19 сент. 2013 г.

Hörmətli dostlar!
Hər kəs, sözsüz ki, öz əsaslandırılmış şəxsi fikrini yaza bilər, imkan olduqca diqqətdən kənar qoymuruq, cavab veririk. Lakin bəzi yoldaşlar onu da bilməlidirlər ki, bizim də hər kəs kimi öz fikrimizi söyləmək haqqımız var və biz həmişə arqumentlə danışırıq. Ona görə bizə nəyi və necə yazmağımız haqda göstəriş verməyin. Bu, ən azından etik deyil.
Bəzi təmiz və sadəlövh yoldaşlar Cəmil Həsənlidən qəhrəman düzəltmək istəyirlər və dünənki yazıda onun adını çəkməyimiz xoşlarına gəlməyib. Cəmil Həsənli zehniyyəti 1993-cü ildə Əliyevləri iqtidara gətirib. Cəmil bəy bu iqtidarın milli ideoloqlarından biridir və iqtidara alternativ ola bilməz. Bəli, bunlar – iqtidardakı və müxalifətdəki sağçılar, liberallar, antisosialistlər, antisovetçilər - 23 ildir ki, öz aralarında iqtidar uğrunda mübarizə aparırlar. Aparsınlar. Şəxsən bizim üçün bunların heç bir fərqi yoxdur. İlham Əliyevə olan nifrət real siyasi analizə əngəl olmamalıdır. Cəmil Həsənlinin kumir saydığı Əbülfəz Əliyev də iqtidara demokrat maskasıyla, “demokratik, rüşvətsiz, ədalətli bütöv Azərbaycan” şüarıyla gəlmişdi (konkret belə şüarları olmayıb, məzmununu lakonik ifadə edirik). İqtidara silahlı çevrilişlə gəldikdən sonra “kommunist” dedikləri Ayaz Mütəllibov dövrü ilə müqayisədə nə demokratiya qaldı, nə ədalət, nə haqq.. Rüşvəti isə bəylər dəfələrlə artırdı. İndi onların vaxtında neftdən gələn müftə milyardlar yox idi, onlar oliqarx olmağa macal tapmadılar – bu ayrı məsələ... Yəni “Cəmil bəy demokratiya gətirəcək” deyib onun milli qəhrəmana çevirməyin yeri yoxdur. Bunların demokratiya dediyi şey bir ovuc kapitalistin diktaturasıdır. Bununla belə, səhifəni izləyənlər bilir ki, biz sağ və liberal müxalifətə qarşı heç vaxt təbliğat aparmamışıq, əksinə, fürsət düşdükcə həbsə atılan gəncləri müdafiə etmişik. Biz sadəcə ideoloji mübarizə aparırıq, konkret adlar çəkməkdən çalışırıq uzaq olar. Bəzən bu mümkün olmur, konkret ad çəkmək məcburiyyətində qalırıq. Bunu “yıxılmış, əzilmiş yazıq müxalifətə təpik vurmaq” kimi qiymətləndirmək haqsızlıqdır, doğru deyil.
Bu seçkilər bir farsdır. Heç kimin ümidini qırmaq istəmirik, öz fikrimizi bildiririk. Bildiririk ki, gələcəyə düzgün yola işıq tutaq. Bəli, bu seçkinin mənası yoxdur. Azərbaycan xalqına hörmət edən şəxslər ümumiyyətlə bu seçkidə iştirak etməməlidir, təklif etməlidir ki, “seçkilər olmasın, seçkiyə xərclənən pullar fiziki qüsurlu şəxslərə və kimsəsiz qocalara, uşaqlara paylanılsın”. Ən ədalətli seçki nəticəsində belə İlham Əliyev qalib gələcək. Cəmil Həsənli ona alternativ deyil. Onun dünənki çıxışında səsləndirdiyi “prezident oğluna filan qiymətə Dubayda villa alıb... “ və s. məlumatları hamı bilir.. Bu haqda biz də yazmışıq, demişik... Hamının bildiyi, çeynənmiş və köhnəlmiş məlumatları səsləndirdiyi üçün tarix elminə obyektiv yanaşmayan, öz musavatçı ideologiyasının xeyrinə tarixi saxtalaşdıran şəxsi necə milli qəhrəman elan etmək olar?! Saxtakar – saxtakardır. Bu gün əlində tarix elmi var – onu saxtalaşdırır. Sabah əlində ayrı mövzu olacaq, saxtalaşdırmayacağına kim qarant dura bilər?
Bu seçkidə heç bir intriqa yoxdur. Bir hədsiz maddi və administrativ resursları olan İlham Əliyev var, bir də korrupsiya üzərindən onu vurmağa çalışan Cəmil Həsənli. O cümlədən Cəmil bəyin köməyilə sovet əxlaqını məhv edib yerinə “milli” və islami (bunların deyimi ilə desək, milli-mənəvi dəyərlər) əxlaq yeridəndən sonra bizim xalqımız korrupsiyaya qarşı həssas deyil, çünki mollalar və hüquq müdafiəçiləri (qrant sökənlər) qarışıq hər kəs öz imkanları çərçivəsində oğurlayır. Yəni korrupsiya üzərindən vurmaqla uzağı öz elektoratını aktivləşdirmək olar. Uzağı. Ki, fb-dakı şərhlərdən də görünür, Cəmil bəyin söhbəti yaman ləzət edib tərəfdarlarına. Sanki yeni nə isə kəşf edilib. Qalan prezidentliyə namizədlər isə, İqbal Ağazadə qarışıq, hamısı İlham Əliyev üçün çalışır, hərə öz rolunu oynayır. Məsələn, İqbal bəyin rolu Cəmil bəyin potensial elektoratını parçalamaqdır.
Bu iqtidara bu gün yeganə alternativ ola biləcək şəxs, bizim fikrimizə görə, Lalə Şövkət Hacıyeva idi. Ona səs verəcəkdilər. Onun üçün seçki məntəqələrinə gedəcəkdilər. Fəqət onu incidib-incidib, iyrəndirib siyasətdən uzaqlaşdırdılar. Kim? İsa Qəmbər və onun iqtidar tərəfindən maliyyələşdirilən mətbuatı. Lalə xanıma öz ənənəvi “Rusiyanın agenti” yarlıkını asdılar. İqtidarla birlikdə. Gördüyünüz kimi, iqtidar və sağ müxalifət birlikdə hərəkət edə bilirlər. Lalə xanımı onlar birlikdə neytrallaşdırdılar.
Solun yeganə təşkilatlanmış qüvvəsi olan kommunist dostlarımız bu seçkidə iştirak edəcəkdilər. Təəssüf ki, edə bilmədilər. Yəqin ki, resursları yoxdur. Şansları yox idi – bunu yəqin özləri də başa düşürdülər, amma iştirak sol ideyalarını xalqın yadına salmaq baxımından vacib idi. Hamınız bilirsiz ki, seçki maddi vəsait tələb edir. Qərb demokratiyalarındakı seçkilərdə bütün namizədlər seçkiqabağı pul yığma kampaniyası aparırlar, maraqlı dairələr onlara on milyonlarla vəsait köçürürlər... Bizim sağ və liberal müxalifətin Qərb fondlarından yaxşı maddi dəstəyi var. Yerli burjuaziya da, hətta iqtidarın müxtəlif klanları onlara yardım edirlər. Solun isə heç bir dəstəyi yoxdur. Çox çətindir. Amma yenə də sol təşkilatlanıb seçkilərə qatılmalıdır, nə olursa olsun, başqa yolu yoxdur. Bu iqtidarı ancaq alternativ ideologiya, alternativ əxlaq yıxa bilər - Sol. Sol xalqla təmas qura bilsə, geniş kütlələrə yeni sosializmi anlada bilsə, köhnə sosializmi xatırlada bilsə, növbəti seçkilərdə mövcud iqtidara ciddi rəqib olacaq.

15 сент. 2013 г.


Bu gün 11 sentyabrdı. Səhər açılandan xəbər portalları və qəzet saytları “11 sentyabrda ABŞ-da baş vermiş faciə” haqda yazılar paylaşırlar. Məsələnin məzmunu dərk edə bilənlərə çoxdan məlumdur. Buşa “Böyük Yaxın Şərq proyekti”ni həyata keçirməyə bəhanə lazım idi və ABŞ-ın mənəvi atası olduğu Əl-Qaidə ona növbəti dəfə kömək əlini uzatdı. Bəli, 11 sentyabr terror aktlarının arxasında Buş və MKİ dayanırlar. Usama bəyin də müsəlman qaydaları ilə balıqlara yem edilməsinin nə qədər doğru olub-olmaması hələ müəmmalıdır.
Azərbaycan KİV-ləri də, şübhəsiz ki, qlobal kapitala, yerli kapitalistlərə xidmət edir. Əksəriyyətinin heç yaradıcılıq istedadı da yoxdur, indi əksər jurnalistlər və yazarlar xarici mətbuatdan yazıları oğurlayıb, tərcümə edib öz adından verməklə məşğuldur. Ona görə də hamı xorla ABŞ-ın 11 sentyabırından danışır.
Biz isə başqa 11 sentyabrdan bəhs etmək istəyirik.
40 il əvvəl, 11 sentyabr 1973-cü ildə Çilidə ABŞ-ın (MKİ-nin) dəstəyilə faşist çevrilişi baş verdi. (Kolen Pauel və başqa ABŞ rəsmiləri son illər öz əməllərini etiraf ediblər.) Dövlət çevrilişi nəticəsində xalq tərəfindən seçilmiş legitim sosialist-prezident Salvador Alyende hökuməti devrilmişdi. Hərbi çevrilişi bilavasitə MKİ hazırlamışdı və həyata keçirmişdi.
Alyende mis yataqlarını milliləşdirmişdi və bununla ölkəsinin sərvətinə ağalıq edən transmilli şirkətləri qorxuya salmışdı. Onlar öz növbələrinin çatmasından bərk narahat idilər. Və Alyendeyə qarşı aparılan üç illik təxribatdan sonra açıq aşkar hərbi çevriliş edildi. Hərbçilərin bütün ultimatumların geri çevirən Alyende iş yerini tərk etmir və ətrafında yığışmış tərəfdarlarına nahaq yerə ölməmək üçün getmələrini təklif edir. Onunla könüllü olaraq 40 nəfər qalır. Sözsüz ki, onların ordunun tanklarına, hərbi təyyarələrinə qarşı vuruşmağa gücü çatmazdı. Prezident sarayı bombalanmağa başlayanda Alyende orada olan iki qızını (biri hamilə olur) bir təhər razı salır ki, sarayı tərk etsinlər... Sonra digərlərini də dilə tutur, deyir ki, “artıq təslim olmaq lazımdır, gəlin çıxaq, siz çıxın mən də kabinetdən bəzi sənədləri götürüb gəlirəm”. Hamı çıxandan sonra Alyende qışqırır: “Alyende təslim olmur”. Sonra avtomat atəşi eşidilir. Bir fərziyəyə görə o, intihar edir, başqa bir fərziyəyə görə onu güllələyirlər...
Şüurlu Çili əməkçiləri də mübarizəsiz boyun əymirlər, onlar bütün günü zavodlarda, fabriklərdə orduya müqavimət göstərirlər.
ABŞ-ın dəstəyilə Çilidə general Pinoçetin hərbi-faşist diktaturası qurulur, 11 sentyabrdan sonra kütləvi repressiyalar başlayır, həqiqi sosialistlər, kommunistlər öldürülür. Pinoçetin diktaturası zamanı 60 mindən çox itkin düşüb. 
Altay Göyuşov kimi ABŞ kölələri dünyadan bixəbər olan, dərk və analiz edə bilməyən gənclərə “SSRİ-də meyvələri dərmanlayırdılar” tərzində ərəb nağılları danışır.
Abırsız adamların zamanəsində yaşayırıq, ləyaqətli insanlar üçün çətindir.

SSRİ, sosializm dövründə Soçi sanatoriyalarının birində "fitnes"... 1-si, o vaxtı Türkiyədə, eləcə də dünyanın başqa yerlərində bu günkü "kurort", "sanatoriya", "turizm" anlayışı yox idi... 2-si, gördüyünüz kimi sovet vətəndaşının harasa istirahətə getməyə ehtiyacı yox idi, öz ölkəsində havayı istirahət edirdi və eyni zamanda müalicə olunurdu. Üstəlik, azı 21 gün. Bunları ona görə qeyd edirik ki, antisovet təbliğatçılarının istifadə etdikləri arqumentvari fikirlərdən biri odur ki, guya SSRİ-də azadlıq yox idi, heç kim heç yerə gedə bilmirdi. Təbii ki, başdan ayağa yalandı. O vaxtlar dünya qloballaşmamışdı, bu günkü texnika da yox idi, elə kapitalist ölkələrinin vətəndaşları da xaricə az gedib gəlirdilər. Amma SSRİ, baxmayaraq ki, 1-ci dünya müharibəsinin və sonra xarici intervensiya nəticəsində baş vermiş vətəndaş müharibəsinin dağıntılarının üstündə qurulurdu, vətəndaşlarını hər ölkəyə göndərirdi. Yəni səfərlərini maliyyələşdirirdi. Təbii, bu səfərlərdə məna görürdüsə. Şair Mayakovski ABŞ-a da getmişdi, Avropa ölkələrini də gəzirdi.. Elə başqaları da... Məsələn, təyyarəçi Levandovskiyə Stalin özü 30-cü illərdə təklif etmişdi ki, sovet təyyarələrini bəyənmirsə, getsin ABŞ-a istədiyi təyyarəni seçsin, dövlət onu onun üçün alsın...
BMT-nin ərzaq proqramının məruzəsində qeyd olunur ki, dünyada istehsal olunan ərzağın təxminən 1/3 –i zibilliyə atılır. Ekspertlərin məlumatına görə resurslardan belə qeyri-effektiv istifadə ildə təxminən 750 milyard dollar itki təşkil edir. Bundan əlavə qeyd olunur ki, əlavə ərzaq və onun zibilliklərdəki çürüntüləri atmosferə parnik qazlarının atılmasına səbəb olur. Hal-hazırda dünyada 870 milyon insan aclıq keçirir, onların böyük hissəsi Asiyada, Afrikada və Cənubi Amerikada yaşayırlar. 
Tədqiqatın yekun hissədə ekspertlər qeyd edirlər ki, 2050-ci ilə kimi vəziyyət bir neçə dəfə pisləşə bilər, çünki əhali artımı istehsal olunan məhsulun 60% artmasını tələb edəcək, bu isə tükənən resurslar üçün olduqca problemli məsələdir. Ekspertlər ərzaq tullantılarını azaltmaq üçün yeni istehlak modelini hazırlamağı məsləhət görürlər. BMT-nin ərzaq proqramı dəfələrlə buna görə ilk növbədə hökumətlərə və nəhəng korperasiyaların sahiblərinə müraciət edib. Amma heç bir müsbət nəticə yoxdur və olmayacaq da. Çünki bu kimi qlobal problemləri həll etməyin əsas yolu dövlət tərəfindən nəzarət olunan planlı iqtisadiyyatdır. Heç bir kapitalist dövlət nəhəng korperasiyalara təsir edə bilmir, əksinə nəhəng şirkətlər gəlir müqabilində həm kapitalist dövlətlərə, həm də beynəlxalq təşkilatlara öz istəklərini diktə edirlər. Buna görə də kapitalizm sistemi qaldığı müddət boyunca heç bir beynəlxalq təşkilatın, insanlığın və təbiətin qlobal problemlər üzrə çaldığı həyəcan siqnalına məhəl qoyulmayacaq, barbarlıq davam edəcək.
Bu şəkildəki fili hər hansı bir yırtıcı heyvan parçalamayıb, bu heyvanı aclıqdan əziyyət çəkən Zambiya əhalisi parçalayıb. Xəstə fili görən ac insanlar müxtəlif vasitələrlə diri fili soymağa və onu parçalamağa başlayıblar. Yırtıcı kapitalizm şərtləri insanları bu vəziyyətə salır. Bütün dünyada disbalans mövcuddur – planetin bir küncündə insanlar aclıqdan əziyyət çəkdiyi, vəhşi heyvan kimi yaşamağa məhkum olduğu halda digər küncündə qida məhsulları tullantı şəklində planeti çirkləndirməyə davam edir. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə hər gün 24 min insan aclıqdan və ya aclıqla bağlı xəstəliklərdən həyatını itirir. Uşaq ölümlərinin 1/3-nin səbəbi aclıqdır. Planetdə hər bir insanı qida ilə təmin edə biləcək qədər ərzaq istehsal olunur. Hesablamalara görə bugün dünyada istehsal olunan ərzağın miqdarı hər bir insana gündəlik təxminən 1,7 kq qida qəbul etmək imkanı verir. Kasıb ölkələrin əksəriyyəti özlərini qida ilə təmin etmək bacarığındadırlar, amma kapitalistlər imkan versələr. Problem budur ki, bu ölkələrin əhalisinin özünə yemək almağa pulu kifayət etmir. Əhalisi aclıq çəkdiyi halda bəzi ölkə qida məhsulları ixrac edir – azad bazar qanunları üzrə. Kapitalizmin azad bazar qanunları planeti məhv etməyə davam edir.