4 июн. 2017 г.

Rumıniyda Çauşeskunun vaxtında sosializm olubmu?
Bir yoldaş soruşur.
Bu “həqiqi sosializm” və “əsl kapitalizm” mövzusunda dəfələrlə yazmışam, üstəlik üç uzun yazı yazmışdım – SSRİ və Şimali Koreya misalında. Oxumayanlar aşağıda, bu yazının sonunda yerləşdirdiyim linklərdən girib oxuya bilərlər.
Əlavə olaraq bunları deyəcəm.
Həqiqi sosialistlərin/kommunistlərin iqtidara gəlməsi, iqtidarı götürməsi olduqca çətin məsələdir. Kapitalistlər, kapital sahibləri qanı su yerinə axıdar, amma asanlıqla kapitallarından və kapitalizmdən imtina etməzlər.
Daha çətini – iqtidara gələndən sonra sosializm quruculuğudur. Bu, çətinliyi qısa söhbətlə izah olunmayan prosesdir. Təkcə kapitalistlər deyil, kapitalist olmayan, amma kapitalist olmaq arzusuyla yaşayanlar, kapitalistlərin süfrələrindən yağlı tikə yeyənlər, hər cür vətən xaini, parabaş, manqurt, cahil, parazit, fırıldaqçı, yalançı, saxtakar, bir sözlə mənəviyyatsız olan şəxslər sosialzim quruculuğuna müqavimət göstərəcəklər, müxtəlif təxribatlar və sabotajlar, müxtəlif cinayətlər törədəcəklər ki, sosializm quruculuğunda uğurlar olmasın, işlər büdrəsin, xalq narazı olsun… Bax, həmin bu müqavimətin kəskinləşməsiylə Stalin 1920-ci illərin sonunda, 1930-cu illərdə, hətta 1940-ci illərdə qarşılaşmışdı. Əks-inqilabçılar yatmır, busqudadır, öz mənfur niyyətlərini həyata keçirtmək üçün girəvə gözləyirlər.
Ömründə bircə dəfə də olsa qarşısına gələn yeməyin necə bişdiyini, hansı inqredientlərdən bişdiyini, hansı əməyin hesabına başa gəldiyini düşünməyən, düşünməyi belə ağlına gətirməyən, partlayacaq səviyyədə eqosunu şişirtmiş, özünü solçu zənn edən meşşanlar Stalinə dil uzadanda yəqin ki, özlərini Stalindən daha böyük və dəyərli şəxsiyyət hesab edirlər. Onların ağlı o qədər qıtdır ki, elə bilirlər “gəlin sosializm quraq" deməklə hamı güllə-çiçəklə meydanlara, küçələrə axışacaq, solçusuyla, sağçısıyla, liberalıyla, dəlisiylə, parabaşıyla, fırıldaqçılarıylar… - hamı əl-ələ verib yallı gedəcək. Bəli, onlar üçün sosializm gedonistik orgiyada birlikdə yallı getməkdir. Həmin "solçuların" işçi sinifinin minilməyində rolu az deyil.
Bütün yuxarıda sadalananlardan ən çətini bilirsiz nədir? Qurduğun sosializmi göz bəbəyin kimi qorumaq. Nə vaxta kimi ki, ABŞ adında dövlət var, nə vaxta kimi ki güclü kapitalist ölkələri var, qurduğun sosializmin üstündə əsəcəksən, daim, hər dəqiqə gözü açıq, diqqətli olacaqsan. Kapitalizm insanların mənəvi zəifliklərinə, əxlaqsızlığına, heyvani instinktlərinə mərkəzlənir, sosializm isə, tam tərsi, insanın mənəvi gücünə, əxlaqına, insan sosiumuna xas şərəf və ləyaqət anlayışına… Elə buna görə də sosializmi dağıdan amillər, aspektlər kapitalizmi gücləndirir, sosializmi dağıdan neqativlər kapitalizmdə pozitivə çevrilir.
Rumıniyada sosializm olubmu? SSRİ-də sosializm olubmu? Bu mövzuların subyektiv tərəflərini, Qorbaçovun SSRİ-nin dövlət gücünü istifadə edərək sosialist düşərgəni və SSRİ-nin özünü necə dağıtmasından çox danışmışıq.
İndi az danışdığımız, sətir arası mənalarda izah elədiyimiz söhbəti konkretləşdirəcəm.
SSRİ sosializmdən, sovet sosializmindən imtina etdiyi üçün dağıldı. Çauşesku rumın sosializmi prinsiplərini pozduğuna görə zəif düşdü və Qorbaçovun ABŞ-la birgə Rumıniyanı qarışdıraraq hərbi dövlət çevrilişi etmələrini, özünün və həyat yoldaşının istintaqsız-məhkəməsiz-müdafiəsiz güllələnməsini ASANLAŞDIRDI.
1970-lərdə, Heydər Əliyev AzSSR-ə rəhbərlik edəndə rüşvət yayılmağa başladı. Bənzər proseslər Orta Asiya respublikalarında və Gürcüstanda gedirdi. Rüşvət deyəndə ki, bu günkü rüşvət və korrupsiya məbləğləri ilə müqayisə edəndə, çox gülünc bir “hörmətdən” gedir söhbət.
1980-lərdə eyni proseslər, amma çox cüzi səviyyədə Rusiyanı, Belorusu, Ukraynanı, Ermənistanı bürüdü. Rusiya və Belorus ümumiyyətlə SSRİ-nin dağıdılması rəsmiləşənə qədər demək olar ki, rüşvətsiz yerlər idi. Bu günkü dünya ilə, inkişaf etmiş və mədəni sayılan Qərb kapitalist ölkələri ilə müqayisədə Rusiyada və Belorusiyada rüşvət və korrupsiya sıfır səviyyədə idi. Amma yenə də bütün bu cüzi də olsa rüşvət və korrupsiya SSRİ-nin mənəvi dəyərlərini eroziyaya uğradırdı. Görürsüz, milyardlarla rüşvəti-korrupsiyası ölçülən ABŞ, Türkiyə, Ukrayna, Azərbaycan, Ermənistan, Qazaxstan və s. ölkələr dağılmır.
SSRİ-də Xruşşovun başlatdığı antistalinist və antisosialist proseslər 1970-lərdə rüşvətin və korrupsiyanın yaranmasıyla nəticələndi. O neqativ hallar indikiylə müqayisədə çox komik bir səviyyədə olsa da ölkəni və sovet sosializmini zəiflədirdilər. Niyə? Çünki rüşvət və korrupsiya sosializmin təbiətinə yaddır, həmin halların çox cüzi belə səviyyədə olması kifayətdir ki, Qorbaçov kimi vətən xainlərinin işini asanlaşdırsın.
Əgər sosialist cəmiyyətdə qəpik-quruş səviyyəsində olsa da rüşvət və korrupsiya halları varsa, cəzasız qalırsa, artmağa başlayırsa, deməli sosialist layihədən imtina edilib, deməli gedişat vaxtında qarşısı sərt metodlarla alınmasa mütləq sosializmin dağıdılmasıyla, kapitalizmin bərpasıyla bitəcək.
SSRİ sosialist olduğuna görə deyil, sosializmə yad halların bir sürü meşşan yetişdirdiyi və əsl sovet insanlarının sayının azaldığına görə dağıldı. Başqa sözlə, SSRİ-də burjua təfəkkürünün yayılması Qorbaçovun və ABŞ-ın işini asanlaşdırdı. Trotskistlərin dediyinin tam əksinə, sosializm bir ölkədə, ayrı-ayrı ölkələrdə mümkündür və sosializmmin bütün bərqərar olması mütləq və mütləq ayrı-ayrı ölkələrdən sosializmin qurulmasından başlayacaq. Necə ki, kapitalizm və burjua-demokratik inqilablar “permanent” şəkildə baş verməyib, əvvəlcə bir, sonra tədricən ayrı-ayrı ölkələrdə baş verib. Hətta burjua-demokratik inqilabdan sonra təzədən feodalizmə qayıdan ölkələr olub.
SSRİ-nin dağılması, dağıdılması Trotskini haqlı çıxarmadı, yox, bu söhbətdə də onun tərfədarları yanılırlar. Sosialist düşərgə qurmuş, planetin haradasa hamısını sosialist/kommunist “virusuna” yoluxdurmuş, planetin haradasa yarısına (yaxşı mənada) nəzarət edən, hələ təkcə özü onlarla subyekt və respublikalardan ibarət (hesab elə ölkələrdən), planetin babat bir hissəsində olan SSRİ var olmağa davam edə bilərdi, var olması üçün bütün obyektiv şərtlər mövcud idi, SSRİ ancaq və ancaq sovet sosialist layihəsindən imtina etdiyi üçün dağıldı – vəssalam. İmtina Qorbaçovun vaxtında leqallaşdı və rəsmiləşdi – bütün məsələ bu.
Qorbaçov elə Fidel Kastronu da ABŞ-ın MKİ-sinə təhvil vermək, Kubada sosializmi məhv etmək niyyətində idi. Bəs niyə Rumıniyada, Şərqi Avropada etdiklərini Kubada edə bilmədi? Çünki Kubada sosializminin mənəvi dəyərləri güclü idi, çünki Kubada cüzi də olsa rüşvət və korrupsiya yox idi, çünki Kubada meşşan yoxdur, parazitlik eləmək istəyən meşşanlar isə suya kəllə vurub, üzüb keçirlər ABŞ sahillərinə.
Rumıniyada sosializm olubmu? Əlbətdə olub. Rumıniyada sosializmin dağıdılması, Çauşesku cütlüyünün barbarcasına cəzalandırılması eyni, yuxarıda izah etdiyim səbəblərdən asanlaşdı, mümkün oldu. Balaca mərd Kuba çaqqal ABŞ-ın təzyiqinə davam gətirə bilirsə, Kastro qardaşlarının başına Qəddafinin, Səddamın başına gətirdiklərini gətirə bilməyiblərsə, deməli Rumıniya da tab gətirə bilərdi. Ona görə tab gətirə bilmədilər ki, Rumıniyada da sosializmə xas olmayan hallar vardı. Çauşesku həmin halların kökünü vaxtında kəsmədiyi üçün cəzasını aldı. Yaxşı bəs o birilər niyə cəzalarını almadılar? Onlar Çauşesku kimi Qorbaçova və Qərb imperializminə müqavimət göstərmədilər, boyun əydilər, düşərgə dəyişdirdilər, ideologiyalarını satdılar, satıldılar. Heydər Əliyev kimi. Nazarbayev kimi. Putin kimi.
Çauşesku ömrünün sonunda qərarların alınmasında kollektivçilikdən imtina eliyib fərdçiliyə keçibsə, demək sosialist prinsipləri pozub. Necə ki, özünü demokrat kimi qələmə verən Qorbaçov kollektivçiliyi məhv elədi... SSRİ-yə rəhbərlik eləmiş şəxslərdən bir o, bir də Xruşşov idi ki, qərarları tək başına verirdi, heç kimi saymırdı, heç kimlə hesablaşmırdı, amma həmin bu iki şəxs özlərini demokrat, digər sovet rəhbərlərini isə diktator kimi qələmə veriblər.
Demokratiya sosializmə xas bir şeydi, kapitalizmə deyil. Kapitalizmdəki burjua demokratiyasıdır, bir qrup adamın, kapitalist elitanın haqqlardan geninə-boyuna istifadə edə bildiyi demokratiyadır. Kapitalizmin demokratiyası burjua klanları üçündür, burjua klanlarının öz aralarında ölkənin sərvətlərini bölmək uğrunda apardıqları mübarizəsi çərçivəsində olur. Sosializmdə isə demokratiya işçilərin hüquqlarını hakim edən quruluşdur, ona görə onun adı işçi sinifinin diktaturasır. Kapitalistlər bicdilər, söz oynadaraq öz kapitalist diktaturasına demokratiya deyirlər.
Çauşesku nə dərəcədə diktator olub? Sosialist/kommunist üçün diktator, kapitalizm müstəvisində baxanda isə demokrat olub. Hər halda onun sosializm prinsiplərinə tam sadiq qalmaması nə sosializmin nə isə pis bir şey olduğu anlama gəlmir, nə də ki, Trotskistləri haqlı çıxarmır. Təkrar edirəm: sosializm paradiqmasından az da olsa çıxmağı onun Qərbin və Qərbin maşası olan antikommunist Qorbaçovun işini asanlaşdırdı, mümkün elədi.
Çauşeskonu "diktator" yarlığıyla beyinlərə, xüsusilə böyüyən nəslin beyninə yerilməsinin səbəbi aydındır: sosializmi, sosialist rəhbəri gözdən salaraq camaatı sosialist ideyalardan uzaq tutmaq, Çauşeskonun öldürülməsinə haqq qazandırmaq.
Amma yenə də nisbilik, müqayisə öz işini görür. Bu gün elə azərbaycanlılar var ki, “əşşii, mən kommunizmi SSR-də gördüm” deyir. Son dörddə bir əsrdə yaşadıqlarından, gördüklərindən sonra müqayisə eliyir, bu nəticəyə gəlir ki, hələ sosializmdən imtina etməyə başlayan SSRİ (heç demə!) kommunist ölkə imiş.
İşə bir baxın, liberal solçular və trotskistlər iddia edirlər ki, sovet sosializmi sosializm deyil, amma dərrakəsi olan, özü də sovet sosializminin qüsurlu, rüşvətli vaxtını görmüş adamlar deyir ki, "biz sovet vaxtı kommunizmi yaşadıq".
Rumıniyada da bütün yaşananlardan sonra əhalinin 60-70 % anlayıb ki, Çauşeskunun vaxtında sosialist cənnətdə imişlər, bilmməyiblər, anlamayıblar, dəyər verməyiblər. Bax belə…
Xruşşovun fəaliyyəti Avropada kommunist hərəkatına sarsıdıcı zərbə vurdu. Amma yenə də Rumıniyada amerikan qladayoçularının hərbi çevriliş etməsi mümkün deyildi.
Çauşeskunun son illərdə sosialist prinsiplərə tamamilə müvafiq fəaliyyət göstərməməsi Rumıniyada əks-inqilaba təkan verə bilməzdi. Bundan ötrü gərək ya Çauşesku özü yuxarıdan əks-inqilab etməli idi, Qorbaçov kimi, ya da xarici kapitalist ölkələr Rumıniyanı açıq işğal etməli idi. Rumıniyada əks-inqilab bütün amillərin birləşdiyi vaxt baş verə bildi:
1) Xruşşovun dağıdıcı fəaliyyəti nəticəsində Avropada kommunizm gözdən düşdü; Diqqət edin, "repressiyaların" pik vaxtında belə Avropada kommunizmə böyük sevgi vardı. Çünki Avropalılar SSRİ-nin nailiyyətlərini görürdülər, sovet işçilərinin onlardan nə qədər yaxşı yaşadıqlarını görürdülər, və o vaxt Xruşşov hələ Stalin repressiyaları haqda əfsanələr uydurub dünya ictimaiyyətinin, burjua KİV-lərin, burjua intellektualların ağzına saqqız eləməmişdi.
2) Çauşesku nümunəvi bir sosialist, kommunist imicinə sahib deyildi, sosialist prinsiplərini də buraxmışdı hərənin öz öhdəsinə. Sosialist/Kommunist lider özü sosialist prinsiplərdən, kommunist əxlaqdan uzaqlaşırsa, ölkənin işçi sinifindən əxlaqlı kommunist olmaq tələb edə bilmir;
3) Qorbaçov SSRİ-nin dövlət gücündən sui-iatifadə edərək ABŞ-la birləşib Rumıniyada dövlət çevrilişi edə bildilər. Halbuki Rumıniya sosialist olaraq qalsaydı, Çauşesku sosialist prinsiplərə tam sadiq olub, cəmiyyəti də sosialist əxlaqa sıx bağlı saxlasaydı, Qorbaçov ABŞ-la birgə belə orada dövlət çevrilişi edə bilməyəcəkdilər. Kuba buna nümunədir.
Həqiqi sosialistlər və kommunistlər Çauşeskoya sahib çıxmalı, onu burjua KİVlərinin və intellektuallarının yalanlarından və böhtanlarından qorumalıdırlar.
Qəddafini muzdlu terrorçulara öldürttürəndə dünya burjua KİV-ləri ABŞ-ın əməllərinə haqq qazandırmaq üçün onun haqda külliyən yalan məlumatlar tirajlayırdılar. Burju KİV-ləri, o cümlədən Azərbaycandakı qərbçi burjua KİV-ləri Qəddafini həyasızsacına ləkələyirdilər. İnsanlar sevinməli və ABŞ-a təşkkür etməli idi ki, Qəddafi kimi iblisi məhv etdi... Manqurtlar həmin təbliğatı yedi. Hələ də o təbliğatın təsiri altından çıxmayanlar, çıxa bilməyənlər var.
Çauşesku haqda çox yalan danışa bilmirlər. Çünki tutarlı bir şey tapa bilmirlər, nə yazsalar inandırıcı çıxmayacaq. Çauşeskunu etibarsızlaşdırmaq, gözdən salmaq üçün cəmi iki yalandan istifadə edirlər. Biri həyat yoldaşı ilə bağlıdır. Hətta indi parabaşlar var ki, onu hörmətli cənab İlham Əliyevin yoldaşı ilə müqayisə edirlər. Tamamilə yanlışdır!
Yelena Çauşesku kəndli ailəsində doğulub, 1937-ci ildən kommunist olub, Avropa faşistlərinə qarşı mübarizə aparıb, elə həmin mübarizə əsnasında əri ilə tanış olur. Bəli, onu 1981-də baş nazirin müavini təyin edirlər. Əslində gərək etməməli idi. Stalin etməzdi. Bağırov, Nərimanov, Lenin də etməzdi... Görünür, adam yaşlananda arvadını daha çox istəməyə başlayır. Əlbətdə o baxır kişiyə, baxır qadına... Həyat yoldaşını vəzifəyə təyin elədiyi üçün adamı məhkəməsiz güllələyirlər? Burjua təbliğatına görə hə, Çauşesku bu hərəkətinə görə diktator idi və ölməli idi. Yaxşı sizin, ay şərəfdən və ləuaqətdən məhrum intellektuallar, ABŞ-ın prezidenti Tramp bütün ailə üzvlərinə dövlət vəzifəsi verib. Niyə onları güllələmirsiz?
Çauşesku cütlüyü toyda, barda, diskotekada tanış olmayıblar, Avropa faşistlərinə qarşı aparılan partizan hərəkatında, yanı ölümlə qalım arasında get-gəldə tanış olublar, bir-birini seviblər. Birlikdə mübarizə aparıblar, sosialist Rumıniyanı birlikdə qurublar... Böyük vəzifə tutmaq bəlkə də Yelena Çauşeskunun haqqıydı - alın tərilə qazandığı haqqı. Siz onun vəzifə tutmasını deyil, vəzifəsini necə icra etdiyini müzakirə etməlisiz. Vəzifəsini isə indiki kapitalist Rumıniyanın dövlət və hökumət xadimlərindən min dəfə yaxşı icra eliyib. İndikilərdən fərqli heç nə oğurlamayıb. İndikilər bütün qohumlarını işə düzəltməsələr də, milyardlar oğurlayanda qohumlarının köməyindən istifadə edirlər. Kapitalist ölkələrdə baş verənlərin fonunda Yelena Çauşeskonu vəzifəyə təyin edilməsi məsum bir davranışdı.
İnsanların şüurunu manipulyasiya etmək üçün istifadə edilən ikinci böyük yalan Çauşesku tərəfindən aşağıda şəkildə gördüyünüz sarayın tikilməsidir. Özüm izləmişəm, Türkiyə telekanallarının hansındasa Çauşeskudan Qərbdə çəkilmiş bir "sənədli" film verirdiilər. Orda həmin bu binanı elə təqdim edirdilər ki, sanki Çauşesku özünə şəxsi ev, mülk tikirdi.
Çauşesku parlament binası tikirdi, adını da "Xalq evi" qoymuşdu. İndi adını dəyişib "Parlament evi" qoyublar. Çauşesku burjua siyasətçiləri kimi tikintidən pul mənimsəmirdi, smetasını artırmırdı... Çauşeskunun niyyətində bir şey vardı: "Xalq evi" bir memarlıq sənəti, nümunəsi olmalı idi. Tikintiyə 20 min işçi cəlb edilmişdi, bütün materiallar da sırf Rumıniya istehsalı idi. Yanı Çauşesku bu layihə ilə ölkə iqtisadiyyatının bir çox sahələrini canlandırmışdı. Çauşesku qoca adam idi, bilirdi ki, öləcək, və o sarayda başqaları oturacaq. 1989-da, Çauşesku öldürüləndə, tikinti hələ tamamlanmamışdı, bəzi təmir işləri qalmışdı. İndi il 2017 - o binanın hələ də təmir olunmamış yerləri qalıb. İndi özünüz düşünün, bir var sosialist lider Çauşesku, nəhəng bir tikintini 5 ildə başa çatdırdı, bir qara qəpik belə mənimsəmədi, bir də var 1989-dan bəri burjua liderlər, on milyonlarla pul mənimsəyiblər, amma sarayın hələ də təmirsiz yerləri qalıb... Hə, Çauşeskunun hər bir şeydə ancaq Rumıniya istehsalından, rumın mallarından istifadə etməsi adi hal deyil, onun bütün daxili dünyasını göstərir. Ona görə Yelena Çauşeskunun guya saçını düzəltdirmək üçün Parisə gedib-gəldiyi şaiyəyə inanmayın. Özü də bu şailəri yayan intellektualların xidmət etdiyi burjua liderlərinin arvadları, qızları alt paltarını belə gedib Parisdə sifariş edir. Yelena Çauşesku hər haldı saçını kəsdirmək üçün Rumıniyada saç ustası tapardı.


Akşin Sultanov


Комментариев нет:

Отправить комментарий