4 июн. 2017 г.

"Əsl kapitalizm" haqda 1-ci hissə

Camelliya ləğəbli bir yoldaş şərh yazıb:

Camelliya Forresti : Indiki siyasi rejimin kapitalizm olduğunu kim dedi sizə? Indiki rejimin adı ANARXIYA və MONARXIYADI. Əgər kapitalizm görmək istəyirsinizsə, gedin Almaniyaya, Fransaya, Avstriyaya və s. baxın. Kapitalizm nə deyir? Deyir işlə, özünçün qazan. Pis olsaydı indi gündə Avropadan intihar xəbəri gələrdi.

Bu suallara ən azı 100-200 dəfə səhifədə cavab verilib. Səhifəyə təzə gələn yoldaşlardan xahiş: səhifəni gəzin, axtardığınız bütün sualların cavabını tapacaqsız, ərinməyin. Siz özünüzə az da olsa əziyyət vermək istəmirsiz, amma başqasının vaxtını rahatlıqla almaq istəyirsiz.

Axırıncı dəfə bu məsələyə toxunuram.

Yoldaş demək istəyir ki, kapitalizm gözəl quruluşdur, sadəcə mən onu Azərbaycan vasitəsilə gözdən salıram. Yanı "bizdəki əsl kapitalizm deyil" fikrinin başqa variantı. Liberalların qərbçi qanadının nemət pənahovlarının illərdir tirajladığı primitiv fikir.

1. Niyə görə Almaniya, ABŞ, Kanada kapitalizminə istinad etməliyəm? Xeyir ola? Biz almanıq? Yoxsa kanadalıyıq? Bizim mentalitet amerikan mentalitetidir?

İllərdir qərbçi sağçılar və liberallar camaatın beynini "bizdəki kapitalizm əsl deyil, ölkəni sovet adamları, kommunistlər idarə edir, ona görə bizim kapitalizm Avropa kapitalizmi kimi deyil" yalanıyla yeyiblər. Və yuxarıdakı məktubu yazan yoldaş da elə həmin beyini yeyilmişlərdəndir.

Türkiyədə necə, əsl kapitalizm deyil? Demirsiz ki, “bir millət”? Yanı mental cəhətdən bir-birinə çox yaxın… Türkiyəni qoyub Almaniyaya niyə gedib çıxmalıyam? Tutalım, Rəcəb bəy Türkiyəni xaraba qoydu. Bəs ona qədər? Türkiyə kapitalizminin nə olduğunu elə Şabanın kinolarından tutmaq olur.

İndiyə kimi kimsə görüb ki, mən sosializm haqda danışanda SSRİ-ni, AzSSR-ini inkar edim, deyim ki, sovet sosializmi əsl sosializm deyildi və s.? Bircə dəfə də olsun imtina etmişəm sovet sosializmindən? Ki, bunu liberal solçular edirlər.... Mən isə sovet sosializmini mənfi, tənqidə layiq işləri ilə, hətta Müşviqin güllələnməsilə qəbul etmişəm, əsl sosializm adlandırmışam. Yanı sosializmi AzSSR nümunəsində göstərirəmsə, elə kapitalizmi də AR-nin nümunəsində göstərməliyəm. Axı biz norveçli, ispan, alman, kanadalı və s. deyilik. Biz nəyiksə - sosializmimiz, kapitalizmimiz odur. Burada heç vaxt, ən azından yaxın 100 ildə nə norveç kapitalizmi, nə də norveç sosializmi olmayacaq. Həm də elə alman kapitalizmi də 100 il əvvəl belə idi. Bəs keçən əsrin əvvəlində niyə Almaniyanı kommunist, socialist hərəkatı çalxalayırdı? Çünki orada işçilər 13-15 saat və çox ağır şəraitdə işləyirdilər. Bunlar Almaniya kapitalizminin təkmilləşmiş formasını görüb zənn edirlər ki, elə Almaniyada kapitalizm bütün tarixi boyu belə olub. İndi YAP burjua iqtidarı da sizə deyə bilər ki, ABŞ kapitalizmində dünənə kimi qaralarla ağlar bir avtobusda gedə bilməzdilər, qaralar kafelərdə otura bilməzdilər, küçələrdə bütün günü atışma vardı və s., indi bizə də 100 il vaxt verin, “mədəni sifətli” kapitalizm quraq.

Hələ sevinin ki, mən kapitalizmi ərəb ölkələri ilə anlatmıram. Bizdə ərəb kapitalizmi bu gün yoxdursa, bu, sırf sovet sosializmi vaxtı inkişafmızda hər sahədə xeyli məsafə qət etdiyimizə görədir. Sovet sosialzimi görməsəydik, ərəb kapitalizmindən çox cüzi fərqlənəcəkdik. Elə Rəcəb bəyin də Türkiyədə etdiyi şey kemalist kapitalizmi ərəbləşdirmək oldu.

Ərəb-islam mentaliteti ilə düşünüb, yaşayıb, heç vaxt Kanada kapitalizmi qura bilmərsən. Türkiyənin daha çox kapitalizm təcrübəsi var. Türkiyə Almaniya kapitalizmi ilə ömür boyu sız əlaqədə olub, türklər Almaniyada çox yaşayırlar, çox gediş-gəlişləri var… Türklər alman kapitalizmi qurdular? Tam əksinə, ölkədə ərəbləşmə getdikcə, kapitalizmləri də ərəblərinkinə oxşamağa başladı.

2. Siz ya tarixi bilmirsiz, ya da analiz etməyi bacarmırsız. Adlarını çəkdiyiniz ölkələrdə 40-50 il əvvələ qədər kapitalizm bizimkindən də qəddar, vəhşi, dağıdıcı idi... Bu haqda dəfələrlə səhifədə deyilib, gələcəkdə də, fürsət düşdükcə deyiləcək.

3. Qərb kapitalist ölkələrin yüksək rifahının başlıca səbəbi odur ki, qeyri-qərb dünyanı əsrlər boyu istismar ediblər. Bu gün də davam edir. SSRİ-ni nə üçün dağıtdılar? Onlara öz mallarını satmaq üçün bazar lazım idi. Təkcə Azərbaycanda sovet sosializmi vaxtından qalma minlərlə zavod, fabrik dağıdıldı... Misal üçün, Bakı kondisioner zavodu 16 min insanımıza iş, çörək, havayı mənzil və s. imtiyazlar verirdi, zavodun məhsulu 44 ölkəyə ixrac edilirdi. Zamanına görə ən yüksək texnologiyalardan geri qalmırdı. İndi biz xarici kapitalistlərin kondisionerlərini alırıq... Eləcə də soyuducu, başqa məişət avadanlıqları... Bakı həm soyuducu istehsal edirdi, həm ət çəkən maşın, sok çəkən... nə desəz.... Öz istehsalı olmayan ölkə kölədir. Bizə isə "müstəqillik" adı altında əsl köləlik verdilər, təbii resurslarımızı dəyər-dəyməzinə daşıyıb qurtardılar.
Qərb kapitalist ölkələrin yüksək rifahı həm də vaxtilə social sahədə SSRİ ilə apardıqları rəqabətlə bağlıdır. Dünyada ilk dəfə pulsuz səhiyyə və pulsuz təhsil SSRİ-də tətbiq ediblər…. Qadın haqqları, hamilə haqqları, ana haqqları və s. – hamısı dünyada ilk dəfə SSRİ-də qanunlarda təsbit olunub. Və Qərb də öz ölkələrindəki communist hərəkatınının, xüsusilə 2-ci dünya müharibəsindən sonar, artmasından qorxaraq social sahədə xalqın vəziyyətini yaxşılaşdıran addımlar atmağa başladı.

Vacib səbəblərdən biri: Qərb kapitalizmi əhalidə pul olmasa inkişaf edə bilməz. Kapitalizm istehlakçılıq fəlsəfəsi deməkdir. Daimi və daha çox istehlak eləməlisən. Kapitalistin gəliri sırf əhalinin istehlakçılığından asılıdır. Axı mal istehsal eləmək bir şey, malı bazarlamaq başqa… Loru dildə desək, camaatda pul yoxdursa, sənin istehsal etdiyin malı heç kim almayacaq və sən bankrot olacaqsan. Bu cür krizis vəziyyətlərə kapitalizm çox düşüb. Misal üçün, 1920-ci illərin sonu, 1930-ların əvvəli ABŞ-dakı Böyük Depressiya… Kapitalistlərin malları ambarlarda, mağazalarda tığ verirdi, amma alan yox idi. Çünki camaatda pul yox idi. Kapitalist isə malının qiymətini aşağı salmaq istəmirdi, ona görə malları çaya, okeana tökürdülər, amma qiyməti aşağı salmırdılar.

Azərbaycan kapitalizmində xalqın rifahı capitalist elitanı maraqlandırmır. Çünki Azərbaycanda istehsal yoxdur. Yanı sovet sosializmi vaxtı ilə müqaisədə istehsal yoxdur. Azərbaycan kapitalizminin istehsal mədəniyyəti suyu krandan plastic qablara doldurmaqdır, yaxud şirin poroşoku suyla qatıb müxtəlif soklar düzəltməkdir. Bu da ona görədir ki, həmin suları, sokları xaricdən gətirsələr, elə qiymətə satmalı olacaqlar ki, camaat ala bilməyəcək.
Azərbaycana pul Rusiyadan axır, rayon əhalisi Rusiyadan göndəriilən pulları xərcləyir. Bakıda da neft gəlirlərindən xərcləyirlər - özləri, əqrabaları, onlara xidmət edən adamlar, müğənilər, məşuqələr və s.... Müəyyən sosial qrup neft gəlirindən bu və ya digər yolla "haqqını" götürür.

Bir nömrəli səbəb isə - mentalitetdir. Bizim “xalq dözümlü xalqdır” elə-belə deyilməyib. Bizim dözdüyümüz şeylərin 1% almanlar dözməz. 1905-ci ilə qədər Azərbaycanda siyasi fəaliyyətinə görə, siyasi fikirlərinə görə cəmi 1(!) nəfər polisə düşüb. Onu da sübutların olmadığına görə buraxıblar. Amma həmin dövrdə ermənilərin bir neçə təcrübəli, Osmanlını, İranı, Rusiyanı, hətta Avropanı alt-üst edən partiyaları vardı… Bənzər şeyi gürcülər haqda etmək olar. Bax elə ona görə də həm Ermənistan, həm Gürcüstan kapitalizmi də Azərbaycan kapitalizmindən fərqlənir. Misal üçün, Ermənistanın neft gəliri yoxdur, amma müəllimlərinin maaşı daha yüksəkdir.

4. ABŞ-ın Federal rezerv bankı və dollar çap edən maşını var. Sizin? Dollardan istifadə edən bütün ölkələr onlara xərac verirlər. Dollardan asılı olan bütün ölkələr faizə otuzdurulub. Qlobal güclərin dayatdığı qaydaları pozan ölkəni əzirlər. Azərbaycanın bujua elitası bütün qlobal güclərə xərac verir, ona görə bizə hərbi müdaxilə etməyiblər. (Qəddafinin, Səddamın və s. öldürülmə səbəbləri onların diktator filan olması deyil. ABŞ daha diktator Səudiyyə Ərəbistan liderlərilə çox yaxşı münasibətdədir..)

Və s...

Unutduğum nə qaldısa yoldaşlar əlavə eləsin..

Qulağınıza sırğa edin: Azərbaycanda heç vaxt alman kapitalizmi olmayacaq. Bundan ötrü gərək azərbaycanlılar dönüb alman olsunlar. Biz hələ küçəyə zibil atmağın planetə və özümüzə nə qədər zərərli olduğunu, nə qədər mədəniyyətsiz bir şey olduğunu dərk etməyə başlamamışıq…. Bizdə hələ sovet sosializmindən qalma milyonlarla ağacı kəsməklə məşğuldular. Almaniyada isə hər ağacın nömrəsi var. Ən azı ona görə ki, Almaniya çoxdan imperial qüvvə olub və başqa ölkələrin, xalqların ağaclarını, meşələrini qırmağa alışıb. Hələ bu gün də davam edir. Almaniyada günümüzdə Rusiyadan ağaclar gətizdirirlər kamində yandırmaq üçün... Yanı bu "müstəqil" kapitalist Rusiya Qərb üçün xammal ölkəsidirsə, bizim Azərbaycandan danışmaq ümumiyyətlə güləməlidir... Çox yox, cəmi yüz il əvvəl, elə bu vaxtlar Almaniya imperializmi Qafqazda dolaşırdı, Almaniya Azərbaycan uğrunda, Bakı nefti uğrunda mübarizə aparırdı.

Avropanın özündə də kapitalizm fərqlidir. Yunanıstanı niyə demirsiz? Yunanlar almanlar kimi yaşayırlar?

Kapitalizm – xüsusi mülkiyyət deməkdir. Vəssalam! İstehsalat vasitələrinə xüsusi mülkiyyət. Təbii resurslara xüsusi mülkiyyət...

Götürək plovu. Hərə plovu bir cür bişirir. Biz, özbəklər, kürdlər, iranlılar və s... Amma hamısının plovunda düyü var. Bax, kapitalizm də elə. Kapitalizmin düyüsü istehsalat vasitələrinə xüsusi mülkiyyətdir. Qalan şeylər hamıda fərqlidir, fərqli ola bilər və olacaq.

Azərbaycanda əsl, xalis kapitalizm var. Bunu inkar etmək savadsızlıqdan başqa bir şey deyil. Bunun detallarını da dəfələrlə səhifədə izah etmişəm. İmkan düşər – yenə edərəm.

O ki qaldı bəsit "Kapitalizm nə deyir? Deyir işlə, özünçün qazan. Pis olsaydı indi gündə Avropadan intihar xəbəri gələrdi." söhbətinə...

1-si, elə sosializm də "işlə, qazan" deyir. Amma sosializmdə işləyib özünə qazanırsan, kapitalizmdə kapitalistə, kapital sahibinə. İndi həmin Almaniya, Avstriya və s. mədəni sayılan ölkələrdə kapitalizm belədirsə, sosializmin nə qədər hər kəs üçün eyni rifahlı bir quruluş olduğunu, olacağını təəsvvür edin. Sosializm isə Almaniyada da, Avstriyada da gec ya tez, amma mütləq olacaq.

2-si, elə Azərbaycanda da işləyən qazanır... amma necə iş tapır, necə işləyir, necə qazanır - bu , artıq yerli şəraitə və şərtlərə görə olan nüanslardı.

3-sü, elə Avropada da intiharlar olur. Avropanın da hər gün 2-3 və hətta daha çox intiharlar olan kapitalizm dövrü olub. Bu gün də var, sadəcə biz oradakı hadisələri yaxından izləmirik. Bizim məqsədimiz Avropanı ifşa etmək deyil ki! Bundan ötrü AzTv var.
Və Almaniyada, Avstriyada, digər Avropa ölkələrdə bizim kimi düşünən çox sayda adam var. Baxın, onlar rifahlı sayılan kapitalist ölkələrdə yaşayırlar, amma kapitalizmə qarşıdılar. Ona görə bizim qərbpərəst sağçılar və liberallar nahaq yerə ağızlarının suyunu Avropa kapitalizmi üçün axıdırlar. Avropa əhalisinin ən azından bir qismi öz ölkələri haqda fərqli fikirdədilər. Əgər bu gün Avropada güclu sol varsa, bu, kapitalizmə qarşı olan mənfi reaksiyaya görədir.

Sosialist və kommunist ideyalar elə kapitalizmini nümunə kimi göstərdiyiniz Almaniyada yaranıb. Təsəvvür edək ki, misal üçün, Marks Almaniya, Britaniya kapitalizminə baxıb məqalələr, kitabalar yazır, çışıxlar edir... Və həmin bu zavallı "Azərbaycanda əsl kapitalizm yoxdur"çular Marksa yaxınlaşıb deyirlər: əşşi sən düz eləmirsən, Almaniyadakı əsl kapitalizm deyil, gəl səni aparaq başqa planetə göstərək əsl kapitalizmin cənnətini..." Marks bütün yazdıqlarını əsl kapitalizmi müşahidə edib yazıb. Marksın yazdıqları bu gün də aktualdır. Sabah da aktual olacaq. İnsanlığın gələcəyi sosializm və kommunizmdir. Jak Freskonun lahiyələrində də bunu görmək olar. O ki kommunist deyil, ideyalarını siyasiləşdirmir.... Sadəcə dərrakəli şəxsiyyətdir, "kommunizm" və "sosializm" sözlərindən istifadə etmədən sosialist və kommunist cəmiyyətləri təsvir edir.

#Niyə #əsl #kapitalizm


Akşin Sultanov

Комментариев нет:

Отправить комментарий