20 нояб. 2016 г.

Tuva türkləri Qızıl Orduda


  • Marşal Jukovun yoldaş Stalinə hesabatından: "Bizim xarici əsgərlər, kavaleristlər çox cəsurdular, lakin müasir müharibənin taktikasını, strategiyasını, ordu intizamını bilmirlər, qabaqcadan aparılmış hazırlıqlara baxmayaraq rus dilini də zəif bilirlər. Onlar indən sonra da bu cür savaşsalar, müharibənin axırına qədər onlardan sağ qalanı olmayacaq."
    Yoldaş Stalinin marşal Jukova cavabı:
  • "Onları qoruyun, hücuma birinci onları yollamayın, yaralıları nəzakətlə, təmtəraqla vətənlərinə qaytarın. Tuva Xalq Respublikasının canlı əsgərləri şahid qismində öz xalqına SSRİ haqda və onların Böyük Vətən müharibəsindəki rolu haqda danışacaqlar."
  • Tuva Xalq Respublikası müharibə vaxtı, 17 avqust 1944-cü ildə SSRİ-nin tərkibinə könüllü qatıldı. 1941-ci ilin yayında, Avropanın birləşmiş faşistləri SSRİ-yə hücum edəndə Tuva de-yure ayrı dövlət idi. Lakin orada əvvəlcədən sosialist meyillər vardı. Belə ki, hələ 1921-ci ilin avqustunda tuvalılar Kolçakın və Ungernin ağ qvardiyaçı dəstələrini qovmuşdular. Respublikanın paytaxtı Belotsarskın adı dəyişdirilərək Qızıl qoyulmuşdu (Qırmızı şəhər).
    SSRİ Tuvaya köməklik edirdi, lakin heç vaxt Tuvanın müstəqilliyinə göz tikmirdi. Tam tərsi, SSRİ Tuvanın suverenliyi və müstəqilliyi qarantı idi.
    Deyilənə görə müharibədə SSRİ-yə ilk dəstək verən Böyük Britaniya olub. Yanlış fikirdir. Tuva Almaniyaya və onun müttəfiqlərinə Çörçilin radio çıxışından 11 saat tez, 22 iyun 1941-ci ildə müharibə elan etdi. Tuvada o saat səfərbərlik başladı, respublika öz qoşunlarını cəbhəyə göndərməyə hazır olduğunu bildirdi.
    38 min tuva aratı (kəndlisi) Stalinə məktub yazaraq "Biz birlikdəyiz, bu, bizim də müharibəmiz" yazdı. Hitler Tuvanın Almaniyaya müharibə elan etməsinə məzə ilə yanaşdı, o, hətta Tuvanın yerini xəritədə axtarmadı.... Tarix göstərdi ki, nahaq....
    Tuva müharibəyə qoşulanda ordusunda 489 nəfər vardı. Lakin Tuva türklərinin SSRİ-yə etdiyi kömək əhəmiyyətli oldu. Almaniyaya müharibə elan edən kimi Tuva SSRİ-yə respublikanın bütün qızıl ehtiyyatını, tuva qızıl hasilatını verdi - cəmi 35 milyon rubllıq (o vaxtın rublu indiki Rusiya rublundan onlarla dəfə daha dəyərli idi). Bundan başqa Tuva kimi gənc və kasıb respublika 1944-cu ilə qədər Qızıl Orduya görün daha nələr verdi: - 50 000 döyüş atı; - 750 min baş malqara; - hər bir tuva ailəsi cəbhəyə 10-100 baş malqara verdi; - 52 000 cüt xizək. Demək olar ki, Qızıl Ordunun bütün xizəyini Tuva verdi (bizdə də hələ də "neftin çoxunu biz verdik, bizim neft olmadan müharibəni uda bilməzdik" deyirlər. Sözsüz ki, bizim neftin əhəmiyyəti və neftçilərimizin əməyi böyük rol oynadı, bunu ancaq nankorlar inkar edər. Lakin hər bir xalq müharibə üçün özünəməxsus bir töhfə verib.) - 12 000 yarımkürk; - 19 000 cüt əlcək; - 16 000 cüt keçə çəkmə; - 70 000 ton qoyun dərisi; - 66,5 milyon rublluq 400 ton ət, yağ, un və digər ərzaq... - 10 hərbi təyyarə (YAK-7b).
    Aratlar (tuva kəndliləri) SSRİ-yə yardım məqsədilə beş (!) eşelon hədiyyə yığıb göndərmişdilər, hospitallara 10 milyon tuva akşası dəyərində (bir akşa 3,5 rubla bərabər idi) ərzaq.... Bunlardan başqa bal, konservlər, bintlər, müalicəvi otlar, mum, qatran.... Və bütün bu yardımlar əvəzsiz edilib... ABŞ və Britaniya lendliz üzrə yarısından çoxu cəbhəyə çatmamış xarab olan 800 neçə dənəsə tank göndərib - Azadlıq radiosu hər il 9 May ərəfəsində camaatın beynin yeyir ki, müharibəni ABŞ udub... Guya SSRİ-nin müharibəyə işlətdiyi ərzaqın və silahın cəmi 2% təşkil edən kömək gəlməseydi, müharibənin nəticəsi fərqli olacaqdı. Üstəlik ABŞ-ın köməyi əvəzsiz deyildi ki! "Əl borcu" idi. Üstəlik, ABŞ şirkətləri elə Almaniyanı da silah-sürsatla təmin edirdilər... Kapitalistə nə var? Pulunu ver - malını apar. İblisə də satacaqlar. Gəlir olsun. ABŞ hər iki dünya müharibəsindən ibliscəsinə varlanaraq çıxmış tək ölkədir.
    Müharibə illərində Tuva və Monqolustanın SSRİ-yə etdiyi maddi kömək ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Cənubi Afrika İttifaqı, Yeni Zellandiyanın maddi köməyindən cəmi 35 % az idi. Bu, sözün əsl mənasında yazıq, yetim tuva türklərinin boğazlarından kəsib etdiyi yardımlar əvəzsiz idi. Etməyə də bilərdilər. SSRİ-nin bir parçası deyildilər. İsveçrə kimi neytral qala bilərdilər. Şamanist və buddist tuvalılar müsəlman krım-tatar türklərindən fərqli Xeyirin yanında yer aldılar. Krım-tatar türkləri isə Qurana əl basıb Hitlerə sədaqətlə xidmət edəcəklərinə and içdilər. (Hamısı deyil əlbətdə ki, amma əksəriyyəti.) Ona görə musavatçıları və satqın krım tatarlarını göstərərək "SSRİ türklərə pis münasibət göstərdi, ona görə türklər SSRİ-ni sevmədi" məzmunlu söhbətlərə ciddi yanaşmaq olmaq. Türklər də fərqli olurlar. Mərdi də olur, namərdi də. Solçusu da olur, sağçısı da. Ağıllısı da olur, kütbeyini də. Xeyir tərəfində olan əxlaqlısı da, şərin tərəfində olan şərəfsizi də... Əsas odur ki, türk işçilər SSRİ-də qazandılar, SSRİ-də yaşadılar, kişi kimi yaşadılar, indi isə türk içisini elə ilk növbədə türk kapitalistləri əzir...
    Qayıdaq Tuva türklərinin mharibədə iştirakına. Müharibədən böyük zərər görmüş, bütün kənd təsərrüfatını itirmiş Ukrayna SSR-isinə 30 min inək göndəriblər. (İndi kapitalist Ukraynaya Qərb krediti elə şərtlərlə verib ki, köləsinə çevirib, varını-yoxunu əlindən alıb.) Tuva bunu etməyə də bilərdi. Heç kim onları buna məcbur edə bilməzdi. Ukraynanın heyvandarlığı müharibədən sonra bu köməyin əsasında bərpa olmağa başladı. Ukrayna rəhbərliyi Tuvanın Kiçik Xuralına (Kiçik Xural Tuva parlamenti idi) yazırdı: "Ukrayna xalqı SSRİ-nin digər xalqları kimi Tuva Xalq Respublikasının zəhmətkeşlərinin cəbhəyə və azad olunmuş bölgələrə etdikləri köməyə böyük qiymət verir və heç vaxt unutmayacaq."
    Yalnız 1942-ci ilin payızında sovet hökuməti Tuva və Monqolustandan olan könüllüləri hərbi xidmətə götürməyə icazə verdi. İlk tuva könüllüləri - 200 nəfərə yaxın - Qızıl ordunun sıralarına 1943-cü ilin mayında qatıldılar, onları 25-ci tank alayına götürdülər. Alay Ukraynanın, Moldovanın, Rumıniyanın, Macarıstanın və Çexoslovakiyanın ərazilərində vuruşurdu. 1943-cü ilin sentyabrnda könüllülərin ikinci qrupu - 206 nəfər - faşistlərin arxasında reydlər edən 8-ci kavaleriya diviziyasına götürüldü.
    İlk tuva könüllüləri tipik milli hərbi hissə idilər, öz milli geyimlərində vuruşurdular, üstlərində həmayil gəzdirirdilər. Yalnız 1944-cü ilin əvvlində sovet komandanlığı tuva əsgərlərindən öz buddist və şaman əşyalarını vətənlərinə göndərməyi xahiş etdi. 80 min əhalisi olan Tuvadan müharibə illərində Qızıl ordunun sıralarında 8 min nəfər vuruşub. Bunlardan 5,5 mini orden və medallarla təltif edilib. İki tuvalıya - Xomuşku Çurquy-ool və Tülüş Keçil-ool ("ool" yəqin bunlarda "oğlu" mənasında işlənilir) - Sovet İttifaqı Qəhrəmanı adı verilib.
    Tuvalıların müharibədəki cəsarəti hər tərəfə səs salmışdı. Almanlar tuvalılara "Der Schwarze Tod" (Qara ölüm) deyirdilər. Onlar son nəfəsinə qədər savaşırdılar, hətta 2 tuvalı yüzlərlə faşistə qarşı savaşırdı. Və heç vaxt əsir götürmürdülər, Qızıl ordunun humanizminə alışmış faşistlər ona görə tuvalılardan qorxurdular. Əsir düşmüş alman zabiti Q.Remke dindirmədə demişdi ki, alman əsgərləri "bu barbarları (tuvalıları) təhtəlşüur olaraq Attilanın ordusu kimi qavrayırdılar.




















Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий