9 дек. 2012 г.

Kapitalist demokratiyası

Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobianın keçən həftə dediyi sözlər ölkənin sağ-liberal düşərgəsində böyük narazılıqla qarşılandı. Sonra Roland bəy sözlərini təkzib edən kimi etdi, amma əslində təkzib etmədi, əsas müddəalar olduğu kimi qaldı.

Məsələn, Roland bəy gələn ilki prezident seçkilərində İlham Əliyevin qalib gəlmə şansının “daha çox” olduğunu demişdi. Və bunu onun daha çox tanınması ilə izah etmişdi.
Bu, acı bir həqiqət kapitalist demokratiyasının nə olduğunu, məzmunca demokratiya filan olmadığını göstərən bariz misallardan biridir.

Seçkiləri reklamsız, təbliğatsız, təşviqatsız təsəvvür etmək mümkün deyil. Pulsuz, kasıb siyasi partiya, siyasətçi seçkilərdə hansı uğuru qazana bilər? Kapitalist cəmiyyətdə pul, KİV-lər bir qrup kapitalistin əlində olur. Din, təhsilsizləşdirmək vasitəsi ilə və digər yöntəmlərlə kütlənin istənilən namizədin arxasınca yönləndirmək olar. Bizim qərbçilərin qibləgahı olan ABŞ-da seçki qabağı namizədlər əllərinə dilənçi torbası alıb seçki kampaniyaları üçün pul yığırlar. Pul verənlər də, təbii ki, namizədlərin qara qaşına, gözünə görə vermirlər, namizədin prezident olduğu təqdirdə sponsorun müəyyən maraqlarının istiqamətində bir şeylər edəcəyi haqda verdiyi sözün qarşılığında verilir. Bax budur kapitalistlərin və kapitalizm kölələrinin ağzı köpürərək ilahiləşdirdiyi liberal demokratiya.

Bizdə də, təbii ki, KİV-lər sağ iqtidarın əlindədir. Düzdür, prezident İlham Əliyevin dediyinə görə, o, telekanalların işinə qarışa bilmir, qarışa bilseydi, yağlı yeməkləri təbliğ edən dəb düşmüş proqramları dayandırardı. Amma bunu demokratik prezident bacarmır. Çünki o diktatorluğunu özünə lazım olanda göstərir. Bütün telekanalların cahil verilişlərlə dolu olması da ona sərf edir. Yağlı yeməklərlə bağlı verilişləri də elə-belə, danışmağa sözü olmadığı üçün tənqid etdi. Azərbaycan çoxdan dəlixanaya dönüb. İş, problemlərin məzmunu, kökü qalıb bir tərəfdə, hamı mənasız söz oynatmaqla məşğuldur. Əllərindən xeyirli heç nə gəlməyəndə, amma patriot görüntüsü verməyə ehtiyac duyduqları üçün, bir də görürsən soyadlarının “ov, ev” olmasına virtual müharibə elan edirlər. Sanki azərbaycanlıların soyadlarının sonluğu dəyişildikdən sonra azərbaycanlılar keyfiyyətcə tamam başqa adam olacaq. Prezident də, durduğu yerdə, bu qədər işin-gücün içində, amerikan elitasının “DQR”-in müstəqilliyinin 21 il dönümünü bayram etməsinin fonunda yağlı yeməklərin ziyanından danışdısa, yəqin bu “təkərə” düşdü.

KİV-lərin az bir qismi də sağ-liberal müxalifətin əlindədir, onlara Qərbdən maddi dəstək təmin edilir. Ona görə xalq sol-u, solçuları tanımır. Cəmiyyətdə də “müxalifət” deyildikdə insanların ağlına Əbülfəzçilər gəlir. Halbuki Əbülfəzçilər Heydərçilərə müxalifət deyil, onlar bir medalın hardasa eyni üzüdür. Azərbaycanda kapitalizm qaldıqca heç nə dəyişməyəcək. Bu, bizim xalqın keyfiyyəti ilə bağlıdır. Bunların hamısını yavaş-yavaş ekososialistlər anladacaq. Sadə, xalq dilində anladacaq. Buna bizim istəyimiz var, amma vaxtımız çox azdır. Çoxları kimi gündəlik problemlər içində boğuluruq. Əbülfəzçilər ayrı məsələdir, onlar üçün müxalifətçilik işdir, özü də əsas işləri, bu iş üçün onlara yaxşı pul verirlər, həm Qərb fondlarından, həm söydükləri iqtidarın fondlarından. Düzdür, bu pulların çox hissəsi sıravi Əbülfəzçilərə çatmır, rəhbərlik səviyyəsində yeyilir, amma bir-birilərini az-çox dolandırırlar.

Roland bəylə başladıq, onunla da bitirək. Bəli, kapitalist demokratiyasında seçimi əslində bütün KİV-ləri əlində saxlayan kapitalistlər edir, onlar iqtidarı istədikləri kimi formalaşdırır, istədikləri kimi yönləndirir. Xalq da elə qanır ki, guya gedib seçkilərdə səs verib seçim edib. Bizdə kapitalistlər eyni zamanda dövlətin başında oturanlar olduğu üçün həmişə hər şey əvvəlcədən məlumdur. Bəli, artıq liberal demokratiyanın eybəcərlikləri ilə üz-üzəyik: bu gün xalq seçkilərə qatılsada, gedib səs versədə, verilmiş səslər düzgün sayılsada, qalib İlham Əliyev olacaq. Yəni o namizəd ki, onu çox az adam istəyir. Niyə? Çünki başqalarını tanımır. Liberal demokratiya dediyin şey bax belə olur: pulun yoxdursa, səni təbliğ edən olmayacaq. Hamıdan vətənpərvər və istedadlı olsan belə, bunu geniş kütlələrə çatdıra bilməyəcəksən. Amma yenə də biz mübarizəmizi davam etdirəcəyik. Çünki, bu artıq bir missiyadır. Kosmosun dərinliklərindən uçub gələsi “Mehdi” adında kosmonavt yoxdur. Biz özümüz özümüzü, ölkəmizi və planetimizi kapitalistlərin əlindən xilas etməliyik.

Комментариев нет:

Отправить комментарий