9 дек. 2014 г.

Şəkil Ukraynada çəkilib, Dondasda. Amerikançı neobanderaçı Kiyev hökumətini qəbul etməyən, bu hökumətə etiraz olaraq Ukraynadan ayrılmaq istəyən Donbasda. Gördüyünüz kimi, neobanderaçı Kiyevin silahlı qüvvələrinə qarşı müdafiə olunan döyüşçülər SSRİ bayrağından istifadə edir. Ümumiyyətlə, Donbasda sovet simvolikası çox dəbdədir, çoxları istifadə edir. Bu günlərdə xalq cümhuriyyəti elan etmiş Luqansk və Donetsk bölgələrində seçkilər oldu. Xəbərlərə görə, seçicilər aktiv idi. Sosioloqlar bunu Donbas insanlarının sovet vaxtı üçün nostalji hissləri bəsləməsi ilə izah edirlər... Bu - nostalji - sözünü tez-tez Sovet sosializmi haqda müsbət fikirlər səsləndirən hər kəsin boynuna yarlıq kimi asırlar. Halbuki, məsələ nostalji məsələsi deyil. Hər şey aydın və bəsitdir: insanlar sosializm istəyir, bütün qüsurlarına rəğmən hətta Sovet sosializminə razıdırlar. Kapitalizmdən, neoliberalizmdən dadnadan sonra. Təəssüf ki, Donbas döyüşçülərini və seçicilərini xəyal qırıqlığı gözləyir. Ona görə "təəssüf" deyirik ki, Rusiyanın başqa Putin olmaqla burjua elitası çətin ki, orada qırmızı bir anklavın olmasına razılıq versinlər. Qırmızı Donbas saçı-liberal Kreml üçün təhlükə mənbəyidir. Donbas döyüşçülərin əksəriyyəti amerikançı Kiyev hökumətinə qarşı sovet sosializmini bərpa edəcəklərinə inanaraq vurşurdular. Onlar indiyə kimi inanırlar ki, fabriklər, zavodlar, təbii resurslar, topağlar - hər şey - xalqın mülkiyyətinə qaytarılacaq. İnanın ki, Donbasın bu qırmızı dəstələri Rusiyaya daxil olub Moskva tərəfə getsələr, Rusiyanın hər yerində xalq , sadə insanlar onları xoş qarşılayar, onların tərəfinə keçər...və beləliklə Rusiyanın özündə sosialist inqilabı yenidən zəfər çalar. Rusiya əhalisi Putini ABŞ və NATO-ya qarşı prinsipial mövqe tutuduğuna görə dəstəkləsələr də, korrupsiyaya, sosial ədalətsizliyə, neoliberal islahatların davam etməsinə görə çox narazıdırlar. Bizdə də neoliberal islahatlar davam edir. İki daşın arasında İlham Əliyev pensiya haqda yeni qanuna imza atdı... Heç buna diqqət etdiz? Çünki hamımızın başını Aşuraya, dini söhbətlərə və müğənnilərimizin şəxsi həyatının müzakirəsinə qatıblar.






İkinci dünya müharibəsinin sonunda sovet kəşfiyyatçısı Mixail İvanov SSRİ-nin yaponiyadakı səfirliyində işləyirdi. 

1945-ci ilin avqustunda ABŞ silahlı qüvvələri tərəfindən Hirosima və Naqasakiyə nüvə bombaları atılanda mərkəzdən İvanova bu şəhərlərə gedib məlumat toplamaq tapşırığı verildi. SSRİ-nin o zaman hələ nüvə silahı olmadığından bunu hətta amerikalı mütəxəssislərdən əvvəl etmək vacib idi və o həmkarı Herman Sergeyev ilə avqustun 16-da Hirosimaya gəldilər. Amerikalıların ancaq 20 avqustda ora gəlməsi planlaşdırılırdı.

Qatarla Hirosimaya gələn İvanov və Sergeyev gördükləri mənzərədən dəhşətə gəldilər. Onların məqsədi nüvə silahının gücünü müəyyən etmək üçün material toplamaq idi, amma partlayışın episentrində 1 km radiusunda heç nə yox idi. Elə bil burada nəhəng bir yolbasan keçib yeri hamarlamışdı. Qəribə rəngli ərimiş daşların qoxusu ürək bulandırırdı. Radiasiyadan şübhələnməyən İvanov və Sergeyev bu daşları çemodana yığdılar.

Naqasakidə onlar amerikan kəşfiyyatçı təyyarəsinin atdığı xəbərdarlıq vərəqələrini tapdılar. Sağ qalmış insanlar qırıqlardan özlərinə sığınacaq düzəldirdilər. Meriya binasında gecələmək istəyən İvanov və Sergeyev insanların qışqırıqları, iniltiləri, çürüyən bədənlərin qoxusundan yata bilmədilər.

Onlar radiasiyaya məruz qaldılar. Müharibədən sonra qəbul olunmuş yapon qanunlarına görə onlar nüvə bombalanması qurbanları sayıla bilərdilər.

Sergeyev tezliklə vəfat etdi. İvanov isə bu il 101 yaşında dünyasını dəyişdi. Bunun səbəbləri indiyədək məlum deyil. Məlum olan odur ki, Tokiodan Hirosimaya qatarda gələrkən İvanov bir şüşə viski içmişdi. Sergeyev isə içməmişdi.

Sonradan SSRİ-də nüvə obyektlərinin işçiləri kiçik dozalarda spirtli içkilər qəbul etməli idilər. Hətta sualtı nüvə qayıqlarında bu 100 qramlıq dozaya "İvanovun stəkanı" deyirdilər.

Sovet sosializmi vaxtının plakatı.
Böyük hərflərlə "Milis - xalqın xidmətçisidir" yazılıb. Divarda da yazı var: "Zəhmətkeşlərin şikayət və ərizələrinə diqqətlə yanaşmaq". Bu, milisə olan tələb idi.
SSRİ dağılan/dağıdılan, kapitalizm bərpa olan 25 ildir. Müstəqil kapitalist Rusiyada və Azərbaycanda polis xalqın dostudurmu? Xidmətçisidirmi? Əmək insanının, fəhlənin, kəndlinin, ümumiyyətlə üst təbəqəyə, burjua sinfinə aid olmayan vətəndaşların ərizələrinə və şikayətlərinə diqqətlə yanaşılırmı?
Bəlkə Türkiyədə polis xalqın dostudur? Bəlkə ABŞ-da polis xalqın xidmətçisidir?
Kapitalizmlə hələ qüsurlu sovet sosializminin fərqi həm də bundadır. (Kapitalizm özü sistemli bir qüsurdur.)
Kapitalist ölkədə polis - xalqdan toplanan vergiylə xalqa qarşı istifadə edilən silahlı güc dəstələridir. Bəli, polis ictimai təhlükəsizliyi qoruyur, əziyyət çəkir, sağ olsun... Amma kapitalist elitaya sərf edən ictimai təhlükəsizliyi.

Saral Sarkar - Ekososializmin perspektivləri


I. Sual

Mənim dinləyicilərimdən biri Pekində mühazirədən sonra mənə yaxınlaşdı və söylədi ki, mühazirə onu tamamilə inandırıb, amma onun üçün sual qalan bir şey var: “Ekososializm nə vaxt gələcək?”
Bu çətin, verməyə sadə cavabım  olmayan sual idi. Cavab verdim ki, mən astroloq deyiləm. Bununla belə bu maraqlı sualdır, amma onu başqa şəkildə qoymaq lazımdır: Ekososializmin perspektivləri varmı? Və ya: Bugün insanların əksəriyyətinin kapitalizm cəmiyyətini ekososialist cəmiyyətə transformasiya etmək istəyinin  əlamətləri hansılardır?

Bu sual olduqca vacibdir, çünki dünyada bərqərar olmuş vəziyyət uzun müddət davam edə bilməz. Bu sual Marksın ardıcıllları üçün də başlanğıc nöqtə ola bilər. Marks özünün Siyasi İqtisadiyyatın Tənqidi əsərinin müqəddiməsində yazırdı: “Sosial şərait istehsal qüvvələrinin inkişafı olmadan aradan qalxa bilməz; uyğun olaraq da, köhnə cəmiyyətin daxilində maddi şərait yetişmədən daha yüksək istehsal münasibətləri yarana bilməz. Buna görə də bəşəriyyət qarşısında özü üçün ancaq həll edə biləcək məsələlər qoyur; məsələni daha diqqətlə nəzərdən keçirməklə, görə bilərik ki, həmin məsələrin özləri ancaq onların həlli üçün maddi şərait yarandıqda və ya ən azından formalaşma prosesində olduqda meydana çıxırlar.” (Marks və Engels)Mən Marksın sözü onun üçün son siyasi hikmət olan köhnə sosialistlərdən deyiləm. Amma onun sözləri kifayət qədər inandırıcıdır və aydın düşünən, fantaziya qurmaqla məşğul olmayan sosialistlər üçün faydalıdır. Bu sözlər inkişaf etmiş kapitalizm cəmiyyətlərində işçi sinfin Marksın ümidlərini niyə doğrultmadığını dərk etməyə kömək edir. Bu ona görə baş verdi ki, Marksın fikrinin əksinə olaraq kapitalizmdə mövcud olan istehsal qüvvələri tamamilə tükənməmişdi. Onlar üçün hələ çox yer vardı.

II. Müasir böhranlar

Qoyulmuş suallardan ilkinə cavab verməzdən əvvəl bugünkü vəziyyətin ən vacib və ən çox nəzərə çarpan aspektlərinin üzərində dayanmaq lazımdır. Əgər biz problemləri aydın görsək və böhranın təbiətini anlasaq, suala cavab vermək daha asan olacaq. Biz sual verməliyik: kapitalizm çərçivəsində problemlərin həllini və böhranları aşa biləcək istehsal qüvvələrinin gələcək inkişafını gözləmək olarmı? Əgər bu suala müsbət cavab versək, bu nəticəyə gəlməliyik ki, kapitalizm tezliklə aradan qalxmayacaq və sosializmin meydana gəlməsi üçün sosialistlərin fikrincə,daha yaxşı (hələlik “yüksək”  terminini bir kənara qoyaq) istehsal münasibətlərinə gətirib çıxaracaq maddi şərait hələ yetişməyib. Başqa sözlə, bu nəticəyə gəlməliyik ki, sosializmə keçid üçün hələ zəruri şərait yoxdur.   Son bir neçə ildə dünyanın kütləvi informasiya vasitələri adətən xəbər verdikləri böhranlardan (inflyasiya, iqtisadiyyatın çökməsi, fond bazarının dağılması, iqtisadi staqnasiya, işsizliyin artması, velfer böhranı, inkişafda olan ölkələrdə xarici borcların artması, yoxsulluq, ölkələr arasındakı münasibətlərdə artan gərginlik, müharibələr və s.) daha ciddi müxtəlif böhranlar haqda məlumatlar verirlər. Bu böhranlar hələ də bizimlədir, amma onlar ümumilikdə qanunauyğundurlar və işlərin ümumi vəziyyətinin bir hissəsidirlər. Bəşəriyyətin qarşılaşdığı olduqca daha ciddi böhranlarla müqayisədə onlar kapitalizm rejimi üçün təhlükəli deyillər.

Bugün dünyanın çox yerlərində aclıq çox ağır problemə çevrilib, o olduğundan daha geniş yayılıb. Qısa vaxt ərzində düyünün, taxılın, qarğıdalının və s. qiyməti o qədər artıb ki, bir çox ölkələrdə yoxsullar hətta onları indiyə kimi həyatda saxlayan bir parça yeməyi belə ala bilmirlər. 30 ölkədə qiymətlərin qalxmasına qarşı aclıq qiyamları və kütləvi etirazlar baş verdi.Bundan əlavə, enerji böhranı. Yanacağa və elektrik enerjisinə olan qiymətlərin tədricən qalxması təkcə kasıb ölkələrə deyil, varlı ölkələrə də əziyyət verir. İspaniyada, Portuqaliyada, Fransada və Böyük Britaniyada sürücülər və balıqçılar dizel yanacağına olan yüksək qiymətlərə qarşı nümayişlər keçirirlər, yolları və portları mühasirəyə alırlar, çünki, onların sözü ilə söyləsək, onların peşəsi ziyanlı olur. Hər tərəfdə nümayişçilər və polis arasında qarşıdurmalar baş verir.Enerji böhranı resurs böhranının ən vacib tərkib hissəsidir. Bir çox məhsullar üçün ən vacib və əsas enerji və xammal mənbəyi olan xam neftin əldə olunması getdikcə daha çətin və buna görə də getdikcə daha bahalı olur. Hətta kömürün dəyəri belə qalxır. Nüvə enerjisinin mədən yanacağına alternativ olduğunu düşünənlər üçün qeyd edim ki, hətta uran ehtiyatı belə tükənir, və onun əldə olunması bahalaşır. Bu şeyləri fotoenerji batareyaları və elektron çiplər üçün əsas xammal olan silisium üçün də söyləmək olar. Təkcə bunlar deyil, sənayedə istifadə olunan dəmir, mis, sink, nikel və s. kimi adi metallar da bahalaşır. Hətta dəmir filizi və qara metalın qiyməti belə bahalaşır.    Hər kəs bilir ki, ucuz və əlçatan enerji sənayecə inkişaf etmiş cəmiyyətlərin əsası və yüksək həyat şəraitidir. Buna görə də ucuz neft erasının sonu belə cəmiyyətlərin çiçəklənməsinin sonu deməkdir.Ümumilikdə enerji və resurs böhranı, xüsusilə də təbii qaza olan qiymətlərin bahalaşması gübrəyə olan qiymətlərin də artmasına səbəb olur; əhali artımı, sənayeləşmənin və urbanizasiyanın böyüməsi şum üçün yararlı torpaqların və su mənbələrinin azalması nəticəsində baş verir. Bu faktorlar - əkin üçün yararlı torpaqların bioyananacaq istehsalına istifadə olunması kimi ehtiyatsız qərarlarla birlikdə - müasir ərzaq böhranının arxasında dayanan səbəblərdir.Resurs böhranından daha ciddi böhran iqlim dəyişiklikləri ilə əlaqədar təbii fəlakət təhlükələridir – fırtına, daşqın, torpağın üst təbəqələrinin yerini dəyişməsi və s. – ki, onlar da öz növbəsində qlobal istiləşmə və okean səviyyəsinin artması ilə əlaqədardır. Belə təbii fəlakətlər faktiki olaraq Çin də daxil olmaqla, artıq bütün dünyada müntəzəm xarakter almışdır. Gələcəkdə onlar daha tez-tez baş verəcək və daha dağıdıcı olacaq.Bundan əlavə, biz daim pisləşən ekoloji vəziyyəti unutmamalıyıq: havanın, suyun və torpağın keyfiyyətinin tozlu, kimyəvi və radioaktiv  çirklənmədən deqradasiyası və bioloji növlərin məhv olması üzündən bio-müxtəlifliyin azalması.Resurs və ekologiya böhranından başqa bugün dünya aradan qalxmayan sosial və siyasi böhrandan da əziyyət çəkir: yüz minlərlə qaçqın öz vətənini yoxsulluq, müharibələr və ekoloji bəlalar üzündən tərk edir; dini və millətçi fanatiklərin terrorist hərəkətləri; ölkə daxilində və sərhədlərində etnik konfliktlər və vətəndaş müharibələri; hamı tərəfindən qəbul olunmayan hökumətlərin mövcud olduğu və silahlı quldur dəstələri tərəfindən idarə olunana yarımçıq dövlətlər.Bu böhranlar, xüsusilə bünövrəni təşkil edən ümumi resurs böhranı, bu vaxta kimi görünməmiş inflyasiyaya və iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq. İndiyə kimi inflyasiya ümumilikdə həmkarlar ittfaqları tərəfindən yüksək əmək haqqı tələblərinə  və (və ya) istehsal artımının yavaşlaması zamanı tələbin artmasına görə yaranırdı. Bunun əlacı sadə idi: həmkarlar ittifaqlarını əmək haqqının azalmasının vacibliyinə inandırmaq və ya monetar və fiskal siyasətin köməkliyi ilə tələbi azaltmaq. Bu andan hətta işçilər yüksək əmək haqqı tələb etməsələr belə, və hətta əmtəə və xidmətlərə olan tələb artmasa belə qiymətlər artmağa davam edəcək. Bu ona görə baş verəcək ki, mövcud geoloji və coğrafi şərtlər daxilində xammal hasilatı getdikcə daha da çətinləşəcək ki, bu da ardınca istehsal dəyərinin artmasına gətirib çıxaracaq. Neft hasilatının dəyəri arktik dərinliklərdə misal üçün, Küveyt qumluqlarındakından daha yüksək olacaq.Xammal az, qiymətlər isə daha yüksək olduqda tələb nəinki dayanacaq, həm də azalmağa başlayacaq, çünki insanlar nəsə almaq iqtidarında olmayacaqlar. Bundan başqa, xammal defisiti istehsalın çöküşü demək olacaq. Və bu baş verən zaman, yeni növ resessiya başlayacaq, hansı ki, artıq bərpa olunan resurslara əsaslanan iqtisadiyyat dayanıqlı, təbii vəziyyətinə nail olmayana qədər davam edəcək.   Bütün bu fundamental böhranlar daha əvvəllər qeyd edilmiş, keçmişdə uyğun siyasət vasitəsilə  müəyyən dərəcədə  zəiflədilə bilən efemer böhranlara bənzəmirlər. Bugünün böhranları bu mənada fundamentaldırlar ki, onların kökləri sistemin özəyində - onun kapitalist və sənaye təməlində - yerləşir və onların dəf edilməsi üçün radikal şəkildə sistemi dəyişmək, bununla həyat tərzini, eləcə də bizim əmtəə və xidmətləri necə istahsal etmək üsulumuzu, həm əhalinin səviyyəsini, həm resurlardan istifadə üsulunu, təbiətə münaisbətimizi, bizim sosial münasibətlərimizi və s.və s. şeyləri dəyişmək lazım olacaq. Başqa sözlə, bu böhranları kapitalizmin mövcud sosial, iqtisadi və siyasi sistemləri çərçivəsində dəf etmək mümkün deyil

.III. İstehsal qüvvələrinin vəziyyəti

İndi isə istehsal qüvvələrinin bugünkü vəziyyətini ya artıq baş vermiş, ya da yaxın gələcəkdə baş verəcək hadislərlə birlikdə nəzərdən keçirək. Və baxaq görək, onlar kapitalizm çərçivəsində fundamental böhranın aradan qalxmasına imkan yaradacaqmı. “Eko-sosializm yoxsa eko-kapitalizm?” kitabımda bu məsələni təfərrüatı ilə nəzərdən keçirmişəm.Bugün kapitalizm qarşısında dayanan ən çətin məsələ yeni enerji mənbələrinin axtarışıdır, hansılar ki, (a) atmosferə parnik qazları atmayacaq (və ya çox az atacaq) və (b) ucuz və kifayət qədər olacaq, və buna görə də bərpa olunmayan və tez tükənən, və atmosfərə böyük həcmdə parnik qazı atan mədən yanacağını əvəz edəcək. Başqa sözlə, ətraf mühiti dağıtmadan iqtisadi artımı saxlamaq imkanı verən və bərpa olunan yeni enerji mənbələri (eləcə də digər resursları) tapmaq məsələsi.Alimlər və mühəndislər bir-birilə sıx bağlı olan resursların tükənməsi və ətraf mühtin pisləşməsi problemlərinin ciddiliyini dərk edəndən – bu isə 1970-ci illərin ortalarında baş verdi – bir çox sahələrdə, xüsusilə bərpa olunan və mühiti çirkləndirməyən resurslar sahəsində, tədqiqatlar və axtarışlar aparılmışdır. Amma çox təəsüf ki, hələ də bunun həlli tapılmamaışdır.Bərpa olunan və böyük miqdarda olan günəş və külək enerjisinə böyük ümidlər bağlanmışdı. Gündəlik günəşdən əldə olunan enerjinin miqdarı gündəlik istifadə olunan  dünya bütün kommersiya enerjisindən 15000 dəfə çoxdur. Buna görə də, çoxları dayanıqlı iqtisadi artım problemini həll etməyə imkan verəcək günəş texnologiyalarının yaradılmasına ümid edirdilər.   Amma bu ümidlər hələ də gerçəkləşməyib. Nə günəş, nə də külək enerjisi hələ də mədən yanacağının yandırılmasına əsaslanan və atmosferə on minlərlə ton CO2 atan kommersiya energetikası, ənənəvi energetika ilə rəqabət apara bilmir. Və görünür ki, heç vaxt da apara bilməyəcəklər. Bərpa olunan energetika subsidiyalardan asılı olaraq qalır. Amma subsidiyaların böyük hissəsi mədən yanacağı ilə hərəkətə gətirilən ümumi iqtisadiyyatdan gəlir, o mənbə ilə ki, bərpa olunan mənbələr tərəfindən əvəz olunması güman edilir. Bu o deməkdir ki, bərpa olunan enerji texnologiyaları həyat qabiliyyətli deyil, onlar yalnız mədən yanacağı mövcud olduğu müddətdə mövcud ola bilərlər.Bu asılılığın azalmamasını bu fakt sübut edir ki, Almaniyada bərpa olunan enerji təbliğatı ilə məşğul olan nəhəng Eurosolar təşkilatı bu yaxınlarda zəmanət verilən subsidiyanın kilovatt-saat külək enerjisi dəyərində artırılmasını buna görə tələb edirdi ki, xammalın dəyəri artır. Külək stansiyalarının tikilməsi üçün  vacib olan ən əsas xammal təbii ki, dəyəri sürətlə artmaqda olan mədən yanacağı enerjisidir. Almaniya hökuməti bu tələbi ödədi və zəmanət verilən enerjinin dəyərini yüksəltdi. Eurosolar (hələ ki) zəmanət olunan fotoelektrik enerjisinin dəyərinin artırılmasını tələb etmir, baxmayaraq ki, xammalın dəyərinin artırılması həm də fotoelementlərin istehsal dəyərinin yüksəlməsinə səbəb olur. Nazik kristal plastinkaların hazırlandığı təmiz silisium getdikcə azalır və onun dəyəri artır. Amma zəmanət verilən günəş enerjisinin  dəyəri şərti elektrik enerjisindən o qədər yüksək olub ki, hökumət onu bir az azaltmaq qərarına gəlib. Mənim işim burada enerjinin zəmanətli subsidiyalaşdırılmış dəyərinin nə qədər özünü doğrultmasında deyil, təntənəli surətdə elan olunan bərpa olunan enerjinin tükənən və parnik qazları atan yanacaq iqtisadyyatından iqtisadi asılılığını göstərməkdir. Vəziyyəti texniki dillə izah etsək, nə günəş, nə də külək enerjisi özü-özünü istehsal edə bilmir. Yəni, bu texnologiyalar üçün zəruri olan bütün avadanlıqlar şərti (əsasən də mədən) yanacağın istifadəsi ilə hazırlanır. Onların istehsal etdiyi təmiz enerji, yəni, əldə olunan enerji vahidinin qoyulmuş enerji vahidinə olan nisbəti ya çox kiçikdir, ya da hətta vahiddən kiçikdir.Hazırki dövrdə təbliğ olunan digər bərpa olunan enerji  mənbəyi 2 növdə bio-kütlədir: (a) yanacaq əkinləri və (b) kənd təsərrüfatı və meşəçilik tullantıları. Bu metodlardan heç biri yeni deyil. Bitki yağından istehsal olunan bio-dizel keçmişdə, benzin tərəfindən sıxışdırılana qədər  avtomobillər üçün yanacaq qismində istifadə olunurdu. Bio-kütlə tullantılarından əldə olunan bio-qaz 1950-ci illərdən 70-ci illərə kimi geniş istifadə olunurdu. Bugün onu kiçik mqdarda elektrik enerjisinin istehsalı üçün istifadə edirlər. Qədim bərpa olunan enerji mənbələrinin yenilənmiş şəkildə istifadə olunması – xüsusilə bio-etanol və bio-dizel formasında – və böyük subsidiya alması faktı, günəş və külək enerjisi qurğularından məyusluğu sübut edir.Müasir sənaye cəmiyyətinə təkcə elektrik enerjisi tələb olunmur, həm də maye yanacaq,xüsusilə avtomobillər üçün, tələb olunur. Günəş və ya külək stansiyası  vasitəsilə istehsal olunan elektrik enerjisindən – bu enerjini isə bir yerə toplamaq lazımdır, yəni bu mənbələrin enerjisi təsadüfi xarakter daşıyır - maye yanacaq əldə etmək üçün suyun elektrolizi lazımdır. Bu isə çox bahalı prosesdir. Belə yanacağın monetar dəyəri və günəş və ya külək qurğularından yandırılmış hidrogen əldə etmək üçün lazım olan energetika xərcləri o qədər yüksəkdir ki, onun avtomobillər üçün istifadəsinə mənasız olur. Məhz buna görə şəkər qamışından, qarğıdalıdan və s.bitkilərdən bioetanol və rapsdan, palma yağından və s. bio-dizel əldə etmək ideyasından yapışıblar.Bio-yanacaqların böyük çatışmazlığı var – onlar üçün məhsuldar torpaqlar lazımdır. Buna görə də ya kənd təsərrüfatı sahələrini əhalidən almaq lazımdır, ya da tropik meşələri dağıtmaq lazımdır ki, bu da artıq neçə illərdir ki, Braziliyada, İndoneziyada və Malaziyada baş verir. Bu yaxşı ideya deyil. Kənd təsərrüfatı sahələrini bioyanacaq istehsalı üzrə profilləşdirmək bütün bunlardan əlavə həm də Yer kürəsinin əhalisinin 6,5 milyarda çatdığı və artmaqda davam etdiyi – bu əhalinin 800 milyonu isə aclıqdan əziyyət çəkir - bir zamanda çox təhlükəli işdir. Hazırki dövrdə mövcud olan ərzaq böhranı Dünya Bankının məlumatlarına əsasən 75% bu fenomendən asılıdır (The Guardian, 4.07.2008). Tropik meşələrin bu məqsədlə məhv edilməsi ona görə pis ideyadır ki, birincisi, onlar özləri CO2-ni canına çəkən təbii sistemin tərkib hissəsidir və ikincisi, ona görə ki, onlar planetdə ən böyük biomüxtəlifliyi təmin edirlər. Bundan başqa, hətta bio-yanacaq, baxmayaraq ki, o günəş enerjisi kimi xi-tech istehsalına aid deyil, ondan ötrü  subsidiyalaşdırılmalıdır ki, mədən yanacağı ilə rəqabət apara bilsin. Onlardan əldə edilən təmiz enerjinin vahiddən böyük olması böyük şübhə altındadır (Wall Street Journal, 5.12.2006).    Bərpa olunan energetikadan və mədən yanacağından böyük asılılıq səbəbindən bərpa olunan energetikanın qlobal istilməşmənin qarşısını alacağı haqda inandırmağa çalışma cəhdləri tamamilə tutarsız səslənir. Beynəlxalq Enerji agentliyi (IEA) bu yaxınlarda parnik qazlarının qlobal tullantılarının 2050-ci ilə kimi ikiqat azaldılması haqda tövsiyyə paketi təqdim etdi. Bununla belə, bərpa olunan enerji mənbələrinin istifadəsi bu ixtisarların 21%-ni təşkil etməli idi. İEA hesab edir ki, bu hədəfə nail olmaqdan ötrü bərpa olunan energetika 2050-ci ilə kimi dünya üzrə hasil edilən elektrik enerjisinin 46%-ni təşkil etməlidir. Agentlik il ərzində 17500 külək turbinlərinin tikilməsini və enerji istehsalı üçün istifadə olunan bio-kütləni 4 dəfəyə qədər artırmağı təklif edir. IEA həmçinin bu hədəfə nail olmaq üçün lazım olacaq yatırımların dəyərini qiymətləndirib (bura yeni nüvə stansiyaları üçün olan investisiyalar da daxildir): bütün bunlara 45 trilyon ABŞ dolları lazım olacaq (S;ddeutsche Zeitung, 7.06.2008; Schrader 2008). Bu zaman mədən yanacağının qlobal məhsul (dünya üzrə ÜDM) üzərinə qoyuluşları radikal şəkildə azalacaqsa, bu pulları hardan alacıq? Və əgər mədən yanacağına, xüsusilə neftə və qaza, olan daimi qiymət artımını və dünya iqtisadiyyatının çökməsini nəzərə alsaq bu vəsait hardan alınacaq? Aydındır ki, hətta müasir investisiya səviyyəsini saxlamaq belə çətin olacaq.IEA agentliyi həmçinin hər il 32 nüvə stansiyası tikməyi məsləhət görür, yeni stansiyaların ümumi sayı 2050-ci ilə kimi 1300 olmalıdır.. Əsas güc mənbəyi kimi nüvə energetikasının yenidən inkişafını istehsal qüvvələrinin inkişafı hesab etmək olmaz. Bu köhnə texnologiya bərpa olunan enerji mənbələri ilə müqayisədə olduqca təhlükəli və bahalı hesab olunur. Bugün bərpa olunan enerji mənbələrinin çoxlarını məyus etməsi üzündən siyasətçilər bu köhnə texnologiyanı yenidən dirçəltmək istəyirlər. Amma hətta, insanlar bu riski qəbul etməyə razı olsalar  və hətta bu risklər stansiyaların təkmilləşməsi ilə azaldılsa belə, uran tükənən resursdur və daim bahalaşır. Ekspertlərin qiymətləndirməsinə görə, hazırda onun bütün dünya üzrə 439 nüvə reaktorunda istifadə tempi elədir ki, onun ehtiyatları daha 60 ilə bəs edəcək. Bundan başqa, Dünya Nüvə Assosiasiyasına ( World Nuclear Association) əsasən dünya üzrə uran istehsalı 1981-ci ildə öz pik nöqtəsinə çatmışdır. Bu o deməkdir ki, uran ehtiyyatı getdikcə azalır. Uranın dəyəri 2006-cı ilin sentyabrında 2001-ci ilə nəzərən 6 dəfə çox olmuşdur (International Herald Tribune, 5.09.2006). Uran yanacağı olmayan nüvə stansiyalarının işi ABŞ və keçmiş Sovet İttifaqının nüvə arsenalının qarşılıqlı məhdudlaşdırılmasından sonra atom silahından alınan nüvə materialının hesabına uzadılır.    “Bərpa olunan” energetika ilə olan bu problemlər üzündən energetika sənayesinin kütbeyin realistləri nisbətən əlçatan və böyük miqdarda əldə edilən kömürə əsaslanan energetika üçün həll yolu tapmaq barəsində düşünürlər. Kömür neft kimi universal yanacaq olmasa da, onu qazlaşdırmaq və yandırmaq mümkündür. Problem bundadır ki, onu necə yandırasan ki, atmosferə CO2 atmayasan. Bugün üzərində təcrübə aparılan qərar karbonun tutulması və basıdırlması texnologiyası adlanır (Carbon Capture and Storage, CCS). İdeya CO2-nin kömür stansiyalarında digər yandırılma məhsullarından sənaye üsulu ilə ayrılması, onun tutulması və neft və qaz hasilatından sonra yaranmış boşluqda yüksək təzyiq altında mayeləşdirilməsindən ibarətdir. Sonra – bu hissə də aydın deyil – ya bu boşluqlar bağlanacaq,yaxud da mayeləşmiş CO2 boşluğun ətrafındakı süxurlar tərəfində udulacaq. Münasib geoloji süxurları olan münasib boşluqları da təbii ki, hələ tapmaq lazımdır.Belə həllin ən güclü müdafiəçisi 2006-cı ildə Böyük Britaniya hökuməti tərəfindən yaradılmış komissiyanın rəhbəri ser Nikolas Sterndir. Bu komissiyanın hesabatında bu metodla qlobal tullantıların təhlükəsiz səviyyəsə qədər ixtisara salınmasının dəyərinin qiymətləndirilməsi aparılmışdır ki, bu da 2050-ci ilə kimi çox kiçik bir məbləğ - dünya ÜDM-in 1%-ni təşkil etməlidir. Amma bəzi iqtisadçılar belə optimistik qiymətləndirmənin dürüstlüyünə çox şübhə ilə yanaşırlar. Robert C.Samuelson yazır:“ İqtisadi artımın saxlanması üçün parnik qazları probleminin kritik problem olmadığını düşünmək olmaz. Stern öncədən onu cüzi güman etməklə kiçik dəyər alır. Onun qiymətləndirmələrində güman edilir ki, texnoloji təkmilləşmələr tullantıların azalması ilə iqtisadi artımı əlaqələndirəcək... İstiləşməni dayandırmaq üçün, Stern istəyir ki, 2050-ci ilə kimi illik tullantılar hazırki səviyyəsindən 25% aşağı olsun. İEA agentliyinin hesablamalarına görə, iqtisadi artım 2050-ci ilə kimi tullantıların  ikiqat artmasına gətirib çıxaracaq. Biz bu gün bu uçqun üzərindən tullana bilmərik...Biz dürüst olmalıyıq. Biz enerji istifadəsi ilə tullantılar arasındakı sıx bağlılığı yox etməyən iqtisadi etxnologiyalar yaratmadan heç nəyə nail ola bilməyəcik. Qlobal istiləşməyə ciddi yanaşan istənilən kəs texnologiya haqqında düşünməlidir, onu passiv qəbul etməməlidir. Əks halda bizim seçimimiz olmayacaq: ya iqtisadiyyatı parçalayan bahalı nəzarət sistemləri, ya da parnik qazlarına həssas olmayan bahalı enerji sistemləri. Ya da hər ikisi.” (Samuelson 2006. Emphasis added)

   IV. Əsas inkişaf mənbəyi

Bugün Avropada bizim Wissensgesellschaft-da yaşamağımız haqda tez-tez eşitmək olar. Bu alman terminini “bilik cəmiyyəti” və ya “intelektual cəmiyyət” kimi tərcümə etmək olar. Bu yaxınlarda müxtəlif müasir böhranlar barəsində aparaılan müzakirələrdən birində moderator alimdən, Fransanın maliyyə nazirinin məsləhətçisindən soruşdu ki, böhranların qarşısının alınması üçün qərb cəmiyyətləri nə etməlidir. Məsləhətçi bildirdi ki, ümumiyyətlə, maddi resurslar dayanmadan azalır və bahalaşır, və dünyada az əmək haqqı səviyyəsi olan dövlətlər – Çin, Hindistan və digərləri - arasında rəqabət artır. Beləliklə, böhranı yalnız “elm cəmiyyətinə”, Wissensgesellschaft –a sürətli keçidlə dəf etmək olar. Mən məxsusi olaraq qəsdən  internet ensklopediyasında axtardım və müəyyən etdim ki, əksər qərb alimləri hesab edirlər ki, “nəzəri bilik – post-sənaye cəmiyyətlərinin ən zəruri resursudur”, “biliklərin yaradılması, istifadəsi və təşkili  - istehsalatın və artımın əsas mənbəyidir” (Wikipedia, German edition).Bir neçə il əvvəl oxşar fikirlər daha sadə ifadə olunurdu, daha dəqiq desək, elmi və texnoloji inkişafı tərif edərək. Almaniyada bəzi insanlar söyləyrdilər: qoy çinlilər, hindlilər, şərqi-avropalılar və digərləri adi məhsullar istehsal etsinlər, biz ideyalar və ya yüksək-texnoloji məhsullar nə nou-xau satacıq. Amma belə ümidlər üçün bir əsas varmı?Müasir elm yaranan andan bilik istehsalı dayanmayıb. İndiki dövrdə alimlərdən eşidirik ki, bilik, necə deyərlər, partlayış xarakteri daşıyır. Amma əgər bilik iqtisadi artım üçün belə vacib resursdursa və onun əsas  mənbəyidirsə, II bölmədə söhbət açdığım böhranlar hardan yaranıb? Aydındır ki, yalnız biliyin kifayət etməsinə ümid etmək əsassızdır.Biliklərin yaradılması, istifadəsi və təşkili həmişə vacib resurs və səmərəliliyin və istehsalın
mənbəyi olub. Amma onlar Sənaye Sivilizasiyasının inkişafının və partlayıcı xarakterinin səbəbi deyillər. Bəs o zaman son iki yüz ildə rifah halının artmasının əsas səbəbi nə olub? Bəli, mədən yanacağı.Hər birimizin də yaxşı bildiyi kimi, buxar maşını Sənaye İnqilabını “işə saldı”. Yüksək təzyiqli buxarı kömürü yandırmaqla əldə edirlər. Buxar istehsalı üçün odun da istifadə oluna bilərdi. Amma İngiltərədə Sənaye İnqilabı başlayanda artıq odun çatışmırdı. Odunun yerinə kömür, olduqca çirkli yanacaq istifadə olunmağa başladı. Odun və kömür arasındakı fərq ilk növbədə bundadır ki, birincisi, kömür ehtiyatı o qədər çox idi ki - ən azından Sənaye İnqilabının baş verdiyi yerlərdə - tükənməz görünürdü. İkincisi, kömürün enerji tərkibi (enerji sıxlığı) odundan olduqca çoxdur. 1996-ci ildə aparılmış tədqiqat göstərdi ki, ABŞ-da salınmış ağac plantasiyalarındakı təmiz enerji göstəricisi EROEI 2.1-ə bərabərdir. İlkin dövrlərdə (1901-1920) texas nefti üçün EROEI 20-yə bərabər idi. Başqa sözlə, mədən yanacağı hər bir insana şərti olaraq onlarla kölə verirdi.       Praktiki bilik verən alimlər və mühəndislər nəsli öləndə, onun yerinə başqa nəsil alimlər və mühəndislər gəlir. Onlar və onların bilikləri, belə deyək, sənayecə inkişaf etmiş ölkələr üçün bərpa olunan mənbələrdir və onların çatışmazlığı yoxdur. Amma mədən yanacağı ilə belə deyil.Son 200 ildə yer almış xeyli sayda ixtiralar və istehsal artımı, təbii ki, alim və mühəndislərin işlərinin nəticələridir. Amma onların üzərində işlədiyi platformanı nəticədə əlçatan və ucuz mədən yanacağı təmin edirdi. Misal üçün, təyyarənin ixtirasını kifayət qədər neft olmadan təsəvvür etmək deyil. Əl əməyini əvəz edən və səmərəliliyi artıran elektrik maşınlarını da eynilə mədən yanacağı istifadə etmədən təsəvvür etmək çətindir.Bugün həmin bu platforma laxlayıb. Neft hasilatı son həddə çatıb. Onun qiyməti hədsiz dərəcədə artıb və artıq təklifi artırmaq mümkün deyil. Artıq üfiqdə qızıl neft əsrinin sonu görünür. Bir çox hava yolları uçuş marşrutlarını bağlayır, qiymətləri qaldırır. Amerikalılar və avropalılar daha az şütüməli və daha az avtomobil almalı olurlar. Amerika və Avropa avtomobil sənayesi böhranı içərisindədir.Ekoloji iqtisadiyyatın banilərindən olan Nikolas Georqeskyu-Reqen mədən yanacağı yataqlarını və digər vacib bərpa olunmayan mədən minerallarını “bəşəriyyətin Yer kürəsindən aldığı kiçik miras” adlandırır. Buna görə o belə bir nəticəyə gəlib:“Hətta əhalinin sabitliyi və resursların sabit istismar tempində belə, insan nəsli digər faktorlar üzündən  daha əvvəl məhv olmasa, nəticədə, bu miras tükənəcək.”(Georgescu-Roegen 1971/1981: 296)“Digər faktorlar” adı altında müxtəlif müharibələri,  xüsusilə, yerdə qalmış resurslar üstündə müharibələr, resurs məhdudiyyəti üzündən insanlığın müqavimət göstərə bilməyəcəyi pandemiyalar, qlobal istiləşmənin yaratdığı dağıntılar və digər fəlakətləri başa düşmək olar.Georqeskyu-Reqen bunu 1971-ci ildə, əsas diqqətin resurs probleminə ayrıldığı bir vaxtda yazmışdı. 2006-ci ildə Ceyms Lavlok diqqətini – digər gözəl alim və mütəfəkkir - əsasən Yer kürəsi planetinin ekoloji sağlamlığı üzərində topladı. O Yer kürəsini canlı orqanizm ilə müqayisə etdi və onu “Qeya” (qədim-yunan ilahəsinin adı ilə) adlandırdı. Qlobal istiləşmədən qaynanaqlanan böyük təhlükə haqqında qeyd edərkən, Lavlok böyük pessemizimlə yazırdı:“Qeyanın qızdırması var və  onun xəstəliyinin səbəbi bizik. Tezliklə onun vəziyyəti pisləşəcək və komaya düşəcək.  O daha əvvəllər də komaya düşüb, amma özünə gəlirdi; düzdür bunun üçün 100000 çox zaman tələb olunurdu. Onun vəziyyətinin məsuliyyəti bizim üzərimizdədir və tezliklə onun xəstəliyinin bütün təsirlərini öz üzərimizdə hiss edəcik: artıq bu yüzillik temperatur mülayim enliklərdə 8 dərəcə Selsi və tropiklərdə 5 dərəcə Selsi artacaq.”Amma öz pessemizminə baxmayaraq, o hərəkət etməyə çağırır:“Ümidsizliyə qapılmayaq və yalnız öz hüquqlarımız və tələbatlarımız haqda düşünməyək; qəbul etmək lazımdır ki, biz Yer Kürəsinə ziyan vurmuşuq və artıq Qeya ilə sülh bağlamaq zamanı gəlib. Hələ gücümüz varkən, silahlı quldur dəstələri bizi aciz qullara çevirməmiş biz onunla danışıqlara girməliyik.

V. Yeni hədəflər

Biz Lavloku dinlədikdə, qarşımızda tamamilə fərqli, yeni məsələlər dayanır. Və problem təkcə qlobal istiləşmədə deyil. O daha genişdir. Bu gün ekologiya və iqtisadiyyat arasında danılmaz ziddiyyət mövcuddur. Qısası, biz nə qədər çox istehlak ediriksə, ətraf mühiti o qədər çox çirkləndiririk/dağıdırıq. Bu hətta istehlak tullantıların ixtisarı üçün artsa belə doğrudur.  Və əhalinin və gələcək nəsillərin marağında olan  ətraf mühitin qorunması üzrə bütün tədbirlər mövcud nəslin xərclərinin və itkilərinin artırılması ilə nəticələnir ki, bu da iqtisadi artımı məhdudlaşdırır. Təbiətin çirklənməsinin və məhvinin –qlobal istiləşmə də daxil olmaqla -  ən etibarlı azaltma üsulu ümumi istehlakı azaltmaqdır. Hansı ki, ümumi iqtisadiyyatın kiçilməsinə səbəb olur. Öz kitabımda aşağıdakıları təklif etmişəm.   Biz bunu istəsək də, istəməsək də III və  IV bölmələrdə gətirilmiş faktlar belə bir mütləq nəticəyə gətirir ki, sosializm ideyası sənayecə yüksək inkişaf etmiş cəmiyyət əsasında artıq reallaşa bilməz. Bundan əlavə, sosializm rejiminin ilk məsələsi istehsalın və əməyin səmərəliliyinin artırılmasından ötrü istehsal qüvvələrinin inkişafı olmasına ənənəvi baxış artıq mənasızdır. Bu ideyalar və anlayışlar köhnəliblər, və onları bugünkü problemlərə və böhranlara  daha uyğun ideya və anlayışlarla əvəz etmək lazım. Beləliklə, bugün sosialistlər insan tələbatları və hüquqlarının prioritet anlayışını ətraf mühitin mühafizəsi prioriteti anlayışı ilə əvəz etməlidirlər. Və yeni sosializm rejiminin ilk vəzifəsi əsaslı surətdə, və hətta məxsusən, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid təşkil etmək olmalıdır. Marks yazırdı: “Filosoflar indiyə kimi sadəcə dünyanı izah edirdilər; məsələ isə onu dəyişməkdədir”. Biz bu gün söyləməliyik: biz, sosialistlər də daxil, indiyə kimi dünyanı dəyişirdik; indi isə məsələ onu qorumaqdır. Bundan başqa, kommunizm cəmiyyətində ilk qaydanın “hər kəsdən bacarığına, hər kəsə tələbatına görə” olması haqda Marksın ideyasına düzəliş edilməlidir. Bugün bu qayda belə səslənməlidir: hər kəsdən bacarığına... hər kəsə - təbiəti dağıtmadan və zəiflətmədən ondan əldə edilə bilənin bərabər hissəsi.   I bölmədə misal çəkdiyim Marksın sitatına qayıdaq. O yazırdı: “... daha yüksək istehsal qüvvələri köhnə cəmiyyətin daxilində maddi şərait yaranmadan meydana gələ bilməz.” Görünür, Marks burda demək istəyir ki, yüksək istehsal qüvvələrinə malik sosializm uyğun maddi şərait yetişən kimi öz-özünə (avtomatik) yaranacaq. Mən hesab etmirəm ki, o öz-özünə yaranacaq, onu yaratmaq lazım; Marks həmçinin yaranmış “məsələlərdən” danışır. Sual yaranır: onun üçün maddi şərait yetişibmi?“Maddi şərait” adı altında Marks və onun ardıcılları bu vəziyyəti başa düşürdülər ki, sənayecə yeksək inkişaf etmiş cəmiyyətdə kapitalizm istehsal qüvvələrinin gələcək inkişafını dayandıran güc olacaq. Onların fikrinə görə, kapitalizm bu səbəbdən məhv olmalıdır. Bununla belə, müasir kapitalizm iqtisadiyyatına nəzər salanda görürük ki, kapitalizm istehsal qüvvələrinin inkişafını DAYANDIRMIR. Əksinə, kapitalizm istehsal qüvvələrini inkişaf etdirir, özü də elə bir güclə və sürətlə ki, insanlar və qlobal ətraf üçün ən böyük təhlükəyə çevrilir. Uyğun olaraq, bu gün məsələ istehsal qüvvələri üçün məhdudiyyətləri aradan qaldırmaqda deyil, əksinə, kapitalizm şəraitində bazar qüvvələri ilə həyata keçirilən bu qüvvələrin insan cəmiyyətinə və təbiətə münasibətdə hər hansı bir əxlaqi normadan asılı olmayan dinamika aldığını dərk edərək onları daha effektiv məhdudlaşdırmaqdadır. Amma  bu kifayət deyil. Bugün məsələ artım dəliliyindən uyğun uzaqlaşmanı təşkil etmək, insanlığın iqtisadi aktivliyini düşünülmüş şəkildə azaltmaqdır.Bu məsələlərin öhdəsindən yalnız artımın azalmasına istiqamətlənmiş sosializm və planlı iqtisadiyyat gələ bilər. Kapitalizmdə ona yer yoxdur, çünki onun məntiqi artıma əsaslanıb. Məhz bu səbəbdən o aradan qaldırılmalıdır. Bu tamamilə fərqli, tamamilə yeni səbəblərdir ki, sosializm bu səbəblərə görə lazımdır. Bu sosializmin vəzifələrinin yeni quruluşudur. Köhnə və yeni sosializm arasında fərqi göstərmək üçün yeni sosializmi “eko-sosializm” adlandırmaq lazım.

VI. Eko-sosializmin perspektivləri

Marks yazırdı: “bəşəriyyət qarşısında yalnız həll edə biləcəyi  vəzifələri qoyur; elə bu vəzifələrin özləri də yalnız onların həlli üçün maddi şərait yetişdikdə meydana gəlir..”. Yeni məsələlərin, eko-sosializmin qarşısında dayanan məsələlərin uğurlu həlli üçün maddi şərait mövcuddurmu? Mən hesab edirəm ki, bəli. Çünki, sosializmin köhnə marksist anlayışından fərqli olaraq bugün istehsal qüvvələrinin sürətli inkişafına, sənayecə yüksək inkişaf etmiş cəmiyyətin, yenidən qurulmasına, sovet və çin kommunistlərinin etdiyi kimi, ehtiyac yoxdur. Yeni sosializm məsələlərinin və yuxarıda qeyd olunan məsələlərin həlli üçün vacib olan maddi şərait artıq çoxdan mövcuddur: uyğun bərpa olunan enerji mənbələri və çox zəhmət tələb edən texnologiyalar. Həmçinin də əhali artımını məhdudlaşdıran texnologiyalar.Burda əlavə etmək istəyirəm ki, sosializmə hətta obyektiv zərurət də var. İnsanlığın böyük hissəsi  başa düşür ki, II bölmədə qeyd edilmiş böhran və bədbəxtlikləri kapitalizmdə dəf etmək mümkün deyil; insanlar alternativləri arzulayırlar. Ən azından vəziyyətin inkiafını şəxsən müşahidə etdiyim Almaniyada sosializmə olan keçmiş antipatiya getdikcə yox olur. Sorğularda almanların təxminən yarısı hesab edir ki, sosializm çox yaxşı ideyadır, amma onun həyata keçirilməsi uğursuz alınmışdı. Amma bir vacib şərt var ki,  o hələ yoxdur, daha dəqiq desək dünya insanlarının əksəriyyətinin yuxarıda sadaladığımız məsələləri öz qarşılarında qoymağa və ümumilikdə ekososializmi qəbul etməyə subyektiv hazırlığı. “Uyğun bərpa olunan mənbələr” ifadəsi, təəssüf ki, hələ də, deyək ki, ABŞ və ya Almaniyada orta sinfin müasir həyat səviyyəsinin saxlanması üçün onların kifayət edəcək səviyyəsi kimi başa düşülür.Köhnə marksist-sosialistlər inqilabdan sonra özündə eqoizmə qalib gələn və kollektivin rifahı üçün öz maraqlarını qurban verən, maddi bərabərliyi qəbul etməyə hazır olan Yeni İnsan yaratmaq hədəfini ortaya qoymuşdular. Eko-sosializm bu mənada çoxluq üçün yeni hədəfi ortaya qoyur – daha aşağı maddi səviyyəni qəbul etməyə hazır olmağı. Köhnə sosializmdə eqoist insan kollektivin rifahının yüksəlməsindən asılı olaraq onun rifah halının yüksələcəyi vəd edilən Yeni İnsan çevrilməli olduğu zaman, eko-sosializm aşkar surətdə rifah halının yüksəlməsini vəd etmir. Misal üçün,  tropik amazon meşələrini surətlə məhv edən bugünkü Braziliyada baş verənlərin əksinə olaraq eko-sosialist cəmiyyət bərpa olunan enerji mənbələrini təkcə insanlar üçün sərf etməyə çalışmayacaq.Məhsuldar torpaqların böyük hissəsi digər heyvan və bitkilərin yaşayış mühitinin saxlanması üçün insanlar tərəfindən istifadə olunmayacaq. Eko-sosialist cəmiyyət elektrik enerjisi istehsalı üçün bütün çaylar üzərində bəndlər  qurmayacaq.   Kapitalizmi əvəz edəcək eko-sosializmin hansı perspektivlər var? İlk görünüşdən bu perspektivlər az görünür. Lavlok “biz” söyləyir. “Biz” kimdir? Əminəm ki, Lavlok bütün insanlığı nəzərdə tutur.Bugün ekososializmin perspektivləri az olsa da, biz gələcək haqqında danışa bilərik. Bütün bugünkü böhranlar zaman keçdikcə daha da kəskinləşəcək. Xaos, qarışıqlıq, konfliktlər bir-birinin ardınca ölkələrdəki hakim siyasi rejimlərin çökməsinə aparıb çıxara bilər. Əlbəttə, bugün ekososialist rejimin qurulacağına ümidlər azdır. Amma pessemizim üçün də səbəb yoxdur.   Bu gün dünyada eko-sosialistlər azdır. Və hətta özünü eko-sosialist və ya eko-marksist adlandıranların özləri də insanlığa orta sinfin həyat səviyyəsindən zövq almağa imkan verəcək bərpa olunan mənbələrinin və “təmiz” texnologiyaların sonsuz istifadəsi haqda illüziyaların əsiridirlər. Amma bu illüziyalar tezliklə keçə bilər. Müxtəlif böhranlar, xüsusilə qlobal istiləşmə və resurs çatışmazlığı, kütlələri tezliklə maarifləndirə və onları şeylərə real baxmağa məcbur edə bilər. Biz, ekososialistlər, belə maarifləndirməyə kömək etməliyik. Çox şeydə məsuliyyət bizim, bugünkü ekososialistlərin üzərinə düşür və bizim nə qədər inadla və ağıllı işləməyimizdən asılıdır.Bundan başqa, sənayecə inkişaf etmiş ölkələrdə bir az ümid görürəm. Birincisi, ekologiyadan fərqli səbəblərə görə bu ölkələrin əhalisi azalır (Misal üçün, Rusiya və Almaniya) və ya eyni səviyyədə qalır. Mənəvi, əxlaqi və ya ekoloji mülahizələrdən daha çox insan könüllü olaraq sadə həyat tərzi sürür. Çoxları şəxsi avtomobillərdən imtina ediblər və ümumilikdə istehlakı azaldıblar. Ekologiya üzrə nəzəri işlərdə tez-tez 19-cu əsr iqtisadçısı, iqtisadiyyatın “daimiliyini” müdafiə edən Con Stüart Millin sitatı ilə rastlaşıram. German Dali (1977) tərəfindən “sabit iqtisadiyyatın” müdafiəsi ekoloqlara yaxşı tanışdır. Bu yaxınlarda İngiltərədə və Almaniyada iqtisadiyyatın sənayecə inkaşaf etmiş ölkələrdə qaçılmaz çöküşü haqda xəbərdarlıq edən bir neçə kitab və məqalələr yarandı. Bənzər baxışları bölüşən insanlar hələ də azdır. Amma çoxluq artıq narahatdır və neft əsrindən sonrakı dövr barədə düşünür. Bu mənada həmçinin bunu da qeyd etmək vacibdir ki, bu ölkələrdə özlərini “artım əleyhinə hərəkat” (de-growth movement) adlandıran hərəkatlar mövcuddur.    Bununla belə, təəssüf ki, gələcək barəsində narahat olan və həll yolları axtaran bu və digər müəlliflər ancaq kapitalizm çərçivəsində düşünürlər. Onlar sual vermirlər: bəs onların ideyaları kapitalizmdə reallaşa bilərmi? Amma mən düşünürəm ki, ola bilsin elə bir zaman gələcək ki, onda hökumətlər insanlara zəruri qurbanlar haqda söyləməli olacaqlar və daha çox siyasiləşmişlər tələb edəcəklər ki, ağırlıqlar ədalətli bölünsün, yəni əsas əmtəələrə, məhsullara və xidmətlərə  kartoçka sistemi tələb edəcəklər. Ümid etmək olar ki, iqtisadiyyatın planlı şəkildə aşağı düşməsi başlayan zaman sənayecə inkiaş etmiş ölkələrdə insanlar əcdadlarının sənaye dövrünə qədər barışdıqları görünməmiş bərabərsizliklə barışmayacaqlar. Bu ekososializmə doğru bir addım ola bilər.

VII. İnkişaf edən ölkələrdə ekososializmin perspektivləri

Düşünürəm ki, Üçüncü dünyanın kasıb ölkələrində ekososializmin perspektvləri daha yaxşıdır. İdeal ekoloji dayanıqlı həyat tərzi və onların real həyat obrazı arasındakı fərqlər Qərbi Avropa və ya Şimali Amerika ölkələrində olduğu qədər böyük deyil. Üçüncü dünyada elektriksiz və maşınsız necə yaşadıqlarını hələ çoxları xatırlayır. Hindistanda hələ bugün də əhalinin 2/3-ü elektriksizdir. Amma burada çox ağır bir aspekt var – qarşısı heç nə ilə alınmayan əhali artımı.   Bugün Latın Amerikasında son hadisələrlə bağlı sosialistlər arasında böyük entuziazm müşahidə etmək mümkündür. Bəzi ölkələrdə özlərini sosialistlər adlandıran prezidentlər seçilmişdir, digərlərində sollar sosial-demokratlarla bir bloka daxil olurlar. Xüsusilə böyük ümidlər Venesuelanın və Boliviyanın üzərinə düşür. Amma belə gözləntilər sadəcə köhnə sosialist düşüncəni ifadə edir. Bu iki ölkədə gedən neft və qaz monopoliyalarının əhalinin yoxsul təbəqələrinin xeyrinə yenidən bölüşdürülməsi təbii ki, istənilən halda alqışa layiqdir. Amma belə rejimi “petro-sosializm” adlandırmaq olar. Bu siyasətin gələcəyi yoxdur. Neft və qazın istismarı aşağı enməyə başlayanda sosialist-prezidentlər nəyi bölüşdürəcəklər? Buna görə də biz neft və qazla və ya digər tükənən bərpaolunmayan “mirasla” təmin olunmamış dövlətlərə baxmalıyıq.
Dərhal ağıla Çin gəlir. Bu ən sıx əhaliyə malik ölkənin iqtisadiyyatı artıq illərdir ki, bum vəziyyətindədir. O sürətlə sənayecə inkişaf etmiş ölkəyə çevrilir. Bundan başqa, Çin qüdrətli kommunist partiyası tərəfindən idarə olunur. Buna görə də, köhnə sosializm tərəfdarları düşünə bilərlər ki, bu ölkədə sürətlə sosializm cəmiyyətinin əsasının qurulması gedir, baxmayaraq ki, kapitalist müəssisələrin və bazar iqtisadiyyatının cəlb edilməsi ilə. Bi-Bi-Si kanalının jurnalisti Çin Kommunist Partiyasının üzvündən kapitalist müəssisə sahiblərinin işçilərin hesabına böyük gəlirlər əldə etməsinə necə baxdığını soruşanda, o cavab vermişdi: “Hədəf eyni olaraq qalır, sadəcə yollar və temp dəyişib”. Düşünürəm ki, Çin Kommunist Partiyasının liderləri də eyni cavabı verərdilər.  Amma onlar daha ekoloji və resurs böhranına əhəmiyyət verməyə bilməzlər.

   Bir zamanlar Qandinin də qeyd etdiyi kimi, “Yer kürəsi hər kəsin ehtiyaclarını ödəyə bilər, amma hərisliyi nəzərə almadan”.

   
Tərcümə Günel Muradova