17 янв. 2014 г.

2.Kapitalizmin uyğunlaşması (R.Luksemburqun əsərindən bir hissə)

Kredit  capitalist təsərrüfatında müxtəlif funksiyaları yerinə  yetirir,  amma bu funksiyalardan ən vacibi,məlum olduğu kimi, istehsalın genişlənmə bacarığının artırılmasından, vasitəçilikdən və mübadilənin  asanlaşdırılmasından  ibarətdir. Harda ki, kapitalizm istehsalının qeyri-məhdud genişlənməyə immanent meyli xüsusi mülkiyyət çərçivəsi ilə toqquşur, kredit bu maneələri capitalist üsulu ilə aşmaq vasitəsi olur; o çoxlu xüsusi kapitalları bir yerə toplayır (səhmdar cəmiyyətlər) və  özgə kapitalı kapitalistin ixtiyarına verir (sənaye krediti). Digər tərəfdən, o ticarət krediti şəklində əmtəə mübadiləsini sürətləndirir, yəni kapitalın istehsala qayıdışını, uyğun olaraq da, bütün istehsal prosesi dövriyyəsini sürətləndirir. Kreditin hər iki əsas funksiyanın böhranların yaranmasına göstərdiyi təsiri görmək çox asandır. Əgər böhranlar, bildiyimiz kimi, bir tərəfdən istehsalın genişlənmək bacarığı və meyli arasındakı ziddiyyətlərdən yaranırsa,  digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, kredit sanki bu ziddiyyəti daha da tez-tez üzə çıxarmaq üçündür. O hər şeydən əvvəl istehsalın genişlənmək bacarığını inanılmaz ölçülərə qədər yüksəldir və  onda daim  daxilən bazar sərhədlərini aşmaq meyli yaradır. Amma o iki cəbhəyə vurur.
Əgər kredit istehsal prosesinin amili kimi təkrar istehsal yaradırsa, böhran zamanı mübadilə vasitəsi kimi  özünün doğurduğu istehsal qüvvələri ilə daha da heyrətləndirir .Durğunluğun ilk əlamətləri meydana çıxdığı zaman kredit azalır, lazım olduğu yerdə mübadiləyə kömək etmir, hərəkət yaratmır və hələ də fəaliyyətdə olduğu yerlərdə məqsədsiz olur və bu şəkildə böhranlar zamanı istehlak bacarığını minimal ölçülərə qədər azaldır. 
Bu iki ən vacib nəticədən başqa, kredit böhranların yaranmasında bir çox digər münasibətlərə də təsir edir.O, yalnız kapitalistə özgə kapitalı ilə istədiyi kimi hərəkət etmək imkanı verən  texniki vasitə deyil, eyni zamanda da özgə mülkiyyətini ürəklə və çəkinmədən istifadə etməyə həvəsləndirir, uyğun olaraq da, riskli istifadəyə gətirib çıxarır. O, əmtəə mübadiləsinin hiyləgər vasitəsi kimi təkcə böhranları  dərinləşdirmir, həm də onun yayılmasını və genişlənməsini asanlaşdırır; o bütün mübadiləni real əsası minimal miqdarda metal pullara əsaslanan  olduqca çətin və süni mexanizmə çevirir, odur ki kiçik bir səbəb onda pozğunluq yaradır.
Beləliklə, kredit heç də böhranları aradan qaldırmaq və ya heç olmasa yüngülləşdirmək üçün vasitə deyil, tamamilə əksinə, böhranların meydana gəlməsinin xüsusi və ən böyük amilidir. Başqa cür ola da bilməz. Kreditin spesifik funksiyasının ən ümumi xassələri məhz  bütün kapitalizm münasibətlərini son dayanıqlıq həddindən məhrum etməkdən  və hər yerdə ən böyük mümkün elastikliyi təmin etməkdən, bütün kapitalizm güclərini ən yüksək dərəcədə dartıla bilən, nisbi və həssas etməkdən ibarətdir. Aydındır ki, bu kapitalizm təsərrüfatının bir-birinə zidd qüvvələrinin periodik olaraq toqquşmasından başqa bir şey olmayan böhranın meydana gəlməsini dərinləşdirə və asanlaşdıra bilər.
Amma bu bizi eyni zamanda başqa bir məsələyə yaxınlaşdırır: ümumiyyətlə, kredit necə kapitalizmin “uyğunlaşma vasitəsi” ola bilər? Biz bu “uyğunlaşmanı” kreditin köməkliyi ilə hansı əlaqədə və hansı formada təsəvvür etməyimizdən asılı olmayaraq, belə uyğunlaşmanın mahiyyəti, aydındır ki, yalnız bir şeydədir: onun sayəsində kapitalizm təsərrüfatındakı hansısa təzadlı əlaqə silinir, aradan qaldırılır və ya onun ziddiyyətlərindən hansısa biri zəiflədilir və bu yolla hansısa bir bənddə donub qalmış güclər sərbəstlik qazanır. Amma əgər müasir kapitalizm cəmiyyətində onun bütün ziddiyyətlərini son həddə çatdıran vasitə varsa, bu vasitə məhz kreditdir. O istehsalı ən böyük gərginlik həddinə çatdırmaqla və kiçik bir səbəbə görə mübadiləni iflic etməklə istehsal və mübadilə üsulları arasındakı ziddiyyətləri gücləndirir. O istehsalı mülkiyyətdən ayırmaqla, istehsala cəlb edilmiş kapitalı ictimai kapitala çevirərək, gəlir hissələrinə isə kapital faizi, yəni təmiz xüsusi mülkiyyət forması verərək istehsal üsulu və mənimsəmə üsulu arasındakı ziddiyyətləri gücləndirir. O, bir çox kiçik kapitalistlərin zorakı ekspropriasiya yolu ilə nəhəng istehsal güclərini azlığın əlində cəmləşdirməklə mülkiyyət münasibətləri və istehsal arasındakı ziddiyyətləri gücləndirir. O, dövlətin istehsala müdaxiləsini zəruri etməklə istehsalın ictimai xarakteri ilə kapitalist xüsusi mülkiyyət arasındakı ziddiyyətləri gücləndirir. 
Bir sözlə, kredit kapitalizm dünyasının bütün əsas ziddiyyətlərini meydana çıxarır və onları son həddə çatdırır, kapitalizm cəmiyyətinin öz məhvinə - süquta doğru tələsdiyi tempi sürətləndirir. Beləliklə, kreditə gəldikdə, kapitalizmin öz uyğunlaşması üçün görməli olduğu ilk şey krediti məhv etmək, onun fəaliyyətinə son qoymaq idi. O hazırki şəkli ilə uyğunlaşma vasitəsi kimi xidmət etmir, olduqca inqilabi təsir göstərən məhv edici vasitə kimi xidmət edir.Axı kreditin məhz bu inqilabi, kapitalizmin özünün sərhədlərini aşan xarakteri hətta azacıq sosialist rənarəngliklə islahatçı planlar doğurdu və , Marksın sözləri ilə desək, Fransadan olan İsaak Pereyra kimi əsas kredit müjdəçilərini yarıpeyğəmbərlərə, yarıdələduzlara çevirdi.


Tərcümə Günel Muradova

12 янв. 2014 г.

Kapitalistlər işçilərin istismarını hansı üsullarla artırırlar?

İzafi dəyər izafi əməklə yaradılır. Buna görə də işçilərin istismar dərəcəsinin artırılmasının istənilən üsulu əlavə iş vaxtının artırılması ilə bağlıdır. Amma bu vaxtı necə artırmaq olar?
Hesab edək ki, iş gününün müddəti 8 saata bərabərdir,hansı ki, bunun 4 saatı lazımi iş vaxtını və digər 4 saatı isə əlavə iş vaxtını təşkil edir. Qəbul edək ki, işçi 1 saata 2 dollara bərabər dəyər yaradır. Buna görə də işçi qüvvəsinin günlük dəyəri 8 dollar və izafi dəyəri də həmçinin – 8 dollar təşkil edəcək.
İndi isə hesab edək ki, iş günü 2saat uzadılıb, lazımi iş vaxtının miqdarı isə əvvəlki kimi – 4 saat qalır. İzafi dəyərin norması və miqdarı necə dəyişəcək?
Əlavə iş müddətinin artırılması ilə izafi dəyərin miqdarı və norması da artacaq. 6 saatlıq əlavə vaxt ərzində işçi 12 dollarlıq izafi dəyər yaradır, amma işçi qüvvəsinin günlük dəyəri dəyişməz qalır (8 dollar). İzafi dəyərin miqdarı 4 dollar artır,yəni 50% artır, izafi dəyərin norması da dəyişir.
Mütləq izafi dəyərin istehsalından söhbət gedərkən təkcə iş gününün uzadılması nəzərdə tutulmur. Kapitalistlər buna hansı yollarla nail olurlar? Hər şeydən əvvəl, onlar iş gününü açıq şəkildə uzadırlar. Məsələn, işçiləri 8 saat əvəzində 10 saat işləməyə məcbur edirlər. Bundan əlavə, onlar istənilən növ maskalanmış yollara əl atırlar. Beləliklə, iş günü nahar fasilələrinin qısaldılması, iş vaxtından artıq işlərin tətbiqi hesabına uzadılır. Çox tez-tez belə bir forma da tətbiq edirlər: iş yerinin hazırlanması,həmçinin hazır məhsulun təhvil verilməsi üçün lazım olan vaxtı iş günündən ixtisar edirlər. Bir sözlə, mütləq izafi dəyərin istehsalını artırmaq üçün yeni-yeni metodlar axtarırlar.
Dayanmadan iş gününü artırmaq mümkündürmü? Əlbəttə ki,yox.  İş günü təkcə minimal deyil,həm də maksimal sərhədlərə malikdir. Birincisi, iş qüvvəsinin istifadə edilməsinin fiziki həddi var. İşçi sutkanın bütün 24 saatını işləyə bilməz. Bədəninin ən vacib fiziki tələbatlarını (qida,yuxu,istirahət və s.) təmin etmək üçün ona vaxt lazımdır.
İkincisi, iş gününün sosial sərhədləri var. İşçinin də, cəmiyyətin hər bir üzvü kimi, müəyyən intelektual və sosial ehtiyacları var.Bu ehtiyacların  xarakteri,həcmi, həmçinin onların təmin edilməsi ölkənin sosial-iqtisadi və siyasi inkişafından, işçi sinfin formalaşmasının tarixi xüsusiyyətlərindən asılıdır.
Müəssisə sahibi iş gününü maksimal mümkün həddə qədər uzatmağa çalışır, işçi isə iş gününün qısaldılması uğrunda mübarizə aparır. Bu mübarizənin nəticəsi işçilər və kapitalistlər arasındakı gərgin sinfi qarşıdurmalarla həll olunur. Elə buna görə də iş gününün müddəti kapitalizm cəmiyyətində həmişə əsasən sinfi qüvvələrin münasibətindən, proletariatın təşkilatlanma dərəcəsindən asılı olub.
Kapitalistlər maksimal miqdarda izafi dəyər əldə etməyə çalışdıqları zaman iş gününün təkcə əxlaqi sərhədlərini deyil,həm də fiziki sərhədlərini keçirlər. Əgər işçi ağır zülmə dözmürsə və ölürsə, onun yerinə istənilən şəraitdə işləməyə hazır olan onlarla başqa işçilər tapılır.
İş gününün ixtisarına nail olmaq üçün proletariatın inadlı sinfi mübarizəsinə onilliklər lazım olmuşdur. Müasir kapitalist ölkələrin əksəriyyətində qanunvericiliklə 8 saatlıq iş günü tətbiq olunur. İş gününün ixtisarı birbaşa proletariatın sinfi mübarizəsinin nəticəsidir.
Amma sahibkarlar tez-tez qanunlardan yan keçirlər- iş gününü uzadırlar, iş vaxtından əlavə işlərin həcmini artırır, əməyin intensivliyini, yəni gərginliyini gücləndirirlər. Bundan əlavə, onlar mütləq iş gününün uzadılmasından da imtina etmirlər.
Lazımlı iş vaxtı,məlum olduğu kimi, iş qüvvəsinin dəyəri ilə təyin olunur. Uyğun olaraq, o qida məhsullarının, paltarın, ayaqqabın və digər yaşayış vasitələrinin istehsalının ucuzlaşması şəraitində ixtisar oluna bilər. Bundan ötrü isə işçilər üçün yaşayış vasitələri istehsal edən sahələrdə əməyin məhsuldarlığının yüksəlməsi lazımdır.
Kapitalistlər yaşayış vasitələrinin ucuzlaşmasının acgöz məqsədləri üçün istifadə edirlər. İş qüvvəsinin dəyəri azalıbsa,işçilərə də az ödəmək olar. İş gününün müddəti dəyişməz qaldığı üçün əlavə vaxt da artır. Buna görə də izafi dəyər norması çoxalır. İstismar dərəcəsinin çoxaldılmasının ikinci üsulu məhz budur.
Kapitalizm şəraitində əməyin məhsuldarlığı əvvəlcədən işlənib hazırlanmış plan üzrə yüksəldilə bilməz. Hər bir sənayeçi  texniki və texnoloji təkmilləşdirmələri digərlər əvvəl və tez tətbiq etməyə can atır. Əlbəttə ki,onu buna sövq edən alıcının maraqları deyil. Bazar qiymətləri məhsulun ictimai dəyəri əsasında formalaşır. Və əgər sahibkar öz müəssisələrində əməyin məhsuldarlığının artırılmasına və məhsulun dəyərinin azaldılmasına nail olursa, onu ictimai dəyərdə satmaqla öz rəqiblərindən çox izafi dəyər əldə edə bilər.
Belə bir misala baxaq. Tutaq ki, bazar dəyəri 8 dollara bərabərolduğu halda ayaqqabı fabrikinin sahibi öz müəssisəsində 1 cüt ayaqqabının fərdi dəyərinin 5 dollara qədər azaldılmasına nail olub. Amma o ayaqqabını bazar dəyərində satacaq. Deməli,  o əlavə, və ya artıq, izafi dəyər qazanacaq.
Deməli, əlavə izafi dəyər ictimai və fərdi dəyər arasındakı fərqdir. O daha yüksək əmək məhsuldarlığına nail olmuş müəssisələrin sahibləri tərəfindən mənimsənilir.Əlavə izafi dəyər nisbi izafi dəyərin bir növüdür. O iş gününün mütləq uzadılması hesabına yaradılmır, lazımlı vaxtın ixtisarı və uyğun olaraq əlavə vaxtın artırılması əsasında əmək məhsuldarlığının artırılması nəticəsində yaradılır.
Amma əlavə izafi dəyər nisbi izafi dəyərdən bununla fərqlənir ki,birincisi – o bütün müəssisələrdə yaradılmır və yalnız ayrı-ayrı kapitalistlərdə alınır,bütün kapitalist siniflərdə deyil,ikincisi, izafi dəyərin bu növü müvəqqəti haldır. Bu onunla izah olunur ki,vaxt keçdikcə təkmilləşən texnika daha çox izafi dəyər əldə etmək uğrunda öz aralarında rəqabət aparan digər müəssisə sahiblərinin də əmlakı olur. Bu isə ayrı-ayrı sənayeçiləri əlavə izafi dəyər qazanmaq imkanından məhrum edir.

Kapitalistlər arasında əlavə izafi dəyər uğrunda rəqabət hansı nəticələrə səbəb olur? Əlavə izafi dəyər arxasınca qaçmaq texnikanın inkişafına, istehsalın təkmilləşdirilməsinə və bununla da əmək məhsuldarlığının yüksəldilməsinə səbəb olur. Amma hər bir sahibkar çalışır ki, maksimum izafi dəyər yalnız ona qalsın,başqa heç kimə. Buna görə də o bütün var qüvvəsiylə çalışır ki,texniki yenilik digərləri üçün gizli qalsın. Kəşflərin gizli saxlanılması, düşünülmüş şəkildə daha təkmilləşmiş avtomatların, mexanizmlərin,yeni texnologiyaların yayılmasının qarşısının alınması istehsal qüvvələrinin inkişafını zəiflədir.

Tərcümə Günel Muradova