiki zamana nəzərən gələcəyi necə qiymətləndirməyimizdir – o dərəcədə ki, belə qiymətləndirmənin rəqəmlə ifadə edilməsi məna daşıyır. Diskontlaşdırma dərəcəsini mürəkkəb faizə əks asılılıqda işləyən kimi izah etmək olar. Əgər "mürəkkəb faizin əlavə edilməsi bugünkü investisiyaların gələcəkdə hansı dəyərdə olacağını göstərirsə, diskontaşdırma gələcək gəlirlərin bugün hansı dəyərə  malik olduğunu müəyyən edir". Diskontaşdırma dərəcəsinin təyini iki etik məsələylə bağlıdır. Birinci – biz bugünkü nəsillərə nəzərən (zamana görə diskontaşdırma dərəcəsi) gələcək nəsillərin rifahını necə qiymətləndiririk. Nordxausun iddia etdiyi kimi, "sıfır diskontlaşdırma dərəcəsi bildirir ki, bütün nəsil qeyri-müəyyən gələcəkdə eyni hadisələrlə qarşılaşacaq; müsbət diskontlaşdırma payı bildirir ki, gələcək nəsillərin rifahı azalacaq və ya yaxın nəsillərlə müqayisədə "diskont ediləcək"". İnsanlığın 50 il sonra qarşılaşa biləcəyi və 10% diskontlaşma dərəcəsi verilən fəlakət gələcək dəyərindən 1%-dən az "cari dəyərə" malikdir. İkinci məsələ – gələcək nəsillər bugün yaşayan nəsillərlə müqayisədə nə qədər varlı olacaq, və xərcləri indiki zamandan gələcəyə keçirmək lazımdırmı. Əgər biz qeyri-müəyyən gələcəkdə yüksək templi iqtisadi artımın təxmin ediriksə, çox güman ki, biz bugün problemlərin həllinə ayrılmalı olan xərclərdən çəkinməyə çalışacağıq, çünki, hesab edirik ki, gələcək nəsillər bizdən daha varlı olacaq və bu problemlər ağırlaşsa belə onları həll etmək daha asan olacaq.

Diskontlaşdırma dərəcəsi məsələsinin ziddiyyəti, envayromentalist baxışların tərəfdarı olan iqtisadçı Frank Akermanın yazdığı kimi, ondan ibarətdir ki, "əslində bu seçim məsələsidir: ictimai siyasət üçün münasib olan, bir çox nəsillərin taleyinə təsir edən, diskontlaşdırma dərəcəsi fərdi bazarın bugünkü qərarlarından və ya iqtisadi nəzəriyyədən çıxarıla bilməz. Aşağı diskontlaşdırma dərəcəsi gələcək nəsillər və onların mövcud olma şərtləri üçün həlledici məna kəsb edir. Bu o deməkdir ki, gələcək nəsillərimizə hörmət etmək və onlara dayanıqlı gələcək qurmaq üçün etik olaraq  sıfır və ya sıfra yaxın diskontlaşdırma dərəcəsinə malik olmaq lazımdır". Əslində, dayanıqlıq ideyasının özü gələcək nəsillər üçün ətraf mühitin qorunmasını bildirir.

İqtisadi artım nəzəriyyəçisi Roy Xarrod 1940-cı illərdə iddia edirdi. ki, gələcəyin "xüsusilə  zaman" əsasında diskontlaşdırılması "xəsisliyin nəzakətli sinonimidir". Yüksək diskontlaşdırma dərəcəsi yüksəkavanslı xərcli və uzun müddətli xərcləri çıxara biləcək siyasət və layihələrin əksinə olaraq, siyasət və qısamüddətli gəlirli və uzun müddətli məsrəfli layihələr üçün xərclərə həvəsləndirir. Bütün bunlar iqlim dəyişikliyi kimi başımızın üstünü almış təhlükələrlə bağlı sərt önləyici tədbirlər görmək əvəzinə "yaşayarıq – görərik" və "tələsən təndirə düşər" kimi yanaşmalara imkan yaradır.

Meynstrim iqtisadçıların əksəriyyəti kimi, Nordxaus da yüksək diskontlaşdırma dərəcəsini dəstəkləməklə gələcək nəsillərin indiki nəsillərə nəzərən rifah dəyərini kiçildir və  bu tezisin böyük şübhəliliyinə baxmayaraq iddia edir ki, gələcək nəsillər daha varlı olacaq. Bu onu iqlim dəyişikliyiylə mübarizə üçün böyük miqdarda təcili maliyyə yatırımlarının əlehdarı edir. O karbontərkibli tullantıların tonu üçün  $30-50  vergi qoyulmasının və yüzilliyin ortasına qədər məbləğin $85-a qədər artırılmasının tərəfdarıdır. Qeyd edək ki, $30  vergi tutulması benzin qallonunun (3,78 l)  qiymətini 7 sent yüksəldərdi. Bu iqlim dəyişikliyiylə mübarizənin, həmçinin də bəşəriyyətin və ətraf mühitin gələcəyinin Nordxaus üçün nə qədər az əhəmiyyətli olduğunu göstərir. Amma yenə də Nordxaus 2100-cü il üçün iqlim dəyişikliklərinə görə dünya ümumi məhsulunun itkilərini ilə bağlı qiymətlərini tədqiqatlarında ilkin 1%-dən 3%-ə qaldıraraq üç dəfə artırdı. Bununla belə, yüksək diskontlaşdırma dərəcəsi olduğu halda belə itkilər xərclərlə,hansılar ki,bugün iqlim dəyişiklikləri ilə istənilən ciddi mübarizə cəhdinə gətirib çıxara bilərdi və bu da Nordxausu iqlim dəyişikliklərinə qarşı zəif mübarizə aparmaq mövqeyini müdafiə etməyə vadar etmişdi, müqayisədə əhəmiyyətsiz hesab edilirdi.

Nordxaus xüsusilə Britaniya hökuməti üçün yazılmış "İqlim dəyişikliklərinin iqtisadiyyatı"(daha çox Stern İcmalı kimi məşhurdur) işində Dünya Bankının keçmiş baş iqtisadçısı Nikolas Stern tərəfindən qeyd olunan arqumentlərə  etiraz edir.  Stern İcmalda karbontərkibli tullantıların  ixtisarı üçün təcili və əhəmiyyətli miqdarda vəsait ayırmağı müdafiə edir. Stern əksər ortodoksal iqtisadçıların baxışlarından uzaqlaşır və gələcək nəsillərin rifah dəyərini azaltmağın və bizim tərəfimizdən doğurulan problemlərin həllini onlara həvalə etməyin etik cəhətdən bağışlanmaz olduğunu bildirərək aşağı diskontlaşma dərəcəsində təkid edir. Əgər Nordxaus gələcəyi ildə 6% səviyyəsində diskontlaşdırırsa, Stern – 1,4% səviyyəsində diskontlaşdırır. Bu o deməkdir ki, Stern üçün bir trilyon dollar 100 ildən sonra  bugünkü 247 milyard dollara, Nordxaus üçün isə  2,5 milyard dollara bərabərdir. Buna görə Stern karbon tullantılarının hər tonu üçün 300 dollardan çox vergi qoyulması və XXI əsrin sonuna kimi 1000 dollara qədər artırılması uğrunda mübarizə aparır. "Uoll Strit Jornal"da dərc edilmiş məqalədə Lomborq Stern İcmalı-nı “hayküyçü” kimi xarakterizə etmişdi, "Soyudun!.." kitabında isə onu Nordxaus-un işi ilə müqayisə edərək, "radikal icmal" adlandırdı.


Reallıqdan uzaq iqtisadçılar

Anlamaq vacibdir ki, Nordxaus və Stern arasında göstərdiyimiz fərq, əsasən, etik xarakter daşıyır. Onlar iqlim dəyişiklikləri probleminin həllində elmi biliyin roluna dair baxışlarında  fərqlənmirlər, ətraf mühitin dağıdılması yükünün gələcək nəsillərə ötürülməsi qanunauyğunluğunun qiymətləndirilməsində fərqlənirlər. Bu ortodoksal neoklassik iqtisadi nəzəriyyə tərəfindən yetişdirilmiş ideologiyanı ifşa edir, hansı ki, iqtisadi modelləşdirmədə özünü obyektiv, hətta təbiətşünaslıq metodlarından istifadə edən kimi təqdim edir. Ancaq, əgər bütün bərabərlikləri və peşəkar jarqonu kənara qoysaq, məlum olacaq ki, hakim iqtisadi paradiqma dəyər sisteminə əsaslanır, hansı ki, qısamüddətli kapital yığımını üstün tutur və indiki zamanda bütün qalan şeyləri və gələcək üçün tamamilə hər şeyi dəyərdən salır.

Digər  meynstrim iqtisadçılar öz elmi korluqlarında bu və ya digər dərəcədə həm Nordxausa, həm də Sternə yaxındırlar. Nordxaus özü iqtisadi nəzəriyyə terminlərində karbon tullantılarının artmasının qarşısını almağa yönəlmiş, onların "optimal trayektoriya" adlandırdıqlarını təklif edir. O təkid edir ki, iqlimi sahəsində siyasət çərçivəsində karbon tullantılarını getdikcə sürətlənməklə yavaş templərlə azaltmaq lazımdır. Amma belə yanaşma XXI əsrin sonunda atmosferdə karbonun dioksidin konsentrasiyasını mütləq təxminən milyonda 700 hesab vahidinə (Rem) gətirib çıxaracaq, hansı ki, sənaye inqilabından əvvəlki dövrlə müqayisədə dünya ortalama temperaturunu 6°C yüksəldəcək. Mark Linas bu temperatur səviyyəsini "Altı dərəcə" kitabında Dantenin "Cəhənnəm"nin ilk altı dairəsiylə müqayisə etdi.


Həqiqətən, hətta karbon dioksidin yuxarıda göstərilmiş səviyyədən daha  aşağı konsentrasiyasında belə – 500 rem (hansı ki, 3,5°C qlobal istiləşməyə uyğundur), nəticələr həm dünya biomüxtəliflliyi üçün, həm də insan həyatı üçün fəlakətli olacaq. Karbon di-oksidin konsetrasiyasının bu səviyyəsində məhvə məhkum edilmiş növlərin miqdarının sadə qiymətləndirilməsi, NASA nəzdində fəaliyyət göstərən Qoddar kosmik tədqiqatlar institutunun direktoru Ceyms Xansenə görə, bir milyon təşkil edir. Bundan başqa, dəniz səviyyəsinin yüksəlməsi, buzlaqların ərinməsi və digər nəticələr yüz milyonlarla, bəlkə də milyardlarla insana təsir edəcək. Xansen dünyaca tanınmış iqlimşünas olaraq, hesab edir ki, planetdə faciəli dəyişikliklərin qarşısının alınması üçün atmosferdə karbon di-oksidin konsentrasiyasını 350 rem səviyyəsinə qədər azaltmaq lazımdır.
Diqqətəlayiqdir ki, Lomborq tərəfindən "radikal" və "hayküyçü" adlandırılmış Stern İcmalı karbon di-oksidin konsentrasiyasını 480 rem səviyyəsində sabitləşməsini nəzərdə tutur, hansı ki, Nordxausun qəbul etdiyi 700 Rem səviyyəsindən uzaq olsa da, Xansenin və digər əksər aparıcı klimatoloqların analizinə inansaq, şübhəsiz ki, məhvedici olacaq. Bəs  niyə belə yüksək ölçü götürülür?

Birmənalı cavabı Stern İcmalı-nın özü verir, hansı ki, iddia edir ki, keçmiş təcrübəyə əsasən karbon tullantılarının 1% -dən çox istənilən orta illik ixtisarı sənaye ölkələrində iqtisadi artıma əhəmiyyətli dərəcədə mənfi təsirə malik idi. Və ya, Stern İcmalın-da bildirildiyi kimi, "resessiya dövrü istisna olmaqla istənilən dövrdə  tullantıların illik 1%-dən çox miqdarının sürətli ixtisarını təmin etmək çətindir". Beləliklə, karbon di-oksidin konsentrasiyasının məqsədi qlobal ətraf mühitin, bioloji növlərin müdafiəsi və insan sivilizasiyasının sabitliyinin təminatı tələbiylə təyin edilmir, üzən kapitalist iqtisadiyyatının müdafiə edilməsinın vacibliyi ilə təyin edilir.

Sammersi 1992-ci ildə Dünya Bankı üçün hazırlanmış xidməti qeyddə yazdığı iddiaya gətirib çıxaran başlanğıc nöqtə  faktiki olaraq, həm Nordxausun,həm də Sternnin analizinin əsasını təşkil edir. O ondan ibarətdir ki, insan həyatının dəyəri hər bir insanın ayrılıqda iqtisadiyyata pul ekvivalentində verdiyi xeyirdən asılıdır. Beləliklə, əgər qlobal istiləşmə Banqladeşdə ölüm faizlərinin səviyyəsini yüksəltsə ( ki, görünür belə də olacaq), iqtisadi modellərdə bu yalnız o dərəcədə əks ediləcək ki, benqalların ölümü iqtisadiyyata ziyan vurur. Bir halda ki, Banqladeş çox kasıb ölkədir, Nordxaus və Stern modelləri kimi iqtisadi modellər hətta bu ölümlərin qarşısının alınmasını belə hesaba almır, çünki bu ölümlərin onların hesablama sistemində yaradacağı iqtisadi itkilər çox əhəmiyyətsiz olacaq. Nordxaus öz diskontlaşdırma modelində Sterndən də irəli gedir və bir neçə onillik boyunca itkilərdən söhbət gedirsə, insan həyatına daha az dəyər verir. Belə iqtisadi ideologiya həqiqətdə insan həyatına tamamilə məhəl qoymur, Yer kürəsinin milyonlarla bioloji növü isə yalnız ÜDM-a yatırılmış kapitalın ölçüsünə görə qiymətləndirilir. Beləliklə, meynstrim iqtisadi modellərdə  insan həyatının və digər varlıqların danılmaz dəyəri haqqında etik paradiqmaya yer yoxdur. İnsan ölümlərinin faizinin artması və bioloji növlərin məhvinin sürətlənməsi əksər iqtisadçılar üçün "son məhsulu" azaldacaq problem kimi bir şeydir. Bütovlükdə canlı təbiət problemləri də daxil olmaqla, qalan problemlərə qarşı onlar tamamilə kardır.

İstənilən rasional perspektiv nöqteyi-nəzərindən, yəni xüsusilə kapitalın yığımı kimi dar iqtisadi hədəflə təyin edilməyən perspektivlər nöqteyi-nəzərindən, belə baxışlar qeyri-normal olmasa da, tamamilə irrasional görünür. Bu ekssentrik düşüncə tipini Luis Kerollun "Alisa möcüzələr diyarında" əsərindən bir parçayla təsvir edək: "Ən gözəl olana heç vaxt əlin çatmır, – Alisa nəhayət heyfslənib köks ötürərək dedi və dik durdu. Onun yanaqları qızardı, saçlarından və əllərindən su sel kimi axırdı. O yerində oturdu və gülləri dərməyə başladı".

Alisanı o heyfsləndirmişdi ki, o gülləri qoparan kimi, onlar solmağa və bütün ətirini və gözəlliyini itirməyə başladılar. Hətta güclü qoxuyan güllər də ətirini çox az zaman saxlayır, və nağıl dünyasında da onlar əriyən qar kimi soldular; və artıq Alisanın ayaqlarında gül adlandırmaq mümkün olmayan bir şeylər uzanır, amma o bu dəyişikliyə diqqətlə fikir vermir, axı ətrafında hələ maraqlı şeylər çoxdur. Cəmiyyət, - hansı ki, abstrakt əlavə dəyər arxasınca qaçmağı hər şeydən üstün tutur və hansı ki, fasiləsiz olaraq növbəti kapital yığımına can ataraq nəticədə təbiəti məhv edir, - öz mahiyyətinə görə irrasional cəmiyyətdir. Aydındır ki, cəmiyyət üçün öz yolunda hər şeyi məhv edən hərəkəti əhəmiyyətlidir, cəmiyyətin özü isə gəlir arxasınca təqibdə daim ətrafa boylanır.


Qəribə təsadüfdən meynstrim iqtisadçılar heç vaxt materialist elm tərəfdarı olmayıblar. Yozef Şumpeterin “analizəqədər xəyal” adlandırdığı ilə təbiətin materialist konsepsiyası arasında ümumi heç nə yoxdur. Ümumiyyətlə, meynstrim iqtisadçılar fizikanı (termodinamikinin ikinci qanunuyla daimi ziddiyyətdə olaraq) və biosferin deqradasiyası faktını tamamilə inkar edirlər. Onlar bizi əhatə edən aləmi yalnız iqtisadi münasibətlərin fasiləsiz, genişlənən "dövrü" prizmasından qəbul edirlər.

Planeti öz nəzər dairəsinə almayan neoklassik iqtisadi nəzəriyyənin ekoloji korluğu iqtisadçı-ekoloq German Deylinin nağıl etdiyi 1992-ci ildə Dünya Bankındakı müzakirədə yaxşı təsvir edilir. 1992-ci ildə, Sammers Dünya Bankının baş iqtisadçısı olarkən, Deyli isə orada işləyirdi, dünya inkişafı haqqında illik Məruzə "İnkişaf və ətraf mühit" mövzusuna həsr edilmişdi.

Məruzənin ilkin variantı "İqtisadiyyat və ətraf mühit arasında qarşılıqlı əlaqə" adlanan sxemdən ibarət idi. Sxem, üzərində "iqtisadiyyat" yazısı olan düzbucaqlıdan və biri sərf edilən resursları ifadə edən və düzbucaqlıya doğru yönəlmiş, digəri isə düzbucaqlıdan kənara istiqamətlənən və məhsulu ifadə edəm  iki oxdan ibarət idi. Deyli bildirmişdi ki, şəkil ətraf mühitin əhəmiyyətini göstərmir, buna görə "iqtisadiyyat" yazılmış bloku üzərində “ətraf mühit” yazılmış daha böyük düzbucaqlıya yerləşdirmək lazımdır. Onda ətraf mühit və iqtisadiyyat  arasındakı qarşılıqlı əlaqə aydın olacaq – iqtisadiyyat ətraf mühitin alt sistemi kimi, ətraf mühit isə xammalın mənbəyi və istehsal tullantıları üçün "axar xəndək" kimi.

Məruzənin növbəti variantı da eyni sxemi və mətni özünə daxil etmişdi, amma daha böyük düzbucaqlı  adsız, adi çərçivə kimi idi. Deyli qeyd etdi ki, bu düzbucaqlı "ətraf mühit" yazısına malik olmalıdır, əks halda o adi dekorasiya olacaq, və məqalə ətraf mühitlə iqtisadiyyatın qarşılıqlı əlaqəsini izah etməlidir - böyük ekosistemin çərçivələrinə aid olan və ondan asılı olan alt sistem kimi. Məruzənin üçüncü variantına ümumiyyətlə sxem daxil edilməmişdi.

Xoşbəxtlikdən, bütün iqtisadçılar reallıqdan bu qədər ümidsizcəsinə uzaq deyillər. İqtisadi nəzəriyyənin anti-ekoloji oriyentasiyasının tənqidçi iqtisadçısı Nikolas Corcesku- Reqen ekoloji-iqtisadi nəzəriyyə kimi tanınan qeyri-ortodoksal ənənənin əsaslarını qoydu. Onun ayrılmaz tərkib hissəsini iqtisadiyyatın maddi cəhətdən fiziki və ekoloji mühitlə məhdudlaşdırılması, buna görə ictimai rifah və iqtisadi gəlir arxasınca fasiləsiz təqibin ətraf mühitin deqradasiyası miqyasını genişləndirərək təbiətə ekoloji təzyiqi gücləndirməsi haqda fikirlər təşkil edir. Corcesku-Reqen göstərdi ki, iqtisadiyyatın ərtaf mühitdən ayrı olması iddiası yanlışdır. Başqa iqtisadçılar, məsələn German Deyli və marksist Pol Berkett, ekoloji iqtisadi nəzəriyyənin ideyalarının sonrakı inkişafına imkan yaratdılar. Amma yenə də  ekoloji iqtisadçılar azlıq təşkil edirlər, onlar qərar  qəbul olunan proseslərdən çıxarılmışdırlar, akademik dairələrdə isə onların təsiri əhəmiyyətsizdir.

Kapitalın bütü


Meynstrim iqtisadçılar özlərini iqtisadi artımın qayğısına qalan alim hesab edirlər. Bununla belə, qeyri-məhdud iqtisadi artımın ictimai inkişafın hədəfi və insan ehtiyaclarının təmin olunması üsulu kimi qəbulu ən yaxşı halda sadəlövh görünür. Deyli qeyd etdiyi kimi, "daim artan iqtisadiyyat biofiziki cəhətdən qeyri-mümkündür". İqtisadiyyatın öz əsasının- təbii mühitin parçalanması faktını nəzərə alaraq , belə mövqeyin etibarsızlığı aşkardır.

Marks sosial-ekoloji münasibətlərin əhəmiyyətini anlayırdı. O göstərirdi ki, insanlar onları enerji və materiallarla təmin edən, həyatın özünü mümkün edən təbiətdən asılıdırlar. Kapitalizm məddahları fikirlərini mübadilə dəyərində və qısamüddətli gəlirdə cəmləyərkən, Marks vurğulayırdı ki, Yer kürəsi  – bütün maddi xeyirlərin ilkin mənbəyidir, və onu sonrakı nəsillər üçün qorumaq lazımdır. Gəlir arxasınca daimi təqib üçün "təbiətin fəthi" mütləq ekosistemləri dağıdan və metabolik uyğunsuzluq əmələ gətirən təbii tsikllərin və proseslərin dağıdılmasına səbəb olur. Engels xəbərdarlıq edirdi ki, insanın belə təsirləri "planetdə.......damğa" qoyur və təbii şəraitdə gözlənilməyən dəyişikliklərə səbəb ola bilər. Təbiət tərəfindən "qisas" qaçılmaz  olacaq.

Hal-hazırda karbon di-oksid atmosferə ekosistemin onu həzm etmək qabiliyyətini çox ötən,  daha sürətlə atılır. Cozef Q.Kanadell və onun kolleqaları tərəfindən "Milli elmlər akademiyasının qeydlərində" dərc olunan məqaləyə əsasən, dünya iqtisadiyyatı böyüdüyündən və daha intensiv  karbonlu olduğundan karbon tullantılarının artım sürəti böyüyür. Başqa sözlə, XXI əsrin əvvəllərində kəndtəsərrüfatı fəaliyyəti vahidinə XX əsrdə olduğundan daha çox karbon tullantıları düşür. Eyni zamanda ekosistemin karbonun di-oksidi udmaq qabiliyyəti də aşağı düşür, bu isə ətraf mühitin sonrakı deqradasiyasına, səhralaşmaya imkan yaradır. Bütün bunlar gözlənildiyindən daha böyük problemlərə, atmosferdə karbon di-oksidin konsentrasiyasının qalxmasına gətirir. Beləliklə, kapitalın bütü təbiətin bəşəriyyətin mövcudluğu üçün onu bütün lazımı şeylərlə  təmin etmək qabiliyyətini pozaraq, onu sıxıb şirəsini çıxarır.

Son 100 il üçün xarakterik olan proseslərin, məsələn, iqtisadi artım, növbəti 100 il üçün də xarakterik olmasını hesab etməməyə bir çox səbəb vardır, və  indiki iqtisadi böhranın analizi zamanı buna xüsusi diqqət yetirmək lazımdır. Bunu nəzərə alaraq ekoloji problemlərin həlli xərclərinin indiki nəsildən daha varlı olacağı təxmin edilən gələcək nəsillərə yüklənməsinə haqq qazandırılması son dərəcə şübhəli görünür. Ətraf mühitin vəziyyəti kimi, iqtisadiyyat barəsində də gələcək olduqca qeyri-müəyyəndir, hərçənd  müasir tendensiyalar aydın şəkildə yaxınlaşan fəlakətdən xəbər verir. Əgər biz rastlaşdığımız qlobal iqlim dəyişiklikləri, qarşılıqlı əlaqəli bir çox digər ekoloji problemlər haqqında heç demirəm, alimlərin proqnozlaşdırıqlarından daha çox  faciəli olarsa, sual altına qoyulan yalnız iqtisadi artım olmayacaq, həm də bütöv iqtisadiyyat olacaq, mümkündür ki,  bizim hamımızın asılı olduğumuz təbii mühit kimi bütöv iqtisadiyyat da dağılacaq. Ona görə gələcək nəsillər indiki nəsillərdən çox daha kasıb  və hətta bizim yaratdığımız problemləri həll etməyə daha bacarıqsız ola bilər.

Bundan başqa, iqtisadi artım düşkünlüyü üzündən ictimai nemətlər və kollektiv maraqlar  neoklassik iqtisadçılar tərəfindən dəyərini itirdiyi halda, fərdi maraqları əks etdirən və ÜDM-u təşkil edən şəxsi xeyirlərdə onlar daha maraqlıdırlar. Buna görə neoklassik iqtisadçılar uzaq  perspektivdə idarə edilməsi mümkün olmayan iqtisadi "qovuqlara" və dünya resurslarına belə yanaşmaya hər cür yol verirlər.

Bütün bu səbəblərə görə müasir iqtisadi nizam planetin və insanlığın sahib olduğu resursların  vəziyyətinin düzgün qiymətləndirilməməsinə aparır. Kapitalizm bir çox münasibətlərdə ətraf mühitə,iqtisadiyyata və dünya sabitliyinə yanaşmasına görə natamam sistem oldu. O insanların ümidlərini doğrultmur və onun üçün xarakterik olan qeyri-məhdud istehlak prosesində bəşəriyyətin və Yer kürəsinin uzunmüddətli perspektivlərini yox edir.

Əgər biz maliyyə bazarlarında – təxminən onların səlahiyyətinin mahiyyətini təşkil edən sahədə- böhranların qarşısının alınması işində ortodoksal iqtisadçılara güvənə bilmiriksə, təbii mühit barəsində yaxşı bilik tələb edən, ortodoksal iqtisadçılar haqqında bu sahədə biliklidir demek olmaz, ekoloji böhranların qarşısının alınmasında niyə onlara güvənməliyik? Belə bilik meynstrim iqtisadi nəzəriyyəyə daxil olan kapitalist dünyagörüşü ilə uyuşmazdır. Erlixin ədalətli olaraq qeyd etdiyi kimi, "iqtisadçıların əksəriyyəti fiziki və bioloji amillər tərəfindən iqtisadi sistemə qoyulmuş məhdudiyyətlərdə səriştəli deyillər", və onlar "… iqtisadi sistemin tamamilə və birdəfəlik ətraf mühitə aid olduğunu", əksinə deyil, dərk etmək bacarığında deyillər. Ona görə "birbaşa qeyd etmək lazımdır ki, bu gün ekoloqların əksəriyyəti iqtisadi artıma can atan iqtisadi sistemdə və bu sistemi dəstəkləyən iqtisadçılarda bəşəriyyət üçün ölümcül təhlükə görürlər". Bundan başqa, "iqtisadi nəzəriyyənin ətraf mühitin reallıqlarına laqeydliyini bazar mexanizminin uzunmüddətli perspektivdə resurs çatışmamazlığı problemiylə bağlı narahatçılığı tamamilə kənara atmaq iddiasında görmək olar ki".

Plan B: Texnolji möcüzələr ölkəsi

Kapitalizm iqtisadiyyatı çərçivəsində meynstrim iqtisadçıların ekoloji problemlərin həllini təklif etməkdə qabiliyyətsizliklərini bu yaxınlarda sosial və iqtisadi münasibətlərdə hər hansı dəyişiklik etmədən "yaşıl inqilab"ın həyata keçməsi üçün texnoloji həllərin yayılması vasitəsi ilə sistemin xilasına yönəlmiş  B Planı nümayiş etdirdi. Bu plan tez-tez ekoloji sferada innovasiyaya şumpeterian baxışlara əsaslanan "investisiya strategiyası" terminlərində təqdim edilir. Hesab edilir ki, bu hər hansı bir şəkildə həm iqtisadiyyatın, həm də  təbiətin vəziyyətini xilas etməklə eyni zamanda amerika imperiyasını da dirçəldəcək. Ortodoksal iqtisadçılar qəbul edirlər ki, bugünkü resurs problemləri sabah onlara qiyməti yüksəldəcək, və daha yüksək qiymətlər yeni texnologiyaları yaratmağa məcbur edəcək.  Yeni envayromentalist texnokratlar   ordusu bildirir ki, bütün problemləri həll etməyə icazə verəcək innovasiyalar həqiqətdə özünü göstərmək üçün öz saatını gözləyir. Amma bu yalnız lazımlı bazar şəraiti yaradılacağı halda mümkün olacaq, bir qayda olaraq dövlətin köməyi ilə. Oxşar baxışlar son bir neçə ildə Tomas Fridman, Nyut Qinqriç, Fred Krupp (Ətraf Mühitin Müdafiəsinin Fondu), “Breakthrough” Institutundan Ted Nordxaus və Maykl Şellenberqer kimi simalar tərəfindən təbliğ olunur. Fred Krupp və Miriam Xorn bu məsələni dünyanı xilas edəcək "yaşıl" texnologiyaların tətbiqində və bazarlarda birinci olmaq uğrunda ölkələr arasında rəqabət yarışı kimi təqdim edir. Onlar yazırlar: " Məsələ,  iqlim dəyişikliklərinin faciəli nəticələrinin qarşısını almaqdan deyil, daha çox hansı ölkələrin iyirmi birinci əsrin "yaşıl" texnologiyalarını istehsal edəcəyi,hansıların isə ixrac edəcəyindən ibarətdir".

Belə yanaşma üçün texnologiya və bazar "möcüzələrinə" ümid və fizika,ekologiya, ictimai münasibətlər  problemlərinə, həmçinin kapital yığımı prosesinə məxsus ziddiyyətlərə etinasızlıq xarakterikdir. Bu yanaşma ətraf mühitin müdafiəsi işində əldə edilmiş istənilən  müvəffəqiyyətləri heç edərək, kapitalizm sistemində məhsuldarlığın artmasının adətən iqtisadiyyatın miqyasının artmasına( və ekoloji sistemlərdə sonrakı dağılmalara) apadığını dərk etmədən hər şeyi enerji effektivliyi məsələsinə (və başqa texniki məsələlərə)  aparır. Texnokratlar öz müttəfiqləri meynstrim iqtisadçılar kimi ictimai münasibətlərə toxunmadan bütün problemləri həll etməyə söz verirlər. Onların daha ambisiyalı layihələri Yer kürəsinin albedosunun artımına yönəlmiş iqlim dəyişiklikləriylə mübarizə üçün genişmiqyaslı geo-mühəndislik qərarlarını daxil edir. Onlar günəş radiasiyasını (sulfat tərkibli aerozollar, alüminiumun oksid-li maddələr) əks etdirən maddələrin stratosferin üst qatında tozlandırılması üçün təyyarələrdən, hərbi dəniz vasitələridən və nəhəng hava şarlarından istifadəni nəzərdə tuturlar. Hətta "özünülevitasiya" və "fəzada özünü istiqamətləndirmə" xüsusiyyətlərinə malik olan və qütblərə köçürülərək qütb rayonları üçün “çətir” kimi xidmət edəcək "süni hissəciklər" yaratmaq təklif edilir. Gördüyümüz kimi, belə texnokratlar texnologiyaların bütün problemləri həll etdiyi və cadugərin şagirdinin dinlənilmədiyi möcüzələrin ölkəsində yaşayırlar. Onlar təklif etdiyi hər şey planetin sonrakı fəthinə yönəlib, onunla sülh bağlamağa deyil.


Ekoloji inqilab

Əgər nə vaxtsa ekoloji inqilabın tarixi haqda yazılacaqsa, onda onun mənbələrini Reyçel Karsonun "Səssiz yaz" kitabında axtarmaq lazım olacaq. Karson  kapitalist möcüzələr ölkəsi üçün ümumi olan “süni şeylərə sonsuz mübtəla, enerji mənbəyimizdən uzaqlaşmaq” adlandırdığı şeyə müqavimət göstərmək üçün insanın özündə onu əhatə edən dünyaya və canlı varlıqlara yenilənmiş heyrət hissi yetişdirməsində təkid edirdi. Əlbəttə,  Karsonun özünün ictimai fəaliyyətiylə nümayiş etdirdiyi kimi həyatı seyr etmək də kifayət deyil. Onu müdafiə etmək lazımdır, bu isə "gəlir və istehsal tanrılarına", həmçinin onların sadiq  carçılarınadövrümüzün meynstrim iqtisadçılarına  qarşı aktiv müqavimət göstərmək deməkdir.


Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий