18 мая 2020 г.

"Bizim nöötümüz olmasaydı" (2-ci hissə)



Yaxşı bəs nasist Almaniyanın nefti vardı? Yox idi. Onlar da neft məhsullarını Rumıniyadan, ordan-burdan (missal üçün, ABŞ-dan) alırdılar. Onda rumınlar da desinlər ki: “nöötümüz olmasaydı Almaniya ümumiyyətlə müharibəyə başlamazdı”… (Rumınlar deməzdilər, çünki kapitalist Rumıniyada “bizim nööt” anlayışı yox idi.) Və yaxud, nasist Almaniya qalib gəlsəydi, bizim musavatçılar “rumınların nefti olmasaydı Almaniya qələbə çalmazdı” deyəcəkdilərmi? Əminəm, deməyəcəkdilər, çünki nasist Almaniyanın qələbəsinə kölgə salacaq heç nə deməzdilər. “Musavatçıların köməyi olmsaydı Almaniya qalib gələ bilməzdi” deyərdilərmi, deməzdilərmi – bilməm.

Yaxud, Türkiyə Almaniyanı düz 1944-cü ilin aprelinə qədər xromla təmin edirdi. Onda türkiyəlilər də desinlər ki, “bizim xromumuz olmasaydı, Almaniyanın tankı filanı olmazdı”… Yanı, bu “bizim filan şeyimiz olmasaydı” söhbətini saqqız kimi istənilən tərəfə çəkmək olar.
Neft – hərbin, iqtisadiyyatın cəmi bir sahəsinin bir aspektidir. Neftsiz Ermənistan neftli Azərbaycanla müharibə etdi və qalib gəldi. Onlarla neftsiz ölkə var ki, neftli Azərbaycandan həm qat-qat yaxşı yaşayır, həm də qat-qat güclü orduya malikdir. Neftli ərəbləri neftsiz İsrail diz üstə çökdürüb.
SSRİ faşist orduları qarşısında 1942-ci ilə qədər geri çəkilirdi, məğlub olurdu. Onda da “nöötümüz vardı”. Stalinqrad döyüşündə dönüş yaranmasaydı, SSRİ məğlub da ola bilərdi. Stalinqrad döyüşündə məğlubiyyət Yaponiyanın, hətta bəzi məlumatlara görə Türkiyənin, gözləmə mövqeyində dayanmış digər ölkələrin Hitlerin tərəfində vuruşmağa başlaması, nasist Almaniyanın müttəfiqlərinin sayının artması demək idi.
“Bizim nöötümüz” ola-ola necə 1942-ci ilə qədər uduzurdu SSRİ?!
Hitlerin də kifayət qədər nöötü vardı. SSRİ Rumıniyanı 1944-də faşistlərdən təmizləyənə qədər Almaniya yanacaq sarıdan korluq çəkmirdi… Yəni, vuruşan hər iki tərəfin "nöötü" vardı, hər iki tərəf eyni şəraitdə, eyni iqlimdə, eyni yolları istifadə edərək hərb edirdilər. ("SSRİ şaxtalı havaya görə, pis yollara görə uddu" əfsanəsini nəzərdə tuturam. Guya bütün 1941-1945 illərdə müharibə ancaq qışda gedirdi, özü də ancaq SSRİ-nin pis yollarında, Almaniyanın gül kimi asfaltında alman ordusu məğlub olmurdu...)
Bəli, vuruşan bütün tərəflər üçün neft-yanacaq hava-su kimi lazım idi, amma nefti Qələbədə həlledici aspekt kimi göstərmək səhvdir… BU səhvi hamı bilməyərəkdən etmir, Qələbəyə kölgə salmaq istəyən musavatçı-faşistlər var ki, bizim xalqa qarşı sovet hökumətinin çox ədalətsiz davrandığını əsaslandırmağa çalışırlar bu absurd arqumentlə…. Bizim neftlə Qələbə qazanıldı və guya buna görə bizə “sağ ol” deyən olmadı, hələ üstəlik bizi əzdilər…
Nefti hasil edən işçi sinifinə gəlincə… O işçilər, fəhlələr hamısı azərbaycanlı yaxud Azərbaycan türkü olmayıb. İndi böyüyən nəsilin xəbəri yoxdur, amma o vaxt Bakının yarısı erməni və rus idi. Sözsüz ki, neft sahəsində də çox sayda erməni və rus alimlər, mühəndislər, geoloqlar, fəhlələr işləyirdi. Yanı, söhbət ancaq AzSSRİ-nin neft sahəsindəki işçilərin zəhmətindən, onların əməyi ilə hasil olan neftdən gedə bilər - onlardan alınan halallıqdan… Onlar isə şüurlu işçi idilər, hasil etdikləri neftin halallığını verərək öz ümumi vətəni SSRİ-yə, həmin vətənin ümumi ordusu olan Qızıl orduya kömək edirdilər. Hə, musavatçı işçilər nefti böyük məmnuniyyətlə Hitlerə verərdilər… Elə ona görə də SSRİ-nin Qələbəsinə bu günə kimi heyfslənirlər və “bizim neftin hesabına o Qələbə mümkün oldu” nağıllarını yayırlar.
Qələbə o cümlədən (!) bizim neftin hesabına oldu, amma o neft də məhz sovet sosializminə görə BİZİM olmuşdu.
Nefti, bütün təbii sərvəti bizimki etmiş sovet sosializmində qayda belə idi: SSRİ-nin bütün təbii sərvəti, resursları ümumi idi. Azərbaycanın nefti təkcə azərbaycan xalqının deyildi, həm də özbəklərin, qazaxların, türkmənlərin, qırğızların, yakutların, buryatların, tatarların, başqırların, çuvaşların idi… Musavatçı faşistlərin beyinlərə yeritdiyi yalana görə isə “bizim nefti ruslar apardı”. Bəli, misal üçün, yakutların da almazı bütün sovet xalqının, o cümlədən bizim idi. Sovet xalqları bütün nemətləri beynəlmiləlçi qardaşlıq konsepsiyası gərəyi paylaşırdı. Sovet sosialist cəmiyyətdə “səninki, mənimki” söhbəti yox idi. Mülkiyyətçilik, mülkiyyət acgözlüyü musavatçı kapitalizmdə yaranıb, bu cəmiyyətdə böyüyən nəsil heç vaxt inanmayacaq ki, azərbaycanlı neftçinin ağlına 1941-ci ildə “əşşi, biz niyə neftimizi Qızıl orduya veririk” məzmunda fikir gəlməyib, gələ də bilməzdi. Stalin epoxasının işçisi çox şüurlu idi. Stalin vaxtının fəhləsi indiki musavatçı ziyalıdan qat-qat dərrakəli idi.
1920-ci ildə hakimiyyətə gəlmiş Şura hökuməti Abşeron neftini bir qrup xarici və yerli kapitalistin əlindən aldı azərbaycan xalqının sərəncamına verdi, azərbaycanlı işçi də həmin nefti hasil etdiyinə görə sosialist dövlətindən pulsuz mənzil aldı, pulsuz bağ sahəsi aldı, övladları üçün pulsuz təhsil və səhiyyə aldı, hər cür sosial qayğı aldı (özü də lütuf kimi yox, “Heydər Əliyev fondu xeyirhaqlıq edib aca bir broyler toyuqu verdi” ədası ilə deyil, dövlətin vətəndaş qarşısında yerinə yetirilmiş öhdəliyi kimi)… Azərbaycanlı neftçi dedi ki, qoy mənim hasil etdiyim neftdən qardaş qazaxlar da, özbəklər də, qırğızlar da, türkmənlər də istifadə etsin… Yəni, misal üçün türkdilli xalqların adını çəkirəm. Musavatçı faşistlərin “ruslar nöötümüzü apardı” yalanıyla dolmuş beyinlərin zəhərini bir az təmizləmək üçün. Əlbətdə ki, bütün sovet xalqları, o cümlədən sovet-rus xalqı, sovet-belorus xalqı, sovet-ukrain xalqı, pribaltika xalqları bizim neftdən istifadə edirdilər. Və, bəli, BVM başlayanda da azərbaycanlı neftçi neft hasilatını artırdı, dedi ki, qoy mənim də qardaşımın, oğlumun, nəvəmin xidmət etdiyi Qızıl ordu yanacaqla tam təmin edilsin, qoy özbəyin sürdüyü tankın, qazağın idarə etdiyi hərbi təyyarə yanacaqsız qalmasın…. Çünki sovet hökuməti Orta Asiya xalqlarını da ortaçağdan min bir əziyyətlə dartıb çıxartdı, onları müasir xalqlar cərgəsinə qaldırdı, onlara da sovet hökuməti lazımdır, yoxsa Hitlerin qoyun sürülərini güdmək üçün bir neçə qazax çoban lazımdır…
Bəli, Azərbaycan nefti bütün SSRİ-yə paylanılırdı, necə ki, misal üçün, Rusiyanın taxta-şalbanı da eyni məkanda paylanılırdı.
“Müstəqillik” illərində “bizim neftimiz”in cəmi 14-20% bizə qalır, qalanını Qərb imperializmi apardı. Əvəzində bizə nə verdilər? Fahişəlik, deqradsiya, tənəzzül, sənayesizləşmə… Qarabağın azad edilməsində də heç bir köməklik göstərmədilər, göstərməyəcəklər də…

İndi “neftimiz olmasaydı?” sualına cavab verək. Bəli, bizim neftimiz, yəni Abşeron nefti olmasaydı da SSRİ müharibədə qalib gələcəkdi.
Neft təkcə hərbi texnika işlətmir. Neft ən çox sənayedə istifadə edilir, elə Abşeron neftinin əhəmiyyəti də 19-cu əsrin sonlarında sənayenin inkişafı fonunda artmışdı. Sovet hökuməti qurulanda çar Rusiyanın sənayesi Qərb sənayesi ilə müqayisədə çox geri qalmışdı. Sosializm quruculuğunda birinci dərəcəli amil – sənayeləşmədir. Sənayeləşmə, istehsal olmadan sosializm olmaz. Ona görə də SSRİ-də Stalinin rəhbərliyi altında yüksək templə sənayeləşməyə start verildi. Abşeronda neft olmasaydı başqa haradansa onu tapıb alacaqdılar. Misal üçün, Çinin nefti yoxdur, amma həm sənayeləşmə üçün, həm də hərbi texnikası üçün İrandan alırlar nefti. Türkiyənin də nefti yoxdur, amma neftli ərəb ölkələri ilə müharibə etsə, hamısını eyni vaxtda darmadağın edər. Ümumiyyətlə, ölkələrin çoxunun nefti yoxdur, 20-ci əsrin ilk yarısında cəmi bir neçə ölkədə neft hasil olunurdu, amma sənayesi olan bütün ölkələr neft məhsullarını çox miqdarda, sənayesi olmayan ölkələr az miqdarda da olsa – amma mütləq tapıb alırdılar.
1922-ci ildə yaranmış SSRİ də əlbətdə ki, haradansa – ola bilər ki, elə Rumıniyadan yaxud ABŞ-dan – neft, neft məhsulları alacaqdı. Sənayeləşmə 1920-lərin axırında başladı, 6-7 il alınacaq neftin yerini müəyyən etmək üçün bəs idi. İkinci dünya müharibəsinə (rəsmi 1939-cu il sayılır) və Böyük Vətən müharibəsinə (1941) qədər SSRİ mütləq neft mənbəyi tapacaqdı, bundan heç kimin şübhəsi olmasın… 1922-ci ildə yaranmış SSRİ-nin 1941-ci ildə neft məhsulları əldə edə bilməməsi heç inandırıcı deyil.
Amma çox yaxşı ki, neft bizdə oldu və bu gün xalqımız qürurla “biz faşizm üzərində Qələbəyə həm də neftimizlə töhfə verdik” deyə bilər. Desin də… Dəhşət də ondadır ki, “neftimiz olmasaydı” deyənlər faşizm üzərində Qələbədən qürurlanmır, tam tərsi o Qələbə üçün heyfslənir, çünki musavatçılıq edərək müasir faşizmin parçası halına düşüblər.
На изображении может находиться: 1 человекНа изображении может находиться: 2 человека, на улицеНа изображении может находиться: 1 человек, сидит и на улице

Şəkillərdə:
1. Yuqoslav partizanı Albina Mali-Hocevar, 16 yaşındaykən 1941-dən faşist işğalçılara qarşı savaşmağa başlayır, düz 1945-ə qədər də savaşır, dəfələrlə yaralanır..
2. Lepa Svetozar Radiç, o da yuqoslav partizanıdır, 15 yaşında Kommunist partiyasına üzv olur, partisan dəstəsində faşist işğalçılara qarşı vuruşur, lakin Albina kimi bəxtli olmur, 1943-cü ildə onu ələ keçirirlər və asırlar… Heç 18 yaşı tamam olmamışdı, amma faşistlər onu edam edəndə üzündə zərrə qədər qorxu yox idi, faşistlərə yalvarmırdı, onların ayağını düşmürdü…Onun atası da partizanlıq edirdi, 15 yaşlı qardaşı da, hər ikisi həlak olmuşdu.
3. 15 yaşlı rus partizan Mişa Petrov, kəşfiyyatçı idi.
Bu 10-15 yaşlı rus, belorus, ukrain partizanlardan minlərlə idi. A.Fadeyevin “Gənc qvardiya”sını yəqin ki, oxuyanlar var. Fadeyevin o 15-23 yaşlı sovet gənclərinin ailələrinə yazığı gəlmişdi, onların qəhrəmanlıqlarını və faşistlər tərəfindən gördükləri işkəncələri tam təsvir etməmişdi.
Bəli, bizim Mixaylo (Mehdi Hüseynzadə), Əhəmədiyyə Cəbrailov və s. partizanlar da vuruşub. Bakı neftinə onların ehtiyacı yox idi. Onlar faşistlərə elə bir zərbələr vurudular ki, onlarsız da Qələbə mümkün olmazdı.
Yəni, o misilsiz Qələbədə bu şəkillərdə gördüyünüz hər bir qızcığazın, oğlanın, milyonlarla yeniyetmənin, gəncin özünəməxsus rolu var. Və heç kim onların şücaətini Bakı neftindən az əhəmiyyətli olduğunu deyə bilməz. Cahillər və nadanlar xaric.
Müharibəyə bir da geniş baxsaq, görərik ki, SSRİ-nin nasist Almaniyası üzərində çaldığı Qələbə əslində Avropanın birləşmiş faşistləri üzərində Qələbədir... Amma bu da bütöv mənzərə deyil. Avropa kommunistlərinin həm öz vətənlərinin azadlığı, həm SSRİ-nin tərəfində savaşdığını, və SSRİ-nin sağçı-liberallarının (vlasovçuların, daşnakların, musavatçıların, banderaçıların, “meşə qardaşlarının” və s.) nasist Almaniyasına xidmət etməsini də nəzərə alanda, belə alınır: Avrasiyanın birləşmiş kommunistlərinin (Monqolustan da SSRİ tərəfdə Almaniyaya müharibə elan etmişdi) Avrasiyanın birləşmiş faşistləri üzərində çaldığı Qələbə. Azərbaycan xalqının bu Qələbəyə öz övladlarının igidliyi ilə, təbii resursları ilə, əməyi ilə töhfəsini “başa qaxmaq” ədası ilə həmin Qələbəni istəməyənlər bildirər. Biz isə həmin Qələbənin parçası olmuş əcdadlarımızla və onların əməyilə qürur hissi keçiririk.

(c) Akşin Sultanov

Комментариев нет:

Отправить комментарий