26 дек. 2012 г.

İlham Əliyevin çıxışına dair

Siyasi gündəmi silkələyən çıxış oldu. Dostlar, İlham Əliyevin bu çıxışını görmüsünüz? Bu, sıradan bir bəyanət deyil. İlham Əliyev indiyə kimi bir neçə dəfə bu tarixi faktı dilə gətirib. Amma 1918-1920-ci illərin musavat hökumətini cinayətkar adlandırmamışdı. Yaxın illərimiz bu bəyanatın rezonansıyla yaşayacağıq. Bu bəyanata hələ də yetərincə qiymət verməyib siyasi dairələr. İlk növbədə prezident uzun müddəttir ki siyasi həyatında Məmməd Əmin Rəsulzadə üzərindən siyasətbazlıq yürüdən, onu və o vaxtın musavat hökumətini ideallaşdıran neo-qərbçi sağ və liberal müxalifəti məhv etdi. Sözün əsl mənasında məhv etdi. Axı onlar özlərini o "cinayətkar rejimin" davamçısı kimi qələmə verirdilər. Onların reaksiyası gözlənilən idi: cığal uşaqlar kimi başladılar virtual üz cırmaqlamağa. Dedilər ki, İlham Əliyev tarixi bilmir, çünki çıxışında İrəvan xanlığından bəhs etdi. Çox məntiqsiz cavab idi. Niyə? Çünki İ.Əliyev orada tarix danışmırdı, tarixi səhifələri ardıcıllıqla vərəqləmirdi. Təbii ki, o "İravan xanlığı" əvəzinə "quberniya" filan da deyə bilərdi. Amma bu ancaq siyasi savadsızlıq olacaqdı. Bizim sağ və liberal müxalifət zır savadsız olduğundan siyasi cəhətdən də axsayır. Ya da ki, cığallıq hirləri gözlərini örtüb, düşünmək qabiliyyətini itiriblər. Heç bir azərbaycanlı siyasətçi “İravan quberniyası” adı çəkməməlidir. Çünki o zaman ermənilərin İravanı bizdən yox, Rusiyadan aldığı iddia ediləcək. Bax rəqibin bu sözlərinin qarşısını almaq üçün bir az da geriyə gedib “İrəvan xanlığı”, “indiki Ermənistan bizim İrəvan xanlığının ərazisi üzərində qurulub” demək lazımdır. Ki, İlham Əliyev də bunu dedi və ən doğrusunu etdi. Biz elə hər yerdə bizim torpaqların 20%-nın işğalından danışırıq. İndi bizim sağ-liberal müxalifətin məntiqi ilə gərək 16% deyək. İlham Əliyev legitim prezidentdir və onun çıxışlarını ən azından bütün region izləyir.

Bizim İlham Əliyev müdafi etmək kimi dərdimiz yoxdur, sadəcə anladığımız həqiqətləri deyirik. Həm də biz kapitalizmə, bütün sistemə etiraz edirik. Prezident kim olursa olsun. İlham Əliyevi virtual aləmdə söyənlərin çoxu onun var-dövlətinə paxılllıq etdiyi üçün bunu edir. Biz kapitalizmi söyürük. Bizə fərqi yoxdur, kapitalizmin maraqlarını ifadə edən prezidentin adı nədir.

İ.Əliyevin bəyanatı sağ-liberal müxalifəti xəyal qırıqlığına uğratdı. Nə deyəcəklərini bilmirlər. Prezident bir kəlmə sözlə müstəqillik dövründə KİV-lərdən, ləyaqətsiz, şərəfsiz, satılıq tarixçilərin ağızlarından tökülən miqdarsız yalanları yaraladı. Sağ müxalifətin ən dinamik təşkilatı Real bəyanat verdi. Ərinmədim, oxudum. Boş, mənasız, ziddiyyətlərlə dolu bəyanat. Məsələn, deyirlər ki, biz o hökumətə minnətdar olmalıyıq, onlar gəlib Bakını “daşnak-bolşevik” işğalından azad ediblər. Bax bu 25 ildir yayılan yalanlardan biridir. Adama deyərlər, musavat hökumətinin elə bir gücü var idisə, niyə elə Tiflisdən keçib İravanı daşnaklardan təmizləmədilər? Bax, soruşarlar onu adamdan. Keçərdilər, İravanı daşnaklardan təmizləyərdilər. Onun əvəzinə rəsman İrəvanı yeni yaranan Ermənistan ölkəsinin paytaxtı qəbul etdilər. Niyə? Çünki musavat hökumətinin heç bir qüvvəsi yox idi, müstəqil hərəkət etmirdi, bunu musavat hökumətinə kömək edən Osmanlı istədi, Rusiya ilə öz arasında bir tampon bölgədə maraqlı idi. Osmanlı Bakını “daşnak-bolşevik” işğalından azad edincə, elə birinci İravandan təmizləyərdi daşnakları. Bu, daha məntiqli deyilmi? Söhbət ondan gedir ki, Osmanlı və onun müttəfiqi Almaniyaya Bakı, Bakı nefti lazım idi. Onları Bakını azad etmirdilər, işğal edirdilər. O ki qaldı daşnakların 1918-də Bakıda tökdüyü qanlara, bolşevik ideologiyasıyla maskalanıb bolşevizmə zərbə vuran Şaumyanın hərəkətlərinə - bu haqda kommunist.biz saytında yaxşı yazı var, oradan oxuya bilərsiniz. Yeri gəlmişkən, o yazını biz səhifəmizdən paylaşmışıq.

Qıvrılmağa yer yoxdur, musavat hökuməti “İravan xanlığını” ermənilərə verdi. Bu və ya digər səbəbdən. İş orasındadır ki, bu həmin Əbülfəzçi-Rəsulbəyçi qüvvələr 1992-ci ildə Ayaz Mütəllibovu silahlı yolla devirib dövlət çevrilişi edəndə və ağızlarına sığdırmadıqları demokratiyaya ən böyük zərbəni vuranda, bütün xalqı ayağa qaldırırdılar ki, Xocalının erməni işğalına məruz qaldığı üçün bütün məsuliyyəti prezident daşıyır. Halbuki o vaxt SSRİ təzə dağılmışdı, dövətin hələ ordusu yox idi, olan silahlı dəstələr və özünümüdafiə batalyonları hamısı Əbülfəzçilərə tabe idi. (İndi olaramı yoxsa onların arasındakı Heydərçilərə mi – bunu heç kim dəqiq bilmir.) Və həmin silahlı dəstələr Ağdamdan Xocalıya köməyə getməmişdilər. Nə isə.. Helə ya başqa cür, əgər hər rəhbər öz vaxtına görə məsuliyyət daşıyırsa, MəmmədƏmingil öz verdiyi (ya onların vaxtında gedən), Ayaz Mütəllibov Xocalı üçün, Əbülfəz Əliyev Kəlbəcər üçün, Heydər Əliyev beş rayon üçün məsuliyyət danışıyır. Hər nədirsə, axırı hansısa bir kriteriylə yanaşılmalıdır. Bu qədər ikili standartlarla həqiqət axtarılmaz ki!

Diqqət edin, bu neo-qərbçi Əbülfəzçi-Rəsulzadəçi qəbilə kommunistlərə, sonra da Ayaz Mütəllibova qarşı demədikləri ittiham qalmadı. “Torpaqlarımızı sattılar”ın biri bir qəpik idi onların ağzında. Halbuki torpaqlar sosialist inqilabına qədər və SSRİ dağılandan sonda gedib. Ayaz Mütəllibov isə bir dəfə də olsun qayıdıb bu neo-qərbçilərə demirdi ki, “siz hələ gəlin verdiyiniz İravanın hesabını verin”. Demirdi, çünki mədəni, humanist biri idi, heç kimi incitmək istəmirdi, bütün xalqı qucaqlayıb hər kəsin prezidenti olmaq istəyirdi. Anlamırdı ki, qarşısındakılar hansı hayasızlığa hazırdı.

İlham Əliyevin İravanın verilməsinin cinayət adlandırmasının, təbii, başqa səbəbi də var. Prezident seçkiləri yaxınlaşır, ondan işğalda qalan Qarabağ sorulacaq. O indidən hücuma keçib. İstənilən halda İlham Əliyevin bu bəyanatı tarixi bir hadisədir. Realın əks-bəyanatı yerində düşdü. İndi həqiqəti söyləmək istəyən, amma patoloji qorxaq və konyuktur insan olduqlarından susan tarixçilərimiz ürəklənib danışacaqlar. Hər halda İlham Əliyev musavat tarixi ilə bütün körpüləri yandırdı. Geriyə heç bir yol, dönüş yoxdur. Baş verən proseslərdən sol-a bir şans doğacaq. Necə? Bu haqda başqa bir vaxt. Amma bir şey aydındır ki Qarabağ problemi həm Ermənistanda, həm Azərbaycanda sol qüvvələr iqtidarda olanda həll olunacaq. Ondan tez həll olunsa, biz də buna ən çox sevinən olarıq. Fəqət.......

Комментариев нет:

Отправить комментарий