22 дек. 2012 г.

İqtisadi imperializm



Son onilliklərdə Amerikanın sənaye şirkətləri və bankları yüksək mənfəət norması ilə cəlb edilən “üçüncü dünya” (Asiya,Afrika və Latın Amerikası) ölkələrinə aktiv şəkildə sərmayə qoyurdular. Bu mənfəət isə zəhmətkeşlərə çatacaq pulun əskik verilməsi və vergilərin,təbiət mühafizə qanunvericiliyinin,əməyin mühafizəsinin və istehlakçı hüquqlarının müdafiəsinin,demək olar ki,mövcud olmamasının nəticəsidir. ABŞ hökuməti kapitalların və iş yerlərinin belə köçürülməsini subsidiyalaşdırarkən köçürmə ilə bağlı bəzi xərcləri ödəmişdi. ABŞ hökuməti həm də korporasiyalara xarici investisiyalarla bağlı vergi güzəştləri təqdim edir və eyni zamanda xarici dövlətlə baş verə biləcək müharibələr və müsadirələr nəticəsində bütün itkilərin kompensasiyasına zəmanət verirdi. Vaşinqton Amerika şirkətlərinin aktivlərini tam kompensasiyasız milliləşdirən istənilən ölkəyə siyasi planda yardım etməkdən imtina edir.

Amerika korporasiyalarının investisiyaları “üçüncü dünya” xalqlarının həyatlarının yaxşılaşdırılmasına kömək etmir,əksinə,daha da çətinləşdirir. Məhz buna görə də dünyada kasıbların sayı əhalinin sayından sürətlə artır. Transmilli korporasiyalar yerli müəssisələri biznesdən sıxışdırıb çıxarır, onların bazardakı yerinə sahib durur. Aqrobiznes kartelləri satlıq bitkilərin istehsalı üçün nəzərdə tutulmuş ən yaxşı torpaqları müsadirə edir (adətən bunlar böyük miqdarda pestisid tələb edən monokulturadır),yerli əhalinin istifadə etdiyi yezlərlə növ ərzaq bitkilərinin kimyəvi gübrələr olmadan becərilməsinə çoz az sahə saxlayır.

Korporasiyalar yerli əhalini öz ərazisindən çıxarıb, onu özünü ərzaqla təmin etmək qabiliyyətindən məhrum edirlər. Nəticədə bazar ümidsiz insanlarla dolur və bu adamlar cüzi əmək haqqına görə var qüvvələri ilə çalışmağa məcbur olurlar. Bir çox hallarda bu məvaciblər həmin ölkənin minimal əmək haqqı barədə qanunvericiliyi pozur. Məsələn, Haitidə olan “Disney”, “Wall-Mart”, “J.C.Penny”, “Sears” korporasiyaları öz fəhlələrinə saatda 11 sent ödəyirlər.Birləşmiş Ştatlar uşaq əməyinin və icbari əməyin ləğv olunması barədə beynəlxalq konvensiyanı imzalamaqdan imtina edən azsaylı ölkələrdən biridir. Onun bu mövqeyi “üçüncü dünya” ölkələrində və ABŞ-ən özündə uşaq əməyinin Amerika korporasiyalrı tərəfindən istifadəsi ilə şərtlənir. Burada 12 yaşlı uşaqlar yüksək travmatizmdən və ölüm hallarından əziyyət çəkir,onların əməyi isə qanunla müəyyənləşdirilmiş minimal dərəcədən də az miqdarda ödənilir.

Korporasiyaların ucuz əməkdən istifadə edərək öz ölkəsində və xaricdə topladığı pullar istehlakçılara aşağı qiymətlər şəklində ötürülmür. Korporasiyaların aşağı məvacibli uzaq rayonlara köçürülməsinə səbəb həmin pulların ABŞ istehlakçıları üçün qorunması deyil. Əslində, korporasiyalar özlərinin mənfəət normasını artırmağa çalışırlar. Həftədə 80 saat və saatda 13 sent tarifi ilə işləyən indoneziyalı uşaqların düzəltdiyi çəkmələr ABŞ-da 80 dollardan baha satılır (1990-cı ilin qiyməti ilə). Bu halda əməyin dəyəri 2,60 dollar qiyməti ilə hasablanır.

İkinci dünya müharibəsi qurtarandan sonra Amerikanın xarici dövlətlərə ötürdüyü hərbi yardım 230 milyard dollardan artıq məbləği əhatə edirdi. Birləşmiş Ştatlar xarici dövlətlərdə iki milyondan çox hərbçini və polisi hazırlamış və yaraqlandırmışdı. Məqsəd həmin dövlətləri xarici istiladan qorumaq yox, Amerika investisiyalarını və hakim oliqarxları yerli əhalinin təlatümlərindən müdafiə etmək idi.
Amerikanın “yardım” pulları həm də infrastrukturun yaradılmasına yönəldilir və xüsusi korporativ investorlar üçün xarici dövlətlərdəki limanların,şose yollarının,kommunikasiyaların zəruriliyi ilə ifadə olunur. Amerikanın xarici dövlətlərə yönəltdiyi qeyri-hərbi yardım da müəyyən şərtlərlə müşayiət edilir. Bir çox hallarda vəsaitlərin yalniz Amerika istehsalı olan məhsullara xərclənməsi, ABŞ şirkətlərinə investisiya üstünlüklərinin təqdim edilməsi tələb olunur. Bu isə istehlak tələbini yerli ərzaq məhsullarından və çox işlənən mallardan uzaqlaşdıraraq,idxal məhsullarının xeyrinə istiqamətləndirir. Nəticədə asılılıq,aclıq və borclar artır. Pul yardımının əsas hissəsi ölkəyə gəlmir, yardım alan ölkələrin əliəyri rəsmi şəxslərinin və maliyyə möhtəkirlərinin şəxsi hesablarına keçir.

Yardım digər mənbələrdən də daxil olur.1944-cü ildə Bretton-Vuds şəhərində BMT Dünya Bankını (DB) və Beynəlxalq Valyuta Fondunu (BVF) yaratdı. Hər iki təşkilatda üzvlərin malik olduğu səslərin sayı iştirakçı ölkələrin maliyyə yatırımı ilə müəyyənləşdirilir. Ona görə də Birləşmiş Ştatlar əsas “donor” kimi hakim mövqe qazanmışdı, onun ardınca Almaniya,Yaponiya,Fransa və Böyük Britaniya gəlirdi. Bu beynəlxalq təşkilatlar onlara daxil olan ölkələrin vergi ödəyiciləri tərəfindən maliyyələşdirilsə də, BVF ciddi şəkildə seçilmiş bankir qrupu ilə məxfi rejimdə əməkdaşlıq edir və varlı ölkələrin maliyyə nazirliklərinin qulluqçularını toplamaq yolu ilə özünün işçi heyətini təşkil edir.

Hesab olunur ki, Dünya Bankının və BVF-nin vəzifəsi dövlətin iqtisadi inkişafına kömək etməkdən ibarətdir. Həqiqətdə isə baş verənlər tamam başqa cürdür. Fərz edək ki, müəyyən bir kasıb ölkə öz iqtisadiyyatının hər hansı bir sahəsini inkişaf etdirmək üşün BD-dən maliyyə vəsaiti götürür. Əgər bu ölkə ixrac qiymətlərinin düşməsi nəticəsində və ya digər səbəblər üzündən böyük faizləri ödəmək iqtidarında olmasa, o, yenidən və bu dəfə BVF-dən borc götürməli olacaq. Lakin. BVF ölkəyə “struktur yenidənqurma proqramı”nı sırıyır. Bu proqram borclu ölkədən aşağıdakıları tətlb edir: transmilli korporasiyalar üçün güzəştli vergilərin təqdim edilməsi, zəhmətkeşlərin məvaciblərinin aşağı salınması, yerli müəssisələrin xarici idxaldan və xarici udulmalardan müdafiə olunmasına cəhd etməmək. Borclu ölkəyə aşağıdaki istiqamətlərdə təzyiq göstərilir: onun iqtisadiyyatının özəlləşdirilməsi,dövlət şaxtalarının, dəmir yolunun və kommunal müəssisələrin özəl korporasiyalara rüsvayçı qiymətlərlə satılması. Ölkəni meşələrinin qırılmasına,yeraltı sərvətlərinin açıq üsulla çıxarılmasına icazə verməyə məcbur edirlər və bu da həmin əraziyə ekoloji cəhətdən ziyan vurur.

Borclu ölkənin üzərinə öhdəlik qoyurlar ki, səhiyyəyə, təhsilə, nəqliyyat sisteminə və ərzaq məhsullarına yönəldilən dövlət subsidiyalarını azaltsın, yəni borcun ödənişi üçün daha çox vəsaitə malik olmaq məqsədilə daha az sərf etsin. Ölkədən tələb olunur ki, ixrac hesabına maliyyə vəsaitləri əldə etmək üçün satlıq bitkiləri becərsin və nəticədə ölkə öz əhalisini yedirtmək qabiliyyətindən məhrum olur. Beləliklə, biz bu tapmacanın cavabını tapdıq: son yarım əsrdə xarici ölkələrə yönəldilən yardımın və investisiyaların genişləndirilməsi həmin ölkələrə yoxsulluğun da eyni sürətlə artmasına necə gətirib çıxarır?

“Üçüncü dünya” ölkələrində real əmək haqları aşağı düşmüşdür, dövlət borcu isə elə səviyyəyə yülsəlmişdir ki, borclar üzrə ödəmələr bu yoxsul ölkələrin büdcələrinin bütün ixrac gəlirlərini udur. Bəzi tənqidçilərin gəldiyi nəticəyə görə, BVF-nin və DB-nin struktur yenidənqurma proqramları lazım olduğu kimi işləmir. Bu proqramların reallaşdırılması nəticəsində yardım alan ölkənin daxili bazar hesabına öz tələbatlarını təmin etmək səviyyəsi aşağı düşür və yoxsulluq artır. Bəs varlı ölkələr nə üçün bu təşkilatları maliyyələşdirməyi davam etdirirlər? Çünki, xarici borc proqramları lazım olduğu kimi işləyir. Onların məqsədi digər ölkələrdəki xalq kütlələrinin həyat səviyyəsini yüksəltmək yox, dünya maliyyə sisteminin maraqlarına xidmət etmək , “üçüncü dünya” ölkələrinin torpaqlarını və iqtisadiyyatını zəbt etmək, həmin ölkələri böyük borclarla yükləmək, onların kommunal təsərrüfatını özəlləşdirmək, həmin ölkələrə həqiqətən inkişaf etmək imkanı verildiyi halda, onların ticarətdə göstərə biləcəyi rəqabəti ləğv etməkdir. Xarici dövlətlərə borcların verilmə proqramı və struktur yenidənqurma bu mənada çox düzgün işləyir.

Maykl Parenti “Seçilmişlər üçün demokratiya”

Комментариев нет:

Отправить комментарий