1 февр. 2013 г.

Ekososializm haqqında müzakirələrə


Ekososialist layihə ətraf mühitin saxlanılmasını və katastrofik iqlim dəyişikliklərinin qarşısının alınmasını nəzərə almaqla iqtisadiyyatın demokratik planlaşdırılmasını nəzərdə tutur. Belə planlaşdırma nəticəsində biz enerji sistemində bu gün mövcud olan, iqlim dəyişikliklərinə və atmosferin çirklənməsinə səbəb olan resursların (ilk növbədə mədən resurslarının) yenilənən enerji mənbələriylə- su, külək və günəş,- əvəzedilməsinə gətirəcək inqilab etmək imkanına malik olacıq.

Demokratik və ekoloji planlaşdırmanın vacib şərti – istehsal vasitələri üzərində ictimai nəzarətdir: cəmiyyət üçün əhəmiyyətli olan texnoloji investisiyalar və dəyişikliklər haqqında qərarların qəbul olunması imkanı banklardan və kapitalist şirkətlərdən alınmalıdır – əgər biz bu qərarların cəmiyyətin xeyrinə və ətraf mühitin qorunmasına istifadə olunmasını istəyiriksə.

Cəmiyyət sosial və ekoloji kriteriyalara əsasən üstünlük verilən istehsal tiplərinin demokratik seçimində, həmçinin alternativ enerji növlərinin alınmasına, təhsilə, səhiyyəyə və mədəniyyətə investisiya üçün ayrılmış resursların həcminin təyinində azad olmalıdır. Mallara qiymətlər artıq tələb və təklif qanunlarıyla təyin edilməyəcək, mümkün olduğu qədər sosial, siyasi və ekoloji meyarlara əsasən müəyyən olunacaq. Belə planlaşdırmanın məsələlərindən biri iş vaxtının ixtisarı nəticəsində tam məşğulluğun təminatı olacaq. Bunu təkcə sosial ədalət tələb etmir, həm də işçi sinfinin, hansı ki, onlarsız məhsuldar qüvvələrin struktur ekoloji transformasiyası prosesi qeyri-mümkündür, dəstəyinə olan ehtiyac tələb edir.

Demokratik planlaşdırma heç bir "despotizm" nəzərdə tutmur, bütün cəmiyyətin sərbəst qərarına əsasən reallaşdırmanı nəzərdə tutur. Bu prosedur cəmiyyətə kapitalist və bürokratik strukturların yadlaşdıran "iqtisadi qanunlarından" və "dəmir qəfəslərindən" azad olmaq üçün lazımdır. Asudə vaxtın ixtisarıyla bağlı demokratik planlaşdırma insanlığın Marksın “azadlığın şahlığı” adlandırdığı cəmiyyətə doğru əhəmiyyətli irəliləyişi olacaq: asudə vaxtın artması işçilərin demokratik müzakirələrdə, iqtisadiyyatın və cəmiyyətin idarə edilməsində iştirakı üçün şərtdir. Ekososialistlərin cəhd etdikləri demokratik planlaşdırma sisteminin tipi prinsipial iqtisadi qərarlarla – ilk növbədə, qlobal istiləşmənin təhlükələrinə aid olan – bağlıdır, yerli restoranları, ərzaq mağazalarını, çörəkxanaları, dükanları, sənətkarlıq müəssisələrini və ya xidmət sahələrini idarə etməklə deyil. Burada vurğulamaq vacibdir ki, planlaşdırma işçilərin şəxsi istehsalatlarında özünüidarəetməyə zidd deyil. Eyniz zamanda transformasiya ilə bağlı qərarlar, məsələn, avtomobil zavodunun yel fermaları üçün motor istehsalı üzrə ixtisaslaşmış müəssisəyə transformasiyası ilə bağlı qərar bütün cəmiyyət tərəfindən qəbul ediləcək, fabrikin təşkili və daxili fəaliyyəti demokratik şəkildə işçilərin özü tərəfindən həyata keçiriləcək.

Biz "mərkəzləşdirilmiş" və ya “qeyri-mərkəzləşdirilmiş” planlaşdırmanın xarakteri haqqında uzun müzakirələr apardıq. Hər halda, bütün səviyyələrdə - yerli, regional, milli, kontinental və, ümid edirik, planetar, bir halda ki, qlobal istiləşmə kimi ekoloji problemlər bütün dünyaya aiddir və onları yalnız qlobal səviyyədə həll etmək olar - plan üzərində demokratik nəzarət vacib olaraq qalır. Belə layihəni "qlobal demokratik planlaşdırma" adlandırmaq olar. Onun adətən "mərkəzləşdirilmiş planlaşdırma" adlandırılan şeylə heç bir əlaqəsi yoxdur, çünki, iqtisadi və ictimai qərarlar hansısa "mərkəzdən" aşağı göndərilməməlidir, əlaqədar insanlar tərəfindən demokratik şəkildə qəbul edilməlidir.




Ekososialistik planlaşdırma qərarların qəbul olunmasının hər səviyyəsində demokratik və plüralistik müzakirələrə əsaslanmalıdır. Partiyalar, platformalar və ya istənilən başqa siyasi hərəkat formasında təşkil edilmiş təşkilatları planlaşdıran nümayəndələr seçiləcək, maraqlı olan hər kəs tərəfindən müxtəlif təkliflər təklif ediləcək. Başqa sözlə, təmsilçi demokratiya insanlara müxtəlif təkliflərdən birbaşa seçmək imkanı verən birbaşa demokratiya ilə - yerli, milli və nəticədə, beynəlmiləl səviyyədə -genişləndirilmiş və təkmilləşdirilmiş olmalıdır. O zaman bütün əhali pulsuz ictimai nəqliyyat, ictimai nəqliyyata subsidiya verilməsi üçün avtomobil sahiblərindən xüsusi vergi tutulmaları, günəş enerjisinə subsidiya ayrılması, iş saatının həftədə 30, 25 və ya daha az vaxta qədər ixtisarı, hətta bu istehsalın ixtisarına səbəb olsa belə, kimi məsələləri müzakirə edə biləcək. Planlaşdırmanın demokratik xarakteri rolu qərar vermək deyil, qərarların demokratik qəbul olunması prosesi zamanı arqumentləri təqdim etmək – tez-tez müxtəlif, hətta əks arqumentlər– olan ekspertlərin iştirakı ilə tamamilə uyğundur. Sual yaranır – kim zəmanət verə bilər ki, insanlar ətraf mühiti qoruyacaq doğru seçimi edəcəklər, hətta əgər bu seçim bu və ya digər istehlak vərdişlərinin dəyişdirilməsi bahasına başa gələcəksə? Belə "zəmanət" mövcud deyil, yalnız demokrtaik qərarların rasionallığının bir gün qalib gələcəyinə, əmtəə istehlakı fetişizminin isə keçmişdə qalacağına ağıllı yatırım var. Aydındır ki, insanlar yanlış seçim edərək səhv edəcəklər, məgər ekspertlər səhv etmirlər? İnsanların əksəriyyəti mübarizə, özünümaarifləndirmə və sosial təcrübə sayəsində sosializm və ekoloji şüurun yüksək səviyyəsinə nail olmadan, yeni cəmiyyətin yaradılmasını təsəvvür etmək mümkün deyil.


Bəzi ekoloqlar hesab edirlər ki, produktivizmin yeganə alternativi belə artımın qarşısını almaqdan və ya onu neqativ artımla - hansı ki, Fransada "düşmə" adlanır - əvəz etməkdən ibarətdir. Bunun üçün qəti şəkildə istehlakın artıq səviyyəsini azaltmaq və ,başqa şeylərlə yanaşı, enerji istehlakını yarıbayarı azaltmaq üçün xüsusi mənzillərdən, mərkəzi istilik sistemindən və paltaryuyan maşınlardan imtina etmək lazımdır."Düşmə" tərəfdarlarının üstünlüyü ondadır ki, onlar birinci plana produktivizmin və konsyumerizmin radikal tənqidini çıxarırlar. Amma "düşmə" anlayışı yalnız "artımın" miqdar anlayışıyla və məhsuldar qüvvələrin inkişafıyla bağlıdır. İnkişafın keyfiyyətli transformasiyası haqqında düşünmək daha yaxşıdır. Bu iki müxtəlif, amma bir-birini qarşılıqlı tamamlayan yanaşma nəzərdə tutur:


1.Təkcə ixtisar deyil, həm də resursların kapitalizm- lazımsız və/və ya zərərli məhsulların genişmiqyaslı istehsalına əsaslanan sistem tərəfindən doğurulan böyük sərfiyyatına son qoymaq məqsədilə bütün iqtisadi sektorların bloklaşdırılması. Hərbi sənaye – kapitalist istehsalı məhsulunun tipik nümunəsi iri korporasiyalar üçün gəlirdən başqa hər-hansı bir xeyirə malik deyil. Məsələ abstrakt "artıq istehlakda" deyil, bugün üstünlük təşkil edən, görünüş üçün istehlak, böyük həcmdə tullantılar, manyak kimi əmtəə yığımı və “dəb”lə sırınan zəhlətökən psevdoyeniliklərin istehlakı kimi əsas xüsusiyyətlərə malik istehlak tipindədir. Yeni cəmiyyət istehsalı tibb,təhsil,mədəniyyət və nəqliyyat kimi əsas xidmətlər də daxil olmaqla həqiqi ehtiyacların -ilk növbədə su,qida,geyim,mənzil- ödənilməsinə yönəldəcək. Bu şəkildə, biz "sellektiv düşmə" haqqında danışa bilərik.


2. Bundan başqa, kapitalizm tərəfindən rədd edilən istehsalın və ya xidmətlərin müəyyən sahələrinin "selektiv artım"ını təmin etmək lazım olacaq: günəş energetikası, orqanik kənd təsərrüfatı (ailəvi və ya kooperativ), ictimai nəqliyyat və s.
Aydındır ki, əsas ehtiyacları tamamən təmin edilməmiş dövlətlər, yəni cənub yarımkürəsi ölkələri, sənaye cəhətdən inkişaf etmiş ölkələrə nisbətən daha çox "inkişafla" məşğul olmağa məcburdurlar– dəmir yolları, xəstəxanalar, kanalizasiyalar və başqa infrastrukturlar tikmək ehtiyacına görə. Amma bu inkişaf yenilənən enerjilərə əsaslanan və buna görə də ərtaf mühit üçün zərərli olmayan istehsal sisteminə uyğun olmalıdır.


Bu ölkələr aclıqdan əziyyət çəkən əhalisi üçün böyük həcmdə ərzaq istehsalına ehtiyac duyacaqlar. Amma, Via Kampesin şəbəkəsi tərəfindən beynəlxalq səviyyədə təşkil edilmiş kəndli hərəkatlarının çoxillik təcrübəsinin göstərdiyi kimi, bu məsələni ailə müəssisələri,kooperativlər və ya kollektiv təsərrüfatlara əsaslanan orqanik kənd əkinçiliyinin köməyi ilə həll etmək daha asandır, nəinki prinsipi – pestisidlərin, kimyəvi maddələrin və genetik modifikasiya olunmuş orqanizmlərin intensiv istifadəsi olan kənd təsərrüfatının dağıdıcı və antisosial metodlarının köməyi ilə. Borc və sənaye cəhətdən inkişaf etmiş kapitalist ölkələr tərəfindən Cənubun resurslarının imperialist istismarı ilə öz nüfuzunu itirmiş sistemin əvəzinə Şimal tərəfindən Cənuba texniki və iqtisadi köməyi artırmaq imkanı gələcək.


Bəzi puritan və asketik köklənmiş ekoloqların fikirlərinin əksinə olaraq, Avropada və Şimali Amerikada həyat standartlarının – mütləq vahidlərdə - aşağı düşməsinə ehtiyac qalmayacaq. Bu ölkələrin əhalisinə sadəcə faydasız məhsullardan qurtulmaq lazım olacaq, hansılar ki, heç bir real ehtiyacı təmin etmir, və hansıların ki, artıq istehlakı kapitalist sistemi tərəfindən dəstəklənir. Belə məhsulların istehlakını azaltmaqla, insanlar həyat standartı anlayışı haqqında məzmununa görə daha zəngin olacaq həyat tərzi anlayışının xeyrinə yenidən fikirləşəcəklər.

Həqiqi ehtiyacları süni, yanlış, xəyali ehtiyaclardan necə fərqləndirmək olar? Reklam sənayesi – şüurla manipulyasiya vasitəsi ilə insan ehtiyaclarının formalaşmasına təsir edən sənaye növü – müasir kapitalist cəmiyyətlərinin hər bir həyat sferasında tətbiq olunur. Hər şey onun tələblərinə uyğun olaraq təşkil edilmişdir, yalnız qidaya və geyimə aid şeylər deyil, həm də idman, mədəniyyət, din və siyasət kimi müxtəlif sferalar. Reklam bizim küçələrimizi, poçt qutularımızı, tele-ekranlarımızı, qəzetlərimizi və landşaftlarımızı ən xain, qarşısı alınmaz və təcavüzkar şəkildə tutub. Bu sahə birbaşa və bilavasitə görüntülü və zəhlə tökən istehlaka vərdişlər formalaşdırır. Bundan başqa o, neftin, elektrik enerjisinin, iş vaxtının, kağızın, kimyəvi maddələrin və digər xammalların fenomenal xərcini doğurur – bütün bunlar üçün isə istehlakçılar ödəyir. Bu “istehsal” sahəsi təkcə humanism nöqteyi-nəzərindən faydasız deyil, həm də belə cəmiyyətin ehtiyaclarına ziddir.

Kapitalist bazar iqtisadiyyatında əhəmiyyətli yer tutan reklam üçün sosializmə keçid cəmiyyətində yer olmayacaq. Onu istehlak assosiasiyaları tərəfindən məhsullar və xidmətlər haqqında verilən informasiya əvəz edəcək. Həqiqi ehtiyacın süni ehtiyacdan fərqləndirilməsi meyarı reklamdan qurtulduqdan sonra saxlanılacaq ehtiyaclar olacaq. Aydındır ki, bir müddət köhnə istehlak şablonları dəyişməyəcək, çünki, heç kim insanlara onların ehtiyaclarını diktə etmək hüququna malik deyil. İstehlak modellərinin dəyişməsi tarixi prosesdir və maariflənmə məsələsidir. Şəxsi avtomobillər kimi bəzi məhsullarla daha mürəkkəb problemlər bağlıdır. Şəxsi avtomobillər – ictimai xəstəlikdir. Hər il onlara görə yüz minlərlə insan ölür və ya əlil olur. Avtomobillər meqapolislərdə havanı çirkləndirir, bu isə uşaqların və yaşlı insanların sağlamlığına böyük zərər vurur. Avtomobillər həmçinin iqlim dəyişikliklərinə böyük təsir edir.

Eyni zamanda, mövcud kapitalizm şəraitində avtomobil həm də real ehtiyacları təmin edir. Ekososializmə keçid prosesində ictimai nəqliyyat asan əlçatan və pulsuz olacaq – həm yerüstü, həm də yeraltı; həmçinin piyadalar və velosipedçilər üçün xüsusi yollar olacaq. Müvafiq olaraq, şəxsi avtomobil inadlı və təcavüzkar reklam vasitəsilə təbliğ olunaraq fetişə çevrildiyi burjua cəmiyyətindəki ilə müqayisədə daha az əhəmiyyətli rol oynamağa başlayacaq.

Yeni cəmiyyətə keçiddə özü ilə faciəli qəzaları və yüksək çirklənmə səviyyəsini gətirən malların avtodaşınmasını sərt şəkildə azaltmaq və yüklərin dəmiryolu vasitəsilə- və ya yük maşınları ilə- daşınması ilə əvəz etmək daha asan olacaq. Avtoyol nəqliyyatının inkişafı isə kapitalist "rəqabətinin" absurd məntiqindən başqa bir şey tərəfindən doğurulmamışdır.


Bu təkliflərə pessimistlər belə cavab verəcəklər: bəli, amma insanları sonsuz həvəs və arzular idarə edir, hansıları ki, nəzarət etmək, təhlil etmək, keçmək və lazım gələrsə, hətta boğmaq lazımdır. Demokratiya bu halda müəyyən məhdudiyyətlər tələb edir. Ancaq ekososializm vaxtilə Marksın da bölüşdüyü tamamilə ağıllı fərziyyəyə əsaslanır: sosial siniflər və kapitalizm yadlaşması olmayan cəmiyyətdə “var olmaq” "malik olmaq" üzərində qələbə çalacaq, asudə vaxt saysız-hesabsız şeylərə malik olmaq arzularından daha əhəmiyyətli olacaq: mədəni, idman, oyun, elmi, erotik, bədii və siyasi sahələrlə vaxt-keçirmək özünü reallaşdırmaqda prioritet təşkil edəcək. Əmtəə fetişizmi kapitalizm sisteminə məxsus ideologiyanın və reklamın köməyi ilə alıcı qızdırmasını doğurur. Heç nə sübut etmir ki, bu "əbədi insan təbiəti"nin bir hissəsidir.


Bütün bunlar - xüsusilə əgər keçid dövrü haqqında söhbət gedirsə,- münaqişələrin olmayacağına zəmanət vermir: ətraf mühitin müdafiəsi ehtiyacı və cəmiyyətin ehtiyacları arasında, ekoloji tələblər və baza infrastrukturunun yaradılması ehtiyacı arasında, kütləvi istehlak vərdişləri və resurs defisiti arasında. Cəmiyyətdə sosial siniflərin yoxluğu ziddiyətlərin və münaqişələrin yoxluğunu bildirmir. Onlar qaçılmazdır, və kapital və nağd pul təzyiqindən azad ekososialoji layihədə demokratik planlaşdırmanın rolu bu ziddiyətləri cəmiyyətə qərarlar qəbul etməyə icazə verən açıq və plüralist müzakirələrin köməyilə həll etməkdən ibarətdir. Belə ümumi iştirak demokratiyası – səhvlərdən yayınmağa zəmanət vermir, cəmiyyətin özünə həmin səhvləri düzəltmək imkanı verir..

Mixail Levi

Tərcümə: Günel Muradova

Комментариев нет:

Отправить комментарий