22 мар. 2014 г.

Sadə dillə sadə həqiqətlər

Ukrayna hadisələri ətrafında liberal və digər antirusiya və rusiyafob ünsürlərin isteriyası kəsilmək bilmir. ABŞ və Aİ etiraf etmək istəmirlər ki, Ukraynada vəziyyətin qeyri-sabitliyinin və bu olduqca gözəl ölkənin parçalanmasının əsas səbəbi məhz onların imperialist hərəkətləridir. Onların beşinci kolonu və muzdlu təsir agentləri bütün internet məkanını zəhərləyirlər, onlardan dinclik yoxdur. Buna görə də bəzi sadə həqiqətləri çox aydın dillə ictimaiyyətə, xüsusilə Ermənistanın işğal etdiyi Qarabağın taleyindən narahat olan həmvətənlərimə, azərbaycanlılara çatdırmaq qərarına gəldim.
Rusiyanın Ukraynaya virtual hərbi müdaxiləsi ətrafında səs-küy qaldıran kimi, azərbaycanlı amerikapərəstlər və avrointeqratorlar Azərbaycan üçün sonun başlanğıcı haqda şüvən salmağa başladılar: “fsyo, Qarabağ getdi, növbəti dəfə Rusiya Azərbaycanı işğal edəcək” və ya “əgər Rusiyaya qalib gəlməsələr Azərbaycana hərbi müdaxilə qaçılmaz olacaq” və s.


Tutaq ki, heç bir Azərbaycan mövcud deyil və ya o başqa bir planetdə mövcuddur. Yox, uyğun variant deyil; yüksək inkişaf etmiş sivilizasiyalı yad planetli azərbaycanlılar Tenqrinin unutduğu bir planetdə yerləşən  hansısa Ukraynanın taleyi ilə niyə maraqlansınlar ki? Tutaq ki, biz azərbaycanlı deyilik, misal üçün, qazağıq.. Yox, belə alınmır, Qazaxıstanda onun şimalının tezliklə zəbti haqda panika yaradan ağıllılar kifayət qədərdir... Onda hesab edək ki, biz əcdadları çoxəsrlik amerikan nəzakətindən və sivilliyindən sonra möcüzə sayəsində sağ qalan, yalnız 1924-cü ildə vətəndaşlıq alan hindularıq və əsasən Arizona və Oklaxoma ştatlarında yaşayırıq, və Azərbaycan, Qarabağ deyilən bir şey yoxdur. Təsəvvür etdiz. İndi isə suala cavab verin: Rusiya bu halda necə hərəkət edərdi? Razısız ki, elə olduğu kimi? Rusiya NATO-nun şərqə, onun sərhədlərinə yaxın hərəkətinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edərdi. Öz təhlükəsizliyi naminə edərdi. Bəlkə də mən kimisə təəssüfləndirəcəm, amma Kremldə Ukraynaya əlavə hərbi kontinqentin daxil edilməsinin mümkünlüyü haqda qərar qəbul ediləndə heç kim Azərbaycan və azərbaycanlıların (Qazaxıstan və qazaxların) varlığını xatırlamırdı. Bizə zaman ayırmağa vaxt yox idi. Biz bu münaqişədə yoxuq. Bizə qalan özümüz üçün hər hansı bir  nəticə çıxarmaqdır ki, bunlar haqda başqa vaxt söhbət açarıq.


Hesab edək ki, bütün tərəflər 21 fevralda əldə edilmiş sazişi dəstəkləyir, Yanukoviç legitimliyi bütün tərəflər tərəfindən qəbul olunan prezidentdir, hamı prezident seçkilərinin keçirilməsini gözləyir, bir neçə ay keçir, seçkilər baş tutur, misal üçün, xanım Timoşenko və ya Rusiya və Aİ maraqları arasında balans yaratmağı bacaran hansısa digər siyasətçi qalib gəlir, və nə Rusiyanın Krıma müdaxiləsi var, nə də Ukraynanın parçalanması, Krım Ukraynanın tərkibində qalır. İndi özümüz-özümüzə sual verək: Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasında və qonşu Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında sülhün bərqərar olmasında nə dəyişərdi? Nə? Heç nə. Qarabağın taleyini yenə də geosiyasi mərkəzlər və regionda rəqabət aparan imperialist qüvvələr həll edərdilər. Rusiyanın Ermənistana himayədarlığından imtina etməsi və neytral mövqe seçməsi üçün Azərbaycan Rusiya üçün nə edib? Heç nə? Qərbin mövqeyi, hansı ki, bütün karbohidrogen müqavilələri onların maraqlarına uyğun imzalanıb, Rusiyanın mövqeyindən nə ilə fərqlənir? Heç nə ilə. ABŞ və Aİ-nın Ukraynanın ərazi bütövlüyünü necə aktiv müdafiə etdiyinə baxın. Qarabağ probleminin ədalətli həlli işində heç bir dəfə də olsun belə aktivlik göstəriblərmi? Heç bir dəfə də olsun Ermənistana və ya Rusiyaya təzyiq ediblərmi? Nədənsə bizim ABŞ məddahlarımız və avrointeqratorlarımız susurlar, bu güc mərkəzlərini Qarabağ probleminin həllində də eynilə belə aktivlik göstərməyə səsləmirlər? ABŞ və Aİ-nın Ermənistana və öz cinayətlərini  açıq şəkildə etiraf edən Sarqsyana, Koçaryana, Zori Balayana və digər daşnaklara qarşı sanksiyaları hanı? Azərbaycanlı rusiyafoblar və rusofoblar Ermənistanın Qarabağı işğal etməsilə, 907-ci dəyişikliklə, hər il separatçı rejimi maliyyə yardımı ilə təmin etməsilə bağlı Qərbə heç bir dəfə də olsun narazılıq bildiriblərmi?


Tutaq ki, qərbçi beşinci kolonun həyat arzusu hansısa möcüzəvi şəkildə həyata keçdi, Rusiya geosiyasi oyunçu olmaqdan çıxdı, deyək ki, o ümumiyyətlə dağıldı, onun yerində yaranmış yeni dövlətlər Qərbin dostuna çevrildilər. Transatlantik imperializmlə (elə istənilən maliyyə kapitalı ilə) dostluq hinduların konkistadorlarla dostluğunu xatırladır. Onlar Sibirin, Uzaq Şərqin ələ keçirilməsi, həmin coğrafiyanın təbii resurslarının vəhşicəsinə məhv edilməsi və mənimsənilməsilə dayanmayacaqlar. Rusiya zəifləsə və Qafqaz regionundan sıxışdırılıb çıxarılsa, Azərbaycanın taleyi necə olacaq?! Bu haqda fikirləşmisiz? Çətin ki, kimsə bu haqda fikirləşsin. Hesab edək ki, Azərbaycanın təbii resursları tükəndi, eləcə də bir sıra başqa səbəblərdən biz Qərbin diqqətini cəlb etmədik. İran “Şimali Azərbaycana” qarşı öz iddialarını irəli sürəcək? Türkiyənin beşinci kolonu Türkiyəyə birləşmək fikrini yaymağa başlayacaq? Nə Türkiyə, nə də İran Qarabağı qaytarmaqda kömək etməyəcək. Ermənilərin arxasında dağ kimi dayanacaq ABŞ və Aİ ilə problemlər onların nəyinə gərək?! Onlar üçün ən asan olanı Azərbaycandan qalanı özlərinə birləşdirməkdir. Yadda saxlayın: güclü Rusiya həm Qərbin, həm də İranın bizim (formal!) müstəqilliyimizə və suverenliyimizə qəsd etməyəcəklərinin qarantıdır.
Tutaq ki, azərbaycanlı amerikaçıların və həvəskar-siyasətçilərin qarğışları həyata keçdi, Rusiya Ukraynadan “rədd oldu”, banderaçıların hakimiyyəti möhkəmləndi, Ukrayna ərazi bütövlüyünü bərpa etdi, NATO öz hərbi bazalarını Krımda və Ukraynanın cənub-şərq ərazilərində yerləşdirdi. Qarabağ problemi  bundan sonra ədalətli şəkildə həll olunacaq? Ermənistan öz silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxaracaq? ABŞ və Aİ Azərbaycana öz torpaqlarını silahlı yolla geri qaytarmağa icazə verəcək? Xanım Merkel və Aİ Azərbaycanın ərazi bütövlüyünü pozduğuna görə Ermənistanı nə vaxtsa hədələyib? Onlar açıq şəkildə sümük iliyinə kimi antirusiyaçı və qərbçi olan Saakaşviliyə real olaraq nəylə kömək etdilər? Heç nə ilə. Azərbaycana görə heç barmaqlarını belə tərpətməyiblər və tərpətməyəcəklər də.

 Əgər ABŞ özünə öz milli maraqlarını başqalarının milli maraqlarının sıxışdırılması hesabına bütün planetdə müdafiə etmək hüququ veribsə, Rusiyanı öz təhlükəsizliyi haqda narahat olmaq hüququndan məhrum etmək doğru olmazdı. ABŞ-ın SSRİ-nin öz raketlərini Kubada yerləşdirmək istəyinə reaksiyasını xatırlayın. (SSRİ də, öz növbəsində, ABŞ-ın Türkiyədə raket yerləşdirməsinə reaksiya vermişdi, Karib böhranı da məhz bundan başlamışdı.) Rusiyanın NATO-nun onun sərhədlərinə yaxınlaşmasına qarşı reaksiyası tamamilə normaldır – bunu Qərbin qərəzsiz analitikləri və siyasətçiləri qəbul edirlər. Rusiya Krımda referendum keçirilməsinə əvvəlcədən də təşəbbüs göstərə bilərdi, bu onun üçün asan bir şey idi. Kiyev SSRİ-nin dağılmasında sonra Krımın Rusiya tərkibində qalmasına qarşı etiraz etməzdi. Eləcə də, heç demə, Sevastopol xüsusi statusa malik olub, ümumittifaq əhəmiyyətli şəhər olub, heç vaxt nə Krımın, nə də Ukraynanın tabeliyində olmayıb. Krımın geri qaytarılması üçün hüquqi baza Rusiya parlamentinin 21 may1992-ci ildə qəbul etdiyi qərarı ilə -“ Krımın statusunun dəyişdirilməsi üzrə 1954-cü ildə qəbul olunmuş RSFSR ali dövlət hökumət orqanlarının hüquqi qiymətləndirilməsi haqda” - yaradılıb. Həmin qətnamənin birinci bəndində deyilir: “Rusiya Federasiyası Ali Sovetinin Rəyasət Heyətinin Krım ərazisinin RSFSR tərkibində çıxarılıb UkraynaSSR tərkibinə verilməsi  haqda 5 fevral 1954-cü il qərarını RSFSR Konstitusiyasının (Ana Qanununun) pozulması kimi qəbul olunmuş, və qanunvericilik prosedurlarını qəbul olunduğu gündən hüquqi gücü olmayan qəbul edəsiniz”. İkinci bənddə isə: “ Məlum faktın növbəti qanunvericiliklə müəyyən edilməsi və Ukrayna və Rusiya arasında  tərəflərin ərazi iddialarından imtina etdikləri 19 noyabr 1990-cı il tarixli ikitərəfli sazişin bağlanması və həmin razılaşmanın prinsiplərinin məhkəmləndirilməsi ilə əlaqədar və MDB dövlətləri arasındakı razılaşmada Krım məsələsinin yoluna qoyulmasında Rusiya və Ukrayna dövlətləri arasındakı danışıqlıqları Krımın iştirakını Krım xalqının iradəsi əsasında vacib hesab etmək.”

Bəli, Rusiya öz forpostuna - Ermənistana himayədarlıq edir, Qarabağ probleminin hərbi yolla həllinə müsbət yanaşmır. Amma ABŞ və Aİ da, onlara lazım olanda, demokratiya və insan haqqları haqda tiradalarıyla Bakıya  təzyiq edirlər, müharibəyə qarşı çıxırlar (təbii ki! Kapital qoyublar - misli görünməmiş gəlir sorurlar), kompromis adı altında eyni zamanda həm ərazi bütvlüyü prinsipini, həm də xalqın öz müqəddəratını sərbəst təyin etmək hüququnu nəzərdə tutan sehrli düstura riayət etməyə səsləyirlər. Fərq bundadır ki, Rusiya qabaqlayıcı tədbirlər naminə, düşdüyü vəziyyətdən asılı olaraq, özünün həyati əhəmiyyətli maraqlarını müdafiə etmək üçün təzyiq edir. Azərbaycanda millətçilik və rusofobluq zəminində ağılını itirmiş çayxana siyasətbazları hakimiyyətə gəlmədən, Azərbaycan qırmızı xətti keçmədən və NATO-ya daxil olmadan Rusiya Qarabağın de-yure özünə və ya Ermənistana birləşdirilməsi istiqamətində çətin ki addım atsın. Rusiyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində maraqlı olması çox inandırıcı deyil. Daha çox maraqlı olan Qərbdir: əgər Dağlıq Qarabağın taleyi beynəlxalq hüquq normalarının pozulması ilə Erməınistanın xeyrinə həll olunarsa, bir müddət sonra ermənilər Rusiyadan üz döndərəcəklər, NATO-ya daxil olacaqlar və Rusiyanın məhvini arzulayacaqlar ki, misal üçün, Krasnodar bölgəsini özlərinə götürsünlər və mifik  Böyük Ermənistan dövlətinin yaradılmasına doğru daha bir addım atsınlar.
Krım referendumunun Rusiya və dünya üçün nəticələrindən və yekunlarından asılı olmayaraq işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması ilə heç bir əlaqəsi yoxdur. Oxşar presendentlər o qədər olub ki, daha biri az və ya çox – heç bir əhəmiyyət kəsb etmir. Hər bir hadisənin öz tarixi xüsusiyyətləri var və onu ayrılıqda nəzərdən keçirmək lazım. Yeri gəlmişkən, bu haqda V.V.Putin özü də qeyd etmişdi. Hər şeyi Azərbaycan xalqının iradəsi həll edəcək. Qarabağı geri qaytarmaq istəsək yaxşıca tərləməli və normal dövlət yaratmalıyıq. Hamı üçün dövlət, yalnız maliyyə elitası, bir qrup parazit və fırıldaqçı üçün yox. Elə bir dövlət ki, insanlar bir-birinə qardaş olsunlar, onların etnik və dini mənsubiyyəti tək-tük mənəvi eybəcərlərdən baçqa heç kimi maraqlandırmasın. Sovet sosializmi dövründə olduğu kimi. Elə bir nümunəvi dövlət ki, Dağlıq Qarabağ erməniləri bu dövlətin tərkibindəki xoşbəxt, sabit və təhlükəsiz həyatı mənasız və boşluğa aparan separatizmdən üstün tutsunlar. Əks halda ömrümüzü  hansı geosiyasi qüvvənin bizə rəhmi gələcəyini və Qarabağı güclə qaytarmağımıza mane olmayacağını təxmin etməyə həsr edəcəyik.


 Akşin Sultanov

Комментариев нет:

Отправить комментарий