4 июн. 2017 г.

Şimali Koreya ilə bağlı


Sovet karikaturası: "Türkiyə hökuməti əsgərlərini Koreyaya göndərməyə razılıq verdi".

Dünən Şimali Koreya haqda bir aspekti işıqlandırmışdım. Əsas mövzu ABŞ-ın Şimali Koreya ilə bağlı siyasəti idi. Ancaq bütün mövzular bir-birilə bağlı olduğundan əlavə söhbətlərə də toxunuldu.

Şərhlər də oldu. Bəzi yoldaşlar elə şərhlər yazıblar ki... Cavab vermədim. Cavab veriləsi deyil. Elə bir səviyyədə şərhlərdi ki, ya sahiblərini ban edəsən, ya da ümumiyyətlə iqnor eliyəsən... Ban etmədim, bir şansları da olsun, bəlkə qablarında nəsə var... Amma doğrudan da çox dəxilsiz şərhlərdir və tonları da şərhlərinin məzmununa uyğun səviyyəsizdir. Şərhlər yerindədir, istəyən baxa bilər.

İki şərhçini ban elədim. Sözün əsl mənasında ağızlarına gələni yazmışdılar. Anlamıram, gəlib burda tərbiyyəsizlik, qanacaqsızlıq eləməklə nəyi umurlar? Öz ailələrinin tərbiyyəsini nümayiş etdirirlər? Mən həmin adamlara cavablarını anladıqları tərzdə verə bilərəm, onların səviyyəsinə enmək istəmirəm.

Tribuna qanacaqlı adam üçündür, gələn fikrini yaza, əsaslandıra, cavabını gözləyə, bildiklərini anlada, bilmədiklərini öyrənə... Adi şeyləri anlamayan biri gəlir elə bir "dərya pozası" verir ki...

Mən dünən yazdığıma bir də baxdım. Orda heç bir yerdə "sosialist Şimali Koreya", "Şimali Koreya sosialist ölkədir" yazmamışam. Yazmamışamsa, deməli o mövzudan kənar durmaq istəmişəm.

Madam Şimali Koreyanın məzmunu haqda müzakirə istəyənlər var, eliyək.

Bəli, mən hesab edirəm ki, Səudiyyə Ərəbistanda, Türkiyədə, Azərbaycanda kapitalizm, Şimali Koreyada isə sosializm var.

Bəli, Şimali Koreyanın rəsmi adında - KXDR - "sosialist" sözü yoxdur. Bəli, rəsmi ideologiyası da "çüçxe"dir - "öz gücünə söykənmək".

Amma konstitusiyasında yazılıb ki, "KXDR bütün koreya xalqının maraqlarını ifadə edən suveren, sosialist dövlətdir. Hakimiyyət fəhlələrə, kəndlilərə, əməkçi ziyalılara, bütün zəhmətkeş xalqa məxsusdur".

Qərbçi sağçılar və liberallar heç, məlum, onlar SSRİ-nin dağıdılmasında, sovet sosializminin ləğv edilib kapitalizmin bərpasında göstərdikləri mənfi, dağıdıcı fəaliyyətlərə haqq qazandırmaq üçün ömür boyu "Azərbaycanda əsl kapitalizm yoxdur" türküsünü ifa edəcəklər. Başqa çıxış yolları yoxdur. Və eyni zamanda "baxın, Şimali Koreyada əsl sosializm var, bax sosializm belə bir qorxunc şeydir, sosializmdən qorxun" türküsünü ifa edəcəklər. Əlbətdə ki, Şimali Koreya haqda tənqidə layiq məsələləri şişirdərək, müxtəlif yalanlar və böhtanlar uyduraraq...

Mən onlar kimi ikili standartlara sığınmıram.

Deyəcəklərim liberal solçularadır.

Liberal solçular dərin zəkadan və analitik düşüncədən məhrum əzbərçilərdir. Çox kitab oxuyarlar, az düşünərlər, düşünə də bilmirlər... Bilsəm ki, onlar dağlara çəkilərək real həyatdan uzaq durmağa çalışan, öz meditasiyalarında mütləq həqiqət və ideal axtaran sufi zahidləridirlər, asketlərdilər, heç nə demərəm. Lakin onlar siyasi mübarizənin iştirakçılarıdılar. Kor və kar iştirakçıları. Bəziləri ümumiyyətlə öz şizofren dünyasından kənara boylana bilmirlər.

Azərbaycan liberal solçularına məsləhət görərdim heç olmasa yaşadıqları, kökləri olan rayonlara diqqət etsinlər. Misal üçün, bizim rayonda nə qədər kənd varsa, hamısı, hamısının insanları fərlqidir. Hər kəndin öz fəlsəfəsi, psixologiyası, ləhçəsi, bədən dili, bayram, yas, toy adətləri var. İndi belə olan təqdirdə koreyalılar azərbaycanlılarla, azərbaycanlılar almanlarla, almanlar ekvadorlularla eyni ola, eyni səviyyədə düşünə, hərəkət edə, eyni kapitalizm və eyni sosializm qura bilərlər?!

Şimali Koreyanın tarixi haqda, koreyalı insan haqda nə bilirsiz?

Koreya dünənə kimi Yaponiyanın koloniyası, köləsi olub. SSRİ-nin İkinci dünya müharibəsində tarixi qələbəsi həm də bütün imperializmə zərbə vurdu, onlarla xalq kolonial boyunduruqdan canını bir təhər qurtara bildi. Və çox vaxt SSRİ-nin köməyilə.

Həmin şəraitdə, şərtlərdə, üstəgəl ABŞ-ın faşistlərdən heç də geri qalmayan qəddarlıqla həyata keçirdiyi hərbi müdaxilədən müdafiə şəraitində yaranan Şimali Koreya məcburən qapandı - bu, bir refleks idi. SSRİ dağıdılandan sonra Şimali Koreyanın ümumiyyətlə seçimi qalmayıb. Hər cür iqtisadi təzyiqlərə, sanksiyalara məruz qalan ölkədir, mövcud şəraitdə onların varlı olmağa şansı yoxdur. Onsuz da qıt olan ölkə büdcəsinin əsas hissəsini hərbi sahəyə ayırmağa məcburdular. Şimali Koreyadakı mövcud quruluş zəifləyən kimi asanlıqla ABŞ-a yem olacaqlar.

Biz Şimali Koreyanın özəllikləri haqda demək olar ki heç nə bilmirik. Hər halda oranı idarə eliyən adamlar yerli insanları daha yaxşı tanıyırlar, oradakı şəraiti daha yaxşı bilirlər. Şimali Koreyanın liderlərını dünya burjua KİV-ləri bambılı kimi göstərirlər və siz də buna inanırsız. Amma SSRİ rəhbərləri, Qromıko kimi siyasi akulalar onlara bambılı kimi baxmırdılar. Sizin məntiqlə belə çıxır ki, SSRİ də nə Liviya, nə Suriya ilə, nə də quruluşları və liderləri etibarsızlaşdırılan başqa ölkələrlə yaxşı əlaqə saxlamalı deyildilər.

O gün "Əsl kapitalizm" yazısında nə demişdim? Hər xalqın öz plovu var, hamısı fərqlidir, amma hamısında düyü var, kapitalizmin düyüsü də istehsalat vasitələrinə, təbii resurslara şəxsi mülkiyyətdir... Bənzər şeyi də sosializm haqda demək olar. Sosializmin düyüsü - istehsal vasitələrinə və təbii resurslara olan ictimai mülkiyyətdir. Qalan şeylər hər yerdə, hər xalqda yerli şəraitə və şərtlərə görə fərqli olacaq.

İndi hansısa şizofrenin beynində, xəyalında, ürəyində - nə bilim harasındasa - təsvir etdiyi ideal sosialist model varsa və hansısa ölkənin (misal üçün SSRİ-nin) sosializmi o modəllə tamamilə üst-üstə düşmürsə, bu, şizofrenin öz problemidir.

Şimali Koreyanın sosializmi mənim də xoşuma gəlmir, mən də istərdim vaxt eliyim, oranın sosializminin öyrənim, tənqid edim. Amma bu o demək deyil ki, mən o ölkəni ABŞ imperializminin ayaqları altına atmalıyam. Və yaxud Altay bəyə qoşulub uydurulmuş xəbərlər üzərindən o ölkəni məsxələyə qoymalıyam. Hə, orda camaat dəli kimi ölmüş liderlərinə ağlayırlar. Bizdə də 1400 il əvvəl ölmüş/öldürülmüş ərəb liderləri üçün dəlicəsinə ağlayırlar, özlərini zəncirlə döyürlər... İndi dindar yoldaşlar, dostlar inciyəcəklər, deyəcəklər ki, heç müqayisəyə yer yoxdur, bizim ayinlər sakraldır, müqəddəs şəxslər üçündür... Qardaşlar, axı onlar da öz liderlərini müqəddəs sayırlar... İndi hərənin öz müqəddəsi var, hərənin beyni, tarixi bir cür işləyir... Sənin də hisslərin var, koreyalıların da... Onlar da bizim kimi şimal xalqlarından, insanlarından fərqli emosionaldılar, istiqanlıdılar... ABŞ-da da , misal üçün, Maykl Cekson üçün, Elvis Presli üçün dəli kimi ağlayırlar... İndi nə edək?!

S.Kara-Murzanı tanıyırsız. Eşidərsiz. SSRİ, dağılması, səbəbləri haqda uzun və dərin araşdırmalar aparıb, kitablar, məqalələr yazıb. SSRİ-nin dağılması səbəbləri haqda bir məruzadə deyir ki, heç bir əsaslı səbəb yox idi. Bu yazıda vurğuladığım məsələyə dair bir fikir də söyləyir:

“Ziyalı elita, o cümlədən SovİKP, qərb solçuların getdiyi yolu getdi. Avropa kommunistləri sovet layihəsinin Qərbə köçürülməsinin imkansızlığını anladılar, lakin sovet quruluşunun SSRİ-nin özündə qəbul etməməkdə tarixi səhvə yol verdilər. “

Yanı demək istəyir ki, sovet layihəsi SSRİ üçün idi. Bu layihədən nahaq imtina edildi. İmtina edilən kimi ölkə dağıldı. Ki, bu haqda illərdir yazıram, deyirəm.

İndi bizim bu liberal solçular həmin Qorbaçovu və onun kimi antisovetçilər, "SSRİ-də əsl sosializm yox idi"çiləri xatırladırlar. Eşşək palçığa bir dəfə batar. Liberal solçular hələ batılmış palçığı analiz etməyə öyrənməyiblər, nəticə çıxarmayıblar, indi də keçiblər "Şimali Koreyada əsl sosializm yoxdur" söhbətinə...

Uzun sözün qısası, oxuduğunuz kitablardan əzbərlədiyiniz ideal sosialist modeli nə SSRİ-yə , nə də başqa ölkələrə geydirməyə çalışmayın. İdeal sosializmi ideal insanlar qurar. Siz özünüz idealsız?

Kitablarda nümunə verilir ki, mövcud şəraitə və şərtlərə uyğun o modeldən istifadə edə biləsən. Lenin yaradıcı yanaşmasaydı Böyük Oktyabr da olmayacaqdı. Lenindən ağıllısınız? Sizə görə hə, mənə görə - yox.

Qorbaçov və onun tərəfdarları kimi sovet sosializmini yaxud şimali koreya sosializmini inkar etmək yol deyil. Düzgün yol deyil.

P.S. İzahı çox uzun olan mövzudur. Bacardığımı qədər qısa elədim - belə uzun alındı. Hər halda müəyyən qədər işıqlandırdım. Nə demək istədiyimi səhifəni daima izləyənlər anlayacaqlar.


Akşin Sultanov 

Комментариев нет:

Отправить комментарий