30 апр. 2013 г.

4. Marks: Yadlaşmış əmək (Qerbert Markuzenin “Düşüncə və inqilab” kitabından bir hissə)



Marksın 1844 və 18460-cı illər arasında yazılmış əsərlərində müasir cəmiyyətdə yerinə yetirilən əmək forması insanın müəyyən edilmiş total “yadlaşması” kimi dərk edilir. Bu kateqoriyanın istifadəsi Marksın iqtisadi analizini Hegel fəlsəfəsinin əsas kateqoriyası ilə əlaqələndirir. Marks qeyd edir ki, ictimai əmək bölgüsü fərdin hər hansı qabiliyyətini və tamın maraqlarını hesaba almadan baş verir: o tamamailə kapitalist əmtəə istehsalı qanunları tərəfindən təyin edilmişdir. Bu qanunlarla təyin edilən əməyin məhsulu və ya əmtəə insan fəaliyyətinin təbiətini və məqsədini təyin edir. Başqa sözlərlə, həyata xidmət etməli olan material həyatın mənası və məqsədi üzərində hökmranlıq etməyə başlayır, və insan düşüncəsi bütövlükdə maddi istehsal münasibətlərinə qurban verilir. Beləliklə, Marks nəzəriyyəsinin çıxış nöqtəsi olan materialist yanaşma, hər şeydən əvvəl, iqtisadiyyatın nəzarət olunmayan qanunlarının bütün insan münasibətləri üzərində hökmranlıq etdiyi hakim ictimai nizamın materialist xüsusiyyətlərini izah edən tarixi faktı təsdiq edir.

Eyni zamanda da belə quruluş düşüncə və sosial yaşam arasındakı əlaqəni əsassız və həqiqi əlaqə özünü biruzə verənə qədər aradan qaldırılmalı olan bir şey hesab etdiyindən, tənqidi istiqamətə malikdir. Bu şəkildə, materialist tezisin həqiqəti onun inkarında həyata keçməlidir. Marks dönə-dönə qeyd edir ki, onun materialist çıxış nöqtəsi onun analiz etdiyi cəmiyyətin materializmi ilə təyin olunur. O, iddia edir ki, hətta siyasi-iqtisadiyyat tərəfindən qəbul edilən “faktdan”, “iqtisadi faktdan” başlayır. Müasir cəmiyyətin inkişafından asılı olaraq “işçi nə qədər çox sərvət istehsal edirsə, onun istehsal etdiyi məhsulun gücü və ölçüsü nə qədər böyüyürsə, o, bir o qədər daha yoxsul olur. İşçi nə qədər çox əmtəə istehsal edirsə, bir o qədər daha ucuz əmtəəyə çevrilir. Şeylər dünyasının dəyərinin artması ilə insan dünyasının qiymətdən düşməsi (Verwertung) düz mütənasib olaraq artır”. Siyasi-iqtisadiyyatın klassikləri (Marks Adam Smitdən və Jan Batist Sey-dən sitat gətirir) qəbul edirlər ki, işçilər üçün hətta cəmiyyətin zəngin vəziyyəti belə “stasionar yoxsulluq”dan başqa bir məna vermir.

Bu iqtisadçılar göstərdilər ki, yoxsulluq heç də qeyri-münasib xarici şəraitin nəticəsi deyil, amma əməyin hakim xarakterinin nəticəsini bildirir. “Cəmiyyətin inkişaf vəziyyətində işçinin məhvi və yoxsullaşması onun əməyinin və onun istehsal etdiyi sərvətin məhsuludur. Başqa sözlə, yoxsulluq müasir əməyin öz mahiyyətindən irəli gəlir” və müasir cəmiyyətin mahiyyətində yer alır.

Əmək insan inkişafına necə təsir edir? Bu sualı verməklə, marksizm nəzəriyyəsi “siyasi iqtisadiyyat səviyyəsinə” yüksəlir. İqtisadi münasibətlərin, qaydaların və institutların cəmini izolyasiya edilmiş obyektiv faktlar toplusu kimi deyil, insan öz həyatını yaşadığı ictimai inkişafın tarixi formasını təşkil edən toplu kimi nəzərdən keçirmək lazımdır. İxtisaslaşmış elm üçün xarakterik olan məhdudiyyətlərdən azad olmuş iqtisadi kateqoriyalar insan varlığının təyinedici faktorları kimi çıxış edir (Daseinsformen,Existenzbestimmungen),hətta əslində onlar obyektiv iqtisadi faktları (məsələn, əmtəə, dəyər, torpaq rentası) göstərsə də.

Əmək – sadəcə iqtisadi fəaliyyət deyil (Erwerbstaetigkeit), insanın “həyat fəaliyyətidir”,onun “ şüurlu həyat fəaliyyətidir”, hansı ki, onun sayəsində o nəinki yalnız qazanır (Lebensmittel), həm də öz “universal təbiətini” inkışaf etdirir. Yeni kateqoriyalar iqtisadi reallığın insana, onun bacarığı, gücü və ehtiyaclarına nə dərəcədə təsir göstərməyini qiymətləndirəcək. Marks bu insan xüsusiyyətlərinin əsas hissəsini “universallıq” haqqında danışaraq xülasə edir; iqtisadiyyatı tədqiq edərkən o ilk növbədə iqtisadiyyatın insanın anadangəlmə, universal varlığını reallaşdırıb-reallaşdırmaması haqda sual verir.
Bu terminlər bizi Feyerbaxa və Hegelə qaytarır. İnsanın təbiəti onun univesallığından ibarətdir. Onun intelektual və fiziki bacarıqları yalnız o halda reallaşa bilər ki, bütün insanlar öz insanı imkanlarının zənginliyini açmaqla insan kimi mövcud olsunlar. İnsan o halda azaddır ki, bütün insanlar azaddır və bir-birinə “doğma varlıqlar” kimi yaşayırlar. Bu şərtlərə nail olduqdan sonra həyat onu təşkil edən bütün individlərin imkanlarını seçən nəslin, İnsanın potensial imkanları ilə formalaşacaq. Əgər “təbiət insanın məhsulu və insanın reallığıdırsa”, insan azaddır, odur ki, o “özünü özünün yaratdığı dünyada seyr edir”.

Marksın söylədiyi əməyin özgəninkiləşdirilməsi öz konkret ifadəsini, birinci, işçilərin öz əməklərinin məhsuluna münasibətində,ikincisi, onların öz fəaliyyətlərinə münasibətində tapır. Geniş istehsal bu istehsalı stimullaşdırmaq üçün istifadə olunan kapital yatırımı, böyük həcmdə vəsait tələb edir. Əmtəələr müstəqil azad sahibkarlar tərəfindən onların gəlirli satışı üçün istehsal olunur. İşçi öz əməyinin məhsulunu əmək müqaviləsi vasitəsilə verdiyi kapitalistə çalışır. Kapital - əmək məhsullarını idarə edən gücdür. İşçi nə qədər çox istehsal edirsə, kapitalın gücü o qədər çox artır və işçinin öz əməyinin məhsulunu əldə etmək üçün lazım olan şəxsi vasitələri bir o qədər azalır. Bu şəkildə əmək özünün yaratdığı gücün qurbanı olur.

Marks bu prosesi növbəti şəkildə yekunlaşdırır.
“Əmək vasitəsilə istehsal edilmiş predmet, onun(əməyin) məhsulu, yad bir varlıq, istehsalçıdan asılı olmayan qüvvə kimi əməyə qarşı durur.. Əməyin həyata keçirilməsi onun predmetləşdirilməsidir. Siyasi iqtisadiyyat tərəfindən nəzərdə tutulan vəziyyətlərdə əməyin belə həyata keçirilməsi, onun həqiqətə çevrilməsi işçinin həqiqətdən kənar edilməsi, predmetləşdirmə - predmetin itkisi və predmet tərəfindən kölə halına salınma, predmetin mənimsənilməsi – özgəninkiləşdirmə, yadlaşma kimi görünür.
Kapitalist əmtəə istehsalı qaydaları daxilində nəzərdən keçirilən əmək mütləq məzmunsuzlaşır, çünki “işçi işdə özünü nə qədər çox əldən salırsa, onun üçün yad olan, onun özü tərəfindən özünə qarşı yaradılmış predmet dünyası bir o qədər daha qüdrətli olur, o özü isə daha da yoxsullaşır...”

Marks bu mexanizmin əmək haqqının artıb-azalmasında necə işlədiyini göstərir. Əmtəə istehsalı qanunları hər hansı bir əlavə vasitə olmadan əmək haqqını stasionar yoxsulluq səviyyəsində saxlayır.
“Əməyin həqiqətə çevrilməsi o dərəcədə həqiqətdən uzaqlaşır ki, işçi aclıqdan ölümə qədər həqiqətdən uzaqlaşır. Predmetləşmə o dərəcədə predmet itkisi kimi çıxış edir ki, bütün ən vacib predmetlər,təkcə yaşam üçün vacib predmetlər yox, həm də işləmək üçün predmetlər, işçinin əlindən alınır. İş özü də elə predmetə çevrilir ki, o (işçi) yalnız öz gücünün böyük gərilməsi hesabına və qeyri-müntəzəm fasilələrlə onu mənimsəyə bilir. Predmetin mənimsənilməsi o dərəcədə yadlaşır ki, işçi nə qədər çox predmet istehsal edirsə, o qədər az miqdarda həmin predmetə sahib ola bilir və bir o qədər çox öz məhsulunun, kapitalın təsiri altına düşür.”

Öz məhsuluna yadlaşdırılmış işçi həm də özünə yadlaşır. Onun əməyi artıq ona aid deyil, onun özünün başqa birinin mülkiyyəti olması faktı isə insanın öz mahiyyətinə təsir edən ekspropriasiyanı (ekspropriasiya - cəmiyyətdə bir sinif və ya ictimai qrup tərəfindən başqa sinif və ya ictimai qrupun mülkiyyətinin zorla əlindən alınması) göstərir. Əmək öz həqiqi formasında insanın həqiqi özünüinkişafı, onun potensial imkanlarının tamamilə açılması üçün vasitədir; məmnunluğa və sevincə çatmaq üçün insan təbiətin gücünü şüurlu olaraq istifadə etməlidir. Amma əmək özünün müasir forması ilə bütün insan qabiliyyətini korlayır və ona heç bir məmnunluq gətirmir. İşçi “özünü təsdiq etmir, inkar edir”. O “öz fiziki və mənəvi enerjisini azad şəkildə ətrafa yaymır, öz fiziki təbiətini yorur və ruhunu məhv edir. Buna görə işçi yalnız əmək xaricində özünü olduğu kimi hiss edir, əmək prosesində isə o özünü öz varlığından qopmuş kimi hiss edir. O işləməyəndə olduğu kimi olur, işləyəndə isə öz varlığından çıxır. Buna görə onun əməyi könüllü deyil, məcburidir; bu – məcburi əməkdir. Bu əmək ehtiyacını ödəmək deyil, digər ehtiyacları ödəmək üçün vasitədir,nəinki işləmək ehtiyacı”.
Buna görə onun əməyi könüllü deyil, məcburidir; bu – məcburi əməkdir. Bu əmək ehtiyacını ödəmək deyil, digər ehtiyacları ödəmək üçün vasitədir,nəinki işləmək ehtiyacı”.
Nəticədə “insan (işçi) özünü yalnız heyvani xüsusiyyətlərinin yerinə yetirilməsi zamanı – qida,su qəbul etdikdə, cinsi əlaqədə olduqda və s.- azad hərəkətli hiss edir, öz insanı xüsusiyyətlərinin yerinə yetirilməsi zamanı isə özünü yalnız heyvan kimi hiss edir. Heyvana məxsus şeylər insanın nəsibinə, insani xüsusiyyətlər isə heyvani şeylərə çevrilir”.
Bu işçiyə ( yadlaşmış istehsalçıya) aid olduğu kimi, eyni dərəcədə də onun əməyini satın alana da aiddir. Yadlaşma prosesi hətta “insanın təbii funksiyalarını” da korlamaqla, cəmiyyətin bütün təbəqələrinə təsir edir. Feyerbaxa görə, azadlığın və səadətin ilkin mənbəyi olan hisslər sadəcə “sahib olmaq hissinə” çevrilir. İnsanlar öz obyektlərini yalnız əldə edilməsi mümkün olan və mümkün olmayan şeylər kimi nəzərdən keçirirlər. Hətta məmnunluq və sevinc belə daha insanın öz universal təbiətini sərbəst inkişaf etdirməsi üçün vacib şərt olmur və eqoist “sahiblənmək və əldə etmək hissinə” çevrilir.

Beləliklə, Marksın apardığı, kapitalizm şəraitində əməyin analizi çox dərin əsasa malikdir və iqtisadi münasibətlər struktrundan çıxış edərək, insanın həqiqi mahiyyətinə yönəlir. Əmək və kapital, kapital və əmtəə, əmtəə və əmək, həmçinin əmtəələr arasındakı əlaqə insanın sosial varlığında yerinə yetirilən insan əlaqələri kimi başa düşülür. Hətta xüsusi mülkiyyət institutu “məhsul, nəticə, yadlaşmış əməyin vacib nəticəsi” kimi göz qarşısına gəlir və ictimai istehsal üsulu mexanizmlərindən çıxarılır. Əməyin yadlaşması sinfi cəmiyyətin bütün formaları üçün xarakterik olan əməyin bölünməsinə gətirib çıxarır: “Hər kəs ona sırınmış və oradan çıxa bilmədiyi müəyyən, xüsusi fəaliyyət dairəsinə sahib olur”. Əgər burjua cəmiyyətində fərdin abstrakt azadlığı bildirilirsə, bu bölünmə aradan qaldırılmır. Öz obyektindən uzaqlaşdırılmış əmək nəticədə “insanın insana yadlaşmasını” bildirir; fərdlər qarşılıqlı şəkildə ayrılır və bir-birinə qarşı dururlar. Onları bir-birilə mübadilə etdikləri əmtəələr birləşdirir, şəxsi münasibətlər deyil. İnsanın özünə yadlaşması həm də yaxınlarına yadlaşmasıdır.
Marksın daha əvvəlki əsərləri maddiləşmə (Verdinglichung) prosesinin ilk aydın izahını verir, hansı ki, həmin maddiləşmə nəticəsində kapitalizm cəmiyyətində şəxsiyyətlər arasında əlaqələr əşyalar arasında obyektiv əlaqə formasını alır. “Kapital” əsərində Marks bu prosesi “əmtəə fetişizmi” adlandırır. Kapitalizm sistemində insanlar arasındakı münasibətlər onların mübadilə etdikləri əmtəələr vasitəsilə həyata keçirilir.

Fərdin sosial statusu,onun həyat səviyyəsi,ehtiyaclarını ödəməsi, azadlığı və gücü, - hər şey onun sahib olduğu əmtəələrin dəyəri ilə təyin edilir. Belə qiymətləndirmədə fərdin bacarığı və ehtiyacları heç bir rol oynamır. Hətta ən dərin insanı keyfiyyətlər pulla, əmtəələrin ümumi əvəzedicisi ilə ifadə olunur. Fərdlər ictimai prosesdə yalnız bu əmtəələrin sahibi, onların qarşılıqlı əlaqələri əmtəələrin qarşılıqlı əlaqəsi kimi iştirak edir.

Tərcümə Günel Muradova