15 дек. 2012 г.

Laqeydlərə nifrət edirəm Antonio Qramşi



Laqeydlərə nifrət edirəm: Fridrix Qebbel kimi hesab edirəm ki, "yaşamaq — müəyyən mövqeyi tutmaq deməkdir". Cəmiyyətdən kənar dayanan insanlar sadəcə mövcud ola bilməzlər. Kim ki həqiqətən yaşayır, vətəndaş olmaya bilməz, müəyyən mövqe tutmaya bilməz. Laqeydlik — həyat deyil, iradəsizlikdir, müftəxorluq,, qorxaqlıqdır. Buna görə mən laqeydlərə nifrət edirəm.

Laqeydlik — tarixin ballastıdır. Bu novatorun qurğuşun yüküdür, tez-tez ən alovlu entuziazmı söndürən nəsə ətalətli və qatı bir şeydir, köhnə cəmiyyətin qalasını əhatə edən və onu ən möhkəm divarlardan, döyüşçü sinəsindən daha yaxşı müdafiə edən bataqlıqdır, çünki, o hücum edənləri öz lilli bataqlığının içərisinə çəkir, bəzən qəhrəmanlıqdan imtina etməyə məcbur edərək onları məğlub edir və qorxudur.
Laqeydlik — tarixdə mövcud olan qüdrətli gücdür. O passiv hərəkət edir, amma bununla belə yenə də hərəkət edir . Bu — taleyə itaətkarlıqdır, hansı ki, ona arxalanmaq olmaz,proqramları qoparır və yaxşı planları dağıdır; bu ağıla qarşı üsyan edən və onu məhv edən kobud materiyadır. Baş verənlər, hər kəsin qarşılaşdığı şər, qəhrəmancasına hərəkət (ümumbəşəri əhəmiyyətli) nəticəsində doğrula biləcək mümkün yaxşılıq — hərəkət edən azlığın təşəbbüsünün yox, daha çox əksəriyyətin laqeydliyinin,etinasızlığının nəticəsidir. Olanlar ona görə baş vermir ki, bunu bəziləri istəyir, ona görə baş verir ki, bir çox insanlar öz iradəsini göstərməkdən imtina edir, hərəkət etmək azadlığını başqalarına verir, elə düyünlər bağlamağa icazə verir ki, sonradan onu yalnız qılıncla doğramaq mümkün olur, elə qanunların qəbuluna icazə verir ki, nəticədə yalnız üsyanla ləğv etmək mümkün olur, elə insanlara hakimiyyətə sahib olmağa icazə verir ki, sonra onu qiyam yoluyla devirmək mümkün olur. Qismət, hansı ki, tarixdə əsas mövqe tutmuş kimi görünür laqeydliyin, kənarda dayanmağın aldadıcı xarici qabığından başqa bir şey deyildir. Aşkar şəkildə hansısa hadisələr yetişir. Hər bir nəzarətdən kənar olan bəzi insanların əlləri ilə kollektiv həyatın parçası toxunur, kütlə isə həmin vaxt bundan xəbərsiz olur, çünki bütün bunlar onu maraqlandırmır. Aktiv hərəkətdə olan kiçik qrupların dar təsəvvürlərinə, ən yaxın hədəflərlərinə, şəxsi ambisiyalarına və ehtiraslarına əsaslanaraq zamanın taleləriylə manipulyasiya edirlər, əksər insanlar isə həmin vaxt bundan xəbərsiz olur, çünki bütün bunlar onu maraqlandırmır. Aşkar şəkildə yetişmiş hadisələr baş verir, tədricən hazırlanmış parça toxunur və artıq onda görünür ki, tarix təbiətin nəhəng hadisəsindən, hər kəsin qurbana çevrildiyi –kim ki bunu istəyirdi və kim ki istəmirdi, kim ki bilirdi və kim ki bilmirdi, kim ki fəal aktivlik göstərmişdi və kim ki laqeyd yanaşmışdı-vulkan püskürməsi,zəlzələdən başqa bir şey deyil. Baş verənlər laqeyd yanaşmış insanlarda qıcıqlanmaya səbəb olur , onlar nəticələrdən qaçmaq istəyərdilər, istəyərdilər aydın olsun ki, onlar baş verənləri arzu etmirdilər, onlar buna cavabdeh deyil.

Bəziləri narazı şəkildə inləyir, digərləri ədəbsiz şəkildə söylənir,ancaq heç kim və ya demək olar ki, heç kim qarşısına sual qoymur: əgər mən öz borcumu yerinə yetirsəydim, öz fikrimdə təkid etsəydim, mənim məsləhətimə qulaq asmağa məcbur etməyə çalışsaydım, o zaman bu olanlar baş verərdimi? Heç kim və ya demək olar ki, heç kim şəxsi laqeydliyində ,skeptisizmində, kömək əlini uzatmaqdan və şərin qarşısını almağa cəhd edən, xeyirə nail olmaq üçün mübarizə aparan həmin vətəndaş qruplarına kömək göstərkdən imtina etməyində günah görmür.

Belə insanların əksəriyyəti, hər şey artıq baş verdikdən sonra dəyərlərin dağılması, proqramın tamamilə iflası və buna bənzər digər xoş şeylər haqqında düşünməyə üstünlük verirlər. Bu şəkildə onlar yenidən hər bir məsuliyyətdən yayınmağa başlayırlar. Və ona görə yox ki, onlar baş verənləri anlamırlar və ya tez qərar tələb edən problemlərin , elə problemlər ki, onların həlli xüsusi hazırlıq və zaman, eyni zamanda da təcili qərar tələb edir, həllində yaxşı qərar verə bilmirlər. Ancaq bu qərarlar ən çox gözəl barverməz çiçək olaraq qalır, kollektiv həyata verilən bu töhfə əxlaq işığı ilə işıqlandırılmamışdır — o sadəcə intellektual marağın məhsuludur, hər kəsdən həyatda aktiv olmağı tələb edən, hər hansı bir aqnostisizm növünü və etinasız laqeydliyi rədd edən ciddi tarixi məsuliyyət hissi deyil.

Mən laqeydlərə həm də ona görə nifrət edirəm ki, bu əbədi günahsızların iniltisi məni qıcıqlandırır. Mən onlardan cavab soruşuram,həyatın onlar qarşısında qoyduğu və hər gün qoymağa davam etdiyi məsələləri onlar necə yerinə yetirdilər, mən o haqda soruşuram ki, onlar nə etdilər, və xüsusilə - nə etmədilər. Bu halda hiss edirəm ki, mən yenilməz ola bilərəm, mənim onlara yazığım gəlməməlidir, onlarla birlikdə göz yaşI tökməməliyəm.
Mən mövqe tutmuşam, mən yaşayıram, mən öz silahdaşlarımın fikirlərində yeni cəmiyyətin həyat döyüntülərini hiss edirəm. Onlar artıq onu — gələcəyin məsuliyyət yükü yalnız bəzi insanların üzərinə düşmədiyi cəmiyyəti qururlar. Orada bütün olanlar nə təsadüfi, nə də qaçılmaz olmayacaq, insanların şüurlu işi olacaq. Orada bəzilərinin qan axıdaraq özünü fəda etməsini pəncərədən seyr edən insanlar olmayacaq.
Mən yaşayıram, mən müəyyən mövqeyi tutmuşam. Buna görə mən müəyyən mövqe tutmayanlara nifrət edirəm, laqeydlərə nifrət edirəm.

Antonio Qramşi- məşhur italyan filosofu,jurnalist və siyasi xadimdir. İtaliya Kommunist Partiyasının yaradıcısı və rəhbəri, marksizmin nəzəriyyəçilərindən biri olmuşdur.

Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий