28 февр. 2013 г.

Mixail Levi din, inkişaf və ekososializm haqqında


Braziliya filosofu və sosioloqu Mixail Levi Valter Benamin, gənc Marks və Frans Kafka haqqında işləri ilə məşhurdur. O, ekososializm hərəkatının nəzəriyyəçilərindən və aktivistlərindən biridir. "Nəzəriyyələr və təcrübələr" filosofla dinin nə vaxt öz mövcudluğunu dayandıracağı, ictimaiyyətin diqqətini ekoloji problemlərə necə cəlb etmək və XXI əsrdə işçi hərəkatı haqqında söhbət etdi.

— Siz öz mətnlərinizin və çıxışlarınızın çoxunu libertar teologiya məsələlərinə həsr edirsiz. Məlumdur ki, Rusiyada inanan insanların sayı çoxdur, və son zamanlar inanan insanlarla ateistlərin münasibəti haqqında məsələ daha tez-tez meydana çıxır. Bəzən görünür ki, bir az sonra Rusiyada dindarlıq konservatizmin və geriliyin sinonimi olacaq. Xristianlığın özündə inqilabçı nəsə varmı varmı yoxsa sizing araşdırdığınız, konkret sosial şəraitdə yaranan bütün bu hadisələr inananların siyasiləşməsidir?
— Mən deyərdim ki, din və müqəddəs yazılar öz-özlüyündə inqilabçı ola bilməz. Onlar min müxtəlif üsulla izah edilə bilərlər. Ona görə hər şey insanların onu necə oxuduqları və izah etdikləri hər bir konkret vəziyyətdən asılıdır. Dində ayrılmaz mahiyyət yoxdur. Çox əsrlər katolik kilsəsi İncildən mühafizəkar vasitə kimi istifadə edirdi, amma 60-70-ci illərdə Kuba inqilabının və Latın Amerikasındakı sosial etirazların təsiri altında yəhudi-xristian ənənələri radikal-demokratik libertar vasitə kimi şərh olunmağa başladı. Bu dinin xüsusiyyətləriylə izah edilə bilməz, müəyyən tarixi dövrdə konkret yerdə konkret sosial və siyasi şəraitlə izah edilməlidir. Düşünürəm ki, bu digər dini konfessiyalara da aid edilə bilər. Mən heç vaxt pravoslavlığı araşdırmamışam, amma bilirəm ki, XX əsrin əvvəllərində Sankt-Peterburqda pravoslav cəmiyyətində xristian sosialist qrupları var idi.

— İstənilən solçu üçün dinə necə yanaşmaq məsələsi həmişə son dərəcə aktual olub, bu gün isə xüsusilə. Bir marksist kimi siz inanan insanları və dini bütün mənfi rəyləri və mövhumatlari ilə qəbul edirsiz yoxsa siz buna sadəcə müvəqqəti fenomen kimi yanaşırsız, hansı ki, öz vaxtını yaşayır və bir gün siz uğrunda mübarizə apardığınız cəmiyyətin gəlməsi ilə yox olacaq?
— Din minilliklərdir ki mövcuddur, və mən bilmirəm, o daha neçə vaxt mövcud olacaq. Mən inanmıram ki, bir dəfə o yox olacaq. Bu Maarifçilik dövrünün illüziyası idi ki, din bitmişdir. Din mövcud olmağa davam edirdi. Hesab edirəm ki, sollar üçün, onların marksist və ya anarxist olmağından asılı olmayaraq, məsələ bu cür dayanmamalıdır. İnsanlar tanrıya inanırlar ya inanmırlar — bu əhəmiyyətsizdir. Vacib olan odur ki, insan mövcud siyasi sistemlə bağlı hansı mövqe tutur, insan kapitalizmə qarşı çıxır və ya onu dəstəkləyir, diktatora qarşıdır və ya qarşı deyil. Solçunun hər hansı dini hərəkata və ya qrupa münasibətini məhz bu suallar formalaşdırmalıdır.

— Siz ekososializmin nəzəriyyəçilərindən və aktivistlərindən birisiz, Ekososializm Manifestinin müəllifisiz. Ekososializm istehsalın və iqtisadiyyatın daimi artım ehtiyacı haqqında postulatın tənqidi üzərində qurulur. Amma işçilər necə olsun? Axı əgər istehsal artmazsa, iş yerlərinin sayı da artmayacaq.
— Bu belə deyil. Söhbət iqtisadiyyatın böyüməməsindən getmir. Bu gün dünyada mövcud olan müəyyən fəaliyyət növləri əslində faydasızdır. Və ekososializm hesab edir ki, biz onlardan qurtulacağıq. Belə fəaliyyət növünə, məsələn, reklam daxildir. Biz həmçinin atom enerjisindən istifadəni istəmirik, atom enerjisinin istənilən silah növünün yaradılmasında və ümumiyyətlə silah yaradılmasında istifadə olunmasını. Amma bununla belə bir çox fəaliyyət növləri var ki, biz onları hal-hazırda inkişaf etdiklərindən daha çox inkişaf etdirmək istərdik. Biz günəş energetikasını, təhsili, pulsuz ictimai nəqliyyatı, orqanik kənd təsərrüfatını inkişaf etdirmək istəyirik. Bütün sadalanan fəaliyyət növləri böyük miqdarda iş qüvvəsi tələb edir. İş qüvvəsi insan və ekologiya üçün faydasız,təhlükəli olan fəaliyyət sahələrindən insan və ekologiyaya xeyir verəcək və müsbət təsir edəcək fəaliyyət sahələrinə yerini dəyişəcək. Bu ekososializmin dəstəklədiyi dəyişikliklərdir.
Hamı üçün kifayət qədər iş olacaq. Amma biz həm də istəyirik ki, insanlar daha az işləsinlər. İstəyirik ki, hər kəsin oxumaq, incəsənətlə məşğul olmaq, oynamaq, sevişmək üçün çox boş vaxtı olsun. İstehsal diliylə söyləsək, biz daha çox boş vaxt istehsal etmək istəyirik, nəinki daha çox əmtəə. Bu gün insanlar daha çox mal alırlar. Onlar burjua konsyumerizm ideologiyasının nəticəsi olan istehlaka mübtəla olublar. Ekososialist cəmiyyətdə daha reklam və burjuaziya ideologiyasının təzyiqi olmayacaq. İnsanlar hər hansı bir şeyi öz real ehtiyaclarını təmin etmək üçün alacaqlar. Baza ehtiyacları, əlbəttə, qida və paltardan daha genişdir, həm də mədəniyyət və təhsilə ehtiyacdır.

— Amma əgər bugünkü vəziyyət haqqında danışsaq, hər hansı bir səbəbdən indiyə qədər bütün dünyada az insan sol hərəkətə qoşulub. Axı kapitalizm çərçivəsində ekoloji problemləri həll etməyin mümkünsüzlüyünü anlamaq üçün müxtəlif elmi məruzələrin oxunmasına bir neçə gün xərcləmək kifayətdir. Necə düşünürsünüz, problem nədədir, niyə insanlar bu qarşılıqlı əlaqəni görmürlər? Və Avropada və Braziliyada belə problem varmı.
— Əlbəttə, insanlar konkret problemlər üzrə səfərbər olurlar. Mübarizə vaxtı onlar aşkar edə bilərlər ki, onların düşməni təkcə müəyyən konkret korporasiya deyil, həm də dövlətdir, və bütövlükdə bütün sistemdir. Lokal mübarizə siyasi mübarizəyə çevrilə bilər. İnsanlar anlamağa başlayırlar ki, onlar sistemlə mübarizə aparırlar. Bu lokal problemlərin əhali ilə hökumət və korporasiyalar arasında siyasi qarşıdurmalara gətirdiyi Latın Amerikasında dəfələrlə baş verib. Solların qarşısında dayanan əsas məsələ, bu mübarizədə iştirak etmək və öz lokal problemini həll etməyə çalışarkən insanların niyə sistemlə qarşılaşdıqlarını onlara izah etməkdir. Mübarizə vasitəsilə konkret lokal tarixin iştirakçıları siyasi şüur əldə edə bilərlər.

— İnsanlara dərk etmək çətindir ki, bəzən zavodu bağlamaq və insanları iş yerlərisiz qoymaq bütün şəhər və ətraf mühit sakinlərini zəhərləməkdən daha yaxşıdır. Görünür , əgər iş yerini itirmək ehtimalı varsa, işçilər özləri ekososializm idealları üçün mübarizə aparmayacaqlar. Kim ekososializmə doğru dəyişikliklərin agenti ola bilər? Ekososializmin həyatda təcəssüm etməsi dövlət layihəsi ola bilərmi.
— Düşünürəm ki, ekoloji problemlər təkcə işçilərə aid deyil, həm də kəndlilərə, gənclərə, qadınlara— kapitalistlərdən və məmurlardan başqa, bütün əhaliyə aiddir. İnsanların əksəriyyəti potensial olaraq dəyişikliklərin tərəfdarıdır. Əlbəttə, bağlamağa çalışdığınız zavodun işçilərindən dəstək tələb etmək mümkün deyil. Əgər bizim böyük və nüfuzlu ekoloji hərəkatımız olarsa, biz zavodun işçiləri ilə bu məsələni başqa cür müzakirə edə bilərik. Məsələn, avtomobil zavodu var, avtomobillər isə böyük miqdarda karbon qazı istehsal edir. Biz işçilərə deməyəcəyik ki, biz zavodu bağlamaq və onları küçəyə atmaq istəyirik. Biz onlara izah edəcəyik ki, maşınlar — ciddi ekoloji problemdir. Axı insanlar onları daha az alırlar deyə bir çox zavodlar bağlanır. Buna görə biz işçilərə təklif edirik ki, onlar yenidən profillənsinlər və avtomobil deyil, deyək ki, avtobus, tramvay və ya velosiped istehsal etsinlər. Sonra bu təklifi həmkarlar ittifaqıyla müzakirə etmək lazımdır və zərərli istehsalı azaltmaq, insanların iş yerlərinin saxlamaq üçün hər hansı bir qərara gəlmək mümkündür.

— Bu gün ictimai şüurda inkişaf ideyası daimi iqtisadi artım ehtiyacı haqqında postulatla, həmçinin müasir elmin və texnikanın inkişafıyla bağlıdır. Siz inkişafı dayandırmaq istəyirsiz yoxsa sadəcə onu başqa cür anlayırsınız?
— Düşünürəm, izah etmək lazımdır ki, inkişaf kapitalizm şəraitində bu formanı qəbul edir, hansı ki, ekoloji fəlakətə aparır. Biz də inkişaf tərəfdarlarıyıq, amma ekososializmdə o başqa formaları qəbul edəcək. Biz alternative enerji növlərinin, ictimai nəqliyyatın, orqanik aqrar sənaye və s. inkişafını istəyirik. Bütün bu sahələr elmin və texnikanın inkişafını tələb edir. Kapitalizmdə elm və texnika kapitalın maraqlarına əsasən inkişaf edir, insanların maraqlarına əsasən deyil.

— Siz işçi hərəkatının müxtəlif təşkilatlarıyla qarşılıqlı əlaqədə olursuz, Braziliya işçi partiyasıyla və başqaları ilə. Siz bu gün işçi sözü altında nə başa düşürsüz? Müasir işçilər kimlərdir?
— Əlbəttə, biz təkcə sənaye işçiləri haqqında danışa bilmərik. Biz həmçinin kəndliləri , gəncləri, tələbələri, xidmət sahəsinin işçilərini, yəni bu sözün ən geniş mənasında işləyən insanları nəzərdə tutmalıyıq. Və əgər siyasət haqqında söhbət gedirsə, bütün bu insanlardan ibarət koalisiya olmalıdır.

— Eyni zamanda da, bütün sadalanan insanların müxtəlif maraqları vardır. Əvvəllər biz sinfi maraqlar haqqında danışa bilirdik, amma bu gün cəmiyyətin siniflərə bölünməsi müəyyən mənada işləmir, siniflər artıq yoxdur. Ola bilsin, yeganə aktual sosial bölgü böyük kapitalistlərin 1 %-i və işçilərin 99 %-dir. Biz bununla nə edə bilərik?
— Birincisi, mən yenə də hesab edirəm ki, siniflər hələ də mövcuddur, XIX əsrdə olduqlarından başqa formada olsa da. Mənim fikrimcə, insanların əksəriyyəti bu gün böhranları, sosial bərabərsizliyi və ekoloji problemləri yaradan bu irrasional sistemdən qurtulmaq arzusuyla birləşə bilərlər. Mövcud nizamın saxlanmıasında yalnız insanların 1 %-i maraqlıdır. Qalan 99 % bir ümumi marağa malikdir — bu nizama son qoymaq.

— Onda bu ümumi maraqları dərk etməyə nə kömək edə bilər? Axı indi insanlar kifayət qədər bir-birindən ayırılıblar.
— Maraqların ümumiliyini dərk etməyə ümumi mübarizə kömək edə bilər. Yunanıstana baxın. Orada insanlar neoliberal islahatlara qarşı mübarizədə ,sərt iqtisadiyyat siyasətinə qarşı, pensiyaların və sosial ödəmələrin ixtisarına qarşı və s. birləşiblər. Occupy Wall Street etirazları vaxtı ABŞ vətəndaşları insanlar öz evlərindən və mənzillərindən çıxarılan zamanı banklara kömək etməyə üstünlük verən siyasətə qarşı mübarizədə birləşmişdilər. Amma insanları təşkilatlandıra, onları maraqların ümumiliyinə inandıra və mübarizə apara biləcək insanlar lazımdır..

Комментариев нет:

Отправить комментарий