12 дек. 2012 г.

Nemət pənahovlar və nemətpənahovizm


BU gün İlham Əliyevin Rüstəm İbrahimbəyov haqda dediyi tost yayıldı. Yayan, anladığım qədər, Rüstəm bəy özüdür. Hansı məqsədlə yaydığını və hansı məqsədlə paylaşıldığını dəqiq deyə bilmərəm. Amma yəqin ki, İlham Əliyevi gözdən salmaq üçün.

Adətən belə şeylərə baxmağa səbrim yoxdur, bu dəfə ərinmədim, baxdım. Və öz təəssuratlarımı deyirəm: bu tostdan İlham bəydə milliyətçilik damarı var, azərbaycançılığı sevən biri, adi bir insan, adi insan kimi içən, içəndə keflənən, aqressivləşməyən, əksinə, daha da sadələşən.... Bir sözlə diktator cəllad falan filan deyil, sadə bir qaqa.

Bunu niyə yazdım?

Bir gün əvvəl də fb-daki "qəhrəmanlardan", nemət pənəhovlardan və onlara əl çalan , onların hər boş sözü ilə yatıb-qalxan kütlədən bəhs etdim. Amma açıqlamağa həvəsim, vaxtım olmadı. O gün də hayküylə, hətta qıy vuraraq başqa bir videogörüntünü paylaşırdılar. Orada da bir (deyək) vətəndaş bu rejimi, Əliyevləri təriflədiyi yerdə polis gəldi, qollarını qarmaladı apardı. Sözsüz ki, polislər onu Fəvvarələr meydanında hökumət əleyhinə aksiya iştirakçıları ilə səhv salmışdılar. Amma bu görüntüləri də bu pompayla yaymaq siyasi savadsızlıqdır.

Siyasi savad odur ki, qarşındakının sənin dediyinin qarşısında nə deyəcəyini əvvəlcədən təxmin edə bilirsən. Bax elə buna görə siyasəti şahmatla müqayisə edirlər. Şahmat oynayanlar bilir: yaxşı şahmatçı ən azından bir neçə gedişi, gediş kombinasiyalarını qabaqcadan hesablayır. Qrossmeysterlər yüz gediş sonrasını belə hesablaya bilirlər.

İndi soruşuram: cəmi bir gedişi qabaqcadan hesablaya bilməyən, rəqibin sənin dediyinin qarşısında nə deyəcəyini hesablaya bilməyən adamdan siyasətçi olar? Belə adamların siyasət haqqında danışmağı nə qədər doğrudur?

Təbii ki, Tayyib demişkən, “ağzı olan konuşuyor” və danışsın da. Amma onu hər kəs bilsin ki, İlham Əliyevin əbədiliyində ona müxaliflik edənlərdə də günah axtarmaq lazımdır. Günah da deyil əslində. Sadəcə istedadları, savadları yoxdur. Bu qədər. Və savadsız olduqları üçün populist, nemət pənahov olurlar, populist olduqları üçün də sürü gözündə qəhrəmana çevrilirlər.

Mən bu epizodu görəndə ilk ağlıma gələn bu idi: bu epizod bu iqtidara qarşı təbliğat vasitəsi ola bilməz. Ən azından ona görə ki, bir iqtidar nümayəndəsi çıxıb deyər ki, “qardaş, bizim üçün hamı eynidir, biz hüquq dövlətiyik, bizim tərəfdar da, əleyhdar da icazəsiz aksiyada iştirak etsə, polis tutub aparacaq”. Vəssəlam. Nə deyəcəksən?! Məntiqli bir şey deyə bilmərsən.

Bir də o zavallı Heydərçiyə qarşı nədən bu qədər ələsalmalar oldu – onu başa düşmədim. Bu ölkədə Əbülfəz Əliyevi də tanrı sananlar var. Onu qoyuram bir kənara, hər ortastatistik beyinsizin bir sürü fanatı var. Bu olduğu təqdirdə niyə inanmırsınız ki, Heydər Əliyevi səmimi sevən insan olmasın?! İskəndər Həmidov daxili işlər naziri olanda ona yaltaqlıq edən qadınların, jurnalist Tellinin (soyadını xatırlamıram) sifətini görsəydiniz , bu zavallı Heydərçini ələ salmazdınız. Mən şəxsən ona acıdım. Köləlik mənim xalqımın içindədir. İÇİNDƏ! Kimin arxasında güc, imkan hiss edirlər, ona girməyə başlayırlar. Gücü, imkanı çox olana çox girirlər, güc və imkan azaldıqca müvafiq olaraq girmə differensiasiyaya uğrayır.

Hər şeyi detalları ilə anlatmaq üçün uzun yazmaq lazım. Çünki bu məsələlərin başqa aspektləri də var. Amma anlatmağa həvəsim yoxdur. Çünki mən də insanam, yoruluram və özümə sual verirəm: Kimin üçün izah edirsən?!

Ona görə burda bitirim. İlham Əliyevin tost deməsi də, o zavallı Heydərçinin başına gələn də iqtidara və İlham bəyə qarşı təbliğat vasitəsi kimi istifadə ediləməz. Mən belə düşünürəm. Siz o rolikləri paylaşmağa davam edin, özünüzdən razı qalın, özünüzü bu yolla təsdiq edin, bu vəhşi kapitalizm də sürməyə davam etsin.

Комментариев нет:

Отправить комментарий