10 апр. 2013 г.

Peşə seçən gəncin düşüncələri. Karl Marks (1835)


Heyvanın hərəkət etməli olduğu hərəkət dairəsini təbiət özü müəyyən edib, və o, sakitcə, dairəni çıxmağa çalışmadan, hər hansı başqa bir dairənin mövcudluğu haqda şübhələnmədən hərəkətini başa vurmağa çalışır. İlahi eynilə insana da ümumi məqsədi göstərdi – bəşəriyyəti və özünü yüksəltmək, amma bu məqsədə nail olmaq üçün lazım olan vasitələri axtarmağı onun öz öhdəsinə buraxdı; o insana cəmiyyətdə özünə uyğun və ən yaxşı özünü və bəşəriyyəti yüksəltmək imkanı verən yeri tutmağı onun özünə həvalə etdi.

Belə seçim imkanı insanın dünyanın digər varlıqları üzərində böyük üstünlüyüdür, amma bununla bərabər bu seçim həm də elə hərəkətdir ki, bütün insan həyatını məhv edə, bütün planlarını poza və onu bədbəxt edə bilər. Beləliklə, belə seçimi ciddi götür-qoy etmək öz həyat yoluna başlayan və öz vacib işlərini təsadüfün öhdəsinə buraxmaq istəməyən gənc oğlanın birinci vəzifəsidir.

Hər kəsin gözünün qarşısında müəyyən hədəf, - elə hədəf ki, ən azından onun özünə böyük görünür və əgər ən dərin etiqad, ürəyin səsi bunu qəbul edirsə, həqiqətən də belədir, çünki, ilahi heç vaxt canlını tamamilə özbaşına qoymur; bu səs sakitcə,amma əminliklə danışır.
Amma bu – asanlıqla batırılan səsdir, və bizim ruh yüksəkliyi hesab etdiyimiz, ola bilsin, ani zaman kəsiyi tərəfindən doğrulub, və eynilə ola bilər ki, həmin an yenidən onu məhv etsin. Bizim təxəyyülümüz alovlana, bizim hisslərimiz ehtiraslana bilər, ruhlar gözümüzün qarşısında ora-bura hərəkət edir və biz ehtirasla ilahinin bizə göstərdiyini güman etdiyimiz hədəfə qapılmışıq; amma bizim coşğu ilə ürəyimizə sıxdığımız şey tezliklə bizi uzaqlaşdırır, - və budur, bizim bütün varlığımız dağılmışdır.

Buna görə ciddi götür-qoy etməliyik, seçdiyimiz peşə həqiqətənmi bizi ruhlandırır, daxili səsimiz onu tövsiyyə edirmi, bizim ruh yüksəkliyimiz yanlış deyildi ki, ilahi çağırış hesab etdiyimiz xəyal deyildi ki. Amma ruhlandırma mənbəyinin özünü tapmadan bunu öyrənə bilərikmi?

Böyük olan parıltı ilə əhatə olunub, parıltı şöhrətpərəstlik yaradır, şöhrətpərəstlik isə asanlıqla ruh yüksəkliyi və ya bizə ruh yüksəkliyi kimi görünəni yaradır; amma şöhrətpərəstlik iblisinin yoldan çıxardığı kəsi, ağıl dayandırmaq gücündə deyil, və o qarşısıalınmaz gücün arxasınca çəkdiyi yerə atılır: o artıq cəmiyyətdə öz yerini özü seçmir, onun əvəzinə təsadüf və illuziya qərar verir.

Bizim məqsədimiz cəmiyyətdə daha çox parlamaq şansımız olan belə bir yer tutmaqdır: bu elə bir yer deyil ki, onu tutmaqla, bəlkə də, uzun illər boyunca bir dəfə də olsun yorğunluq hiss etməzdik, həvəsimiz heç vaxt tükənməzdi, coşğumuz soyumazdı. Əksinə, tezliklə hiss edəcik ki, bizim istəklərimiz yerinə yetirilməyib, bizim ideyalarımız reallaşmayıb, biz ilahiyə şikayətlənməyə, bəşəriyyəti lənətləməyə başlayacıq.

Amma bu və ya digər peşə ilə ruhlanmağa təkcə şöhrətpərəstlik səbəb olmur. Biz, ola bilsin ki, bu peşəni öz fantaziyamızda bəzəmişik, - elə bəzəmişik ki, o, yalnız həyatın verə biləcəyi ən yüksək səadətə çevrilib. Biz bu peşəni fikrimizdə analiz etməmişik, onun bütün ağırlığını, onun bizim üzərimizə qoyduğu böyük məsuliyyəti qiymətləndirməmişik; biz ona sadəcə uzaqdan baxmışıq, uzaqlıq isə aldadıcıdır.

Belə halda bizim öz ağlımız bizim məsləhətçimiz ola bilməz, çünki, o hisslər tərəfindən aldadıldığından, fantaziya ilə kor olduğundan nə təcrübəyə, nə də dərin müşahidəyə əsaslanır. Bəs biz baxışlarımızı hara yönəltməliyik, ağıl bizi tərk etdiyində bizə kim kömək edəcək?
Böyük həyat yolu keçmiş, taleyin ağırlığını görmüş valideynlər, - bizim qəlbimiz cavab verir.
Və əgər onu soyuqqanlılıqla müzakirə edəndən, onun bütün ağırlığını, bütün çətinliyini görəndən sonra bizim ruh yüksəkliyimiz hələ də gücünü saxlayırsa, biz hələ də seçdiyimiz peşəni sevməyə davam ediriksə, - onda biz onu seçməliyik, onda ruh yüksəkliyi bizi aldatmayacaq, tələsiklik etməyəcik.

Amma biz həmişə meyl göstərdiyimiz peşəni seçə bilmərik; bizim cəmiyyətdəki münasibətlərimiz biz onlara müəyyən təsir göstərmək vəziyyətində olana qədər, artıq məlum dərəcədə qaydaya düşməyə başlayır.

Artıq bizim fiziki təbiətimiz tez-tez təhlükəli şəkildə bizə qarşı dayanır, onun qaydalarına laqeyd yanaşmağa isə heç kim cürət etməz.
Düzdür, ondan güclü olmağı bacararıq, amma o zaman biz daha sürətlə yıxılacıq; bu halda biz yumşaq özül üzərində bina tikməyə çalışırıq, və bütün həyatımız mənəvi və cismani arasında uğursuz mübarizəyə çevrilir. Öz daxilində mübarizə aparan elementləri məğlub etmək qabiliyyətində olmayan, həyatın qarşısıalınmaz təzyiqinə qarşı dayana bilməyən biri necə rahat hərəkət edə bilər? Axı, böyük və gözəl işlər yalnız dinclikdən törəyə bilər; o – yetişmiş məhsulun bitə biləcəyi torpaqdır. Amma bizim peşəmizə uyğun gəlməyən, belə fiziki vəziyyətə baxmayaraq, biz uzun müddət işləyə bilmərik və nadir hallarda sevinclə işləyirik, öz əmin-amanlığımızı vəzifəmizə qurban verdiyimiz haqda fikir yenə də bizi daha böyük enerji ilə hərəkət etməyə sövq edir, zəif güclə olsa belə. Əgər biz lazımı istedadımız olmayan peşəni seçmişiksə, heç vaxt onu lazımı şəkildə yerinə yetirə bilməyəcik və tezliklə utanc hissi ilə öz bacarıqsızlığımıza əmin olacıq və özümüzə söyləyəcik ki, biz dünyanın ən faydasız canlısıyıq, cəmiyyətin öz vəzifəsini yerinə yetirə bilməyən üzvlərindən biriyik. O zaman ən adi nəticə öz-özünə nifrət olacaq; bundan əzablı, bizi əhatə edən dünyanın hədiyyələrini ilə yeri əvəz edilməyən hiss varmı? Özünə nifrət – qəlbi daim zəhərləyən və udan, onun həyatverici qanını soran, ona insanlara qarşı nifrət və ümidsizlik zəhəri qatan ilandır.

Müzakirə etdiyimiz, bizim müəyyən peşəyə bacarığımız haqda yanlış fikir, - xaricdən məzəmmət ilə qarşılanmasa da, özü-özündən qisas alan, xarici dünyanın bizdə yarada biləcəyindən çox əzab verən səhvdir.

Əgər biz bütün bunları götür-qoy etmişiksə və bizim həyat şərtlərimiz bizə istənilən peşəni seçməyə imkan verirsə, onda biz bizə ən böyük üstünlüyü verən, doğruluğuna tamamilə əmin olduğumuz ideyalara əsaslanan peşəni seçə bilərik. Biz insanlıq uğrunda fəaliyyət və bu ümumi məqsədə yaxınlaşmağımız üçün qarşımızda daha geniş sahə açan peşəni seçə bilərik, hansı ki, onunla müqayisədə istənilən peşə mükəmməlliyə yaxınlaşmaq üçün yalnız vasitədir.
İnsanı hər şeydən çox yüksəldən, onun fəaliyyətinə, bütün təşəbbüslərinə yüksək alicənablıq verən, onu kütlədə heyrət doğuraraq onu kütlə üzərində göylərə qaldıran məhz ləyaqətdir.
Amma ləyaqəti yalnız o peşə verə bilər ki, biz orda qul aləti deyilik, öz sahəmizdə müstəqil şəkildə yaradırıq: o peşə ki, pis hərəkətlər tələb etmir – heç olmasa xarici görünüşünə görə pis – və hansı ki, hətta ən yaxşı insan belə əsil qürürla öz üzərinə götürə bilər. Yüksək dərəcədə bütün bunlara malik peşə, heç də həmişə yüksək peşə olmasa da, həmişə üstün peşədir. Amma bizim ləyaqətimizə uyğun olmayan peşənin bizi hörmətdən saldığı kimi, biz nəticədə bizim yanlış hesab edəcəyimiz ideyalara əsaslanan peşənin ağırlığı altında da üzülürük.
Biz burda özümüzü aldatmaqdan başqa qurtuluş tapmırıq, özünü aldatmaq üzərində qurulmuş qurtuluş isə - ümidsizliklə dolu qurtuluşdur.

O peşələr, hansılar ki, həyatın özünə müdaxilə etməkdən çox abstrakt həqiqətlərlə məşğul olur, sərt prinsipləri, möhkəm və sarsılmaz əqidəsi olmayan gənc üçün daha təhlükəlidir. Bununla belə, əgər qəlbimizdə dərin köklər atıbsa, əgər həyatımızı və cəhdlərimizi onlarda hakim olan ideyalara qurban verməyə hazırıqsa, bu peşələr bizə daha ali görünür. Onlar həmin peşələrə istedadı olan kəsləri xoşbəxt edə bilər, amma onları tələsik, düşünmədən, zamana uyaraq qəbul edənləri məhvə sürükləyir.
Əksinə, peşəmizin əsaslandığı ideyalar haqda yüksək fikirdə olmaq bizə cəmiyyətdə daha yüksək yer verir, bizim öz mənliyimizi yüksəldir, hərəkətlərimizi mətin edir.

Yüksək qiymətləndirdiyi peşəni seçən insan ona layiq ola bilməyəcəyi haqda fikrindən diksinəcək, - o artıq ona görə alicənab hərəkət edəcək ki, onun cəmiyyətdə tutacağı mövqe alicənab olacaq.
Amma peşə seçimində bizi yönləndirən əsas idarəedici Bəşəriyyətin səadəti, bizim özümüzün mükəməlləşməyimizdir. Düşünmək lazım deyil ki, bu iki maraq bir-birinə düşmən ola, bir-birilə mübarizəyə girə bilər, onlardan biri digərini məhv etməlidir; insan təbiəti elə qurulmuşdur ki, insan öz müasirlərinin mükəmməlləşməsi üçün, onların səadəti uğrunda çalışaraq mükəmməlləşə bilər.

Əgər insan yalnız özü üçün çalışırsa, o yəqin ki, məşhur alim,böyük müdrik, gözəl şair ola bilər, amma heç vaxt həqiqi kamil və böyük insan ola bilməz.

Tarix o insanları böyük hesab edir ki, ümumi məqsədlər uğrunda çalışaraq, onlar özləri xeyirxah insana çevriliblər; kim daha çox sayda insana xoşbəxlik nəsib edirsə, təcrübə xoşbəxt kimi məhz o insanın tərifini göylərə qaldırır;
Əgər biz onun çərçivəsində bəşəriyyət üçün daha çox çalışa biləcəyimiz peşəni seçmişiksə, onda biz onun yükü altında əyilməyəcik, çünki, bu – hamı naminə qurbandır. Onda biz kədərli, məhdud, eqoist sevinc yaşamayacıq, bizim xoşbəxtliyimiz isə milyonlarla insana aid olacaq, onda bizim işlərimiz sakit,amma fəal həyat yaşayacaq, bizim qəbrimiz üzərində isə alicənab insanların isti göz yaşları töküləcək.

Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий