29 мар. 2013 г.

Marksın qisası: Sinfi mübarizə dünyanı necə formalaşdırır ("Time", ABŞ )


Biz düşünürdük ki, Marks ölmüş və unudulmuşdur. Sovet İttifaqının süqutu və Çinin kapitalizmə böyük sıçrayışı ilə kommunizm lap Ceyms Bond haqda filmlərdə göstərilən hadisələrin baş verdiyi əcaib fona çevrildi. Sanki, Marksın fikrinə görə tarixin istiqamətini təyin etməli olan sinfi münaqişə azad ticarət və sahibkarlığın çiçəkləndiyi dövrdə sadəcə yox olub getmişdir. Planetin ən ucqar nöqtələrini maliyyə əlaqələri, autsorsinq və “məhdudiyyətsiz” istehsal ilə birləşdirən güclü qloballaşma hər kəsə - Silicon vadisinin texnologiya dahilərindən tutmuş Çinin ferma qızlarına kimi – yaxşı varlanmaq şansı verdi. XX əsrin sonuncu onilliklərində Asiyada bəşəriyyət tarixində yoxsulluq həddinin ən böyük azalması müşahidə olunurdu – və bütün bunlar ticarətin kapitalist alətlərinin, sahibkarlığın və xarici investisiyaların sayəsində idi. Görünür, kapitalizm hər kəsin həyat səviyyəsinin zənginliyin və firavanlığın yeni səviyyəsinə kimi yüksəldilməsi haqda verdiyi sözü yerinə yetirir.

Biz belə düşünürdük. Dünya iqtisadiyyatında uzun müddət davam edən böhranı, həmçinin bütün dünya işçilərinin işsizlikdən,borclardan və gəlir artımının olmamasından əziyyət çəkdiklərini nəzərə alaraq, Marksın kapitalizmin ünvanına sərt tənqidlərini – xüsusilə, bu sistemin öz mahiyyətinə görə ədalətsiz və özünüdağıdan olmasına görə - hesabdan tamamilə silmək olmaz. Marks yazırdı ki, kapitalizm sistemi mütləq kütlələrin yoxsullaşmasına gətirəcək, çünki dünyanın bütün var-dövləti acgöz azlığın əlində cəmlənəcək, bu isə iqtisadi böhrana və zənginlərlə işçi sinif arasında münaqişənin kəskinləşməsinə səbəb olacaq. Marks yazırdı: “ Var-dövlətin bir qütbdə toplanması eyni zamanda əks qütbdə yoxsulluğun, iş əziyyətlərinin, köləliyin,cəhalətin,kobudluğun və əxlaqi deqradasiyanın toplanması deməkdir”.

Getdikcə çoxalan sübutların sayı göstərir ki, bəlkə də o haqlı idi. Təəssüf ki, biz varlıların daha da varlanmasını, orta sinfin və kasıbların isə daha da kasıblaşmasını sübut edən statistika ilə tez-tez qarşılaşırıq. Vaşinqtonun İqtisadi siyasət İnstitutunun sentyabrda dərc etdiyi məruzədə deyilir ki, 2011-ci ildə ABŞ-da tam maaşa işləyən kişinin orta illik gəliri 48202 dollara bərabərdir – bu 1978-ci il üçün olan orta illik gəlirdən aşağıdır. İnstitutun ekspertlərinin hesablamalarına görə, 1983-cü ildən 2010-cu ilə kimi ABŞ-da varlılığın artmasının 74%-i ölkənin 5% ən zəngin adamlarının payına düşdüyü halda, ölkənin 60% ən kasıb əhalisinin gəlirləri aşağı düşmüşdür. Təəccüblü deyil ki, bəziləri XİX əsrin görkəmli alman filosofunun işlərini yenidən gözdən keçirməyə qərar veriblər. Çində, filosofdan üz döndərən marksist ölkədə dünyada baş verən hadisələrdən ilhamlanan Yuy Junczyun Karl Marksın “Kapital” əsəri əsasında musiqili əsər yazmışdır. “Bugün məhz bu kitabda söhbət açılan hadisələr baş verir”,- dramaturq qeyd edir.

Bu o demək deyil ki, Marks tamamilə haqlı idi. “Proletariat diktaturası” əvvəlcədən düşünüldüyü kimi işləmədi. Amma bu artan bərabərsizliyin nəticəsi – Marks məhz bu haqda əvvəlcədən xəbər verirdi: sinfi mübarizə qayıtdı. Bütün dünya işçiləri getdikcə daha da qəzəblənirlər və dünya iqtisadiyyatından onlara aid olan payı tələb edirlər. ABŞ Konqressindən tutmuş Afina küçələrinə və çin konveyerlərinə kimi siyasi və iqtisadi hadisələr kapital və işçi qüvvəsi arasında artan gərginlikdən, hansı ki, artıq XX əsrin kommunist inqilabından bəri görünməyən səviyyəyə çatıb, getdikcə daha çox asılı olur. Qlobal iqtisadi siyasətin istiqaməti, gələcək əmin-amanlıq dövləti,Çində siyasi sabitlik,həmçinin İtaliyadan ABŞ-a kimi dövlətləri kimin idarə edəcəyi bu böyük mübarizənin hara gətirib çıxaracağından asılı olacaq. Marks bugün nə deyərdi? Nyu-Yorkda Yeni Məktəbin iqtisadçısı Riçard Volf (Richard Wolff) hesab edir ki, “Mən axı sizə söyləmişdim” kimi bir şey deyərdi. “Gəlir səviyyəsində olan fərq həyatımda indiyə kimi müşahidə etmədiyim gərginliyə gətirib çıxarır.”


ABŞ-da müxtəlif iqtisadi siniflərin münasibətlərində olan gərginlik, şübhəsiz, böyüyür. Hesab edirlər ki, orada cəmiyyət “99%” ( var gücləri ilə sağ qalmağa çalışan adi insanlar) və “1 %”-ə ( günbəgün daha da varlanan imtiyazlı çox zəngin insanlar) bölünmüşdür. 2012-ci ildə Pyu Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 2/3-i hesab edir ki, hal-hazırda ABŞ-da kasıblar və varlılar arasında “ciddi” və ya “çox ciddi” münaqişə müşahidə olunur – bu 2009-cu ildə keçirilmiş sorğunun nəticələrindən 19% çoxdur.
Münaqişələrin kəskinləşməsi həm də amerika siyasətini xarakterizə edir. Büdcə defisitinin qarşısının necə alınması məsələsi ərtafında partizan müharibəsi əksər hallarda sinfi mübarizədir.Prezident Barak Obama ən varlılar üçün vergiləri qaldırmaq barədə söz salan kimi, mühafizəkarlar onun varlı amerikalılara qarşı “sinfi mübarizəyə” başlamaq istədiyi haqda çığırmağa başlayırlar. Bununla belə, respublikaçılar özləri də müəyyən mənada sinfi mübarizə aparırlar. Respublikaçıların büdcənin sağlamlaşdırılması haqda planı sosial təminat üzrə xərclərin azaldılması vasitəsilə yükü effektiv şəkildə orta və kasıb sinfin çiyinlərinə qoyur. Obama öz seçki kampaniyasında respublikaçıların işçi sinfin ehtiyaclarını nəzərə almadıqlarını xüsusi olaraq qeyd etmişdi. Seçkilərdə Respublikaçılar partiyasından namizəd Mitt Romni (Mitt Romney), Obamanın qeyd etdiyi kimi, öz ABŞ iqtisadiyyatının inkişafı planında cəmi bir punkta malikdir: “varlıların başqa qaydalarla oynayacağına qarantiya vermək”.

Bütün bu söhbətlər arasında yeni amerikan təbəqələşməsinin xalqların iqtisadi siyasəti haqda mübahisələrinin məzmununa təsirinin əlamətləri müşahidə olunur. Nemətlərin yuxaridan aşağı sizması iqtisadiyyatı,hansı ki, 1%-in uğurunun yerdə qalmış 99%-ə xeyir gətirəcəyini öyrədir, indi diqqətlə yoxlanılır. Vaşinqtonda yerləşən elmi-tədqiqat təşkilatının, Amerika İnkişaf Mərkəzinin direktoru Devid Medlend (David Madland) hesab edir ki, 2012-ci il seçki qabağı kampaniyaların gedişatı zamanı orta sinfin bərpası və bu məsələni yerinə yetirməyə kömək edə biləcək yeni iqtisadi proqramın axtarışı diqqət mərkəzində idi. “Bütün iqtisadiyyat fəlsəfəsi baş-ayaq çevrildi, - o qeyd edir.- Görürəm ki, indi əsaslı dəyişiklik baş verir”.

Yeni sinfi mübarizənin coşğunluğu hazırda Fransada daha çox nəzərə çarpır. 2012-ci ilin mayında, maliyyə böhranı və büdcə xərclərinin ixtisarı varlılar və kasıblar arasında uçurumu daha möhkəmləndirdikdə fransızlar Sosialist Partiyasının namizədi Fransua Ollanda səs verdilər, hansı ki, bir dəfə demişdi: “Bizim varlılardan xoşumuz gəlmir”. O öz sözünə sadiq qaldı. Ona qələbə qazanmaqda kömək edən əsas faktor fransız dövlətinin firavanlığını qorumaq üçün varlılardan daha çox pul alacağını söz verməsi idi. Digər Avropa ölkələrində siyasətçilərin əl atdığı büdcə xərclərin kəskin ixtisarından qaçmaq üçün Olland varlılar üçün gəlir vergisini 75%-ə kimi qaldırmağı planlaşdırdı. Konstitusiya Şurası ona bu planı həyata keçirməyə icazə verməsə də, Olland buna baxmayaraq oxşar tədbirlərin tətbiq edilməsi yollarını axtarır. Eyni zamanda Olland sadə insanların problemlərinin həllinə yönəlmiş siyasəti yerinə yetirməyə başladı. O, sələfinin pensiya yaşının artırılması haqda insanlar arasında qeyri-populyar qərarını ləğv edərək, onu bəzi kateqoriyalı işçilər üçün əvvəlki kimi -60 yaş həddində saxladı. Fransada çoxları istəyir ki, Olland daha çox şeylər etsin. “Verginin artırılması haqqında qanun dövlət üçün birinci addım olmalıdır ki, qəbul etsin - mövcud kapitalizm forması o qədər ədalətsiz və effektsiz olub ki, köklü islahatlar keçirilməsə o məhv ola bilər”, - QHT inkişaf strategiyası ilə məşğul olan Şarlotta Bulanqer (Charlotte Boulanger) qeyd edir.

Bununla belə, onun taktikası kapitalist sinfini cavab zərbəsinə təhrik edir. Mao Czedun, yəqin ki, “siyasi hakimiyyət barıt çəlləyindən yetişməlidir” fikrində təkid edərdi, amma kapitalın daha sürətli olduğu dünyada sinfi mübarizə silahı da dəyişir. Ollanda ödəmək əvəzinə bəzi varlı fransızlar özləri ilə bu qədər vacib iş yerlərini və investisiyaları da götürərək, sadəcə ölkəni tərk edirlər. Pixmania.com –un yaradıcısı Jan Emil Rozenblum (Jean-Emile Rosenblum) hazırda öz həyatını və işini ABŞ-da qaydaya salır, onun fikrincə orada iqlim biznesin aparılması üçün daha münasibdir. “Sinfi münaqişənin kəskinləşməsi – istənilən iqtisadi böhran üçün normal nəticədir, amma bu münaqişənin siyasi istismarı demaqoqcasına və diskriminativdir,- o deyir.- Bizim üçün çatışmayan şirkətlərin və iş yerlərinin yaradılmasında sahibkarlara arxalanmaq əvəzinə, Fransa onları qovur”.

Varlılar və kasıblar arasında uçurum, bəlkə də, Çində daha çox nəzərə çarpır. İroniya bundan ibarətdir ki, Obama və yenicə vəzifəsinə başlayan Çin prezidenti Si Czin eyni problemi həll etməlidirlər. Böyüyən sinfi mübarizə - təkcə yavaş-yavaş inkişaf edən və borca bürünmüş sənaye dünyasının fenomeni deyil. Hətta sürətlə inkişaf edən bazar iqtisadiyyatlarında da varlılar və kasıblar arasında toqquşmalar siyasətçilər üçün əsas problem olur. Bir çox qəzəbli amerikalıların və avropalıların inamına zidd olaraq, Çin işçilər üçün heç də cənnət deyil. “Düyü üçün dəmir kasa” – Mao-nun zamanında hamı üçün zəmanət verilmiş daimi iş yeri – Maoizmlə bərabər keçmişdə qaldı, islahatlar zamanı isə işçilərin çox az hüquqları vardı. Hətta Çin şəhərlərində işçilərin maaşlarının tez-tez artmasına baxmayaraq, varlı və kasıb arasında uçurum böyükdür. Pyu tədqiqatlar mərkəzi tərəfindən aparılmış daha bir tədqiqat göstərdi ki, sorğu edilmiş çinlilərin demək olar ki, yarısı varlılarla kasıblar arasında uçurumu ciddi problem hesab edir, hər 10 çinlidən 8-i isə “Çində varlıların daha da varlanması,kasıbların isə daha da yoxsullaşması” fikri ilə razıdır.
Narazılıq Çinin sənaye şəhərlərində demək olar ki, qaynama nöqtəsinə çatmışdır. “Əcnəbilər hesab edirlər ki, biz yaxşı yaşayırıq, amma fabrikdə əsl həyat idealdan çox fərqlənir”, - Şençjen cənub sənaye anklavı fabrikinin işçilərindən biri, Pen Min deyir. Uzun iş günü, xərclərin artması, laqeyd idarə başçıları, əmək haqqlarının gecikdirilməsi işçiləri Marksın yazdığı proletariata çox bənzər edir. “Varlılar işçiləri istismar edərək pul qazanırlar,- Şençjendə digər fabrik işçisi, Quan Qoxay deyir. – “Kommunizm – bizim səbirsizliklə gözlədiyimiz budur”. Onların sözünə görə, əgər hökumət onların həyat şəraitinin yaxşılaşdırılması üçün heç bir tədbir görməzsə, onlar müstəqil hərəkət etməyə hazırdırlar. “İşçilər təşkilatlanmağa başlayacaqlar, -Pen öncədən söyləyir. – İşçilərə birləşmək lazımdır”.

Bəlkə də, bu artıq indi baş verir. Çin işçilərinin narazılıqlarının artmasını izləmək çox çətindir, amma ekspertlər narazılıqların artdığını bildirirlər. Fabrik işçilərinin yeni nəsli – internet sayəsində valideynlərinin təcrübəsi haqda məlumatlı olan - əmək haqqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələblərini daha açıq şəkildə ifadə edirlər. Hələlik hökumətin cavabı qarışıqdır. Qanunvericilik minimum əmək haqqı miqdarını artırdı, işçilərin hüquqlarını qismən müdafiə etmək məqsədilə əmək qanunvericiliyini sərtləşdirdi və hətta bəzi hallarda onlara tətil etməyə icazə verəcək. Amma hökumət hələ də fərdi fəallığı dəstəkləmir və tez-tez güc tətbiq etməklə onunla mübarizə aparır. Belə taktika proletariatı proletariatın diktaturasına inamdan məhrum etdi. “Hökumət daha çox kompaniyaları düşünür, nəinki bizi”,- Quan deyir. Əgər Si sadə çinlilərin milli iqtisadiyyatın böyüməsindən gəlir qazanmaları üçün iqtisadiyyatda islahatlara getməsə, o xalq çaxnaşmasına səbəb olmaqda risk edir.
Marks məhz belə nəticələrdən xəbər verirdi. Proletariat öz ümumi sinfi maraqlarını dərk etdikdə ədalətsiz kapitalizm sistemini devirəcək və onu yeni sosialist behiştlə əvəz edəcək. Kommunistlər “açıq şəkildə bildirilər ki, onların hədəflərinə bütün mövcud sosial şəraitin dağılması ilə müvəffəq olmaq olar,- Marks yazırdı.- Proletariatın öz zəncirlərindən başqa itirəcək heç nəyi yoxdur”. Bugün işçilərin öz aciz perspektivlərinə görə bütün dünyada getdikcə daha çox narazılıq hiss etmələrinin əlamətləri görünür. On minlərlə insan hər yerdə baş almış işsizlik və vəziyyəti daha da çətinləşdirən ağır iqtisadi tədbirlərə etiraz edərək Madrid və Afina küçələrinə çıxır.

Marksın inqilabı hələ maddiləşməyib. Bəlkə də, bütün dünya işçilərinin eyni problemləri var, amma onlar problemləri həll etmək üçün hələ birləşməyiblər. Amerika həmkarlar ittifaqlarının üzvlərinin sayı, misal üçün, bütün böhran boyunca azalmaqda davam edirdi, Occupy Wall-Street hərəkatı isə genişlənirdi. Paris Universitetindən marksizm məsələləri üzrə ekspert Jak Ranserin (Jacques Ranciere) sözlərinə görə, etirazçılar kapitalizmi hər hansı bir şeylə əvəz edəcək hədəfə malik deyillər, Marks dediyi kimi, onlar onu islahatlar yolu ilə dəyişdirmək istəyirlər. “Biz mövcud sosial-iqtisadi sistemi devirməyə və ya dağıtmağa səsləyən etirazçı sinif görmürük,- o izah edir.- Sinfi münaqişə bugün sistemi düzəltmək üçün elə çağırışlara çevrilir ki, yaradılmış nemətlərin yenidən bölüşdürülməsi yolu ilə sistemlər daha həyat qabiliyyətli olsun”.
Belə çağırışlara baxmayaraq, mövcud iqtisadi sistem sinfi ziddiyyətlərdən keyflənməyə davam edir. Çində yüksəkrütbəli məmurlar gəlir fərqlərindəki problemləri həll edə biləcək real islahatlardan yan keçərək, onları sözdə həll etməyə çalışırlar. Borclardan əziyyət çəkən avropa hökumətləri işsizlik səviyyəsinin yüksəlməsi və iqtisadi artımın olmaması fonunda sosial təminat proqramını kəskin şəkildə ixtisar etdi. Əksər hallarda kapitalizmin islahı daha da onun möhkəmlənməsinə gətirir. Romada,Madriddə və Afinada qanunverici hakimiyyətlər qiymətli kağızlar sahiblərinin təzyiqi altında işçiləri sosial müdafiədən azad etməli olurlar və daxili bazarlarda nəzarəti daha da azaldırlar. “Chavs: the Demonisation of the Working Class” kitabının müəllifi Ouen Cons (Owen Jones) bunu “yuxarıdan sinfi mübarizə” adlandırır.
Çox az şey buna mane ola bilər. Ümumdünya işçi qüvvəsi bazarının meydana gəlməsi bütün inkişaf etmiş dünyada həmkarlar ittifaqlarını nüfuzdan saldı. Marqaret Tetçer və Ronald Reyqanın dövründə azad bazarın həmləsindən sonra sağa doğru meyllənən solçular diqqətə layiq alternativ yol təklif edə bilmədilər. “Praktik olaraq bütün sollar və proqressiv partiyalar hansısa anda maliyyə bazarlarının çiçəklənməsinə və genişlənməsinə öz töhfələrini verdilər, həmçinin islahatlara getməyə bacarıqlı olduqlarını sübut etmək üçün sosial təminat sisteminin inkişafını dondurdular, - Ranser deyir.- Mən hesab edirəm ki, leyborist və ya sosialist hökumətlərin və partiyaların mövcud iqtisadi sistemi islahatlar yolu ilə əhəmiyyətli dərəcədə dəyişdirmək üçün - hələ sistemin əvəz edilməsini demirəm - çox az şansı vardır”.

Beləliklə, bizim perspektivlərimiz olduqca qaranlıqdır: Marks təkcə kapitalizmin çatışmamazlıqlarını diaqnoz qoymamışdı, həm də nəticələrə görə təyin etmişdi. Əgər qanunverici hakimiyyət ədalətli iqtisadi şəraitə zəmanət vermək üsulları tapmazsa, bütün dünya işçiləri birləşə bilər. Marksın qisas almaq üçün hələ imkanı var.

Nəşrin originalı: Marx’s Revenge: How Class Struggle Is Shaping the World

Tərcümə: Günel Muradova