19 окт. 2013 г.

Bir neçə gün əvvəl Moskvanın Biryulyovo rayonunda baş verən cinayət haqda yazmışdıq, hətta cinayətkarın insan keyfiyyətlərini analiz edərək, Qafqazın müsəlman xalqlarından - azərbaycanlı, dağıstan xalqlarından, çeçen, inquş - olduğunu ehtimal etmişdik. (İstəyən aşağı enib, o yazını tapıb oxuya bilər.)

Dünən məlum oldu ki, şübhəli şəxs azərbaycanlıdır. Tutdular, tutanda da Rusiya XXO-nun əməkdaşları onu döydülər, aşağıladılar...

Bizim rusofob və rusiyafob ağıl dəryaları da açdılar ağızlarını, yumdular gözlərini...

1. Bir neçə neoqərbçi, Rusiyada yaşayıb pul qazanan, oranın çörəyini yesə də, havasını udsa da oralara nifrət edən savadsız nankor fb-da yazıblar ki, "bu söhbət Azərbaycanı cəzalandırmaq üçündür, Avrasiya layihəsinə qoşulmadığına görə..."

Tutalım bu, belədir. Buna görə Rusiyaya qarşı isterik havaya girmək doğru deyil. ABŞ və başqa güclü ölkələr öz layihələrini həyata keçirəndə onlara əngəl olmaq istəyən ölkələri, liderləri cəzalandırmırlar?
Cəzalandırırlar. Həm də qəddarcasına. Liderlərini öldürürlər, ölkələri də işğal edirlər. Prosesdə də on minlərlə, hətta, İraqda olduğu kimi, yüz minlərlə günahsız adam öldürürlər.
Rusiya hələ ki, bizim lideri öldürməyib. Üstəlik liderimizi prezident seçkilərində dəstəklədi. Dəstəkləyəndə də onun Avrasiya layihəsilə bağlı mövqeyini BİLİRDİ. Bilirdi-bilirdi, bunun əksini söyləmək reallıqdan uzaqdır.

Rusiya Azərbaycanı cəzalandırmaq istəsə, hər halda əlindəki başqa imkanlarla cəzalandırar. Söhbət – cəza cöhbəti deyil.
Bizim ruso- və rusiyafoblar əsasən MəmmədƏminçi, Əbülfəzçi və onlara bənzər tipdən olan milliyətçilərdi. Onlar özlərində, öz xalqında günah axtarmaz, görməz. Cığaldılar. Onları dinləyərsən – həmişə və hər şeydə başqaları günahkardır. Onlar bu azərbaycanlını heç sorğulamırlar: “ay qardaş, bu nə tərbiyədir? Bunu nədən etdin? O gənci öldürməkdə nə lüzum var idi? Axı sən görürsən ki, Rusiyada azərbaycanlılara nifrət edirlər, niyə Rusiya milliyətçilərinə bəhanə verirsən?.....” Yox, bunların dünya görüşündə bu azərbaycanlı süddən çıxmış ağ qaşıqdır, bütün günahlar Rusiyadadır. “Qırdı bizi ruslar, əzab verdilər bizə. Həmişə olduğu kimi.”…

2. Bir REAL-çı başbilənlərdən yazıb ki, "indi biz Avrasiyaya girsək, bizim sərhədlərimizi bu ruslar qoruyacaq?”
Yekə kişidir, siyasətlə məşğul olur, adi şeyləri bilmir, anlamır.. Avrasiya ittifaqına qatılanda, “ruslar” sənin sərhədlərini qorumur. Ola bilər, sənin ölkənlə razılaşdırılar, Rusiya sərhədçiləri bizim sərhədçilərlə birgə cənub sərhədimizə yerləşdirilirdi. Ola bilər. Amma Avrasiya ittifaqı bir iqtisadi layihədir. Bəli, sözsüz ki, siyasi məqsədləri də var, amma başqa ölkələrin sərhədlərində Rusiya ordusunun yerləşdirilməsi bu işlərdə prioritet məsələ deyil. Qazaxstan sərhədlərini Rusiya ordusu qoruyur?

3. Başqa bir REALçı “bu ksenofob ruslar ….” filan deyib , Rusiya dövlətiylə uzaq məsafədə olmağın doğruluğunu əsaslandırmaq istəyir. (Bu adamlar REAL-ın ən savadlılarıdır. )

Sənin ABŞ-ında, Avropa ölkələrində ksenofob, nasist, faşist, hər cür dəli-psixopat yoxdur?! Bəlkə Avropada pedofillərin leqal partiyası yoxdur?!
Sənin bu cahil azərbaycanlılarını heç Avropaya, ABŞ-a buraxmırlar, buraxmazlar… (Rusiyada yaşayan, pul qazanan min azərbaycanlıdan bir-ikisi özünü normal apara bilir.)

Bəli, Rusiya cəmiyyəti xəstədir. Bizim cəmiyyət sağlamdır?! Bizdə milliyətçi, ksenofob, hər cür beyinsiz, beyinsiz ola-ola ona-buna ağıl verən xəstə, psixopat yoxdur?

Milliyətçilik, xalqlararası nifrət SSRİ-ni dağıtmaq üçün satılmış Sovet rəhbərlərinin istifadə etdiyi vasitələrdən biri idi. Kapitalizmin bərpası başlayandan sonra hamı bir-birinə nifrət etmək üçün bəhanə axtarır. “Qarabağı bizdən ermənilər yox, ruslar aldı, bizi ermənilər yox, ruslar işğal etdi” deyib, ruslara, Rusiyaya nifrət edən biz deyilik? İndi Rusiyada da işsizlər, həyatlarından küsmüşlər, .. nə bilim buynuz gəzdirənlər və s… - hamısı öz həyatlarındakı çətinliklərdə qafqazlıları və ortaasiyalıları günahlandırırlar. Bu medalın bir tərəfində tərbiyəsiz, başıpozuğ, avara, mənəviyyatsız, əməllərilə özlərinə nifrət qazandıran qafqazlılar var, o biri tərəfində ölkə sərvətlərini dağıdan, mənimsəyən, vətəndaşlara problemlər yaradıb, həll etmək istəməyən, vətəndaşların etiraz səsini özlərindən uzaqlaşdırmaq üçün başqa yerə istiqamətləndirən kapitalistlər var.

Azərbaycanlıları elə 1990-cı iilərdən Rusiya polisi, OMON-u it balası kimi sürüyür, aşağılayır… Bu, bir ilk deyil ki! Azərbaycanlılar yaşadıqları, işlədikləri yerdə özlərinə hələ hörmət qazana bilməyiblərsə, ancaq nifrət qazanıblarsa, bu nifrəti dərinləşdiriblərsə, bütün günahı başqalarının üstünə yıxmaq üçün gərək MəmmədƏminçilər-Əbülfəzçilər qədər savadsız və qərəzli olasan.
Bizim azərbaycanlılarımızın əksəriyyəti düşünürlər ki, pulla hər şeyi həll etmək olar. (Olar, amma Azərbaycanda.) Elə bilirlər ki, məlumat müharibəsinə kalan pul buraxıb özümüzə müsbət imic qazanacağıq… Bizim ziyalılarımız da, başbilənlərimiz də cahildirlər. CAHİL.

Xalq yaratmaq lazımdır, xalqı, övladları tərbiyə etmək lazımdır. Hər bir azərbaycanlı öz sözüylə-söhbətiylə, davranışıyla, tərbiyəsilə, insanlığıyla, əməli ilə bir yeriyən reklamdır, piardır. Milyonlarla təbliğat saytı yarat – azərbaycanlıların əksəriyyəti özlərini cəmiyyətə normal adam kimi təqdim edə bilmirlərsə, heç bir faydası olmayacaq.
İndi yaradıcılığının əsas hissəsi plagiat olan psevdodahilər yenə başlayacaqlar ki, xalqla işiniz olmasın filan-bəsməkan…
“Tarixi xalq yaradır” - bu ifadə əsassız yaranmayıb. (Xalq deyiləndə çoxluq, bəzi hallarda mütləq çoxluq nəzərdə tutulur.)

Oğru-korrupsioner Rusiya iqtidarı milliyətçilik oynayır, işsiz gənclərin qəzəbini başqa səmtə yönləndirir… Rusiya daxili işlər naziri şübhəli şəxs qisimində saxlanılmış azərbaycanlını kabinetinə gətizdirdi, gözlərinin içinə baxdı… Daha nələr, daha hansı artistlik edəcəklər, tamaşa quraşdıracaqlar… Stalinə, sovet tarixinə böhtanlar yağdıracaqlar..Sırf öz qara əməllərini örtbas etmək üçün… Burası məlum. Bizi, azərbaycanlıları bu hadisədə bir şey maraqlandırmalıdır: niyə axı bizim xalqın övladları bu qədər cahil, səviyyəsiz, aqressiv, cinayətkar xislətli olmalıdırlar? Niyə?! Niyə illərlə Rusiyda yaşamaqlarına, işlədiklərinə baxmayaraq rus dilində adi cümlələri qurmağı, fikirlərini ifadə etməyi bacarmırlar?! Niyə?!

Bizim sağ və liberal müxalifət isə öz gülünc siyasətbazlığını davam etdirir: “Bütün günahlar İlham Əliyevdədir, o azərbaycanlını işsiz, qoydu, o da iş dalıynan məcbur oldu Rusiyaya getdi….”
Ay sağçı və liberal qardaş-bacılar, işsizlik kapitalizmin özüdür, xasiyyətidir. İspaniydan başqa ölkələrə iş axtarmağa getmirlər? Bəlkə Litvadan, Latviyadan, Estoniyadan, Ermənistandan, Yunanıstandan iş axtarmağa getmirlər?! Bəlkə Rusiyanın özündən iş axtarmaq üçün başqa ölkələrə üz tutmurlar? Bəlkə Rusiyanın özünə ancaq Azərbaycandan gedirlər? Bəs Qazaxstandan, Tacikistandan…? Bəlkə bizim Azərbaycana işləməyə gələn yoxdur? Qlobal kapitalizmin işçi qüvvəsinin miqrasiyası adi “istehsal prosedurudur”.
Nağıl danışıb sizə inanan kütləni cahilləşdirməyin. Bu gün dünya əvvəlki vaxtlardan da çox planlı iqtisadiyyata, sosial ədalətə möhtacdır.

Ekososializm yoxsa barbarlıq.

Комментариев нет:

Отправить комментарий