6 июл. 2013 г.

Qlobal istiləşmə haqqında indiyə kimi söylənilmiş 10 ən böyük ağılsızlıq (“Rollingstone”, ABŞ)


Planetin gələcəyi haqqında ən mənasız miflər,ən məzəli səhv təsəvvürlər və ən utanmaz yalan

Qlobal istiləşmə haqqında ən ağılsız fikirlərin ətraflı siyahısını hazırlamaq demək olar ki, mümkünsüzdür. Siyasət,ilər, teleaparcılar, iqtisadçılar, icmalçılar iqlim dəyişiklikləri haqda fasiləsiz olaraq axmaqlıqlar söyləyirlər. Amma uzun və diqqətli tədqiqatlardan sonra biz bu mövzu barəsində 10 ən axmaq bəyanatı seçə bildik.

1.      Karbon qazı “sözün əsl mənasında qlobal istiləşməyə səbəb ola bilməz”.

İnsanlar iqlimşünaslığın məlumatlarını ən müxtəlif üsullarla inkar etməyə çalışıblar, amma atmosfer fizikası tərəfindən qoyulmuş faktları inkar etməyə çalışan bu cəhdlə çox az şey rəqabət apara bilər. Tez-tez Fox News-da görünən meteroloq Co Bastardi (Joe Bastardi) bildirmişdi ki, karbon qazı “sözün əsl mənasında qlobal istiləşməyə səbəb ola bilməz”, çünki, o “atmosferdə yaxşı qarışmır” ( əslində isə yaxşı qarışır). Onun sözlərinə görə, qlobal istiləşmə həm də termodinamikanının Birinci qanununu poza bilərdi (Termodinamikanın Birinci qanunun – enerji heç nədən yaranmır və yox olmur, o sadəcə bir şəkildən başqa şəklə keçir). Həqiqətdə, qlobal istiləşmə yeni enerjinin yaranması ilə əlaqəli deyil, yalnız mövcud atmosferin karbon qazı ilə tutulmasıdır.

2.      “Qar olmasa, su xizəklərində gəzərik”.

            1990-cı ildə dünya iqlimşünaslığın ona hansı fəlakətlər vəd etdiyini dərk edəndə, Yel universitetinin bir iqtisadçısı iqlim dəyişiklikləri ilə mübarizə üçün nə qədər vəsait xərcləmək lazım olduğunu təyin etmək qərarına gəldi, və belə bir nəticə çıxardı ki, çox az. “İnsanlar müxtəlif iqlim zonalarında yaşayırlar. Şəhərlər havanın kondisionerləşdirilməsi və ticarət mərkəzləri kimi yeniliklər sayəsində iqlim kaprizlərindən daha yaxşı müdafiə olunublar” – o qeyd etdi. Bundan başqa, daha çox ziyan görən sahələr – məsələn, kənd təsərrüfatı – onsuz da bugün iqtisadiyyatda az rol oynayırlar. Digər sahələrdəki iqtisadi artım bu zərəri tamamilə kompensasiya edə bilər: “Qar olmasa, su xizəklərində gəzərik”. Necə də optimistdir!
            Bizim müəllif Bill Makkiben (Bill McKibben) özünün 2007-ci ildə işıq üzü görmüş “Dərin İqtisadiyyat” (“Deep Economy”) kitabında bu ideya üzərində doyunca məzələnmişdi. “Mikroelektronikaya sahib olmaq,əlbəttə ki, gözəldir, amma yeməyə bir şey tapmaq olduqca vacibdir,- Makkiben yazır.- Əgər qlobal istiləşmə “təkcə” kənd təsərrüfatına ziyan vuracaqsa, digər sahələr bütün əhəmiyyətini itirə bilər”.

3 “Planeti qlobal soyumadan xilas etmək üçün daha çox kömür yandırmaq lazımdır”.

          Planetin getdikcə qızması haqqında elmi konsensusa baxmayaraq, iqlimşünaslığı inkar edənlər hələ də “qlobal soyuma” haqqında mifi sevirlər. Əlbət ki, bu mif kömür kompaniyasının direktoru üçün xüsusilə  cazibədar görünür: bu cümlə həmin dövrdə Massey Energy-yə rəhbərlik edən Don Blankenşipin “Tvitter”indən götürülmüşdür.

4.      İqlim dəyişikliyi mümkün deyil, çünki, “Tanrı əvvəlki kimi mövcuddur”.

2012-ci ildə Oklaxomadan olan respublikaçı-senator Ceyms İnxouf bəyan etdi ki, iqlimşünaslıq xristianlığa ziddir – və vacib deyil ki, əksər xristian liderləri və strukturları iqlim dəyişiklərinə ciddi yanaşırlar. “Mən demək istəyirəm ki, Tanrı əvvəlki kimi mövcuddur, - o, Voice of Christian Youth America-ya bəyan etmişdi – və məni Tanrının yaratdığı iqlimi dəyişə biləcəyimizi düşünən insanların lovğalığı hiddətləndirir”.
Bu kateqoriya üzrə ikinci yer : 2009-cu ildə İlinoysdan olan respublikaçı-konqressmen Con Şimkus Tanrının tufandan sonra Nuh peyğəmbərə verdiyi sözə istinad edərək bəyan etmişdi ki, biz narahat olmamalıyıq. “Dünyanın sonu yalnız Tanrı buna qərar verdiyi zaman baş verəcək, - o qeyd etdi. – İnsanlar dünyanı məhv edə bilməz”. Yəqin ki, bunda əmin olmaq çox yaxşı şeydir.

5.      Tanrı mədən yanacağını ona görə yaradıb ki, “biz onu tapanda O sevinir”.

Amerika Ailə Assosiasiyasının direktoru Brayan Fişerin sözlərinə görə, mədən yanacağına qənaət etməyə çalışmaq – dostuna onun sənin ad gününə verdiyi hədiyyəni xoşlamadığını söyləmək kimi bir şeydir. “Biz bizə belə zəngin,ucuz və effektiv yanacaq mənbələri bəxş edən Tanrı ilə də belə davranırıq, - o qeyd edir.- Tanrı bu sərvətləri gizlətmişdir, çünki, biz onları axtarıb tapanda o sevinir”. Doğrudan da, Tanrı ilə sərvət axtarışı oynamaqdan imtina etmək necə də pis rəftardır!

6.      “O qədər soyuq idi ki, prezident plaşını geyindi, amma bununla belə qlobal istiləşmə haqqında danışmağa davam edirdi”.

2013-cü ildə prezident Obamanın inauqurasiya nitqini şərh edən Luizianadan olan respublikaçı-konqressmen Stiv Skelisin bu incisi ayrı-ayrı soyuq hava nümunələrinin iqlim dəyişiklikləri haqqında elmi məlumatları inkar etməsinə əsaslanan uzun və axmaq ənənəni davam etdirir. Ən azından Ceyms İnxouf ailəsinin Milli xiyabanda qurduğu və “El Qorun yeni evi” adlandırdığı mil-daxmanı, və ya  çovğun qarşısında virciniya respublikaçılarının bəyanatını xatırlayın, hansı ki, bu bəyanatda onlar seçicilərə qanunverici məclisin iqlim dəyişikliyi qanunvericiliyini dəstəkləyən üzvlərinə zəng vurmağı və “bu istirahət günləri nə qədər qlobal istiliyə məruz qaldığınızı söyləyin – bəlkə, onlar bunun qarşısını ala bilərlər” məsləhət görürdülər. Nəzərə alsaq ki, hazırda hava və iqlimin eyni şey olmaması haqda sadə faktı izah edən bir neçə minlərlə məqalələr yazılıb, bu zarafat getdikcə daha da axmaq olur, və hər dəfə yenidən kiminsə ağlına gəlir.

7.      “Bunun neçəyə başa gələcəyini öyrənməyənə qədər, fikirləşirdim ki, bu həqiqətdir”.

        Yenidən senator İnxouf. 2012-ci ildə Reyçel Meddou ilə söhbəti edərkən, o etiraf etmişdi ki, qlobal istiləşmənin nəticələrinin minimallaşdırılmasının neçəyə başa gələcəyini öyrəndikdən sonra qlobal istiləşməyə inanmamağa başladı. Əgər müalicə xoşuna gəlmirsə, xəstəliyin mövcud olmasını inkar etməkdən başqa, olduqca qəribə olan budur ki, bu sahədə fəaliyyətsizlik bizə daha baha başa gəlir. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə əsasən, dünya iqlim dəyişiklikləri ilə mübarizə üçün əhəmiyyətli tədbirləri  təxirə saldığı hər ilə görə gələcəkdə əlavə 500 milyard dollar ödəməli olacıq.

8.      İqlim müdafiəçiləri “planetə insanlardan daha çox qiymət verir”.

         Rik Santorum iqlimşünaslığı “ən yalançı ilahiyyat”- “planetə insanlardan daha çox qiymət verən, və bizə  planetə zərər vurmamaq üçün təbii rəsurslara toxunmamağı göstəriş verən dünya görüşü” adlandırarkən  Respublikaçılar partiyasından prezidentliyə ən real namizədlərdən biri idi. Santorum bununla kifayətlənmədi və əlavə etdi: “Tanrı bizi – öz yaratdıqlarını –  Yerə yerləşdirdi ki, biz ona sahib olaq, ondan ağılla istifadə edək və müdrikcəsinə idarə edək, amma öz xeyrimizə, planetin xeyrinə yox”. İnsanın və planetin bu şəkildə qarşı-qarşıya qoyulması iqlim skeptikləri üçün növbəti sevimli mövzudur. Görünür, onlar çox az hallarda bu aşkar fikirə gəlirlər ki, sağlam Yer kürəsi ona görə vacibdir ki, insanlıq orada normal yaşaya edə bilsin.

9.      “100 il çoxdur... Çox güman ki, insan cəmiyyətinin təbiəti çox dəyişəcək və bu məsələ aktullağını itirəcək”.

         Bu qəribə mülahizələr iqtisadçı və bloqqer Karl Smmitin bugün Forbes-da nəşr olunan “Çirki enerjinin müdafiəsinə: atmosferin çirklənməsindən də pis şeylər var və biz onlarla tanışıq” («In Praise of Dirty Energy: There Are Worse Things Than Pollution and We Have Them») məqaləsindən götürülmüşdür. Smit iqlimşünaslıqla mübahisə etmir, amma bununla belə hesab edir ki, iqtisadiyyatı genişləndirmək üçün biz daha çox mədən yanacağı yandırmalıyıq. O hesab edir ki, iqlim dəyişdikdə insanlar sadəcə yeni şəhərlər tikəcəklər və ya şimala, Sibirə köçəcəklər, və elə texnoloji inkişaf etmiş cəmiyyət quracaqlar ki, ona stabil iqlim lazım olmayacaq. Söyləmək asandır...

10.  “Mənim insanların qlobal istiləşməyə nə üçün inandıqları haqda nəzəriyyəm var. 30 və ya 40 il
 əvvələ qayıdaq, nə vaxt ki, ölkədə olduqca az kondisioner vardı. Sən kondisionersiz evdən küçəyə çıxdıqda sənə elə gəlirdi ki, orada daha sərindir, çünki, evlər duxovkaya dönürdü. Yayda ikinci və ya üçüncü mərtəbədə daha pis olurdu. Bütün pəncərələri açmaq və ventilyatoru qoşmaq qalırdı, əgər ventilyator vardısa. Lap istəyirsən səni kağız vərəqi ilə yelləmək üçün kimisə tut. Küçəyə çıxırsan – orada da cəhənnəm istisi var, amma nisbətən sərindir. 30-40 il keçdi, hər yerdə kondisioner var. Bayıra çıxdın: İlahi, istiyə bax! Qlobal istilik budur. Bütün məsələ onu nə ilə müqayisə etməkdədir”.

Aydındır? Bütün bu alimlər iqlimin uzunmüddətli dəyişməsi modelinə əsasən sadəcə öz kondisionerlərinə görə çaşıblar. Bax belə.

Nəşrin originalı: The 10 Dumbest Things Ever Said About Global Warming


Tərcümə: Günel Muradova