6 авг. 2013 г.

Marta Xarneker: Latın Amerikası neoliberalizmə qalib gəldi

Tanınmış Çili jurnalisti,Latın Amerikası ərazisində intelektuallar arasında marksist nəzəriyyəçi kimi tanınan  Marta Xarneker Madriddə oldu, orada “Dünya qurmaq” adlı yeni kitabını təqdim etdi.
Onun siyasi meylləri fransız mütəfəkkiri, neomarksizmin istiqamətlərindən biri olan strukturalistik marksizm məktəbinin banisi Lui Altüsserin ideyaları üzərində formalaşıb. Çilidə hərbi çevrilişdən sonra, Auqusto Pinoçet hakimiyyətə gəldikdə, Marta Xarneker Kubaya gedir, orada Kuba kəşfiyyatının əsasını qoyan Manuel Pineyroya ərə gedir. Uzun illər Venesuelada Uqo Çavesin məsləhətçisi kimi çalışmışdır. İki il əvvəl Kanadaya köçmüş və kanadalı marksist,Simon Frezer Universitetinin iqtisadiyyat üzrə professoru Maykl Leboviclə ailə qurmuşdur. Marta Xarneker lütfkarlıqla El Pais ispan qazetinin suallarına cavab verdi.

-Sizin fikrinizcə hansı marksist fikirlər bugün də aktual olaraq qalır, və bugün dünyadakı proseslərin dərk edilməsində onlara nə qədər ehtiyac var?

-Karl Marks tərəfindən kapitalizm haqda söylənilmiş fikirlər, məsələn,istismar,tsiklik,böhranlar,təkrar istehsal haqqında söylənilmiş fikirlər,bugün də aktualdır. Zaman keçdikcə Marks tərəfindən yürüdülmüş qlobal  mülahizələr ədalətli oldular. İndi dünyada baş verən hadisələr yeni suallar ortaya qoyur, hansıları ki, Marks qabaqcadan nəzərə almamışdı və onlara cavab vermək lazımdır.

-Sizin İdeoloji baxışlarınız necə formalaşmışdır?

-Mənim müəllimim Altüsser olub. Marksizmi anlamaq üçün kritik oxuma metodunu ondan öyrənmişəm. Fransız mütəfəkkirinin nəzəriyyələri məni belə bir fikrə gətirib çıxardı ki, marksizm ona görə tupikə girdi ki, Sovet İttifaqında və sosializm düşərgəsi ölkələrində marksizmin qəbul edilməsinə doqmatik yanaşma tərzi vardı.

-İndi işçi sinfi haqqında əsas hərəkətverici inqilabi güc kimi danışmaq olarmı?

-Solların Latın Amerikasında əsas səhvlərindən biri bundan ibarət idi ki, onlar işçi sinfin aparıcı rolunun  Sovet İttifaqında təbliğ olunan mövqeyini mexaniki olaraq latin-amerikan regionuna aparmaq istəyirdilər. 1985-ci ildə başa düşdüm ki, inqilabı yalnız məzlum və alçaldılmış işçi sinfi etmir. İnqilabi güclərin sosial tərkibi daha genişdir.

-Bugün inqilabi proseslərdə hansı yeni güclər iştirak edə bilər?

-Tarix göstərdiyi kimi, bu kəndlilər,hindular,xristianlar,tələbələrdir. Bir sözlə, aparılan neoliberal siyasətdən narazı olan və onun bütün “gözəlliklərini” öz üzərində hiss edən hər kəs. Çilidəki hərbi çevriliş neoliberal siyasətə qarşı çıxan sosial hərəkatları boğmağa çalışırdı. Amma bu baş vermədi, və biz indi bu Cənubi Amerika ölkəsində böyüyən etirazçı hərəkatların şahidiyik.

-Fikrinizcə,cəmiyyətin neokonservativ inkişaf  variantı Latın Amerikası üçün nə dərəcədə xeyirli və ya ziyanlı idi?

-Cəmiyyətin neokonservativ inkişaf modeli ilk mərhələdə dünyaya yayılmaq ənənəsinə malik idi ki, bu da Frensis Fukuyamaya “tarixin sonu” haqda fikirlər söyləməyə əsas vermişdi. Bununla belə, cəmiyyətin neokonservativ inkişaf modeli 80-ci illərdə ilk əvvəl Latın Amerikası ölkələrində məhv olmağa başladı. Səbəb cəmiyyətdəki iqtisadi və sosial bərabərsizlik, sabahkı günə inamsızlıq oldu. Neoliberalizm cəmiyyətin neokonservativ inkişaf modelinin qəbirqazanları olan yeni sosial hərəkatların meydana gəlməsinə təkan verdi.

-Qərbdə belə bir fikir mövcuddur ki, siyasət pul dünyasına avtonomdur. Siz belə fikirlə razısızmı?

- Mən heç bir avtonomiya görmürəm. Qərar verənlər korporasiyalar və banklardır, siyasətçilər isə yalnız onların istəklərini həyata keçirirlər və onların maraqlarını müdafiə edirlər.

-Necə düşünürsüz, müasir dünyada böhranlardan çıxışın hərbi həlli ola bilərmi?

-Qlobal miqyasda hərbi konfliktin yaranmasını təsəvvür etmək çətindir, çünki bu nüvə fəlakətinə gətirib çıxaracaq. Amma lokal müharibələr mümkündür, amma onları dünyadakı hegemonluq və hakim mövqe ilə qarışdırmaq lazım deyil. Dünyada hegemonluq inandırmaq və ustalıq yolu ilə sübut olunur. Hegemonluq nə qədər azdırsa, dominantlıq o qədər çoxdur. Siz hegemonluğu itirəndə güc tədbirlərini istifadə etməyə başlayırsız.

-Belə bir fikirlə razısızmı ki, hazırda kapitalizm sisteminin özünü qoruması üçün şərait yaradılır?

-Düşünmürəm. Kapitalizmin böhranı mexaniki,öz-özünə, siyasi alternativsiz yaxınlaşmır.

-Bu hansı alternativdir?

-Bu neoliberalizm tərəfindən doğurulmuş çoxsaylı sosial-siyasi problemlərin həlli ilə məşğul olacaq geniş sosial platformanın yaradılmasıdır. Ən aşağı səviyyədə sosial bərabərsizlik yaradan səbələri müzakirə etmək lazımdır, Venesuelada sovetlərdə və Kommunalarda edildiyi kimi.

-Necə hesab edirsiz,İspaniyadakı “15 may Hərəkatı” və ya ABŞ-dakı “Uoll-Striti işğal et” kimi  hərəkatlar bu problemi həll edə bilərmi?

-Şübhəsiz. Problemlər  Latın Amerikasında məhz bu şəkildə həll olunmağa başladı.

Bolivarian adlandırılan  inqilabın gələcəyini necə görürsüz?

-Qeyd etmək istəyirəm ki, bu dünyada kifayət qədər maliyyə vəsaitləri vasitəsilə baş tutan ilk inqilab idi. Buna görə onu digər inqilabi proseslərlə qarışdırmaq lazım deyil. Əsas olan budur ki, Uqo Çaves oyun qaydalarının dəyişilməsinin vacibliyini başa düşdü və Kommunal Şuralar və Kommunalar vasitəsilə sonradan dövlət tərəfindən maliyyələşdirilən bu və ya digər layihələr irəli sürən xalq kütlələrini ön plana çəkdi. Beləliklə, Çaves dəyişiklik arzulayan milyonlarla sadə venesuelalılara öz tərəfinə çəkməyi bacardı.

-Bolivarian inqilabını zəif yeri varmı?

-Yəqin ki, iqtisadi aspektləri unudaraq sosial layihələrə investisiya yatırılmasına meyl.

-Məsələn, Braziliya kimi yeni derjavaların meydana gəlməsinə necə baxırsız?

-Braziliya Cənubi Amerika və ABŞ arasında güc nisbətinin dəyişməsində həlledici rol oynadı. Latın Amerikasında Millətlərin Cənubi Amerika İttifaqı (UNASUR) kimi yeni beynəlxalq təşkilatlar yarandı, Vaşinqton bu təşkilatda təmsil edilmir və indi öz istəyini Latın Amerikası ölkələrinə sırıya bilmir.

-Sizcə, SSRİ-nin süqutuna nə səbəb oldu?


-Bilirsiz, mən bu məsələdə həyat yoldaşın Maykl Leboviclə razıyam, o hesab edir ki, sovet hakimiyyəti paternalistik  şəkildə ölkə əhalisi ilə müəyyən sosial razılaşmalar qoydu. Onlar növbəti şeylərdən ibarət idi: biz  sizin əsas ehtiyaclarınızın ödənməsinə zəmanət veririk, əvəzində - siz siyasətdə iştirak etməkdən imtina edirsiz. Zəhmətkeşlərin siyasi həyatdan kənarlaşdırılması, ölkənin siyasi rəhbərliyi və xalq arasında sıx əlaqənin olmaması Sovet İttifaqının süqutuna gətirib çıxardı.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий