9 февр. 2014 г.


Ekososialistlər kapitalizmin planetimizi öldürdüyünü hesab edirlər. Bəli, gözümüz baxa-baxa kapitalizm planeti canlıları ilə birlikdə öldürməkdədir. Gəlirin çoxalmasına yönəlmiş meyl sonsuzdur, planetimizin imkanları isə məhdud. Kapitalizm ucuz neftdən və qazdan asılıdır, kapitalizmdə enerjiyə qənaət etmə qətiyyən yoxdur. Ola bilməz. Daima gəlirlərin çoxalmasına meyllənilibsə, hansı qənaət ola bilər?!

ABŞ müharibə maşını Exxon Mobil-in xeyiri üçün Yaxın Şərqi xaraba qoydu. Exxon Mobil və digər yeraltı yanacaq korporasiyaları daha çox neft, qaz, kömür, gəlir axtarışında bütün planeti ələk-vələk eləməyi davam edirlər. Bu münasibət dəyişməlidir. Insanlıq, insan cəmiyyəti təbiətlə tarazlıq içində olmalıdır. Heç olmasa qədimdə olduğu kimi. (Qədim hinduların və türklərin təbiətə necə münasibət göstərdiyi haqda məlumatlı olanlar nə demək istədiyimizi anlayacaqlar.)

Kapitalist sistemi iqlim sistemi ilə əhəmiyyətli dərəcədə toqquşma içindədir. Təbiətin kapitalist istismarı insan əməyinin istismarının tərs tərəfidir. Getdikcə ekoloji və sosial böhranlar dərinləşəcək – bunun qarşısını almaq üçün inqilabi düşüncəyə və hərakata ehtiyac var. Yeni, istismardan və gəlirdən azad cəmiyyətin yaranması ancaq inqilabi düşüncəylə mümkündür. Yeni cəmiyyətdə insanlar şey-şüy əldə etməkdə yarışmayacaqlar – bu kapitalist cəmiyyətinin istehlakçı xəstəliyidir. Həyat keyfiyyəti insanların bir-birinə və təbiətə olan münasibəti ilə ölçüləcək. Və yeni cəmiyyətdə insanlar gələcək nəsillər üçün planetimizin qorunmasına və bərpa olunmasına biganə qalmayacaq. Biganə qalacaqsa, zatən insan həyatı, gələcək nəsillər olmayacaq. Yalnız cahillər evladlarının gələcəyini onların mədəsini doldurmaqda, onlara çoxlu mal-mülk qoymaqda görür.